Bir qadın öpüşü gəzir ruhumu - Səfər Rzasoylunun şeirləri

Bir qadın öpüşü gəzir ruhumu - <span style="color:red;">Səfər Rzasoylunun şeirləri
23 iyun 2017
# 21:00

Kulis.az Səfər Rzasoylunun şeirlərini təqdim edir.

Behişt

Ələkbər Salahzadənin xatirəsinə

…Ağzına su alıb susurdu çay da,

Nə yarpaq dinirdi, nə bir xatirə.

Azıb yarısını yarımcan Ay da,

Qonub bir ağaca baxırdı Yerə.

Çiçək qoxusundan, ulduz sayından
Sükut yelləncəyi hörmüşdü Tanrı;
Sükut yelləncəyi yırğalanırdı -
Gecədən uzaqda yatırdı hamı.

O isə dəlisov, utancaq uşaq…
Onunçun bəlkə də gecə - pəncərə?
Tullanıb getmişdi sözdən də uzaq -
Hər anın ilk sevgi olduğu yerə.

Quş yaddaşı

Bəlkə min il əvvəl quş olmuşam mən,
Necəsə sonralar çıxmır yadımdan.
Gördüyüm yuxular - min il sonradı,
Kim quşam? Uçuram yuxularımda...

Nəğmə deyə-deyə baxıb gözümə
pəncərəm önündə quşlar uçuşar -
məni çağırarlar göyün üzünə.
Küsüb bezikərlər, uçub qaçarlar,
məəttəl qalarlar uçmayan Quşa...

Şarkılar yayardım yerin üzünə
mən ki göyüzündə gördüyum sirdən.
Biri min il qabaq, biri bugündən -
dayanıb, söykənib çiyin-çiyinə,
biri güllə atıb, biri ox atıb
köksümdən vurdular... Həmən o vaxtdan
bu günə, indiyə mən yıxılmışam -
Gəlib adamlara, eh, qoşulmuşam...

...Min illik o yaram sağalmır axı!
Necə qan axırsa torpaq üstünə,
mənim quş yaramdan hələ söz axır
sızıltı-sızıltı varaq üstünə...

Balıq yaddaşı

İçimdə bir balıq yaddaşı
qırır ömrün
ölüm-qalım çərçivəsini.
İtmiş bir dənizdən
dəyir qulağıma
ölmüş dalğaların qırıq-qırıq nəğməsi.

İçimdə bir balıq yaddaşı
özünün bir anlıq ömrü içində
dərya kimi daşır -
unudulur yaddaşım.
…Amma
yaddaşsızlığımın son qatında
bir balıq yaddaşı...

Çəkilir gözlərim uzaqlara,
gözüyumulu görürəm -
altım dəniz, sağım-solum dəniz,
qulağımda su pərilərinin nəğməsi.

İçimdə balıq yaddaşının hirsi,
su pərilərinin nəğməsinə həsrəti...
Min illər keçib, ana,
amma yenə
bir balıq yaddaşı qısqanır məni -
bir insan ömrünü yaşamağıma.

Yaddaş

Sular belə axmazdı,
Ay belə baxmazdı,
Daşlar belə susmazdı -
Ayın, suların, daşın

nəsə qalıb yadında.

Min illərdi qumru quşu
belə uçur, elə qaçır.
Bağımızın nar ağacı
elə solur, belə açır -
Quşun da, ağacın da
nəsə qalıb yadında.

Bir sirr yaddaşdı çağıran bizi də
ana bətnindən bu dünyaya,
cocuqluqdan cavanlığa,
cavanlıqdan qocalığa,
qocalıqdan - yatacağımız torpağa.

Hər şeyin, hər şeyin,
hamının, hamının
tanımadığı yaddaşıdı aparan onu -
sonsuzluqdan sonsuzluğa...

***

Hələ doğulmamış, hələ olmamış,
Baxt-Zaman, Zaman-Baxt ana bətnindən
Hələ bu dünyaya məni atmamış -
Bir hava yazılıb içimə mənim.

Bu hava səsinə belədir yolum;
Baxışım, duruşum, gözlərim - belə.
Susanda sükutum şarkıyla dolu,
Dinəndə səsım - bu, sözlərim - belə.

Bu hava səsinə elə Tanrı da
Arayıb axtarır, tanıyır məni.
Yoxsa adamlarla dolu dünyada
Necə tanıyardı bəs Tanrı məni?

Bir qız işığı da - bilmədən özü -
Bu hava səsinə ruhuma axdı.
On altı yaşında duruldu gözü,
Bir zaman hər zaman yollara baxdı...

