Mənəvi ləkələri təmizləyən roman – “Bərpaçı” haqqında

Mənəvi ləkələri təmizləyən roman – <span style="color:red;">“Bərpaçı” haqqında
8 aprel 2017
# 13:00

Kulis.az Filologiya elmləri doktoru, professor Tərlan Quliyevun “Mübariz ruhlu roman” yazısını təqdim edir.

Bakı Dövlət Universitetində təhsil aldığım zamanlar tənqid kursunda oxusam da, tənqidçi deyiləm. Amma bu o demək deyildir ki, tənqid könlümə, ruhuma yaddır. Sadəcə olaraq mən ədəbi proseslə ardıcıl şəkildə maraqlanmır, ədəbi bədii tənqidin nəzəri və təcrübi məsələləri ilə məşğul olmuram. Lakin bu yaxınlarda Azərbaycan jurnalının 2010-cu il 12-ci sayında oxuduğum tanınmış yazıçı Mübariz Cəfərlinin “Bərpaçı” romanının məzmun, ideya, bədii-estetik xüsusiyyətləri məni bu roman haqqında söz deməyə məcbur etdi.

Dünya ədəbi bədii-estetik normaları əsasında yaranan müasir romanın arxitektonikası olduqca zəngindir. Bunu biz istər dünya ədəbiyyatında yazılan roman janrından və istərsə də bu romanlar əsasında çəkilən bədii filmlər və digər bədii sənət nümunələrindən görürük. Bu əsərləri müasir “tənqidçilər” belədən-belə, elədən-elə şərh, təhlil edirlər. Mənə elə gəlir ki, bu şərhlər və təhlillər bədii sənətə bir qədər mənfi istiqamət verməklə yanaşı, eyni zamanda, onu bəsitləşdirir də. Çünki bəzən tənqid ədəbi-nəzəri qanunlardan çıxış etmək əvəzinə adətən hər hanrsısa bir tənqidçinin şəxsi zövqündən çıxış edir.

Mübariz Cəfərlinin “Bərpaçı” romanı da mürəkkəb kompozisiya quruluşuna malikdir. Əsərdə real səhnələrlə mistik səhnələr paralel olaraq verilir. Lakin Mübariz Cəfərli bir yazıçı kimi mistikadan reallığa, reallıqdan mistikaya elə manevrlərlə keçid edir ki, yazıçının sənətkarlığı oxucunu tam təmin edir.

Əslində Mübariz Cəfərlinin “Bərpaçı” romanı öz kompozisiya quruluşuna görə çox qədim, tarixi yüz illərlə ölçülən şərq ədəbi bədii fikrinə söykənir. Romanı oxuduqca sanki “Siyasətnamə”, “Qabusnamə” əsərlərini oxuyursan. Bu mənada istər mistika, istər müxtəlif keçidli kompozisiya formaları Mübariz Cəfərlinin yaradıcılığında qeyri-təbii ğörünmür. Çünki, bu mündəricə onun yaradıcılığına həm savad dairəsindən və həm də ədəbi qan yaddaşından gəlir.

Lakin “Bərpaçı” kompozisiya baxımından nə qədər “qədim” olsa da, əksinə ideya, məzmun baxımından bir o qədər müasirdir. Əslində elə “Siyasətnamə”, “Qabusnamə” də istər öz dövrlərində və istərsə də bütün dövrlər üçün müasir ideyaya sahib olduqlarına görə dövrümüzə qədər yaşayıb gəlmiş və hələ dünya durduqca da yaşayacaqlardır. Bu mənada, mən inanıram ki, “Bərpaçı” da ən azı qoyduğu, qaldırdığı və həll etməyə çalışdığı problemlər baxımından öz dəyərini uzun müddət qoruyacaqdır.

