Prezidentin dostu, 4 qardaşını vaxtsız itirən, Türkan Şorayı filmə çəkən Xalq artistimiz

Prezidentin dostu, 4 qardaşını vaxtsız itirən, Türkan Şorayı filmə çəkən Xalq artistimiz
20 sentyabr 2024
# 09:00

Bu gün Xalq artisti, kinorejissor Əjdər İbrahimovun doğum günüdür.

Kulis.az-ın məlumatına görə, əslən Təbrizdən olan Əjdər Mütəllim oğlu İbrahimov 1919-cu il aprelin 29-da Aşqabadda çoxuşaqlı ailədə anadan olub. Erkən yaşda atasını itirən Əjdərin iki qardaşı müharibədə, bir qardaşı zəlzələ vaxtı, digəri isə qızılca xəstəliyindən dünyasını dəyişir.

Gallery

Teatr texnikumunu bitirəndən sonra İkinci Dünya müharibəsinə yollanır.

1946-cı ildə kinorejissorluq fakültəsinə qəbul olur. Və Qriqori Çuxray, Rezo Çxeidze, İlya Qurin, Vladimir Çebotaryev, Aleksandr Alov, Vladimir Naumov, Vladimir Basovla birgə təhsil alır.

Gallery

Yutkeviçin kursundakı tələbələrin bir çoxu, demək olar ki, müharibə iştirakçılarıydılar. Ona görə də bu kurs, həm də hərbi kurs adlanırdı. Müharibə illərindən sonra mülki paltarlar çətin tapıldığından, qıtlıq illəri olduğundan Əjdər də digər tələbə dostları kimi bir müddət dərsə hərbi paltarlarda getmək məcburiyyətində qalır.

***

Rejissor Marqarita Maleyeva ilə evlənir və 1952-ci ildə İnstitutu bitirib Aşqabada qayıdır.

Gallery

O, Aşqabadda əvvəl “Firuzə”, sonra “Xəzərin sahilində” adlı filmlər çəkir. Bir il sonra onu Bakıya dəvət edirlər. Rejissora təklif olunur ki, Tofiq Tağzadənin “Görüş”, Lətif Səfərovun “Bəxtiyar” - tamamlanmamış filmlərini çəkib bitirsin.

***

Bundan sonra rejissora Nazim Hikmətin "Romantika" avtobioqrafik əsəri əsasında "Bir məhəlləli iki oğlan" filmini ekranlaşdırmaq həvalə olunur. Filmin ssenarisini Nazim Hikmətlə Beqiçeva birgə yazırlar. Çəkiliş zaman Əjdər İbrahimovla Nazim Hikmət arasında dostluq münasibətləri yaranır. Filmdə Məlik Dadaşov, Mərziyə Davudova, İsmayıl Osmanlı, Əliağa Ağayev kimi məşhur aktyorlarla yanaşı rus rejissoru Sergey Bondarçuk da çəkilib.

***

Rejissorun bu filmini bəyənən komissiya sədri, sovet kinosunun nəhənglərindən biri hesab olunan Aleksandr Dovjenko ona "Mosfilm"də qalıb işləməyi təklif etsə də, Əjdər İbrahimov bu təklifdən imtina edir.

Gallery

1958-ci ildə Ə. İbrahimov “Onun böyük ürəyi”ni çəkir. Filmin ssenarisini İmran Qasımov yazıb. Bu filmdən sonra Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarından xahiş ediblər ki, Əjdər bəyi kinematoqrafiyanın formalaşdırılmasına yardım üçün Vyetnama göndərsinlər.

İbrahimov xatırlayır: "Heç yuxuma da girməzdi ki, bir vaxtlar Vyetnamda işləyəcəm. Rejissor Malik Kazımovla birgə müharbədən təzəcə qurtulmuş Vyetnama getdim. Düz üç il işlədim və üç film çəkdim. Vyetnam kinosunun inkişafında xidmətlərim olub. Ölkənin dövlət rəhbərləri xətrimi istəyir, mənə hörmət edirdilər. Vyetnam rəhbəri Xo Şi Min təbiətən çox sadə insan idi. O, hətta ölkənin rayonlarına səfərə çıxanda bəzən məni də özü ilə aparırdı. Onunla yoldaşlığımız dostluğa çevrildi".

