Yenə də bir yastıq girər qoynuma – Orxan Bahadırsoydan ŞEİRLƏR

Yenə də bir yastıq girər qoynuma – Orxan Bahadırsoydan ŞEİRLƏR
30 yanvar 2017
# 14:20

Kulis.az gənc şair Orxan Bahadırsoy “Şeir adam” kitabından seçmə şeirləri təqdim edir.

Azadlıq

Zərrə-zərrə yığıldı, parça-parça quruldu,
min-min tufandan keçib, qocaman bir yer oldu!
Gah yandı, gah da dondu, həyat tapdı bu kürə.
Bütün canlılarına toxumdu tək hüceyrə.
Elə ki, bu toxumun yetdi insan bəhəri,
o gündən tükənmədi bu dünyanın qəhəri.
Daha bəhər vermədi, insan sonuncu oldu!
Bu dünyanın köksünə ən ağır sancı oldu!
Qocaman azadlığı ölkə-ölkə böldülər,
adına vətən deyib, öldürdülər, öldülər!
Tikanlı məftil çəkib sardılar hər yanını,
deşik-deşik etdilər azadlığın canını!
Özlərinə dünyadan padşahlar da seçdilər!
Baxıb göyün üzündən allahlar da seçdilər!
Heykəllər ucaltdılar, məqbərələr tikdilər!
Gah təzimə durdular, gah da ki, diz çökdülər!
Bu məhkum azadlığın adına dövlət deyib,
hakimə hörmət deyib, haqqa ibadət deyib,
əldə silahlar tutub keşikdə dayandılar,
nizələrdə deşilib, bombalarda yandılar!
Alimi yaltaq oldu, şairi yaltaq oldu!
Zərrə həqiqət desə, soyuldu, dustaq oldu!
Hər yalana bir orden, bir təqaüd verdilər!
Bu çirkabdan uşağa, gəncə öyüd verdilər!
Yağış-yağış tüpürdü insana yer kürəsi!
Küləklə kül üfürdü insana yer kürəsi!
Dedi:
- Azadlığımı mənə geri qaytarın!
Bütün materikləri, qitələri qaytarın!
Necə ki, almışdınız tikə-tikə, qaytarın!
Şəhər-şəhər qaytarın, ölkə-ölkə qaytarın!
Uçsun bu qurduğunuz sərhəd məntəqələri!
Yıxın öz içinizdən bütün təbəqələri!
Mən neçə tufan keçib azadlığa çıxmışam!
Bütün canlılarımı bir mayadan doğmuşam!
Mən günəşin başına nəzir olmamaq üçün,
özüm öz ətrafımda döndüm-dolandım hər gün!
Azadlığa çıxdıqca daha gözəl göründüm!
Günəşin sevgilisi mənim başıma döndü!
Siz ki azad idiniz ağac budaqlarında!
Siz ki gözəl idiniz əncir yarpaqlarında!
Atın öz əlinizdən ölüm tüfənglərini!
Sizin üçün doğmuşam bu gül çələnglərini,
bu dadlı meyvələri, bu ləzzətli otları.
sizə çətir etmişəm üstümdə buludları!
Kainatın ən gözəl yerində mən durmuşam!
Siz azad olun deyə, bir azad ev qurmuşam!
Sizsə məhkum etdiniz mənim azadlığımı!
Zəhərli tüstülərlə cırdınız yaylığımı!
Daha meteorları əritməyə gücüm yox!
O çılğın şəfəqləri ram etməyə gücüm yox!
Mənim azadlığımı mənə geri qaytarın!
Bütün materikləri, qitələri qaytarın!
Necə ki, almışdınız tikə-tikə, qaytarın!
Şəhər-şəhər qaytarın, ölkə-ölkə qaytarın!

Ölüm var

Yenə düşüb sənsizliyin toruna,
sarılaram bir şəkilin boynuna,
yenə də bir yastıq girər qoynuma,
tərimdə yox, göz yaşımda islanar.

Bir soyuq da çökər evə-eşiyə,
evimdəki siçanlar da üşüyər.
Çevrilərəm qocaman bir kişiyə,
sağ əlim də bir çəliyə yaslanar.

Mən sevmişəm, səndən gələn dərdimi...
evimdəki göylər dələn dərdimi...
gəl, hərdən yu bu köhnələn dərdimi,
təzələnsin, qorxuram ki, paslanar!

Bir dizimə sığal çəkən əlim var,
bir də ancaq gileylənən dilim var.
Bir ümiddi... gözlədim ki, ölüm var...
o da gəlməz... o da mənə nazlanar!

Oyunlar

Gəl bütün oyunları
biz oynayaq bu axşam.
Bir domino, bir də nərd,
bir də ki, kart almışam.

Əvvəl "101" oynayaq,
hesablayaq xalları.
Görək kimin əlində
qalacaq xəyalları.

Sonra "telefon" gedək,
xal yığaq beş-beş, on-on.
Məndə daim açıqdı,
səndə sönüb telefon.

Açaq nərdtaxtanı da,
ataq zərləri bir-bir.
Mənə hələ "yek" düşür,
sənə "şeş qoşa" gəlir.

Çevirək nərdtaxtanı,
indi oynayaq "şaşki".
Bu qapqara daşları
vura biləydim kaş ki...!

Növbə karta da çatdı,
yenə gəldi zəhrimar.
Gedək yataq, birdənəm,
mənə düşmür bu qumar.

Bəlkə bir gün özümü

Bəlkə bir gün özümü
bir ağacdan asaram.
Bu dünyada yer tapıb,
o dünyada azaram.

Ömrün bu gənc çağında,
bir palıd budağında,
ölümün ayağında
bir məktub da yazaram.

Ruhum buludlar aşar,
cismim yanar, alışar.
Milyon dildə danışar,
bir kəndirdə susaram.

Allah, məni yorma çox,
elə bir nəfəsdə boğ!
Öz qəbrimi burda yox,
gəlib orda qazaram.

Tut kirayə ömrümü

Gəl sənə bilmədiyin bir ağrıdan sirr açım:
hələ də üzgün-üzgün gözləyirəm yolunu.
Gəl sənə bu soyuqda sinəm üstə yer açım,
yastıq elə çiynimi, yorğan elə qolumu...

Elə gəl ki, bu ömrüm ikimizə bəs etsin,
götür gələcəyini, yığış, yığış ömrümə.
Gah qar kimi səpilsin, gah gün kimi isitsin,
çilənsin nəvazişin yağış-yağış ömrümə!

Getdikcə uşaqlaşıb tək yatmağa qorxuram,
qorxuram ki, gəlməsən qocalaram birazdan.
masa üstə göyərən çörəklərə baxıram,
heç zəhrimar tüstü də sənsiz keçmir boğazdan!

Bu soyuq ömrümü də bir ocaq hesab elə,
yenə bir bəla kimi, gəl mənim başıma, gəl!
Tanrıdan ünvanımı soruş, haqq-hesab elə,
tut kirayə ömrümü, daşına-daşına gəl!

Bütün tənha adamlar

Tanrıdan yoluxmuşuq
bu çarəsiz təkliyə.
Bir adam gözləyəsən,
o da gəlmək bilməyə...

Bu xain gecələrin
qırıq yelkəni ki var,
orda bir-bir boğulur
bütün tənha adamlar.

İçki sinə yandırır,
tütün boğaz göynədir.
Bir adamın içində
bu boyda səs-küy nədir?

Lap adama yük olur
saqqal ülgüc qıranda.
Siqaret islananda,
pivə də qıcqıranda.

Bir sığala göz dikən
saçların darxmağı
soruşar, hardan tapdın
bu dəli tənhalığı?

Pişiklərə atırsan
yemədiyin ətləri.
Sənə hirslənib hürür
məhəllənin itləri.

Dərmanlar kəsə bilmir
içindəki ağrını.
Bütün tənha adamlar
bağışlasın tanrını.