Nədir “Bərpaçı”nın və bir yazıçı kimi Mübariz Cəfərlinin uğuru? Bu suala cavab verməli olsam, mənə elə gəlir ki, ilk növbədə “Bərpaçı”nın mübariz ruhlu əsər olmasında – insanlığa, cəmiyyətə “gəl təmizlən, saflaş, düzəl, bərpa ol, özünə qayıt, türklər demiş, kəndinə gəl” deməsində oldu . Amma bu asanmı? Məsələ burasındadır ki, Mübariz Cəfərli əxlaqsızlığın, mənəviyyatsızlığın gündən-günə vüsət tapdığı bir zamanda böyük cəsarətlə bu ideyanı irəli sürür. Təbii ki, bu məqamda qeyd oluna bilər, məgər başqa əsərlərdə bu ideya yoxmu? Bəli var, təbii ki, var. Amma hansı bədii təqdimatda? Bu suala cavab verməli olsaq yenə də deyə bilərik. Əksərən melodram səviyyəsində. Lakin Mübariz Cəfərlinin təqdimatı isə tamamilə fərqlidir. O tam cəsarətlə, bəzən cəmiyyətin açıb-ağartmadığı, insanın bəzən özünə belə etiraf etmədiyi məqamlarla, obrazlarla - Akademik və Əzəmət obrazlarıyla, onların faciəvi talelərilə. Əslində bu faciələr iki şəxsin timsalında verilsə də Mübariz Cəfərli qələminin gücüylə bütövlükdə cəmiyyətin faciəsinə çevrilə bilir.

Kəmiyyətcə az, lakin keyfiyyətcə böyük olan obrazlarla söz deməyi bacaran Mübariz Cəfərlinin “Bərpaçı” romanında Ələkbər və Yusif obrazları da faciəvi obrazlardır. Əgər faciəvilik Akademik və Əzəmət obrazlarında tale şəklində təqdim olunursa, Ələkbər və Mustafa obrazlarının özləri faciəvi obrazlardır. Mübariz Cəfərli isə bu faciələri birləşdirib cəmiyyətin faciəvi bir cəmiyyət, sonucda isə dünyanın faciəvi bir dünya olduğunu təqdim etməyi bacarır. Bu çirkabla, bu eybəcərliklə hara gedir bu dünya? Bu sualın cavabı yoxmu? Bu mənada, bu suala cavab kimi yazıçının çıxış yolunu mistikada axtarması tamamilə təbii görünür. Bu baxımdan, Mübariz Cəfərlinin mistik obrazları və mistik cəmiyyəti haradasa, tipoloji baxımdan Nizami Gəncəvinin utopik cəmiyyəti ilə səsləşir. Lakin bu məqamda oxucu bir həqiqətlə də üz-üzə qalır : Əgər orta əsrlərdə hər hansı bir problemdən çıxış yolu tapa bilməyən yazıçı mistikaya üz tuturdusa, XXI əsrdədəmi buna ehtiyac var? Bəs onda dünyanı idarə edənlər və ona cavabdeh olanlar hara baxır? Niyə bir məcun kəşf edib mənəviyyatda yer tutan ləkələri onunla təmizləmirlər?

Romanın təhkiyəsi olduqca maraqlıdır. Ən maraqlı cəhəti orasındadır ki, yazıçı qəhrəmanlarını lakonik şəkildə danışdırmaqla böyük mətləbləri aşkar edə bilir. Yəni yazıçının qəhrəmanları adi danışıqda, həyatda nə şəkildə danışırlarsa, yazıçı onları əsərdə də o şəkildə dinləndirir. Müasir romanın tələblərinə cavab verən təhkiyəsi ilə Mübariz Cəfərli bərbəzəkdən uzaq, adi həyat həqiqətləri ilə fikirlərini oxucusuna çatdırır. Lakin Mübariz Cəfərlinin dili eyni zamanda, oxunaqlı və bədii bir dildir.

Adətən bədii əsərdən danışarkən müəllifin hardasa öz əsərlərində öz obrazını yaratdığını da söyləyirlər. Mənə elə gəlir ki, romanda Abdulla obrazı da hardasa, avtobioqrafik səciyyə daşıyır. Bu baxımdan mən bu romanı bir daha Mübariz ruhlu əsər adlandırardım.

# 1148 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #