TRT 1-də yayımlanan "Mehmed: Fetihler Sultanı" serialı tarixi faktları təhrif etdiyi iddiası ilə Çində hüquqi prosesin hədəfinə çevrilib.
Kulis.az xəbər verir ki, Çinin Sincan Uyğur Muxtar Rayonunda yaşayan bir uyğur türkünün verdiyi etibarnamə əsasında hazırlanan ekspert rəyindən sonra ekran işinin yaradıcı heyətinə rəsmi xəbərdarlıq göndərilib.
Tarixi xətalarla dolu olduğu iddia edilən səhnələrin düzəldilməsi və ictimaiyyətdən rəsmi şəkildə üzr istənilməsi tələb olunur.
Xronoloji xətalar və qalmaqallı səhnə
Türkiyə mətbuatının yaydığı məlumata görə, Çin tərəfinin kəskin etirazına səbəb olan səhnədə 1514-cü ildə qurulan Yarkənd xanlığından bir heyətin 1451-1481-ci illərdə hakimiyyətdə olan Fateh Sultan Mehmedi ziyarət etdiyi nümayiş olunub. Heyətin sözçüsü kimi isə dahi şair Əlişir Nəvai göstərilib.
Serialda Əlişir Nəvainin Fateh Sultan Mehmedə dediyi aşağıdakı ifadələr Sincan Uyğur Muxtar Rayonunda yaşayan bəzi şəxslərin etirazı ilə qarşılanıb:
"Çin öz qüdrəti ilə kişilərimizi kölə, qızlarımızı isə cariyə etməyə qərar verib. Orada yalnız qorxu var".
Ekspert rəyindəki kəskin iradlar
İddiaçı adından hazırlanan ekspert rəyində serialın Sincanla bağlı seriyalarının tamamilə uydurma məlumatlardan ibarət olduğu və tarixi hadisələrin yanlış xronologiya ilə təqdim edildiyi vurğulanıb. Rəydə yer alan əsas iradlar bunlardır:
Tarixi uyğunsuzluq: "Şərqi Türküstan" ifadəsi 15-ci əsr üçün tarixi baxımdan düzgün deyil.
Xronoloji uçurum: Yarkənd xanlığı Fateh Sultan Mehmedin ölümündən təxminən 33 il sonra qurulub.
Tarixi şəxsiyyətlərin təhrifi: Əlişir Nəvainin bu xanlığın nümayəndəsi kimi göstərilməsi tarixi faktlara tamamilə ziddir.
TRT və yaradıcı heyətə 30 gün vaxt verildi
Hazırlanan rəyin ardından TRT-nin Baş direktoru Muhammed Ziyad Varol başda olmaqla TRT Baş İdarəsinə, "Miray Yapım" şirkətinə, prodüser Eyüp Gökhan Özekin və ssenarist Ozan Bodura rəsmi xəbərdarlıq göndərilib.
Sənəddə tarixi gerçəkliklərin təhrif edildiyi, Çin xalqını və uyğur türklərini alçaldan təhqir xarakterli ifadələrin yer aldığı və ictimaiyyətin yanlış yönləndirildiyi iddia edilir.
Şikayətçilər ictimaiyyətə yazılı şəkildə üzr bəyanatının verilməsini, mübahisəli səhnələrin düzəldilməsini və ya yayımının dayandırılmasını, həmçinin gələcəkdə bənzər məzmunların istifadə edilməməsini tələb edirlər. Tərəflərə yazılı cavab vermələri üçün 30 gün vaxt tanınıb. Hələlik TRT və serial rəhbərliyindən məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.