““Şər” sözünü “Lenin” sözünün sinonimi kimi işlətmək olar”

““Şər” sözünü “Lenin” sözünün sinonimi kimi işlətmək olar”
23 avqust 2013
# 11:29

Kulis.Az böyük rus yazıçısı Aleksandr Soljenitsinin 1990-cı ildə “Taym” (Nyu-York) jurnalına verdiyi müsahibəni təqdim edir.

Kavendişdə univermağın qapısı yanında əl ilə yazılmış bir elan asılıb: “İstirahət otağı yoxdur. Ayaqyalın gəzməməli. Soljenitsıngilin ünvanı barədə arayış vermirik”. Bu elandan nəinki Vermont ştatının bu şəhərciyində, dünyada tanınmış rus yazıçısının yaşamasını, həmçinin qonşuluğunda yaşayan amerikalıların onun rahatlığının pozulmasına yol verməməyi qətiyyətini də ayırd etmək olur.

Aleksandr Soljenitsın arvadı Natalya və dörd oğlu ilə Kavendişə 1976-cı ildə dövlətə xəyanətdə təqsirləndirilərək zorla Sovet İttifaqından çıxarıldıqdan təxminən iki il yarım sonra gəlmişdir. Tənha guşədə məskən salan 50 akr (ABŞ-da yer ölçüsü- tərc.) sahəsi olan dağlardakı bu mülkü Qərbdə çap olunmuş əsərlərinin qonorarı hesabına almışdır. Soljenitsın tədricən gözdən çəkildi, mətbuat səhifələrində görünmədi.

1970-ci il üçün ədəbiyyat sahəsində Nobel mükafatı laureatını, heç olmazsa, bir dəfə görmək ümidilə bura gələn həvəskarların və eləcə də DTK agentlərinin canfəşanlığını yerli sakinlər və onun mülkünün heyrətamiz təhlükəsizlik sistemi səngidirdi.

Soljenitsının öz əsərlərinin bütün çap işini həvalə elədiyi “Novıy mir” jurnalının əməkdaşı Vadim Borisovun, bu yazıçının vətən üçün böyük əhəmiyyət kəsb etdiyinə heç bir şübhəsi yoxdur: “Əgər Soljenitsının əsərləri qadağan edilməsəydi, vaxtında çap olunsaydı, bu gün rus nəsri tamamilə ayrı bir xarakter daşıyardı. Onun tarixi epopeyası bütünlüklə oxunduqdan sonra o, rus ədəbiyyatı üçün, Avropa ədəbiyyatında Dantenin “İlahi komediya”sı kimi böyük əhəmiyyətə malik olacaq”.

Müəllif özü Vermont ştatındakı “firavan sürgünlüyündə” “Qırmızı çarx”ın son səhifələrini hazırlamaqla məşğuldur. İndi kəşməkəşli, məşəqqətli ömrünün əsas işini başa çatdırdığı bir zamanda, dostlarının və qohumlarının fikrincə, bir qədər toxtamışdır. Onun baxışları yaradıcılığında olduğu kimi indi həyatın özündə də, deyəsən arxayıncasına və inamla əbədiyyətə dikilib.

1979-cu ildə ABŞ-da Devid Eykmana verdiyi ilk geniş müsahibəsində Soljenitsın əsərləri, keçmişi və öz ölkəsinin kəşməkəşli tarixi barədə söhbət açır.

- "On dördüncü ilin avqustu” romanı ilk dəfə 1971-ci ildə rus dilində çıxıb, indi isə ingilis dilində tamamilə yeni nəşrdə çap olunur. Nəyə görə onun ilkin əlyazmasına 300 səhifəyə yaxın əlavə eləməyi lazım bilmisiniz?

