Kənan Hacı: "Yazıçı sosial şəbəkələrdən az istifadə etməlidir" MÜSAHİBƏ

Kənan Hacı: "Yazıçı sosial şəbəkələrdən az istifadə etməlidir"  MÜSAHİBƏ
19 avqust 2013
# 17:49

Kənan Hacını ədəbiyyat adamları yaxşı tanıyır, onun şeirlər, hekayələr və “Yağ kimi”, “Çəhrayı qan” adlı romanları çap olunub. Kənan bəy daim ədəbiyyatda üzdə olan təkcə bədii yaradıcılıqla yox, publisistik və tənqidi yazılarla da tez-tez çıxış edən ədəbi simalardandır. Kənan bəylə yazıları və ümumi ədəbiyyat məsələləri barədə söhbətləşdik.

- Kənan bəy, janrların şərtiləşməsi, sizcə, ədəbiyyata nə verir? İndi bu cür şərtiliklər kontekstində hansısa romanın roman janrına cavab verib-verməməsi mübahisə mövzusu sayıla bilərmi?

- Janrların şərtiləşməsi sözsüz ki, müəyyən diskussiyalara, müzakirələrə yol açır. Bunu qəbul edən də olur, etməyən də. Biz son dövrlər roman janrının tələblərinə cavab verməyən kifayət qədər əsərlərlə tanış olduq. İstər dünya nəsrində, istərsə də Azərbaycan nəsrində miniromanlar və yaxud vahid süjet xətti olmayan, bəzisi memuar xarakteri daşıyan romanlar yarandı. Uzun-uzadı təsvirlərlə oxucunu yoran şişman romanların dövrü çoxdan keçib. İndi roman janrı tam yeni bir mərhələyə qədəm qoyub. Bu proses davam etməkdədir. İndi zaman yazıçıdan fikri lakonik ifadə etməyi tələb edir. Mənim fikrimcə, janrların şərtiləşməsi ədəbiyyata bir rəngarənglik gətirir. Dəyərli tənqidçimiz Rəhim Əliyev elə sənin də iştirak etdiyin söhbətimizdə çox gözəl bir fikir dedi. Dedi ki, heç nəyə baxmadan oturub yazmaq lazımdır. Məğlubiyyətdən qorxmaq lazım deyil. Yazmaq yazıçının həyat tərzinə çevrilməlidir. Mən yaradıcılıqda sərbəstliyin tərəfdarıyam, ölçülü-biçili roman yazmağı, əsəri standart janr qəlibinə salmağı xoşlamıram. Ənənəvi düşüncədən bacardıqca qaçmaq lazımdır. Sovet dövründə yüzlərlə belə romanlar yazılmışdı, əksəriyyəti unudulub getdi, qalmadı. Amma məsələn, Sartrın “Sözlər” romanını götürək, sırf avtobioqrafik əsərdir, siz dediyiniz kimi, roman janrının tələblərinə cavab vermir. Amma möhtəşəm əsərdir, biz onu memuar kimi yox, elə roman kimi də oxuyuruq.

- Hekayələr də yazdınız, romanlar da, amma nədənsə şair kimi qəbul olunursunuz, çox adamlar sizin şeirlərinizi sevir, hətta mənim yanımda bu sözləri sizə bir başa deyən oxucular olub. Belə hallarla rastlaşanda hansı hissləri keçirirsiz və özünüzü daha çox şair kimi hiss edirsiz, yoxsa nasir kimi?

- Çox qəribədir. Zövqünə inandığım qələm dostlarımdan bir neçəsi bunun əksini mənə deyib. Şeirlərimi daha çox xanımlar bəyənirlər. Bu suala cavab verməkdə çətinlik çəkirəm, Fərid. Çünki nəsr də, poeziya da daxili tələbatdan yaranır. Dünyada şairin nasirə, nasirin şairə çevrilməsi kriteriyaları mövcud deyil. Bəzən olub ki, epik şeir yazmağa cəhd etmişəm, görmüşəm ki, bu motiv heç cür şeirə sığışmır, onu hekayəyə çevirmişəm. Şeir hissin məhsuludur, gəlib keçir. Çalışırsan ki, o məqamı tutub kağıza köçürəsən. Amma mənim nəsrdə demək istədiklərim çoxdur.

- Oxuyub bəyəndiyin kitablar barədə dərhal məqalə yazırsız. Reaksiya vermək istəyindən danışasınız bəlkə.

