“Kitabi-Dədə-Qorqud”dakı Albaniya – YENİ BAXIŞ

“Kitabi-Dədə-Qorqud”dakı Albaniya – YENİ BAXIŞ
9 dekabr 2016
# 12:39

Kulis.az filologiya elmləri doktoru, professor Tərlan Quliyev “İç oğuz, Taş oğuz – Alban(İYA)” məqaləsini təqdim edir.

Ədəbiyyatımızın, dilimizin, nəhayət, tariximizin nə qədər qədim olması hər bir azərbaycanlını düşündürür. Bu sahə ilə məşğul olan mütəxəssisləri isə daha çox... Tarixin dərinliklərinə getdikcə, təbii ki, bu barədə faktlar, dəlillər azalır. Və bu anda, tədqiqatçılar xalq arasında deyilən kimi, bəzən dəryada saman çöpündən də yapışmalı olurlar. Bizim bu məqalədə demək istədiyimiz fikirlər də hardasa, fərziyyə, istək, arzu kimi görünə bilər. Amma, hər halda, biz hiss etdiyimizi - ədəbiyyatımızın, dilimizin, tariximizin bizə çox kiçik detallarla, lakin böyük hisslərlə aşıladığı fikirləri yazmaq, onları əvvəlki məqalələrimizdə dediyimiz mülahizələrin bir növ davamı kimi təqdim etmək istəyirik...Bu mənada, bu məqalənin əsas məqsədi “Dədə Qorqud kitabı”nda adı çəkilən İç Oğuzun, Taş Oğuzun koordinatları və s.-ni müəyyən etmək deyil, əsas məqsəd, Taş Oğuzluların daha çox Orxon-Yenisey hovzəsindən gəlmə olub, tarixi Albaniya ərazilərində yerləşdiklərini və bu köçün Alban dövlətinin qurulmasından yüz illər əvvəl baş verdiyini, daha sonra Taş Oğuzluların da Alban dövlətinin qurulmasında yaxından iştirak etdiklərini və nəhayət, ən əsası, bu faktlara görə dastanda cərəyan edən hadisələrin eradan əvvəl I minilliyin ortalarında baş verdiyini, yəni Qalın Oğuz dövlətinin dağılıb, yerində Alban dövlətinin qurulduğu dövrü göstərməkdən ibarətdir. Bu isə bizə tariximizin qədim olduğunu sübut etmək üçün lazım olduğu kimi, eyni zamanda, gələcəkdə Dədə Qorqud şeirlərinin qədim olduğunu əsaslandırmaq üçün də lazımdır. Cünki Dədə Qorqud şeirlərinin qədimliyini sübut etmək üçün dastanda cərəyan edən hadisələrin də qədim olduğunu sübut etməyin zəruriliyi anlaşılır. Nə isə...

Biz ötən il çap olunmuş “Kitabi-Dədəm Qorqud: Oğuznamə, yoxsa Alban abidəsi?” adlı məqaləmizdə “Dədə Qorqud”da cəırəyan edən hadisələrin Azərbaycan tarixində mövcud olmuş Alban dövlətinin ilkin təşəkkül dövrünə təsadüf etdiyini söyləmişdik. Həqiqətən də, dastana baxdıqda, orada artıq Qalın Oğuz dövlətinin Alban dövlətinə çevrildiyinin şahidi oluruq. Alban dövlətinin tarixi də təqribən məlumdur: eradan əvvəl I minilliyin ortalarından, yenə də bizim eranın I minilliyinin ortalarına qədər. Və dastandan da anlaşıldığına görə, dastanın bütün qəhrəmanları oğuzdurlar. Oğuzlar haqqında isə məlumatlar ilk növbədə daha çox Orxon-Yenisey abidələri ilə bağlıdır. Məlum olduğu kimi, Orxon-Yenisey abidələrində oğuz tayfalarının bir neçəsinin adı çəkilir. Bu məqamda, hər bir türkoloqu ilk növbədə bir sual düşündürür: “Dədə Qorqud” Oğuzları ilə “Orxon- Yenisey” Oğuzlarının əlaqəsi varmı? Əgər varsa, bu əlaqələr nə zamandan başlayıb?

Bu suallara cavab axtararkən, təbii ki, biz ilk növbədə “Dədə Qorqud” oğuzlarından, müasir Azərbaycanda yaşayan oğuzlardan bəhs edən tarixi əsərə - “Kitabi-Dədə Qorqud dastanı”na söykənməliyik və söykənirik də. Belə ki, “Dədə Qorqud dastan”ında adı çəkilən oğuzlar hansı coğrafi koordinatlarda yaşayırlar və bu koordinatların içində İç oğuz və Taş oğuz haralardır, hansı ərazilərdir? Qeyd edək ki, bu suala cavab vermək həm asandır, həm də çətin. Asandır ona görə ki, nə qədər mübahisəli olsa da, dastanda Oğuz yurdunun koordinatları, təxminən, məlumdur. Çətindir ona görə ki, bəzi tədqiqatçılar bu təxminiliyi öz tədqiqatlarıyla daha da qəlizləşdirirlər. Bu mənada, bu koordinatların qəlizliyindən danışarkən, qeyd edək ki, türk tədqiqatçıları Oğuz yurdunun, əsasən, Anadoluda, Azərbaycan tədqiqatçıları isə Azərbaycanda yerləşdiyini bildirirlər. Biz isə mübahisələrin mahiyyətini, tarixini bir daha xatırlatmadan, “Kitabi-DədəQorqud” dastanlarında təsvir olunan Oğuz yurdunun, əsasən, tarixi Azərbaycan torpaqlarında mövcud olduğunu bildirmək istəyirik. Bəri başdan onu da deyək ki, bizcə, dastanda təsvir olunan Qalın Oğuzun ərazisi, onun coğrafi koordinatları, əsasən, bugünkü Ermənistan, Naxçıvan, Qarabağ torpaqları və onlardan bir qədər aşağı və yuxarıdakı əraziləri - başqa sözlə desək, Gürcüstandan, Gəncədən, Bərdədən aşağı, Təbrizdən yuxarı- Qaradağ və bütöv Qarabağ, Qara Dərvənd, Evnik qalası, Trabzon, Bayburd ilə sərhədlənən əraziləri əhatə edir. Dediyimiz kimi, təbii ki, bu da şərti ərazidir. Amma ən mübahisəli ərazi, bizcə, Taş Oğuzun ərazisidir. Hələ ki, Taş Oğuz barədə bir qədər sonra. İndi isə hamıya məlum olan və hamının bildiyi və dastanda da adı çəkilən yer adlarıyla Qalın Oğuzun koordinatlarına bir daha nəzər salaq.

Belə ki, ikinci boy olan “Salur Qazanın evinin yağmalandığı boy”da Qazan xan Ala dağa ova çıxarkən, Uruz qoca ondan soruşur: “Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan? ”, daha sonra bu boyda Şökli Məlik Qazanda hansı heyiflərinin qaldığını soruşduqda, kafərlərdən biri Şöklü Məliyə “Qazanın Qapulu Dərvəndə on bin qoyunı vardır. Şol qoyunları dəxi götürsək, Qazana ulu heyf edərdik” deyir. Boyun sonunda Qazan xan düşmənə qələbə çaldıqdan sonra, bəzi tədqiqatçıların yer adı kimi qəbul etdikləri Altuntaxtına dönür: “ Qazan bəg ordusını, oğlanını-uşağını, xəzinəsini aldı, gerü döndi, altun təxtində”. Beləliklə də ikinci boydan gördüyümüz kimi, Qalın oğuzun şimal sərhədlərinin bir ucu Dəmirqapı Dərbəndi, digər ucu isə Gürcüstan sərhədlərini əhatəedir.