- Birinci əlavəm Leninə həsr olunmuş fəsil olub. Lakin əksər yeni fəsillərin yaranması onunla bağlıdır ki, illər keçdikcə mən dərk edirdim: inqilab yolundakı hərəkatı, onun səbəblərini yalnız I Cahan Müharibəsinin, 1914-cü ilin kateqoriyaları baxımından başa düşmək olmaz. Əvvəllər mən, bu gün Qərbdə və Şərqdə çox adamların hesablaşdığı konsepsiyaya əsaslanırdım: yəni Oktyabr inqilabı adlanan hadisə və onun nəticəsi həlledici olmuşdur. Lakin getdikcə mənə aydın oldu ki, əsas və həlledici hadisə əsla Oktyabr inqilabı deyil. Biz inqilab dedikdə hansısa kütləvi, kortəbii hadisəni nəzərdə tuturuq. Oktyabrda buna bənzər heç nə baş verməyib. Həqiqi inqilab isə fevral inqilabı idi. Oktyabr inqilabı inqilab adlandırılmağa layiq deyil. Bu, dövlət çevrilişi idi. 1920-ci illərə kimi bolşeviklərin özləri də onu “Oktyabr çevrilişi” adlandırırdılar. Sovet İttifaqında fevral inqilabını bilə-bilə onu süni şəkildə Oktyabr inqilabı ilə əvəz ediblər.

- Deməli, siz hesab edirsiniz ki, fevral inqilabı rus tarixində Oktyabr inqilabından daha böyük sıçrayış idi?

- Bəli, bu, daha böyük sıçrayış idi. Fevral sistemi - əgər onu belə adlandırmaq olarsa – möhkəmlənməmiş süqut etməyə başladı. O, günü-gündən sökülüb-dağılırdı. Oktyabr çevrilişi zamanı isə heç kimə məxsus olmayan və yiyəsiz qalmış hakimiyyət ələ keçirildi.

- Sizin açıq-aşkar fəxr elədiyiniz romandakı surətlərdən biri rus baş naziri Pyotr Stolıpindir. Rus tarixində onun rolunu necə qiymətləndirirsiniz?

- Xarakterik haldır ki, Stolıpinin fəaliyyəti illərində mühafizəkar tənqidçilər onun şəxsində Rusiyanın qənimini görürdülər. Ancaq özlərini liberal sayan kadetlər (konstitusiyaçı demokratlar- tərc.) – Avropa kontekstində əslən radikallar idilər – Stolıpini mühafizəkar adlandırırdılar. Həqiqətdə isə o, liberal idi. O, belə hesab edirdi ki, inkişaf etmiş cəmiyyət yaratmazdan əvvəl biz vətəndaş yaratmalıyıq və buna görə savadsız kəndliyə hərtərəfli hüquqlar verməzdən əvvəl onun həyat səviyyəsiniz qaldırmalıyıq. Bu, çox konstruktiv ideya idi. Şübhəsiz, Stolıpin XX əsr Rusiya tarixində böyük sima idi. 1917-ci ilin fevralının azad demokratik rejimi onun bütün islahatlarını ləğv elədi.

Biz 70 il ərzində ölkəmizdə hər şeyi-xalqın həyatını, onun bioloji, ekoloji, mənəvi və iqtisadi əsaslarını məhv eləyirdik. Çox təbiidir ki, adamlar bir dayaq, bir konstruktiv ideya axtarmaq arzusu ilə keçmişə müraciət edirlər. Və, keçmişdə nəhayət, Stolıpinin islahatları, onun kəndlilərə münasibətilə rastlaşırlar.

- Rus mədəniyyətinin ümumi kontekstində Lenin obrazına necə baxırsınız?

- Lenin rus mədəniyyəti ilə az bağlı idi. Söz yox ki, o, rus gimnaziyasını bitirmiş, görünür, rus klassiklərini oxumuş, lakin büsbütün beynəlmiləlçilik ruhu ilə yoğurulmuşdu. Onun özü heç bir millətə məxsus deyildi, internasional idi... 1917-ci ildə o, özünü inqilabi demokratiyanın ifrat sol qanadının nümayəndəsi kimi göstərirdi. 1917-ci ildəki hadisələrin hamısı inqilabi demokratiya tərəfdarlarının rəhbərliyi altında baş vermişdi, lakin onlar bütün bunları əldən buraxdılar. Onlar kifayət qədər ardıcıl və amansız deyildilər. Lenin isə axıra qədər amansız və ardıcıl idi. Və bu mənada onun rus tarixində meydana çıxması labüd idi.