Görüm ki...

Gecə yatım, səhər durum,
bir də görüm ölmüşəm.
Göydən baxım, qəribsəyim,
yerdə görüm ölmüşəm.

Görüm hamı şadlıq edir,
nə xoşbəxtdir şəhərim!
Mənim kimi tənha qalıb
meyitim üstə qəhərim!

Görüm sevinir anam,
atam, bacım, qardaşım.
Görüm ki, kədərdən yox,
sevincdəndir göz yaşı...

Görüm dostlarım gülür,
rəqs edir sevgilim də.
Görüm bir kağız şeir
bükülüdür əlimdə.

Görüm ki, mən ölmüşəm,
şeirlərim yaşayır.
Bir şairin yükünü
o şeirlər daşıyır.

Sən də onlar kimi...

Gəlmisən, sözüm yox gəlməyinə də,
amma yerini bil, həddini aşma.
Səndən əvvəlkilər tamam yalandı,
sən də onlar kimi yalan danışma.

Sən də onlar kimi çıxıb gedərsən,
əbədi deyilsən ömrümdə mənim.
Gör neçə sevilmək gözləyən adam,
neçə ayrılıq var önümdə mənim!?

İndi sayını da unutmuşam mən,
atılan kim idi, atan kim idi?!
Sənin də onlardan fərqin çox deyil,
əlin də, gözün də onlar kimidi.

Bu dildən, ağızdan çox görmüşəm, çox,
hamısı bir yalan əzbərçiləri...
Hələ gözləyirəm nağıllardakı
o məktub daşıyan göyərçinləri.

Sən də onlar kimi qara günümə
ağappaq yalansan, ağappaq yalan.
İksi də eyni cür yandırır məni,
həm ən yaxın yalan, həm uzaq yalan...

Bax, ona görə də ehtiyatlı ol,
gedəndə gedişin bilinməsin heç.
Ömrümdən eləcə səssiz-səmirsiz,
bir ölü xatirə sükut kimi keç.

Sən də onlar kimi... onlar kimisən -
bir anlıq əyləncə, bir günlük həvəs...
İndi cəzalandır məni, İlahi,
hamıya açılan qollarımı kəs!

Ağac adam

Söykənmişdim sənə mən,
yıxıldın, ağac adam!
De, hansı vərdişimdən
sıxıldın, ağac adam?

Qoymadım bir budağın
qırılıb düşsün yerə.
Siqaret söndürmədim
gövdəndə bircə kərə.

Gözüm kimi qorudum
yarpağını xəzəldən.
Yıxılma, ağac adam,
ucalanda gözəlsən!

Başın yüksəlir göyə,
duruşun məğrur-məğrur…
Qollarında yalqızlar,
tənhalar yuva qurur.

Mən də onlardan betər
bilmişəm evim səni.
Yıxılma, ağac adam,
ucal ki, sevim səni…

Elə asta yeriyir ki, darıxmaq...

Görürsən ki, ağır gəlir darıxmaq,
üz tutursan göy üzünə baxırsan.
Göy üzündən yağır gəlir darıxmaq;
sən çağırma-çağır, gəlir darıxmaq.

Gecə bitmir, ay çəkilmir səmadan,
lap bezirsən, usanırsan gecədən.
Darıxmağın nitqində də kinayə -
pıçıldayıb soruşur ki:
- Necəsən?

Elə asta yeriyir ki, darıxmaq,
o gedincə boğulursan qəhərdən.
O gedincə son ümidin, son arzun,
çıxıb gedir sən olduğun şəhərdən.

Gəlib gedər xəyalına min nəfər...
səndən qeyri indi hamı nağıldır.
Darıxmaq da gələr könlünə dəyər,
görərsən ki, xəyalların dağıldı.

Xatirəndə bir sevgi də boğular,
keçmişin də elə qəsdə durar ki!?
Xəyallarda ayrılmaq da asandır:
indi ondan ayrılmağa nə var ki!?

# 20693 dəfə oxunub

Müəllifin son yazıları

# # #