Qalın Oğuz elinin qərb sərhədlərindən söhbət gedərkən “Qam börənin oğlı Bamsı Beyrək boyu”nda aşağıdakı informasiyanı alırıq. Belə ki, Bamsı Beyrək üçün İstanbula, Rum elinə ərməğanlar gətirməyə gedən bəzirganları qayıdarkən Qara Dərvənd ağzında Evnik qələsinin kafirləri yağmalayırlar. Onlardan biri qaçaraq, Oğuza gəlib Beyrəkdən kömək diləyir. “Bəzirgan aydır: Yigit, yigit bəy, yigit! Sən bənim ünüm anla, sözüm dinlə! On altı yıldır ki, Oğuz içindən getmiş idik. Dan-danışux kafər malın oğuz bəglərinə gətirür idik. Pasnik qara Dərvənd ağzına düş vermiş idik. Evnik qalasının beş yüz kafəri üzərimizə qoyıldı...”. “Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boy”da isə oxuyuruq, Qazan bəy deyir:”...Mən bu oğlanı alayım, ava gedəyin. Yedi günlik azuğla çıqayın. Ox atduğım yerləri, qılıc çalub baş kəsdügim yerləri göstərəyim. Kafər sərhəddinə Cızığlara, Ağlağana, Gögcə tağa aluban çıqayın...” Deməli, Oğuzun şimal sərhədləri Cızıqlar, Ağlağan, Gökçə dağdır. Digər tərəfdən Oğuz elinin sərhədlərinə yaxın olan kafər yurdları da məlumdur: “Məgər Başı aşuq Tatyan qələsindən, Aqsəqa qələsindən kafərin casusu vardı...” Belə ki, Oğuz yurdunun şimal-qərb sərhədlərinə kafir torpaqlarından Gürcüstan, Tatyan qalası, Aqsaka qalası, Tumanın qalası, qərb sərhədlərinə isə Qara Dərvənd, Evnik qalası yaxındır. Uruzu da dustaq olarkən Qara Dərvəndə aparırlar. Bir qədər uzaqda isə, hətta, Parasaran, Bayburd, Mardin, Hamid, Trabzon, Düzmürd qalası da var.

Beləliklə, gördüyümüz kimi, Qalın Oğuzun şimal, şimal-şərq və qərb sərhədləri məlumdur: Qapulu Dərbənd, Gəncə, Bərdə, Altuntaxt, Cızıqlar, Ağlağan, Göycə dağı, Gürcüstan, Ağsaka qalası, Tumanun qalası, Tatyan qalası, Qara Dərvənd, Evnik qalası və s. Maraqlıdır ki, bunlar dediyimiz kimi, Qalın Oğuzun sərhədləridir. Yəni başqa sözlə desək, Oğuzlar bu torpaqların hamısında yaşamır, onlardan bir qədər aralıda yaşayırlar. Amma bu xətt üzrə olan coğrafiyaya nəzarət edirlər. Belə ki, məsələn, Bəkil Gəncəyə və Bərdəyə gedib vətən tutur, Dərbənddə Qazan xanın ancaq qoyunları saxlanılır. Bu koordinatlar içində oğuzun yaşayış məskəninin hara olduğu dəqiq bilinməsə də, hər halda, ikinci boy olan “Salur Qazanın evinin yağmalandığı boy”da Ala dağa ova çıxan Qazan xan “qara qayğılu vaqeə” görərkən, öz yurduna üç günlük yolu bir günə qayıdır: ”...Qazan aydır: “Mənim avımı bozma, ləşkərimi tağıtma! Bən bu gün Qonur ata qaqaram, üç günlük yolı bir gündə aluram, evilə olmadın yurdum üstinə vararam.” Beyrək də Bayburd hasarından evlərinə, İç Oğuza bir qədər tələsik də olsa, üç günə gəlir: ”Üç gündür, yol gəldim, toyurun məni, Üç günə varmasun, Allah sevindürsün sizi“. Qazan xan kafər sərhəddinə Ağlağana, Gögcə dağa, Cızıqlara ova çıxarkən yeddi günlük azuqə götürür. Oğuzla Trabzonun arası isə yeddi gecə-gündüzlük yoldur. Qanturalı Oğuzdan çıxıb Trabzona Selcan xatunun dalınca gedərkən yeddi gün yol gedir: ”Atasının-anasının əllərin öpdi. Qırq yigidin yanına bıraqdı. Yedi gün yedi gecə yortdılar. Kafərin sərhədinə irdilər” və s.

Gördüyümüz kimi, bütün bu coğrafiya Oğuz yurdudur. Lakin bu coğrafiya içində bir neçə koordinat tədqiqatçıları həmişə düşündürmüşdür. Bu da “Uşun qoca oğlı Səgrək boyu”nda Əgrəkin Əlincə qalasına qədər getdiyi yol və qardaşı Səgrəkin onu dustaqlıqdan qurtararkən gedib-qayıtdığı istiqamətdir. Belə ki, Əgrək Qazan bəydən axın üçün icazə aldıqdan sonra, aşağıdakı xətt üzrə hərəkət edir: “Andan Şirokuz ucından Gögcə dənizə dəkin el çarpdı. Ğalaba toyum oldı. Yolı Əlincə qələsinə uğradı”. Bu gün Şirokuz adlı toponimin koordinantları dəqiq məlum olmasa da, hər-halda bu məkanın Gürcüstandan aşağı, Göyçə gölündən yuxarı və yaxud, ən azından Göyçə gölü ilə eyni en dairəsində yerləşdiyi bu sətirlərdən aydın olur. Qardaşı Səgrək isə Əgrəki qurtarmaq üçün Əlincə qalasına gedərkən Dərəşam ucundan keçır. Oğuza qayıdarkən də hər iki qardaş yenə də Dərəşam suyundan keçırlər: “ Dün qatdı, yort eylədi. Üç gün dünli-günli yortdı. Dərəşam ucından keçdi, ol qardaşı tutılan qoruya gəldi... Dün qatmış, üç gün dünli yortmış yigit, qarannulı gözin uyxu almış yigit, atının çilbərini biləginə bağladı, yatdı – uyıdı”. “ Dərəşəm suyını dəlüb keçdilər. Dün qatdılar, Oğuzın sərhəddinə yetdilər”.

Beləliklə, bizcə, bu sətirlərə görə Oğuz yurdunun əsas yaşayış məskəni Dərəşamdan şərqdəki torpaqlarda, ondan bir qədər cənubda və eyni zamanda, şimalda, əsasən, müasir Ermənistan ərazisində, Gürcüstana qədər olan torpaqlarda yerləşir. Bizcə, bu faktı Əgrəkin şimaldan başlayıb Əlincəyə qədər gəldiyi istiqamət və eyni zamanda, Səgrəkin gedib-qayıtdığı istiqamət də təsdiq edir. Çünki, Dərəşam Əlincədən qərbdə yerləşir. Sadəcə olaraq, Əgrək Oğuz yurdunda, xəritə ilə daha aydın şəkildə təsəvvür olunsun deyə, deyək ki, müasir Ermənistan ərazisində şımaldan cənuba, Səgrək isə əksinə, cənubdan şərqə, və bir qədər şımal-şərqə hərəkət edir.

