Mən onun uğrunda qurbanlar vermişəm – Səfər Alışarlı yazır...

Mən onun uğrunda qurbanlar vermişəm – <span style="color:red;">Səfər Alışarlı yazır...
5 iyul 2018
# 11:30

Müəllifin yenicə çapdan çıxmış "Quraq fəsillər" kitabına yazdığı ön söz

Kitab müxtəlif vaxtlarda yazdığım hekayələrdən ibarətdir. “Maestro” və şərti adı “X” olan romanlarım burada yoxdur.

Məişətimizin bir küncünə qısılmış həyatımızda böyük miqyasda söz bolluğu, söz israfçılığı yaşanır. Bundan şikayətçi deyiləm, cəmiyyətdə söz azadlığının bərqərar edilməsi mənim gənclik ideallarımın ən böyüklərindən olub. Mən onun uğrunda imkanım çatan bütün vasitələrlə mübarizə aparmışam, ona öz həyatımdan, yaradıcılığımdan, ailəmin gələcəyindən qurbanlar vermişəm.

Məncə, ədəbiyyat insan haqqında olan biliklərin ən dərinidir. O, müasir yazıçıdan bu dünyaya nə üçün gəldiyini anlamağa çalışan güclü insan obrazları tələb edir ki, yerdəkilərə örnək olsun. Bu çox məsuliyyətli bir işdir, onu təkcə bioloji və mənəvi varlığın düşüncə ciddiyyəti ilə ifa etmək mümkün deyil. Burada mütləq bir oyun, hətta sözun yüngül mənasında bir bədii əllaməçilik də daim iştirak edir və bəzən bütün situasiyanı öz nəzarətinə götürür. Cəmiyyət savadlı, mədəni olanda bu oyuna adekvat anlayışla yanaşa bilir, heç nəyə baxmadan ona sənət meyarlarında qiymət verməyə cəhd edir. Olmayanda, tarixə və insanlığa coxdan tanış digər metodologiyalar işə düşür.

Bu gün son dərəcə çevik və mütəhərrik söz industriyasının gecə-gündüz işləyən konveyerləri altında heç zaman müşahidə olunmamış oxucu qıtlığı hiss edilir. Parodoksal olsa da, bunun birinci səbəbi bolluğun içində həqiqətən lazımlı və mənalı bədii sözün azlığıdır. Onu dənizin ortasında susuzluqdan əziyyət çəkməyə də bənzətmək olar. Mənə elə gəlir ki, bu həmişə belə olub. Özlüyündə konveyer yaranan və yaranmaq ehtimalı olan həqiqətən dəyərli və lazımlı bədii sözə qarşı işləyir, yəni kommersiya mahiyyətli yazıların kəmiyyət alqoritminin yuksəkliyi, necə deyərlər, ədədlə, əl yığımı ilə istehsal edilən keyfiyyətli bədii sözün vüsətli dirçəlişinə və ictimai dövriyyəsinə imkan vermir.

İkinci səbəb, əlbəttə, kütləvi oxucunun ruhi, əqli, əxlaqi müvazinətlərinə ciddi təsir edən maddi durumun aşağılığıdır. Kitab oxumaq üçün insanın təkcə kitab və çörək almağa deyil, hərdən sadəcə başını açıb kef eləməyə də imkanı çatmalıdır.

Bu, mənəviyyatı bir o qədər də xoşlamayan və gələcəyi bir o qədər də işıqlandırmayan mənasız terminoloji yansımalarla bizə sırınmış yabançı pərəstiş faktorlarının cəmindən doğan acı reallıqdır. Belə vəziyyətlərdən qurtulmağa, fikrimcə, həqiqi mənəvi dəyərləri özündə əks etdirən ədəbiyyat kömək edə bilər. O ədəbiyyatı arzulamaq yox, yetişdirmək lazımdır.

Söhbətin hansı yana, hansı mövzuya yönəlməsindən asılı olmayaraq, ədəbiyyat həmişə ictimai ünsiyyətin fəal tərəfini təşkil edib. Bu fəallığın bədii dil və obrazlar vasitəsilə ifadə etdiyi həqiqətlər formaca müxtəlif, mahiyyətcə eyni olan hakimiyyətləri hələ daş dövründən üzübəri qane etməyib. Bariz nümunə böyük rus ədəbiyyatının ən istedadlı təməl adları və onların çoxsaylı davamçılarıdır: Puşkin, Lermontov, Tolstoy, Dostoyevski, Bunin, Yesenin, Pasternak, Mayakovski, Axmatova, Bulqakov, Qorki, Platonov və b. Bizdə bu klassik qarşılaşmanın üslubu fərqli olub. Hətta o qədər fərqli olub ki, zamanında ikisindən birinin – hakimiyyətin, ya da ədəbiyyatın olmaması haqda cəsarətli ehtimallar irəli sürməyə imkan verib. “Dissident” şairlərimiz bütün yüksək medalların daşıyıcıları olublar. Bədii məntiqin boz üzünə tərəf baxmaq istəyən başqa cür birisi peyda olan kimi cəmiyyət onu görub, tanıyıb, bəlkə də gizlicə sevib, amma qəbul etməyib. Buna bizim cəmiyyətin bağları qırılmış nəsl energetikası, milli-mənəvi gücü çatmayıb. Bu gücü cəmiyyətlər yalnız müstəqil dövlətçiliyin çətiri altında toplamağa, akkumlyasiya etməyə, plüralist və tolerant düşüncənin sərhədlərini genişləndirməyə qadirdir. İnanaq ki, bizdə bu proqressiya davam edəcək.

İqtisadiyyatın dirçəldilməsi kimi, ordu quruculuğu kimi, istedadlı ədəbiyyatın yaradılması da milli məsələdir. Yetişdirmək istədiyimiz ziyalı, mədəni insana, gənc patriota bugünkü yazarın mənəvi-psixoloji təsiri Nizamidən, Füzulidən güclüdür. Ədəbiyyat sərt reallıqlara mənəvi təsir etmək gücündə olanda, onun insanlıq qanunları ilə ziddiyyət təşkil edən məqamlarını islah etməyə qüdrəti çatanda gərəklidir.

Milli ədəbiyyatın yaranması üçün təkcə söz azadlığını bəyan etmək, ayrı-ayrı zirək və qafiyəyə yatımlı adları xüsusi qayələrlə dəstəkləmək azdır. Bunun üçün daha nə etmək lazım olduğunu mən bilmirəm. Amma dünyanın yaxın və uzaq tarixində mövcud olmuş bütün qəhrəmanları anaların deyil, ədəbiyyatların doğduğunu mən bilirəm.

# 1045 dəfə oxunub

Müəllifin son yazıları

# # #