- Bu vərdiş məndə hələ orta məktəb illərindən yaranıb. Yadımdadır ki, X sinifdə oxuyanda Viktor Hüqonun “Səfillər”ini oxuyub qalın bir dəftəri qeydlərlə doldurmuşdum. Həmin dəftər indi də məndə qalır. Bundan başqa, Tolstoyun “Hərb və sülh” romanının mütaliəsi prosesində o qədər qeydlər aparmışdım ki, sonra o qeydləri heç cür sahmana sala bilmədim. O qeyd dəftərlərini indi də saxlayıram. Sonra mütaliə artdıqca oxuduğum əsərləri təhlil süzgəcindən keçirmək istəyi yarandı, bu vaxt artıq mətbuatda yazılarım dərc olunurdu. Başladım oxuduğum əsərlər haqqında yazılar yazmağa. Bu, əslində, reaksiya yox, paylaşmaq istəyindən yaranır. İstəyirəm ki, mənim oxuduğum yaxşı əsərləri başqaları da oxusun.

- Az qala, 20 ildir ki, ardıcıl olaraq yazırsız, demək olar ki, hər həftə ədəbi mətbuatda sizin hansısa yazınız görünür. Bu ardıcıllıq sizi çaş-baş salmır ki? Yazılarınızın say-hesabını bilirsiz?

- İyirmi ilə yaxındır ki, dövrü mətbuatda yazılarım dərc olunur. Beş ildir yazılarımı kompyüterdə yazıram. Bilirsiniz ki, xeyli müddət “İki sahil”, “Ədalət” və digər qəzetlərdə çalışmışam. Yüzlərlə, bəlkə də minlərlə yazı yazmışam. Yazılarımın böyük əksəriyyətinin elektron versiyası, hətta əlyazması belə yoxdur. Ancaq qəzetlərdə dərc olunmuş bütün materialları saxlamışam, böyük arxivim var. Hərdən ürəyimdən keçir ki, o yazıları toplayıb bir neçə kitab nəşr etdirim. Amma təəssüf ki, buna imkanım yoxdur. Bu mənada, sən düz deyirsən, bəzən çaş-baş qalıram. Hansısa yazımı axtarıb tapmaq üçün bəzən saatlarla qəzetlərin içində vurnuxuram.

- Hekayələrinizi oxumuşam, oxucu kimi fikrim budur ki, poetik tələskənlik var, şair nəsri olduğu aydın duyulur, amma “Çəhrayı qan” romanı həcmcə az olsa da ağır-ağır yazmağı bacarmısız. Düzmü, müşahidə etmişəm?

- Düzgün müşahidədir. İndi bunun səbəbini deyim. Mən hekayəyə şeirdən sonra keçmişəm və görünür, o hekayələri yazanda şeirin havasıyla yaşamışam. Hətta “Çəhrayı qan”ı yazmağa başlayanda da o havayla yaşayırdım. Doğrudur, o əsərin həcmi az olsa da yazılma prosesi çox ağır keçib. Üç il ərzində yazılıb. Amma bu əsərdən sonra içimdəki roman xofunu dəf etdim, ondan həcmcə iki dəfə böyük olan “Yağ kimi” romanı isə üç ay ərzində yazıldı. O romanı yazanda heç bir əziyyət çəkmədim, bircə cümlədə belə ilişmədən çox rahat yazıldı. Artıq bu əsərdə sizin dediyiniz şair nəsrindən əsər-əlamət yoxdur. Bacardıqca obrazlı cümlələrdən qaçmışam. Belə deyək, bu əsərdə qələmin başını buraxmışam. Ondan sonra avtobioqrafik bir roman yazdım, “Yaddaş kartı” adlanır. Hələ çap olunmayıb. Payızda yəqin ki, kitab halında çıxacaq. Onu da çətinliklə yazmışam. Təxminən iki il çəkdi. Hal-hazırda şərti adı “Fironun dəftəri” olan bir nəsr əsəri üzərində işləyirəm. Povest ya roman olacağını bilmirəm, hələ ki, yazıram və hiss edirəm ki, istədiyimi asanlıqla yaza bilirəm, bu da yazı təcrübəsindən irəli gəlir. Açığı, bu, mənə ləzzət verir.

- Sizcə, yazarın ədəbi tənqiddən umacağı nə olmalıdır və ya olmalıdırmı?

- Yazar yazanda ədəbi tənqid haqda düşünmür. Şəxsən mən ədəbi tənqiddən heç nə ummuram. Çünki son dövrlərdə ədəbi tənqid şəxsi münasibətlərlə nizamlanır. Bu haqda geniş danışmağa heç ehtiyac da yoxdur. Görünən dağa nə bələdçi? Sovet dövründə tənqidçi “tendensiyalı ədəbiyyat”ı yönləndirməklə məşğul idi. İndi buna ehtiyac yoxdur, çünki ədəbiyyatın ideoloji asılılığı yoxdur. Əvvəl deyirdilər ki, tənqidçi yazıçı ilə oxucu arasında bir vasitəçidir. Boş söhbətdir. Yaxşı əsər öz oxucusunu çox tez tapır. Vasitəçiyə ehtiyac yoxdur. Folkner deyir ki, yazıçının tənqidçini dinləməyə vaxtı yoxdur, o, yalnız yazır və hər halda nə yazdığını, necə yazdığını tənqidçidən daha yaxşı bilir. Heç bir tənqidçi yazıçını islah edə bilməz. Yazıçı islaholunmaz varlıqdır.