Yuxarıda Əgrəkin hərəkət etdiyi istiqamətə nəzər salarkən, bir məsələ də diqqəti cəlb edir: bütövlükdə Oğuz yurdunun ərazisi çox genişdir. Belə ki, bu ərazinin bir ucu əgər Gürcüstana, Qara dəniz sahillərinə və ondan aşağı, cənubdakı torpaqlara söykənirsə, digər bir ucu Gəncəyə, Bərdəyə dayanır. Bizə elə gəlir ki, Oğuz yurdunun qərb sərhədləri İç Oğuz, şərq sərhədləri – Gəncə, Bərdə sərhədləri isə Taş Oğuzdur. Bu mənada, bizcə, Əgrəkin hərəkət etdiyi istiqamət - Şıroküz, Gogcə dəniz, Əlincə qalası Oğuz yurdunun içində düşmənlərin arabir hücum etdikləri, Oğuzun içinə düşməncəsinə soxulduqları ərazidir. Düşmənlər, xüsusilə, Şöklü Məlik Oğuzun içinə həmişə Gürcüstandan, Gürcüstan ərazisindən bu istiqamətdə soxulmuş və oğuzlarla kafərlər arasında müharibələr də daha çox bu ərazilərdə getmişdir. Ona görə də Oğuz yurdunun tərkib hissəsi olmasına baxmayaraq, Əgrək məhz bu istiqamətə axın istəmiş, Qazan da oğlu Uruzu ova çıxardarkən məhz bu istiqamətə, həmişə baş kəsib, qan tökdüyü yerlərə ova çıxmış, oğluna həmin yerləri göstərməyə çalışmış və eyni zamanda, düşmənə indi də bu ərazilərə nəzarət etdiyini, bu yerlərin Oğuz torpağı olduğunu bir daha xatırlatmaq istəmişdir. Lakin bütün bunlarla bərabər, dastanda bu istiqamətin daha bir funksional mahiyyəti vardır. Bizə elə gəlir ki, bu istiqiamət, daşıdığı digər xüsusiyyətlərlə bərabər, eyni zamanda, həm də İç Oğuzla Taş Oğuzu bir-birindən ayıran sərhəddir.

Beləliklə, Qalın Oğuzun içində hansı ərazilərin Taş Oğuz əraziləri olduğunu aydınlaşdırmazdan əvvəl, ilk növbədə, Taş Oğuzun qəhrəmanlarının kimlər olduqlarına nəzər salmaq istərdik. Qeyd edək ki, dastanı oxuduqca Taş Oğuzun qəhrəmanlarının böyük əksəriyyətinin kim olduqları aydınlaşır. Lakin bu qəhrəmanlar içində bəzi igidlərin Taş Oğuzlu olub-olmaması ilk baxışda gizli qalır. Bizə elə gəlir bunların da Taş Oğuz və yaxud da İç Oğuzlu olduqlarını aydınlaşdırmaq maraqlı olardı.

Beləliklə, bizcə Taş Oğuz qəhrəmanlarının başında duran ilk növbədə Qazanın dayısı Aruz qocadır. Daha sonra bu siyahıya Aruzun oğlanları və nəvələri başçılıq edir. Onun oğlanları Qıyan Selcik və Basat. Aruz Basatı aslan yatağından evə gətirib yemə-içmə verərkən, Dədə Qorqud Basata içində böyük qardaşının da adı çəkilən aşağıdakı nəsihəti verir: “Oğlanım, sən insansan. Heyvanla müsahib olmağıl! Gəl, yaxşı at bin. Yaxşı yigitlər ilə eş yort! – dedi. – Ulu qardaşın adı Qıyan Selcikdir. Sənin adın Basat olsun! Adını mən verdim yaşunı Allah versün!” Nəvəsi isə Qıyan Selcikin oğlu Dəli Tondazdır. “Salur Qazanın evinin yağmalandığı boy”un sonunda Qazan xan düşmənlə vuruşan zaman köməyə gələn Qalın Oğuz bəyləri içində Dəli Tondaz aşağıdakı kimi təsvir olunur: “ Taş Oğuz bəglərilə Dəli Tondaz sağdan dəpdi... Sağ tərəfdən Qara Tükən Məlikə Qıyan Səlcük oğlı Dəli Tondaz qarşu gəldi.” “Qazılıq qoca oğlı Yegnək boyı”nda Yegnək atasını qurtarmağa gedərkən Bayandır xandan qoşun istəyən zaman Bayandır xan Dəli Tondazı aşağıdakı kimi təqdim edir: “ Bayandır xan buyurdı: “Yigirmi dörd sancaq bəgi gəlsün!”- dedi. Əvvəl dəmür Dərvəndində bəg olan, qarğu sügü ucunda ər bögirdən ğırıma yetdügində kimsən deyü sormıyan Qıyan Selcik oğlı Dəli Tondaz səninlə bilə varsun! – dedi”.

Taş Oğuzun digər əsas bəyləri isə aşağıdakılardır: Əmən, Alp Rüstəm, Dönəbilməz Dülək Uran. “İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügi boy”da Aruzla Qazan xanın arası dəyən zaman Aruz Taş Oğuz bəylərinə aşağıdakı şəkildə xəbər göndərir: “Aruz ğayət səxt oldı. Taş Oğuz bəglərinə adam saldı. “Əmən gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəlsün, Gerü qalan bəglər həb gəlsün!” – dedi”.

Beləliklə, gördüyümüz kimi, Taş Oğuz bəylərindən söhbət gedərkən, Taş Oğuzun əsas qəhrəmanları Aruz, Qıyan Səlcuq, Basat, Dəli Tondaz, Bəgdüz Əmən, Alp Rüstəm, Dönəbilməz Dülək Uran və s. adları çəkilir. Bizcə, bu qəhrəmanların sırasına Dügərin də adını əlavə etmək olar. Çünki “Qazan bəg oğlı Uruz bəgin tutsaq olduğu boy”un sonunda Qazan düşmənlərlə vuruşarkən, köməyə gələn igidlərin içində Dügərin də adı Taş Oğuz bəyləri ilə bir sırada çəkilir: “ Yigirmi dört boyun oxşayan Dəli Tondaz yetdi. Anun ardınca bin qövm başları Dügər yetdi. Anun ardınca bin Bəgdiz başları Əmən yetdi. Anun ardınca toquz qoca başları Aruz yetdi”.

Qeyd etdiyimiz kimi, dastanda bu qəhrəmanlar birbaşa Taş Oğuz qəhrəmanları kimi təqdim olunan igidlərdir. Lakin dastanda eyni zamanda, bəzən birbaşa deyil, dolayısı yolla Taş Oğuza aid olan bəylər də vardır ki, bunların bəzisi asanlıqla müəyyən olunsa da, digər bir qisminin hansı Oğuza aid olması bir qədər çətin anlaşılır. Belə qəhrəmanlardan, məsələn Bəybican bəyin və Dirsə xanın adlarını çəkmək olar. Belə ki, Bəybican bəyin Taş Oğuza aid olması dolayı yolla olsa da, hər halda məlum olur. Məsələn, onun qızı Banıçıçək Beyrəyi ilk dəfə görərkən haralı olduğunu soruşub, aşağıdakı cavabı alır: “Yigit, gəlişin qandan?” Beyrək aydır: “ İç Oğuzdan!” Deməli buradan təqribi də olsa, güman etmək olar ki, Banıçıçək və onun atası Baybecan bəy Taş Oğuzdandırlar ki, Beyrək Banıçiçəyə məhz İç Oğuzdan olduğunu xatırladır. Qeyd edək ki, bu informasiyanı “İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügi boy”da Aruzun Beyrəyi Qazana asi olması üçün çağırdığı zaman dediyi sözlər də təsdiqləyir: “ Bəglər, Beyrək bizdən qız almışdır, güyəgümizdir. Əmma Qazanın inağıdır. Gəlsün, bizi Qazanla barışdırsun...”

Image result for Kitabi DədəQorqud

Dirsə xana gəldikdə isə onun Taş Oğuzlu olduğunu sübut etmək nə qədər çətin olsa da, bizcə, hər-halda mümkündür. Bizcə Dirsə xanın Taş Oğuzlu olmasını iki fakt təsdiqləyir. 1. Dirsə xanın yurdunun İç Oğuzdan, Bayandır xanın yerləşdiyi koordinatlardan uzaqlarda yerləşməsi. 2. Bayandır xan tərəfindən Dirsə xana soyuq münasibətin göstərilməsi. Ümumiyyətlə, qeyd edək ki, dastanda İç Oğuzla Taş Oğuz nə qədər birləşib, Qalın Oğuzu əmələ gətirsələr və bütün döyüşlərdə Taş Oğuz igidləri İç Oğuz igidlərilə bərabər çiyin-çiyinə vuruşsalar da, hər halda Taş Oğuza bir qədər soyuq, ögey münasibət həmişə özünü göstərir. Bu da bəlkə Taş Oğuzun Dış Oğuz olması, gəlmə oğuz olması ilə əlaqədardır. Bu barədə bir qədər sonra. İndi isə mövzudan bir qədər kənara çıxıb, onu qeyd edək ki, bizcə, Dirsə xan Taş Oğuzlu olması ilə bərabər, eyni zamanda, Bayandır xanın kürəkənlərindən biridir. Qeyd edək ki, dastanda o da Qazan xan kimi konkret olaraq kürəkən deyə xatırlanır. Digər tərəfdən, Dirsə xanın arvadı da özünü adi xatunlar kimi deyil, Bayandır xanın qızı kimi aparır. Belə ki, Dirsə xan oğlu Buğacla ova çıxıb tək qayıdan zaman, xatun Dirsə xandan eyni ilə Burla xatunun Qazan xandan oğlu Uruzu soruşduğu kimi soruşur:

“Bərü gəlgil başım bəxti, evim təxti!

Xan babamın göygisi!

Qadın anamın sevgisi!

Atam-anam verdigi,

Göz açuban gördügüm,

Könül verib sevdigim, a Dərsa xan!

...Xan babamın qatına bən varayım

Ağır xəzinə, bol ləşgər alayım,

Azğun dinlü kafərə bən varayım...”

Gördüyümüz kimi, hər iki xatun atalarının gücünə, qüvvəsinə yüzdə-yüz eyni cümlələrlə, eyni sözlərlə söykənirlər. Bu da hər iki xatunun eyni statusa, yəni hər ikisinin xanlar xanı Bayandur xanın qızları olduğuna işarədir. Bu məqamda yəqin ki, Dirsə xan da Qazan xan kimi Bayandır xanın kürəkənlərindən biridir. Lakin övladı olmadığına və eyni zamanda, Taş Oğuzlu olduğuna görə gözdən salınmış və mərkəzdən, Bayandır xanın yanından uzağa, Taş Oğuza göndərilmişdir.

Qeyd etdiyimiz kimi, bizcə, Dirsə xanın Taş Oğuzlu olmasını göstərən amillərdən biri də onun mərkəzdən-İç Oğuzdan uzaqda yaşamasıdır. Ümumiyyətlə, dastanda təqribi də olsa Taş Oğuz haradır və nəyə görə dış mənasını verən Taş oğuz adlanır? İlk baxışda sualın ikinci tərəfi guya aydındır: Orxan Şaiq Gökyayın verdiyi məlumata görə, Mahmud Kaşğaridən tutmuş bir neçə lüğət də daxil olmaqla, “Taş” sözü bütün lüğətlərdə dış, dışarı, dış taraf, konkret olaraq, Mahmud Kaşğaridə isə “taş yer” ifadəsi qürbət, yabançı yer mənalarını bildirir. Beləliklə, Taş Oğuz niyə bu adla adlanıb, bu adla adlanarkən Oğuzun bu qolunun haradansa gəlmə olduğumu nəzərdə tutulub? Akademik Tofiq Hacıyev açıq-aydın yazır: “Dastandakı İç Oğuzlar yerli, Azərbaycanın qədim oğuzları, Daş oğuzlar isə gəlmələrdir”. Qeyd edək ki, biz də Taş Oğuzların Azərbaycana gəlmə olduqlarını qəbul edir və akademik Tofiq Hacıyevdən fərqli olaraq, eyni zamanda, onların Azərbaycanda Alban dövlətinin qurucuları olduqlarını da söyləyirik. Bizcə, Taş Oğuzun ərazisi, əsasən, müasir Azərbaycanın Qarabağ hissəsi və ondan şimaldakı ərazilərdir. Taş oğuzlulara gəldikdə isə bizcə, onlar gəlmə tarixləri məlum olmayan, lakin Orxon-Yenisey hövzəsindən gəlib şimali Azərbaycanda, müasir Azərbaycan torpaqlarında yerləşən, sonralar İç oğuzlularla qaynayıb-qarışan, onlarla bərabər Alban dövlətini quran oğuzlardır ki, onların Orxon-Yenisey hövzəsindən Azərbaycana gəlmə xətləri və Azərbaycanda yerləşdikləri ərazilər istər müasir Azərbaycan toponomiyası, istər Orxon-Yenosey abidələri və istərsə də “Dədə Qorqud dastanı” ilə də təsdiq olunur. Bu mənada, dastana nəzər saldıqda Taş Oğuzlu Dirsə xanın, həqiqətən də, İç Oğuzdan uzaqda yaşadığı təbii görünür.

Dirsə xandan bəhs edən boyda, İç Oğuzla Taş Oğuzu, harda yerləşdiyi məlum olmayan, Ala dağın ayırdığını görürük. Bu boyda Ala dağ ən azı iki dəfə xatırlanır. Belə ki, Dirsə xanın qırx namərd yoldaşı Buğacı suçlayarkən, Dirsə xanı Buğacın törətdiyi əməllərin Ala dağdan aşıb Bayandır xana çatacağı ilə qorxudurlar: “Aqan turı sulardan xəbər keçə, arqurı yatan Ala tağdan təbər aşa, xanlar xanı Bayandıra xəbər vara”. “Arqurı yatan Ala tağdan xəbər keçə, xanlar xanı Bayandıra xəbər vara”. Deməli, Bayandir xanla, yəni İç Oğuzla Dirsə xanı, Daş oğuzu, hələlik şərti də olsa qəbul etdiyimiz, Ala dağ ayırır. Qeyd edək ki, Ala dağın bu funksiyasına başqa boylarda da təsadüf edirik. Məsələn, Beyrək boyunda İç Oğuz qəhrəmanı Beyrək ova çıxıb Taş Oğuzda yaşayan Banıçiçəklə görüşən zaman Vatikan nüsxəsinə əsasən Ala dağa ova çıxır və təbii ki, dağı aşıb Taş Oğuzda Banıçiçəklə görüşür: “Bəglər həb ava bindi. Boz ayğırın çəkdirdi, Beyrək bindi. (Ala Tağa ala ləşkər ava çıqdı). Nagahandan Oğuzun üzərinə bir sürdi keyik gəldi. Bamsı Beyrək birini qova getdi. Qoa-qoa bir yerə gəldi. Nə gördi, sultanım?! Gördi gög çayırın üzərinə bir qırmızı otağ dikilmiş. “Yazub... bu otaq kimün ola!?” – dedi. Xəbəri yoq ki, alacağı ala gözli qızın otağı olsa gərək. Bu otağın üzərinə varmağa ədəbləndi. Ayıtdı: “ Nə olursa-olsun, hələ mən avımı alayım!” – dedi. Otağın ögində irişi gəldi, keyiki sinirlədi. Baqdı-gördi bu otağ Banıçiçək otağıymış ki, Beyrəgin beşikkərtmə nişanlısı, adaxlusıydı”.

Qeyd edək ki, əgər bu boylarda İç Oğuzla Taş Oğuzu ayıran Ala dağın varlığı şərti olaraq qəbul edilirsə, sonrakı boylarda bu şərtilik aradan qalxır və bu iki Oğuzu ayıran sərhədin, həqiqətən də, Ala dağ olduğu təsdiq olunur. Və buradan, eyni zamanda, o da təsdiq olunur ki, Ala dağ haradasa iki adi yaşayış məskənini ayıran sərhəd deyil, məhz, həqiqətən də, İç Oğuzla Taş Oğuz arasında olan sərhəddir. Belə ki, biz “Bəkil oğlu Əmranın boyu”nda Bəkil Oğuzdan köç eləyib “Bərdəyə, Gəncəyə varıb vətən tutub, tokuz tümən Gürcüstan ağzına varıb qaravulluq eyləyib, yad-kafər gələrsə başını Oğuza ərməğan göndərən” zaman Qazan xandan inciyib evinə dönən vaxt, xatunu ondan qanının niyə qara olduğunu soruşduqda və Bəkilin ona cavabında Ala dağ, həqiqətən də, sərhəd kimi xatırlanır. Sonra bu sərhəd Bəkilin oğluna düşmənlə vuruşarkən Bayandır xana xəbər göndərməsini istəyən zaman da xatırlanır. Qeyd edək ki, Bəkilin oğlu da bu məsələ ilə əlaqədar atasına etirazını bildirərkən, yenə də Ala dağı bir sərhəd kimi yada salır:

Altun təxtim ayası, bəyim yigit!

Göz açıban gördügüm,

Könül verib södügim,

Qalqubanı yerindən turu gəldin.

Ala gözlü yigitlərin yanına saldın.

Arqu beli Ala Tağdan dünin aşdın

Aqındılı görklü sudan dünin keçdin.

Ağ alunlu Bayandır xanın divanına dünin vardın...

Qalqubanı yerindən turu gəldim.

Yelisi qara Qazlıq atın bütün bindim.

Arqu beli Ala Tağdan dünin aşdım

Aqındılı görklü suyı dəlüb dünin keçdim.

Ağ alunlu Bayandırın divanına çapar vardım...

Yelisi qara Qazlıq atun bütün bingil.

Arqurı yatan Ala Tağı dünin aşğıl.

Ağ alunlu Bayandır xanın divanına dünin varğıl...

Yelisi qərə Qazlıq atuma binməgüm çoq.

Arqu beli Ala Tağı avlıyuban aşmağım yoq.

Ağ alunlu Bayandırın divanına varmağım yoq...

“İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügi boy”da da Ala dağ İç Oğuzla Taş Oğuz arasında sərhəd kimi göstərilir. Belə ki, bu boyda evini yağmalatdırarkən Taş Oğuzu, dayısı Aruzu saymayan Qazan, barışmaq üçün İç Oğuzla Taş Oğuz arasında sərhəd olan Ala dağa qədər gəlir, lakin o tərəfə, Taş Oğuza keçməyib, dayısı Aruzun ayağına getmir, barışıq üçün Aruzun yanına Qılbaşı gödərir. Bununla o, həm Aruza hakimiyyətin İç Oğuzda, Qazanda olduğunu deməklə, həm də düşmənə bu yerlərin Oğuz torpaqları olduğunu bir daha xatırlatmaq istəyir.

Mərə qavat,

Qalqubanı Qazan xan yerindən turı gəldi.

Ala Tağda çadırın – otağın dikdi.

Üç yüz altmış altı alp ərənlər yanına yığnaq oldu.

Yemək-içmək arasında bəglər səni andı.

Daha sonra bu boyda Taş Oğuzda namərdəcsinə yaralanıb sonra ölən Beyrək də yoldaşlarına aşağıdakı vəsiyyəti edir:

Yigitlərim, yerünizdən uru turun,

Ağ-boz atumun quyrığını kəsin.

Arqubeli Ala Tağdan dünin aşun.

Aqındılı görkli suyı dəlüb keçün.

Qazanın divanına çapıb varın

Ağ çıqarıb, qara geyün.

“Sən sağ ol, Beyrək öldi”, - deyin.

Beləliklə, son iki boyda- “Bəkil oğlu Əmranın” və “İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügi boy”larda hadisələrin məhz Taş Oğuzda getdiyini nəzərə alsaq, Ala dağın o tərəfinin qəti şəkildə İç Oğuz olduğunu və digər boylarda da Ala dağın, həqiqətən də, məhz sərhəd olduğunu, Dirsə xanın, Baybecan bəyin, Banıçiçəyin məhz Taş Oğuzda yaşadıqlarını qəti şəkildə söyləyə bilərik. Təbii ki, dastandan yenə də misallar gətirib İç Oğuzla Taş Oğuzun dediyimiz koordinatlarda yerləşdiklərini bir daha sübut etmək olar. Məsələn, onu deyə bilərik ki, İç Oğuzlular özlərindən qərbə, belə ki, Evnik qalasına, Qara Dərbəndə, Bayburt hasarına, Düzmürt qalasına və s. yerlərə səfər edərkən, heç bir Ala dağı aşmırlar. Başqa sözlə desək, bu boylarda Ala dağın adı çəkilmir. Ala dağ yalnız bu qəhrəmanlar şərqə tərəf səfər etdikdə xatırlanır və s. Deməli, Taş Oğuz, həqiqətən də, İç Oğuzdan şərqdə yerləşır. Bu mənada, buradan, eyni zamanda, daha doğrusu, “Bəkil oğlu Əmranın boyu”ndan çıxış edərək, Bərdənin, Gəncənin və bu ərazilərə qədər olan torpaqların məhz Taş Oğuz olduğunu da qəti şəkildə söyləmək mümkündür. Beləliklə, Qalın Oğuzun torpaqlarına, ərazilərinə bir daha nəzər salası olsaq, şərti olaraq Ala dağ adlandırdığımız torpaqların Gürcüstandan başlayıb Göycə dənizindən, Göycə dağından keçərək Əlincəyə qədər olan ərazilər olduğunu, Taş Oğuzun bu torpaqlardan Şərqdə yerləşən, Bərdə, Gəncəyə qədər - bütün Qarabağı əhatə edən ərazilər, İç Oğuzun isə Əlincə qalasından qərbdə- Trabzona, Mardinə, Bayburt hasarına, Evnik qalasına qədər olan torpaqlar olduğunu söyləmək mümkündür