Gallery

Əjdər İbrahimov çox dostcanlı və vəfalı insan olub. Kurs yoldaşı rejissor Vladimir Çebotaryov xatırlayır: “Mosfilmdə işlədiyim vaxt yaradıcılıq həyatımda arzuolunmaz hadisələr baş verdi, film çəkilişlərindən, işimdən uzaqlaşıb bağıma çəkildim. Hər şeydən təcrid olunmuş və sözün əsl mənasında tənha qalmışdım. Bir gün gözlənilmədən həyəti səs-küy bürüdü. Əjdər kabab, içki almış, bağa gəlmişdi. O, özü məni axtarıb tapmış, səssiz həyatımı rəngləndirmiş, tənha olmadığımı mənə xatırlatmışdı”.

Gallery

Rejissorun filmoqrafiyasında ən maraqlı filmlərdən biri də Nəriman Nərimanovun həyatından bəhs edən “Ulduzlar sönmür” filmidir. Bu filmin çəkilişlərinə o, düz üç il hazırlaşıb. İsa Hüseynovla birgə ssenrisini yazdığı filmin çəkilişlərində dəfələrlə yazıçı ilə mübahisə edir, küsüşürlər. Filmin çəkişləri bitəndən sonra partiya ideoloqları Əjdər İbrahimbəyovu sıxışdırırlar:

“Bu nədir, Əjdər, xalq düşməni Hacı Zeynalabdin Tağıyevi kommunistlərdən daha parlaq və maraqlı obraz kimi təqdim etmisən”.

***

Aralarında 20 il yaş fərqi olmasına baxmayaraq, rejissor kəlbəcərli şair Şücaətlə yaxın dost olub. Şücaətin qardaşı Hidayət Elvüsal qardaşı haqqında xatirələrini bölüşərkən onun dəfələrlə Moskvaya getdiyini, dostu ilə görüşdüyünü qeyd edib.

Gallery

Rejissorun ən yaxın dostlarından biri Adil İsgəndərov olub. Onun, demək olar, bütün filmlərinə çəkilən Adil İsgəndərov xəbər tutur ki, Əjdər İbrahimov Nazim Hikmətin pyesi əsasında “Məhəbbətim mənim, kədərim mənim” adlı film çəkəcək. Tez dostuna zəng vurur:

“Əjdər, mən çox istərdim ki, sənin bu filmində çəkilim, ona görə ki, mənim ən böyük arzularımdan biri Türkiyədə olmaqdır. Bundan sonra rahat ölə bilərəm”.

Filmin çəkilişləri başlayanda Əjdər İbrahimov Adil İsgəndərova xəbər yollayır, ancaq öyrənir ki, Adil İsgəndərov vəfat edib...

Gallery

1970- ci ildə çəkdiyi “Şamaxı səması altında” qısametrajlı sənədli-xronikal filmi haqqında heç bir məlumat yoxdur.

***

Onun ssenari müəllifi olduğu filmlərdən biri də “Qayınana” filmi olub.
Əjdər İbrahimov həyat yoldaşı Marqarita Maleyeva ilə birlikdə Məcid Şamxalovun teatr librettosunun əsasında kinossenari yazırlar.

Ancaq iddialara görə, “Qayınana” liberottosu 1865-ci ildə ilk qadın nasir, dramaturq, rejissor Səkinə Axundzadənin “Qayınana və gəlin” əsəri əsasında yazılıb.

Səkinə Axundzadənin qohumlarının dediklərinə görə, Məcid Şamxalovun imzası ilə təqdim olunan "Qayınana" pyesi məzmunca Səkinə Axundzadənin "Gəlin və qayınana" pyesi ilə eynilik təşkil edir. Təəssüf ki, Səkinə Axundzadə vəfat etdikdən sonra onun əsərləri də məhv edilib.

Gallery

Rejissorun “Məhəbbətim mənim, kədərim mənim” filminin baş rollarından birini Türkan Şoray canlandırıb.
Qəribədir ki, DTK orqanları Türkan Şorayın türk aktrisa olduğunu yaxşı bilsələr də, bu fakta göz yummuşdular.

***

Əjdər İbrahimov 1993-cü il sentyabrın 20-də uzun sürən xəstəlikdən sonra Moskvada vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

# 1947 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #