Sözlərlə anlatdığın film əsl film deyil – Antonionidən Sitatlar

Sözlərlə anlatdığın film əsl film deyil – <span style="color:red;">Antonionidən Sitatlar
6 oktyabr 2019
# 21:00

Kulis.az İtaliya rejissoru Mikelancelo Antonionidən sitatları təqdim edir.

Reallıq izahı çətin olan azadlıq xüsusiyyətinə sahibdir.

Film çəkərkən heç zaman nəyi necə çəkmək barəsində düşünmürəm; sadəcə onu çəkirəm.

Təbiətə, səmaya, sübh çağına, günəşə, həşəratların rənginə, qar dənəciklərinə, ulduzlara baxan zaman Allahın varlığına heç bir ehtiyac duymuram. Bəlkə də daha baxıb təəcüblənə bilmədiyim, heç nəyə inanmadığım zaman ola bilsin ki, başqa nəyəsə ehtiyac duya bilim. Amma bilmirəm nəyə.

İnsanla əlaqəli olan heç bir şey qeyri-insani bir şey deyildir. Buna görə də mən film ərsəyə gətirirəm, soyuducu yox.

Bilirik ki, hər bir surətin arxasından reallığa daha yaxın başqa bir surət ortaya çıxır, həmin surətin arxasında isə başqa biri, axırıncının arxasında isə yenə biri və sair, həmin həqiqi, sirli reallığın düzgün surətini isə heç kim heç vaxt görməyəcək.

Sözlərlə anlatdığın film əsl film deyil.

Reallıq özü daim daha rənglidir. Fabriklərin nəyə oxşadığını düşünün, xüsusilə də İtaliyada XI əsrin əvvəlində, sənayeləşmə yeni başlayanda: boz, qəhvəyi və tüstülü. Rəng yox idi. Bugünsə əksinə. Hər şey rənglidir. Bünövrədən 12-ci mərtəbəyə axan boru yaşıldır, çünki, buxarı daşıyır. Elektiriki daşıyan qırmızıdır, suyu daşıyan isə al-qırmızı. Həmçinin, plastik rənglər bizim evimizi doldurur, hətta dadımızı dəyişir. Pop incəsənət bundan kənar böyüdü və bu dad dəyişdiyinə görə mümkün oldu.

Düşünürəm ki, insanlar çox danışır; həqiqət budur. Mən sözlərə inanmıram. İnsanlar çoxlu və adətən səhv sözlərdən istifadə edir. Əminəm ki, uzaq gələcəkdə insanlar daha az, daha gərəkli danışacaqlar. Əgər insanlar daha az danışsalar daha çox xoşbəxt olacaqlar. Məndən niyəsini soruşmayın.

Nədənsə imtina edən adam həm də nəyəsə inanan adamdır.

Hər bir səhnənin öz ritmi, öz quruluşu olmalıdır.

Mən orta sinif haqqında film çəkirəm, çünki onları daha yaxşı tanıyıram. Hər kəs daha yaxşı bildiyi şey haqqında danışır.

Anlamaq üçün boşluğa baxmalıyıq.

Kino sahəsində işləyən adamlar üçün ən böyük təhlükə yalanlar təklif edən qeyri-adi fürsətdir.

“Fotoböyütmə”dəki fotoqraf filosof deyil, şeyləri yaxından görmək istəyir. Ancaq bu elə baş verir ki, uzağı daha çox yaxınlaşdırdıqca obyekt özü parçalanır və yoxa çıxır. Deməli , bizim reallığı yaxaladığımız an olur, lakin o an daha sonra keçib gedir. “Fotoböyütmə”nin anlamı qısmən bu cürdür.

Camaat “incəsənət”i satın alır - bu söz öz həqiqi mənasından çəkilib çıxarılıb.

Siz bilirsiniz mən nə etmək isərdim?: Aktyorun boş səhnədə dayandığı, tamaşaçının isə onun arxa planını təsəvvür etməyə məcbur olduğu film çəkmək istərdim.

Mən heç vaxt şəklin mənə göstərdiyi heç bir şeyə inanmıram, çünki, şəklin arxasında olanı təsəvvür edirəm. Şəklin arxasında nə olduğu isə bilinmir.

Mənim işim yer qazmağa oxşayır, bu bizim dövrün ürəksıxan cisimləri arasında arxeoloji tədqiqatdır. İlk filmlərimi bu cür başa düşürəm və indi etdiklərim də bu cürdür.

Kino qrammatikasının iki-üç əsas qaydasını öyrəndikdən sonra istədiyini edə bilərsən- hətta bu qaydaları pozmağı da.

Hollivud heç bir yerdə olmamağa və heç kimə heç bir şey haqqında danışmamağa bənzəyir.

Çəkilişdən bir gün əvvəl mən nadir hallarda səhnəni yenidən oxumaq istəyirəm. Bəzən çəkiliş yerinə gedərkən nə çəkmək istədiyimi belə bilmirəm. Üstünlük verdiyim sistem belədir: Çəkiliş başlayana yaxın gəlib çatmaq, tamamilə hazırlıqsız, bakir. Mən həmişə 15 dəqiqə, yarım saat qalmış tək qalmaq istədiyimi deyirəm və öz düşüncələrimə sərbəstlik verirəm.

Səhnə çəkilməyə başlayanda sənin nə demək istədiyini bilmək çox çətindir və əgər kimsə bilsə də sənin beynində olanlarla filmin nəticəsi arasında həmişə fərq olur.

İnsan təbiətlə barışdığı, kainat öz həqiqi fonunda olduğu zaman bütün sözlər və konsepsiyalar öz mənalarını itirəcək və biz daha onlardan istifadə etməyəcəyik.

Nəyi nəzərdə tutduğumu dəqiq demişəm: biz elm qədər inkişaf etməyən mədəniyyətlə yəhərlənirik .

Elm adamları artıq Aya çıxıb və biz hələ də Homerin mənəvi konsepsiyaları ilə yaşayırıq.

Tərcümə etdi: Günel Təhməzzadə

# 3471 dəfə oxunub

Müəllifin son yazıları

# # #