- Sosial şəbəkələr yazıçıya hansı imkanları tanıyır və eyni zamanda, nələrdən edir?

- Yazıçının sosial şəbəkələrə sərf etdiyi vaxt itirilmiş vaxtdır. İnternetin yaratdığı bu imkanlar yazıçının tanınmasında az-çox rol oynayır. Bundan əlavə, dostlarla rahat ünsiyyət üçün yaxşı vasitədir. Amma indiki vaxt qıtlığında papağı günə yandırmaq olmaz. Qarşısına yazmağı məqsəd qoyan yazar bacardıqca sosial şəbəkələrdən az istifadə etməlidir. Kobud səslənsə də, deyəcəm, sosial şəbəkələr sanki enerji vampirləridir. Ora da ayrıca bir dünyadır və cazibəsindən çıxmaq olmur. Virtual məkanda çox görünmək yazıçıya heç bir xeyir vermir. Amma nə qədər desək də bu məkan həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. İstərdim ki, gənc yazarlar facebooka çox vaxt ayırmasınlar, istedadlarını statuslara xərcləməsinlər, bədii mətnlər yazsınlar. Bundan daha vacibi, çox oxusunlar. Dünya ədəbiyyatını oxusunlar, sonra itirilmiş vaxt üçün heyfsilənəcəklər.

- Kənan bəy, bir yazıçı kimi Azərbaycan ədəbiyyataındakı boşluqları nədə görürsüz və yazıçıların necə əsərlər yazmasını istərdiniz?

- Azərbaycan ədəbiyyatında kifayət qədər yaxşı əsərlər yaranır. Ciddi bir boşluq görmürəm. Əksinə, düşünürəm ki, ədəbiyyatımızda heç vaxt indiki kimi qaynar mühit olmayıb. Yeni nəsil zəngin mütaliə imkanı qazanıb, bu, böyük nailiyyətdir. Əvvəllər biz dünya nəsrinin kiçik nümunələrini qəzetlərin ədəbiyat əlavələrində çox çətinliklə tapıb oxuyurduq. Amma indi istənilən əsəri bizim dildə tapıb oxumaq mümkündür. Yadımdadır, mən Bulqakovun “Master və Marqarita”sını uzun axtarışdan sonra rus dilində tapıb oxumuşdum. Eləcə də Platonovun hekayələr kitabını çox böyük çətinliklə tapdım. 1978-cildə Moskvanın “Xudojstvennaya literatura” nəşriyyatında çap olunmuş “Seçilmiş əsərləri”nin birinci cildini bir qohumumuz ordan alıb mənə yollamışdı. Həmin kitaba Platonovun yaradıcılığının ilkin dövründə yazdığı hekayələri toplanmışdı. Bu kitab mənim üçün əvəzsiz bir nemət idi. Bu, o vaxtlar idi ki, bizdə ədəbi jurnallar çıxmırdı, ədəbiyyat cançəkişmə dövrünü yaşayırdı. İndi isə hüdudsuz imkanlar yaranıb və inanıram ki, daha gözəl əsərlər yaranacaq. Sözsüz ki, yazıçılıq üçün bundan da vacib olan şeylər var. İstedad öz yerində, bundan əlavə, təxəyyül, güclü müşahidə qabiliyyəti və bir də təcrübə. Yazıçının qələmi püxtələşənə qədər o, əzablı yollardan keçməli olur, bəzən bütün yazdıqlarını cırıb atmalı olursan, hər şeyi yenidən yazırsan. Bu hal bir neçə dəfə təkrarlanır, ta istədiyin nəticəni alana qədər. Yazıçılıq ən əzablı peşədir. Sözlə işləmək daşla işləməkdən min qat ağırdı. Sözün qara fəhləsi olmağa hər istedad sahibinin də dözümü yetmir. Gözün qorxdusa, saatlarla yazı masana qapılıb oturmağı bacarmadınsa, tab gətirə bilmədinsə, yaza bilməyəcəksən. Mən bu qənaətə gəlmişəm və son dövrlərdə Azərbaycan ədəbiyyatından oxuduğum yeni əsərlər nikbin olmağıma əsas verir. Dözənlər və yazanlar var.

Kaspi.az

Fərid Hüseyn

# 2296 dəfə oxunub

Müəllifin son yazıları

# # #