- Özünü ateist adlandıran ingilis filosofu Bertran Rassel Leninlə görüşmüş və demişdir ki, onun fikrincə, Lenin bir vaxtlar gördüyü adamların içərisində ən bədniyyət adam idi. Siz də Lenini bədniyyət hesab edirsiniz?

- Mən Leninlə heç vaxt görüşməmişəm, lakin bu fikri təsdiq edə bilərəm. O, hədsiz dərəcədə bədniyyət olmuşdur.

- “Bədniyyətlik” dedikdə siz nəyi nəzərdə tutursunuz?

- Hər cür mərhəmətdən tamamilə uzaqlığı, adamlara, xalq kütlələrinə, onun tərəfində durmayan hər kəsə qarşı insaniyyətliyin olmamağını. Əgər kimsə onun mövqeyindən azacıq yayınırdısa, - məsələn, menşeviklər kimi – onların üstünə düşür, təhqir edir, onlara lənət yağdırırdı. Lenin onlara nifrət edirdi. Hətta “şər” sözünü geniş, metafizik mənada işlətmədən “Lenin” sözünə bərabər məna verən ifadə kimi işlətmək olar.

- Hesab edirsinizmi, “Qırmızı çarx” nə vaxtsa tam variantda Sovet İttifaqında çap olunacaq?

- Zərrə qədər də buna şübhə etmirəm.

- Dediniz ki, əsərləriniz siz Sovet İttifaqına qayıtmaq istəyəcəyinizdən əvvəl qayıtmalıdır.

- Bəli, “Qırmızı çarx” üzərində 53 il işləmişəm. Mən hər şeyi, nə haqqında fikirləşdiyimi, nə öyrənə bildiyimi, beynimin hasilə gətirdiyi hər şeyi bu əsərə qoymuşam. Əgər “Qırmızı çarx” yazılmamışdan əvvəl Sovet İttifaqına qayıtsaydım, mənimlə lal adam arasında heç bir fərq olmazdı. Heç kim heç vaxt bilməzdi ki, mən nə fikirləşirəm; bunu mən özüm də deyə bilməzdim. Bu kitab SSRİ-nin bütün kitab mağazalarında satılmalıdır.

- Amerika yazıçısı Henri Ceyms bir vaxt rus romanlarını “nəhəng, yöndəmsiz, lət əntərlər” adlandırmışdı. Sizin “Qırmızı çarx” epopeyanız bir neçə min səhifədən ibarət olacaq, daha doğrusu, “Hərb və sülh”dən dəfələrlə böyük həcmdə olacaq. Rusiya həyatı şəraitində və rus ədəbiyyatında başqa ölkələrdə yazılan romanlardan fərqli olaraq, həcmcə daha böyük romanlar tələb eləyən nəsə bir şey varmı?

- Bəli, boynuma alıram ki, mənim romanım çox böyükdür. Belə bir aforizm var: öz tarixini unudanlar onu təkrar yaşamağa məhkumdur. Əgər biz öz tariximizi bilməsək, labüd olaraq yenə həmin səhvləri edəcəyik, həmin qurbanları verəcək və bütün köhnə əcaiblikləri təkrarlayacağıq. Bu kitab yüngül mütaliə, əyləncə məqsədi güdmür. Onu bizim tariximizi dərk etmək üçün oxumaq lazımdır. Mən hiss edirəm ki, öz tarixini başa düşmək üçün bu kitab həqiqətən oxucularıma gərəkdir.

- Hələ lap gəncliyinizdən öz gələcək taleyinizi duyurdunuzmu? Nəsə bir vacib şey yazacağınız, dünyaya nəsə deyəcəyiniz ürəyinizə dammışdımı?