Bizcə, Taş Oğuzun torpaqları, dediyimiz kimi, əsasən, bütün Qarabağı, dastana görə Gəncəyə, Bərdəyə qədər olan torpaqları, tarixi faktlara görə isə, hətta, Bərdədən, Gəncədən də şimaldakı əraziləri əhatə edir. Və Taş oğuzlular, başqa şəkildə desək Dış oğuzlular, əslində, Orxon-Yenisey hövzəsindən gələn oğuzlardır. Biz bu faktları tarixi mənbələrlə və qismən də olsa, “Dədə Qorqud kitabı”yla da əsaslandıra bilərik. Belə ki, “Orxon-Yenisey” abidələrinə nəzər salsaq, bu abidələrdə Dəmirqapı Dərbəndin dəfələrlə adının çəkildiyini görərik. Doğrudur, bəzi tədqiqatçılar Dəmir Qapı toponiminə Orta Asiya torpaqlarında da təsadüf edildiyini söyləyirlər. Lakin bizcə, “Orxon-Yenisey” abidələrndə adı çəkilən Dəmir Qapı, əsasən, Dəmir Qapı Dərbənddir. Çünki hunların, türklərin zaman-zaman şərqdən qərbə yürüşləri hamıya məlumdur. Bu mənada, təbii ki, Orxon-Yenisey hövzəsinin oğuzları, türkləri Dəmir Qapı Dərbəndi də yaxşı tanımış, bu coğrafi koordinata da yaxşı bələd olmuşlar. Məsələn, “Köl Tigin” abidəsində oxuyuruq: “Türk xaqanı Ötükən ormanında oturduqca, eldə sıxıntı olmayacaq. Şərqdə Şantun çölünə qədər qoşun çəkdim, dənizə çatmağa az qaldı. Cənubda Doqquz Ərsənə qədər qoşun çəkdim, Tibetə çatmağa az qaldı. Qərbdə İnci çayını keçərək Dəmir Qapıya qədər qoşun çəkdim.” “Tonyukuk” abidəsində isə oxuyuruq: “ Biz də səfərə çıxdıq. Onları keçdik. İnci çayını keçərək, Tinsi oğlu deyilən dağlara, Binli iki dağına çatıb Dəmir Qapıya qədər getdik. Oradan qayıtdıq . Beləliklə, İnəl xaqanın yanına mancur, saka, taciklər və toxarlar, onların bərisində Suk başçılığı altındakı soğd xalqı çox gəldilər, tabe oldular. Həmin gün türk xalqı Dəmir Qapıya çatdı”.

Beləliklə, bizcə, “Dədə Qorqud kitabı”nda təsvir olunan Taş Oğuzlar “Orxon-Yenisey” hövzəsindən gəlib Dəmir Qapı Dərbənddən keçərək, Azərbaycan torpaqlarında yurd salan, sonralar yerli oğuzlar, İç Oğuzlarla qaynayıb-qarışan, qohum olan, lakin eyni zamanda, yerli oğuzlar tərəfindən həmişə bir qədər ögey münasibət bəslənilən, məsələn, Beyrək ölərkən belə sevgilisi Banıçiçəy Taş Oğuzlu Basata layiq bilinməyən, Qazanın evi yağmalanarkən evin yağmalanmasına çağrılmayan və s. oğuzlardır. Dastandan gördüyümüz kimi, yerli oğuzlar, İç Oğuzlar onları həmişə kənarda saxlamış, öz içlərinə bir o qədər də buraxmamış, hətta, onları özlərindən şərqdə, gəldikləri istiqamətdə yerləşdirmişlər. Bunu, bu faktı dastanda Dəmir Qapı Dərbəndə daha yaxın ərazilərdə yaşayan, məhz Taş Oğuzlu olan Qıyan Səlcuq oğlu Dəli Dondazın Dəmir Qapı Dərbənddə bəy olması da təsdiq edir. Belə ki, “Qazılıq qoca oğlu Yegnək boyu”nda Bayandır xan Yegnəklə vuruşmağa getməli olan igidləri çağırdıqda, Dəli Tondazı aşağıdakı kimi təqdim edir: “ Əvvəl dəmür Dərvəndində bəg olan, qarğü, sügü ucında ər bögirdən ğırıma yetdügində kimsən deyü sormıyan Qıyan Selcik oğlı Dəli Tondaz səninlə bilə varsun! – dedi”. Başqa bir yerdə isə oxuyuruq: “ Dəmir qapu Dərvəndəki dəmür qapuyı dəpüb alan, altmış tutam ala köndərinin ucında ər bəgürdən Qıyan Səlcük oğlu Dəlü Donda”. Beləliklə, gördüyümüz kimi, Bayandır xan, Qazan xan Qalın Oğuzun ərazisi, torpaqları olan, Qalın Oğuzun qoyunları saxlanılan Dəmir Qapı Dərbəndi qorumağı məhz bu yerləri yaxşı tanıyan, bələd olan, bu ərazilərə yaxın yerdə yaşayan Taş Oğuzlu Dəli Dondaza tapşırırlar.

Bizcə, dastana görə dastandakı oğuzları və daha çox Taş Oğuzluları “Orxon-yenisey” oğuzları ilə bağlayan daha bir əlamət vardır. Bu da alplıq, igidlik termini və yaxud da tituludur. Belə ki, “Orxon-Yenisey” abidələri ilə tanış olarkən, orada alp sözünün, alp titulunun çox geniş yayıldığını, istifadə olunduğunu görürük. Məsələn, “Orxon” abidələrinə daxil olan “Öngin” abidəsi və “Köl Tigin” abidələrində oxuyuruq: “Xaqanlıq tənəzzül etmiş, türk xalqı irəlidə, gündoğana, geridə günbatana, sağda Çinə, solda Ormana qədər dərbədər olmuşdu. Alp ərənləri balbal kimi hərəkətsiz idi. Türk xalqının adı silinib gedirdi. Türk xalqı yox olmasın, yoluq olmasın deyə ulu Tanrı dedi...”, “Böyük savaş oldu. Alp Şalçının ağ atına minib hücum etmiş, qara türgiş xalqını orada öldürmüş... O savaşda Köl Tigin otuz yaşında idi. O, Alp Şalçının ağ atını minib hücuma keçdi” .

