Oğulluğu narkoman oldu, həyat yoldaşını pula görə boğub öldürdü – Maestronun dəhşət saçan şəxsi həyatı 

Niyazi

Niyazi

20 avqust 2023
# 15:00

Bu gün böyük dirijor Niyazinin doğum günüdür. Kulis.az bu münasibətlə maestro haqqında maraqlı faktları təqdim edir.

Niyazi Zülfüqar oğlu Tağızadә 1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi.

***

Əmisi Üzeyir bəy körpəni ilk dəfə Zülfüqar bəyin qucağında görəndə onun baxışlarından xoşu gəlib və deyib:
“Bu uşaq lap knyaza bənzəyir”. Bir müddət uşağı zarafatla “Knyaz” deyə çağırıblar, amma yaş kağızında Niyazi yazdırıblar. Di gəl, Üzeyir bəyin verdiyi “Knyaz” adı həyatı boyunca maestro Niyazi ilə birgə eşidilib. Yaxın dostları onu həmişə “Knyaz” deyə çağırıblar.

Gallery

1926-cı ildə Üzeyir Hacıbəyovun məsləhəti ilə Niyazi Moskvaya gedib və orada Qnesinlər adına musiqi pedaqoji texnikumuna, görkəmli musiqiçi və tələbkar müəllim Mixail Fabianoviç Qnesinin sinfinə daxil olub.

***

Niyazinin dayısı Heydərəli Tağızadə inqilabçı olub. Onun faciəli qətlindən sonra maestro bu soyadı daşımağı özünə borc bilib. Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürüb.

Gallery

Bir gün Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilib. Əslən Cənubi Azərbaycandan olan tələbə Həcər xanımla da elə Mahaçqalada tanış olub. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırıblar və yaxın münasibətləri yaranıb.

Niyazi bəy Həcər xanımı burada görüb və bir-birlərinə aşiq olublar. Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasına mane olmaq istəyiblər.

1932-ci ilin sonlarında Həcərgilin ailəsi İrana köçməli olub. Həcərin ailəsi bu izdivaca heç cür razı olmayıb. Gənclər 1933-cü ildə qaçıb gizlicə evlənmək qərarına gəliblər. Elə belə də ediblər. Bir müddət Ağdaşda qohumlarıgildə qalıblar. Evliliklərinin ilk illəri əziyyətli keçib. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdiriblər. Onların nikahı 1940-ci ildə rəsmiləşdirilib. Düz 51 il birgə ömür sürüblər.


Gallery

Həcər xanım xatirələrində qeyd edir ki, gənclik illərində olduqca kasıb yaşayıblar. Hətta Niyazinin ayaqqabıları az su buraxsın deyə onların içərisinə qat-qat qəzet qoyurmuş. Niyazi soyuqlayıb, səhhəti pisləşib və vərəmə yoluxub. Bəstəkarlar İttifaqının köməyi ilə onu Ukraynaya yollayıblar. Xəstə vaxtlarında o, Həcər xanımın ondan iyrənib-iyrənmədiyini yoxlamaq üçün yemək yediyi qaşığı ona da uzadırmış. Həcər xanım isə bundan heç zaman boyun qaçırmayıb.

Gallery

1935-ci ildə Niyazi ilk dəfə xalq musiqisinin klassik nümunələrindən olan “Rast” Və “Şur”u nota köçürüb.

***

Yazdığı “Çitra” baletinə görə Hindistanda Beynəlxalq “Nehru” mükafatına layiq görülüb.

***

Təftiş komissiyasının 13 fevral 1937-ci il tarixli iclasında "Niyazinin şəxsiyyəti barədə" məsələ, hətta xüsusi müzakirə obyektinə çevrilib. 6 bənddən ibarət olan ittihamnamədə Niyazinin "xalq düşmənləri"- Əli Kərimov və Ruhulla Axundovla şəxsi dostluğu, Əli Kərimovun hazırladığı və İttifaqın "ziyanına" yönəldilmiş tədbirlərə Niyazinin dəstək verməsi, bu insanlarla dostluğun şəxsi mənafe naminə istifadə olunması və s. bu kimi cəfəng fikirlər söylənib. Lakin Niyazi 1937-ci ildə repressiya olunanlar siyahısına düşməyib. Bu msələdə Bəstəkarlar İttifaqının sədri Ü.Hacıbəyovun rolu az olməyıb.
Ü. Hacıbəyov nəinki 37-ci illərdə, sonrakı dövrlərdə də Niyazini qoruyub saxlayıb.