- Görünür, bu, fəhmdir. Mən bilmirəm ki, bu duyğu necə doğur, ancaq o mövcuddur. Doqquz yaşında nədən yazmağımı bilməsəm də düşünürdüm ki, yazıçı olacağam. Mən inqilabi mövzuya qapıldım və 1936-cı ildən, 18 yaşından başlayaraq daha heç vaxt bu alın yazıma şübhə etmirdim, məni bu yoldan çəkindirəcək heç nə görmürdüm. Qəribə şeylər olur. Məsələn, mən general Aleksandr Krımovu təsvir eləməyə başladım. Bu adam haqqında heç nə bilmədən onun portret cizgilərini yaratdım, sonradan məlum oldu ki, həqiqətən mən onu olduğu kimi təsvir etmişəm. Onun belə alınması heyrət doğurur.

- Gəncliyinizdə əqidəli komsomolçu, kommunist olmusunuz. Necə oldu ki, sizin düşüncəniz dəyişdi və dindar, xristian oldunuz?

- İcazə verin, bir düzəliş eləyim. Valideynlərim məni xristianlıq ruhunda böyüdüblər, demək olar ki, bütün məktəb illərimdə, yəni 17-18 yaşına kimi şurəvi tərbiyəsinə qarşı olmuşam. Bunu başqalarından gizlətməli olmuşam. Lakin Sovet İttifaqında marksizmin təsir dairəsi elə gücə malikdir ki, o, gənclərin şüuruna hopur və getdikcə ona hakim olur. 17-18 yaşında daxilən dəyişdim və bu vaxtdan marksist-leninçi oldum, bütün bunlara inandım. Universitetdə oxuyanda, sonra müharibə zamanı və həbsxanaya düşənə kimi mən belə idim. Lakin məhbəsdə müxtəlif adamlarla görüşdüm. Gördüm ki, mənim etiqadımın möhkəm əsası yoxdur və bundan imtina elədim. Onda uşaqlıqda hasil etdiklərimə qayıtmaq məsələsi ortaya çıxdı. Buna bir ildən çox vaxt lazım oldu. Başqa adamlar da mənə təsir edirdi, lakin əslində bu, əvvəllər inandıqlarıma qayıtmaq idi. Sonralar ölümlə üz-üzə qalmağım məni dərindən sarsıtdı. Otuz dörd yaşım olanda mənə dedilər ki, sən o yanlıqsan. Sonra mən həyata qayıtdım. Belə şeylər həmişə insanın əqidəsinə təsir edir.

Bəziləri çox şeyi bilərəkdən təhrif edir, başqaları isə öz məlumatlarını yoxlamaq zəhmətinə qatlaşmaq istəmirlər. Bu, heyrət doğurur və mən jurnalistlərin yerinə xəcalət çəkirəm. Və heç kim heç vaxt mənim dediklərimə qarşı öz ittihamlarını dəlillərlə təsdiq etməyi lazım bilməyib. Eyni sözləri mənim millətçi olmağım haqqında da demək olar. Mən vətənpərvərəm. Öz vətənimi sevirəm. İstəyirəm ki, mənim xəstə düşən, 70 il məhv edilən və can üstə olan vətənim dirçəlsin. Lakin bütün bunlar o demək deyil ki, mən millətçiyəm. Mən heç kimin xətrinə dəymək istəməmişəm. Hər bir ölkənin onun taleyi üçün narahat olan vətəndaşları var.

- Bu gün Sovet İttifaqında və kommunist dünyasında bütünlüklə son dərəcə vacib əhəmiyyətli hadisələr baş verir. Bu dəyişikliklərə qarşı münasibətdə nəyə görə susmağa üstünlük verirsiniz?

- Əgər bu dəyişikliklər baş verəndə mən sussaydım, bu, qəribə görünə bilərdi. Lakin mən 1953-cü ildə belə dəyişikliklərin ilk əlamətləri başlayana kimi susmuşdum. Məgər işimi yarımçıq qoyub siyasi şərhçi kimi çıxış eləməliydim? Mən bunu eləmək istəmirdim, öz işimi bitirməliydim. Artıq 70-dən yuxarı yaşım var, o qədər də çox ömrüm qalmayıb.

# 2900 dəfə oxunub

Müəllifin son yazıları

# # #