Qan qoxusuna qaçan canavar kimi
Ölümüm o başdan baş alıb gəlir,
Bu hava səsinə yüyürüb gəlir -
Adlayır neçə çöl, neçə dənizi.

Bəlkə ulduzların içindən keçir?
Bəlkə bir quyudu bu ömür, bizi
ölüm bu quyunun dibindən çəkir?..

Bir hava yazılıb içimə mənim,
səslənər, səslənər... heç yatmaz dilə.
Bəlkə sonsuzluğun,
bəlkə əvvəlin...
Bəlkə də Tanrının səsidi elə?!

***

Bir qadın öpüşü gəzir ruhumu,
Günlərim qapanır hey pərdə-pərdə.
O qadın öpüşü - dirilk suyu,
Bir kəslik zəhərmiş qızıl qədəhdə.

O vaxtdan neçə yol yollar yol azıb,
Neçə yol Ay düşüb, Ay çiliklənib...
Neçə yol həsrətin səbri tükənib,
Neçə yol vüsalın yuxusu qaçıb.

O xəfif pıçıltı, o nərgiz sükut,
O xumar cazibə uzaq, çox uzaq...
O qadın da ölüb, mən də ölmüşəm -
O qadın öpüşü yaşayır ancaq!

Son nəfəs

Bir alım zaman ver, bir udum zaman -
Bir baxış həyata boylana bilim.
Bir udum nəfəs ver, bir addım zaman -
Pəncərəm önündə dayana bilim.

Niyə boğazıma tıxanıb qalır,
Son nəfəs qoymur ki, alım nəfəsi...
Yorğanım, yatağım ölüm qəfəsi,
Dikəlim, qurtulum - taqətim hanı?

Çırpınır, vurnuxur bədəndə canım,
Son nəfəs Əzrayıl sözüdür elə!
Zəhərə çevrilir damarda qanım,
Son nəfəs Ölümün özüdür elə!..

Bu səslər hardandır, eşitməmişdim;
Bu kimdir içində gedən tabutun?
Bu nə qaranlıqdır - heç görməmişdim;
Günəşi lampatək qəbrimə tutun!..

Adam

Açıq qaldı gözləri ölənin -
Hələ yaşamaq istəyirmiş kimi.
(Kimsə hüzn dolu sığalla
gözlərini qapadı...)

Nə onun kimi dinəni,
nə susanı, nə güləni vardı
Dünyanın.

Öldü - tək onun gördüyü
rəngləri itdi,
tək onun eşitdiyi
səsləri batdı

Dünyanın.

Qoxusunu çöllərin,

boyasını güllərin
Tək özütək kim duyardı
sədasını sellərin...

Öldü...
Bu dünyanın

yağışından quşunacan,
torpağından daşınacan,
hər şeyindən hər şeyinəcən
bir adamlıq dəyişdi.

...Bir adamlıq dəyişdi aləm.
Bir adamlıq yetim qaldı Dünya...

İlk görüş çaşqınlığı

Axşam vədəsində kilsə xorunun
İlahi, müqəddəs vahiməsitək
Məsum titrəyişlə əlim toxunur
Zərif qanadına - bakirə, ürkək...

İtdi qanadının şux azadlığı,
Dua əllərimin and qəfəsində...
Köçəri quş kimi sənin qanadın -
Əl kimi qayıdar görüş fəslindən.

...sevdiyim qızıydı qanadın sanki,
Əllərin elə bil ögey qadındı.
Yanıb çaşqın-çaşqın... sızlayıram ki,
Əllərin protez qanadlarındı.

İndi boş həsrəti vurur saatlar,
İndi yuxularım olanı yozur.
Baxtnan çaş-baş qalan yelkən sabaha
Gizli sular kimi adilik sızır...

Tərcümə

Günel Natiqə

Şeir yazmıram daha,
Tutun məni söz daşına.
Daha şeirim tərcümədi
O yaşımdan bu yaşıma.

Durna çağım uçub keçib -
Şeir yazım axı kimə?
Şeytanın üstən xətt çəkib,
Bir az Tanrıdan tərcümə.

Unutduğum bir qadından,
Bir dönük dostdan tərcümə.
Dənizlərdən, dəryalardan
Bir sətir - yosun tərcümə...

Suların avaz çağından,
O kəndin gül-yaz çağından
Bu dost dəftərə tərcümə.

O dəli-dolu oğlandan
Üzünü görmədiyim hələ,
Dilini bilmədiyim hələ
Qoca Səfərə tərcümə...

Şeir yazmıram daha,
Tutun məni söz daşına.
Hər bir misram tərcümədi
O yaşımdan bu yaşıma...

# 1124 dəfə oxunub

Müəllifin son yazıları

# # #