Gallery

Niyazi müsahibələrinin birində etiraf edərək deyib: “Mən təsadüfdən dirijor olmuşam. Xüsusi dirijorluq təhsilim də yoxdu. Bir əsər yazmışdım, dirijorluq edən olmadı, dedim, özüm olaram. Hər dəfə məşqə gedəndə səliqə ilə geyinirəm. Bu, uzun illərdir ki, belə davam edir. Əgər yolda məni görən olsa, elə başa düşər ki, ya toya, ya da məclisə gedirəm. Allaha inanan qatı dindar kilsəyə hansı inamla gedirsə, mən də pultun arxasına o cür inamla gedirəm. Əgər hiss eləsəm ki, bu inam getdikcə azalır və görsəm ki, artıq dirijorluq məni yormağa başlayır, onda hər şeyə əlvida deyərəm.”


***

Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Buna görə də qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotik aludəçisinə çevrilib və evdəki əşyaların hamısını satıb. Maestronun həmişə barmağında gəzdirdiyi brilyant qaşlı üzüyü və Almaniyada ona hədiyyə olunan qızıl dirijor çubuğunu da oğurlayıb satıb.

Gallery

Niyazinin dirijor kimi səhnədə ən çox ifa etmək istədiyi əsər “Koroğlu” operasının uvertürası olub.

***

Niyazi türk musiqiçiləri ilə yaxından əməkdaşlıq qurub. 60-cı illərin sonundan 70-ci illərin sonunadək Niyaziyə Türkiyədən 53 məktub gəlib. 1973-cü ildə Niyazi, Polad Bülbüloğlu və Fərəc Qarayev Türkiyədə səfərdə olublar; 1977-ci ildə Niyazi türk bəstəkarı A. Sayqunun "Koroğlu" operasını tamaşaya qoymaq üçün Türkiyəyə səfər edib. Onun haqqında Türkiyədə deyilmiş məşhur bir deyim də var: “İstanbulu iki adam fəth eləyib; Sultan Fateh və Maestro Niyazi”.

Maestro oradakı günlərini belə xatırlayır: “Bir gün İstanbulda orkestrlə məşq edirdim. Bu əsnada solistlər içəri girdi ki, bəs maestro, bizlə nə vaxt məşq edəcəksiniz? Dedim ki, sizlə axırda məşq edəcəyəm. Gördüm, tutuldular. Soruşdular, maestro, qüsurumuz nədir ki, belə qəzəbləndiniz? Dedim, qəzəblənmək niyə? Sizlə axırda məşq edəcəyəm. Haçandan-haçana məlum oldu ki, türklərdə “axır” sözü yoxdu. Onlar “son” deyirlər. “Axır” sözü isə “axur” kimi başa düşülür. Xeyli gülüşdük. Belə hadisə heç jurnalistlərin gözündən yayınar? Elə səhəri türk qəzetləri yazdı ki, Maestro Niyazi bizim solistləri axura göndərib”.

Gallery

Niyazi 1984-cü ilin avqustun 2-də ürək çatışmazlığından 71 yaşında vəfat edib.

***

Niyazi dünyasını dəyişəndən beş il sonra Ceyhun Niyazinin evinə gələrək Həcər xanımdan pul istəyib, ancaq istədiyini əldə edə bilmədiyi üçün Həcər xanımı boğaraq qətlə yetirərək qaçıb. Bundan sonra o, həbs olunub və deyilənlərə görə, elə həbsdə də dünyasını dəyişib.

# 42521 dəfə oxunub

Müəllifin son yazıları

# # #