Mahmud Kaşğari də “Divanü lüğat-it Türk”də alp sözünü igid, bahadır kimi mənalandırır. Ümumiyyətlə, “Alp Ər Tonqa”, “Alpamış” dastanları da bu terminin daha çox Orta Asiya, Orxon-Yenisey hovzəsi ilə bağlı olduğunu göstərir. Qeyd edək ki, dastanda da bu söz, bu mənada işlənilır. İlk növbədə İç Oğuzlu və yaxud Taş Oğuzlu olmasından asılı olmayaraq, igidlərin əksəriyyətinə Alp deyilir. Məsələn, “Qanlı qoca oğlu Qanturalı boyu”nda, “Basat Dəpəgözü öldürdügi boy”da, “Bəkil oğlu Əmranın boyu”nda, “Uşun Qoca oğlu Səgrəkin boyu”nda, “İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügi boy”da biz “Alp ər”, “Alp yigit” və s. ifadələrə rast gəlirik: “ Alp yigitlər, yeg yigitlər görklüsinə qıyarmı olur?”, “Alp yigitlər qırış güni qırımından qayırırmı?”, “Alp ərə qorxu vermək eyb olur”, “Alp ərə ərdən adın yaşurmaq eyb olur”, “Üç yüz altımış altı alp ava binsə, qanlu keyik üzərinə yüriş olsa...”, “Üç yüz altımış altı alp ərənlər yanına yığnaq oldu”, “Alplar içində bizi qusqunımızdan balcığa baturdın”.

Digər boylarda isə biz, hətta, Qazana, oğlu Uruza belə alp deyildiyinin şahidi oluruq. Məsələn, “Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boy”da oxuyuruq: “Alp Uruz çadırların açdırdı, cəbbəxanasın yüklətdi”, “Alpım Uruz, aslanım Uruz”. “Uşun Qoca oğlu Səgrək” boyunda isə Qazana birbaşa Alp deyilir. “ Qırış güni ögdin dəpər alpımız – Salur Qazan”.

Beləliklə, dastana nəzər salaraq, Qazana, Uruza belə alp deyildiyini görsək də, bizə elə gəlir ki, alp sözü ilk növbədə Taş Oğuzlulara deyilmiş və yaxud da, başqa sözlə desək, Taş Oğuzlular bu sözü özləri ilə “Orxon-Yenisey” hövzəsindən gətirmişlər. Sonralar bu söz bütövlükdə Qalın Oğuzda geniş yayılmış və nəhayət, əsasən, Taş Oğuzun ərazisində yaranan yeni Alban dövləti də öz adını məhz bu sözdən almışdır.

Bu mənada, dastana nəzər salarkən, dastanda Qazanla Uruzdan başqa daha iki nəfərin alp kimi təqdim olunduğunu görürük. Bunlardan biri yüzdə-yüz Taş oğuzlu olan Alp Rüstəm, digər isə İlək qoca oğlu Alp Ərəndir. Bir neçə boyda adı çəkilən Alp Rüstəm son boyda Taş Oğuzla İç Oğuz üz-üzə gələrkən, birbaşa Taş Oğuzlu kimi təqdim olunur və özü İç Oğuzdan düşməninin kim olduğunu söyləyir: ”Üç oq, Boz oq qarşulaşdılar. Aruz aydır: “Mənim İç Oğuzda qırımım Qazan olsun!” Əmən aydır: “Mənim qırımım Tərs Uzamış olsun!” Alp Rüstəm aydır: “Mənim qırımım Ənsə qoca oğlı Oqçı olsun!”- dedi. İlək qoca oğlu Alp Ərənə gəldikdə isə, onun Taş Oğuzlu olub-olmaması haqqında qəti hökm vermək olmur. Amma, hər halda, onu demək olar ki, “Salur Qazanın evi yağmalandığı boy”da Alp Ərənin adı Taş Oğuzlu Bəgdüz Əməndən sonra çəkilir. Bizə elə gəlir ki, “Qazılıq qoca oğlu Yegnək boyu”nda da adı İlək Qoca oğlu Dülək Uran kimi gedən qəhrəmanın da əsl adı Alp Ərəndir. Çünki hər iki qəhrəman İlək Qoca oğlu olmaqla bərabər, həm də hər ikisinin bir təyini eynidir: “ ...əlli yedi qələnin kəlidin alan....” Və burada da bu qəhrəmanın adı Taş Oğuzlu Dəli Dondazdan sonra və ümumiyyətlə, əgər belə demək mümkünsə, Taş Oğuzlular sırasında çəkilir. Buradan da, bizcə nə qədər təqribi olsa da, Alp Ərənin də Taş Oğuzlu olduğunu güman etmək olar.

Amma bütün bunlarla yanaşı, təbii ki, dastanın ümumu ruhunda alp sözünün daha çox Taş Oğuzlulara aid olduğunu sezməmək də mümkün deyildir. Belə ki, məsələn, yuxarıda da bir neçə dəfə misal gətirdiyimiz “Qanlı qoca oğlu Qanturalı boyu”nda “alp” sözü, “alp ərənlər” sözü daha çox işlənir. Boyun əsas qəhrəmanları Qanlı qoca və onun oğlu Qanturalı ilk baxışda İç Oğuzlu kimi görünsələr də, əslində, bizcə, bu, belə deyildir. Doğrudur, boyun əvvəlində istər Qanturalı, istərsə də atası Qanturalıya qız axtararkən əvvəl İç Oğuzu, sonra isə Taş Oğuzu soraqlayırlar. Lakin sonrakı hadisələrə diqqətlə baxdıqda onların da Taş Oğuzlu olduqları aydınlaşır. Bu hadisələrlə dastanda aşağıdakı şəkildə tanış oluruq. “...Ərənlər əvrəni Qanturalı yerindən turdı. Qırq yigidin yanıya aldı. İç Oğuzu gördi, qız bulımadı, qayıtdı, gerü döndi. Evlərinə gəldi... Qanlı qoca sevini-qıvanı urı turdı. Ağ saqallu pir-qocalar yanına bıraqdı. İç Oğuza girdi. Qız bulımadı. Tolandı, Taş Oğuza girdi, bulımadı. Tolandı, Trabuzana gəldi”.

Beləliklə, bizə elə gəlir ki, Qanturalı Taş oğuzlu olub, elə Trabzona səfərə də Taş Oğuzdan başlayır. Bunu Dastanda iki əlamət təsdiq edir. Birincisi, Qanturalının Ala dağı aşması, ikincisi, Trabzondan Oğuza yeddi günlük məsafənin olması. Məsələn, dostları Qanturalını öyərkən Ala dağı aşması ilə bağlı ona aşağıdakı sözləri deyirlər:

“Sultanım Qanturalı, qalqubanı yerindən turmadınmı?

Yelisi qara Qazlıq atun binmədinmi,

Arqu beli, Ala tağı avlıyuban – qışlıyuban

Babnın ağ-ban eşigində qaravaşlar inək sağar görmədinmi?

“Qalqubanı, Qanturalı, yerindən turu gəldin,

Yelisi qara Qazlıq atun bütün bindin.

Ala gözlü yigitlərin yanına aldın,

Arxu beli, Ala tağı dünin aşdın”.

İkinci məsələyə gəldikdə isə dastanda deyilir: “Atasının-anasının əllərini öpdi. Qırx yigidin yanına bıraqdı. Yeddi gün yeddi gecə yortdılar. Kafərin sərhəddinə irdilər”. Yadımıza salsaq ki, Beyrək Bayburt hasarından evlərinə üç günə gəlmişdi, onda Qanturalının bu yola həm gedər və həm də qayıdarkən daha uzun müddət - yeddi gün sərf etməsi və hər iki istiqamətdə Ala dağı aşması onun bu səfərə məhz Taş Oğuzdan başlamasını, özünün isə Daş Oğuzlu olmasını sübut edir.

Beləliklə, bütün yuxarıda deyilənləri ümumiləşdirsək, yəni yolun uzaqlığını və Qanturalının Ala dağı aşmasını nəzərə alsaq, onun Trabzona gedərkən Taş Oğuzdan çıxıb İç Oğuzdan keçdiyini və oradan da Trabzona çatdığını güman etmək olar. Bununla da, bizcə, Qanturalı da Taş Oğuzlu olduğuna görə bu boyda alp sözünə daha çox təsadüf olunur.

Alp sözü, titulu haqqında bütün yuxarıda deyilənləri ümumiləşdirsək, nəhayət, dastanda Qazanın bu adı daha ümumi şəkildə, təkcə igid, ər, qəhrəman, bahadır mənasında deyil, həm də alpanların başçısı, yəni yeni yaranan Alpanlar, Alplar dövlətinin başçsı kimi daşıdığını da görərik. Bu mənada, dastanın bir neçə boyunda biz konkret olaraq “Alpanlar başı Qazan”, “Alplar başı Qazan” ifadələrinə rast gəlirik. Məsələn, “Qazan bəg oğlı Uruz bəgin tutsaq olduğu boy” və “Basat Dəpəgözi öldürdigi boy”larda oxuyuruq: ”Hay, nə oturarsan, itüni ulatmıyan, çətügini molatmıyan! Alpanlar başı Qazan oğlancuq ilə sərxoş olup, yaturlar”, “Oğuz yığılub üzərinə vardı. Dəpəgöz görüb qaqdı. Bir ağacı yerindən qopardı. Atub əlli-altmış adam həlak elədi. Alplar başı Qazana zərb vurdu...” , “Qara polad uz qılıclar kəsən qılını kəsdirmədi. Qarğu cida oynadanlar ildirəmədi. Qayın oxı atanlar kar qılamadı. Alplar başı Qazana bir zərb urdu”.

Qeyd edək ki, dastanda bu ifadə təkcə bu mənaları, yəni həm dövlətin, həm dövlət başçısının adlarını bildirməklə kifayətlənmir, bizcə, eyni zamanda, həm də xalqın da adını bildirir. Belə ki, ”Qazılıq qoca oğlı Yegnək boyu”nda oxuyuruq: ”Bəglər, ğafillücə qarabaşım-gözüm uyxuda ikən düş gördi. Ala gözüm açuban, dünya gördüm. Ağ-boz atlar çapdırır alpanlar gördüm. Ağ ışıqlı alpları yanıma saldım. Ağ saqallu Dədə Qorqutdan ögüt aldım”. Bizə elə gəlir ki, bu ifadələr nə qədər igidləri, döyüşçüləri əhatə etsə də, haradasa əhalisi daha çox döyüşçülərdən ibarət olan xalqı da nəzərdə tutur.

Beləliklə, deyilənləri ümumiləşdirməli olsaq, aşağıdakı mənzərə ilə üzləşirik. Dastanda təsvir olunan Qalın Oğuz eli İç Oğuz və Taş Oğuzdan ibarətdir. Ən azı yüzdə-yüz müasir Ermənistan ərazisində yerləşən İç Oğuz və İç Oğuzlular Qalın Oğuz elinin əbədi torpaqları və əzəli sakinləri, müasir Qarabağ ərazisində məskunlaşan Taş Oğuz eli isə gəlmə tarixləri bəlli olmayan, gəlmə tarixləri öz yadlarından belə çıxan və yaxud ən gecı eradan əvvəl I minilliyin ortalarından etibarən Orxon-Yenisey hövzəsindən gəlib Qalın Oğuz elinin şərq torpaqlarında məskunlaşan, İç Oğuzla qaynayıb-qarışan, Qalın Oğuz dövlətinin ayrılmaz tərkib hissəinə çevrilən, sonralar İç Oğuzlularla bərabər, çiyin-çiyinə Alban dövlətini quran oğuzlardır. Dastana görə, dastanda təsvir olunan dövrdə Qalın Oğuz dövləti artıq daha yüksək mərhələyə, dövlətçilik mərhələsinə keçir ki, bu dövlət də, həm öz ərazisinin böyük hissəsini Taş Oğuzdan, həm də öz adını da, əsasən, Taş Oğuzluların daha çox istifadə etdikləri, lakin sonradan bütün Qalın Oğuz elində işlənən Alp sözündən alır. Hətta İç Oğuzlu Qazan xan da bu titulu daşıyaraq, sonda bütövlükdə yeni yaranan Alban dövlətinin başçısı kimi fəaliyyət göstərir. Beləliklə, dastan əslində bütövlükdə əhalisi başdan-başa oğuzlardan ibarət olan Qalın Oğuz dövlətinin Alban dövlətinə çevrildiyi dövrü əks etdirərək, həm də o dövrün məhsulu kimi ortaya çıxır. Qalın Oğuzun Alban dövlətinə çevrilməsi isə dastanda kifayət qədər öz əksin tapıb.

Alban dövlətinin daha çox Taş Oğuzla bağlı olmasını tarixi faktlar da təsdiq edir. Belə ki, Azərbaycanın şimalında Quba, Qəbələ, Şəki və digər rayonlarda alp, taş kəlmələri ilə bağlı toponimlərin mövcud olması, məsələn, Şəki rayonunda Aşağı Daşağıl, Daşbulaq, Daşüz, Qəbələ rayonunda Daşca, Quba rayonunda Alban, Qamqam toponimləri Taş Oğuzlularla bağlı olduğu kimi, eyni zamanda, Şəkidə və Azərbaycanın digər bölgələrində Orxon-Yenosey əlifbası ilə yazılmış abidələrin tapılması da Taş Oğuzluların Orxon-Yenosey hövzəsindən gəlmə olduqlarını sübut etməklə yanaşı, onların həmçinin bu bölgə ilə- tarixi Albaniya ilə daha sıx bağlı olduqlarını təsdiq edir.

Beləliklə, məqalədə qaldırdığımız mövzu ilə bağlı toxunmaq istədiyimiz bir məsələ qaldı. Bu da odur ki, dastanda, təbii olaraq, biz heç yerdə Albaniya termininə rast gəlmirik. Məlum olduğu kimi, bu söz yunan şəkilçilidir və dastanda ola bilməzdi. Bu mənada, təbii ki, dastanda dövlətin adı “alplar”, dövlət başçısının adı “alpanlar başı”, “alplar başı”, xalqin adı da yenə də məhz “alplar” kimi qeyd olunmalı idi. Çünki bu sözləri başqa şəkildə ifadə etmək mümkün deyildi və bu sözlər həmin mənaları semantik baxımdan tam əhatə edir. Bu mənada, bizcə, dastanda qeyd olunan “alplar, alpanlar” sözünü dövlətin, xalqın adı və nəhayət, dövlət başçısının adının bir hissəsi, titulu kimi qəbul etmək olar.

# 2183 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #