Qarabağ qazilərinə həsr olunmuş Hekayə

Qarabağ qazilərinə həsr olunmuş <span style="color:red;">Hekayə
27 mart 2019
# 13:12

Kulis.az Vüsal Oğuzun “Alman hesabı” adlı hekayəsini təqdim edir.

Bütün Qarabağ qazilərinə həsr olunur...

Avtobusdan düşər-düşməz qolundakı saata baxdı. Vaxta hələ xeyli qaldığını görüb gecikmədiyinə sevindi. Dostu ilə burda – metronun qarşısında görüşəcəkdilər. Qoltuq ağacının birinə söykənərək telefonu cibindən çıxartdı, zəng gəlib-gəlmədiyinə baxdı. Yenidən qoltuq ağacını yerinə qaytarıb səkini adlayaraq oturacaqda əyləşdi. Nəfəsini dərməmiş alışqan çıxarıb damağına qoyduğu siqaretini odladı. Ciyərini soyuq payız havası ilə bərabər tüstüyə qonaq elədi. Əlini yaxa cibinə salıb barmaqlarını təqaüd kartına toxunduranda yadına düşdü ki, bankomatdan pul çıxartmalıdır. Bayaq sonuncu qəpiklərini avtobusda verib düşmüşdü. Siqaretini qurtaran kimi qalxıb yolun qarşı tərəfinə keçdi. Bankomatdan pulu çıxartdıqdan sonra yenidən dayanacağa tərəf tələsdi. Bayaq oturduğu oturacaqda indi bir neçə tələbə qız oturmuşdu. Narahat eləmək istəmədi. Binanın tinində divara söykəndi. Tələbələrə baxanda yadına bir əhvalat düşdü. Bir dəfə bax beləcə – binanın tinində nəfəsini dərmək üçün divara söykənmişdi. Qarşısından keçən tələbə qızlardan biri onu dilənçi bilib xırda pul uzatmışdı. Əslində sevinmişdi insanlarda mərhəmət hissinin ölmədiyinə. İndi də o hadisəni xatırlayıb acı-acı gülümsədi

Necə fikrə getmişdisə illərin dostu Albertin çiyninə toxunmasından dik atıldı. Dostu, “bir az gecikdim, bağışla” – deyərək əl verdi. Bir-birilərinin əlini bərk-bərk sıxdıqdan sonra yüngülvari qucaqlaşdılar.

Sonra yolu keçib qarşı tərəfdəki ucuz və keyfiyyətli ayaqqabılar satılan dükana yönəldilər. Hərdən bir-iki dəfə geyinilmiş, yaxşı vəziyyətdə olan ayaqqabıları lap “su qiymətinə” tapmaq olurdu. Maddi cəhətdən imkanı aşağı olan alıcılar bura üz tutardılar. Onlar da uzun illərdir ayaqqabı lazım olanda bu dükana gələrdilər. Dükan sahibi onları yaxşı tanıyır, satıcı qıza onlara mümkün olan qədər endirim etməyi tapşırardı. Dükandakı satıcı qızlar tez-tez dəyişsə də nə dükan sahibinin onlara xoş münasibəti dəyişər, nə də onlar başqa dükana gedərdilər. 1992-ci ildən bəri ölkədə çox şey dəyişsə də, onların bu alış-veriş qaydası dəyişmirdi.

***

Dəhşətli ağrılar içində oyandı. Gözünü açanda hər yeri toranlıq gördü. Bütün bədəni od tutub yanır, hər yeri sızıldayırdı. Beynində, qulaqlarında arası kəsilməyən uğultu dolaşmaqda idi. Üzü-gözü sarıqlı idi deyə əvvəlcə harada olduğunu kəsdirə bilmədi. Az sonra başının üstündə dayanan tibb bacısı görə bildi. Ayağa durmaq istədikdə bütün bədənini dözülməz ağrı bürüdüyündən zarıdı. Tibb bacısı “həkim, özünə gəldi” deyərək onun qalxmağına mane olmağa çalışdı. Üzünü hələ görə bilmədiyi həkimin “tərpənmək olmaz, şükür elə ki, sağ-salamatsan” deməyi ilə ağır yaralandığını başa düşdü. Ağrıdan nəfəsi kəsildiyindən həkimə cavab verə bilmədi. Ən çox aşağı ətrafları, xüsusi ilə də ayaqları ağrıyırdı. Həkim və tibb bacısı yan çarpayıdakı yaralı ilə məşğul olduğundan ona məhəl qoyan olmadı. Kimsə ölümlə əlləşir, bağırtısı otağı götürmüşdü. Az keçmədi huşu özünə gəlməyə başladı. Günortaya yaxın artıq hər şeyi xatırlamağa başladı.

Onların postu ermənilərlə üz-üzə idi. T. kəndinin ətrafındakı postlardan ən təhlükəlisi, eləcə də ən əhəmiyyətlisi sayılırdı. Deyilənə görə, Qarabağ savaşı başlayandan bu post uğrunda çox döyüşlər olmuş, çox igid oğlanlar canlarını qurban vermiş, amma post hələ də düşmənə göz dağı kimi durur, öz alınmazlığını qoruyurdu. Kəndin ən yüksək nöqtəsində yerləşən bu postu münaqişə başlayanda kənd camaatı özü yaratmış, ov tüfəngləri ilə dəfələrlə ermənilərin qəfil hücumlarını qarşısını almışdılar. İndi həm postu, eləcə də digər postları könüllülərdən ibarət özünümüdafiə qüvvələri qoruyurdu. Bura düşmən postu ilə o dərəcədə yaxın idi ki, hərdən ermənilərin nə danışıqlarını belə açıq-aydın eşidirdilər. Son bir neçə ayda fəallaşan ermənilər dəfələrlə bu posta girməyə cəhd etsələr də hər dəfə itki verərək çəkilməli olmuşdular. Bura könüllülərdən ibarət on bir nəfərlik dəstə nəzarət edirdi. Komandirləri Qusardan olan Şamil idi. Hamının “ləzgi” deyərək çağırdığı bu dağlar oğlu dəfələrlə yaralanmasına baxmayaraq sağalan kimi yenidən doğma postuna qayıdardı. Dəfələrlə arxaya təyin edilsə də təkidlə bura - öz doğma “evinə” dönmüşdü.

O gecə növbədə dörd nəfər idilər. Ondan başqa talış balası Coşqun, balakənli Ramazan və bir də Bakıdan olan yəhudi Albert növbə çəkirdi. Albert buraya hamıdan sonradan gəlmişdi. Atası əslən Quba yəhudisi, anası isə tatar qızı olan Albert Bakıda doğulub boya-başa çatmışdı. Universiteti 4-cü kursunda yarımçıq buraxaraq könüllü cəbhəyə gələn Albert iki il müxtəlif cəbhələrdə vuruşurdu. Sonuncu dəfə o və yeddi yoldaşı gecə düşmənin arxasına göndərilmiş, lakin səhər açılanda mühasirəyə düşdükləri məlum olmuşdu. Ermənilər ratsiya ilə onların yerinin satıldığını desələr də əvvəlcə inanmamışdılar. Lakin az sonra ermənilər növbəti dəfə onları adbaad çağıranda xəyanətin qurbanı olduqlarını başa düşmüşdülər. Sona qədər döyüşməkdən başqa əlacları qalmamışdı. Lakin qüvvələr qeyri-bərabər idi. Yalnız son anda tək qalan Albert yaralı halda özünü sıldırım qayadan çaya ataraq xilas olmağı bacarır. İti axan dağ çayı onu axıdaraq sonda sahilə çıxartmışdı. Gündüzlər gizlənib, gecələr yol gedərək birtəhər öz tərəfimizə keçir. Hospitaldan çıxdıqdan sonra ən təhlükəli post kimi buranı seçmiş, onlara qoşulmuşdu. Hərdən onunla “bura gəlməsəydin indi Bakıda qızlarla kef edirdin” deyə zarafat edəndə başını bulayaraq, “bura xaroşo” deyə cavab verərdi. Adi halda qaradinməz, sakit təbiətli Alberti döyüş vaxtı tanımaq olmurdu. Şirə dönür, özünü ən təhlükəli yerlərə atır, göz-gözə durduğu ölümü hiss etmirdi.

O gecə dəhşətli duman idi. Ətrafda heç nə görünmürdü. Yağış yağıb dayansa da, ay çıxmadığından ətraf zülmət qaranlıq idi. Qəribə bir sakitlik çökmüşdü. Komandir Şamil yenicə postdan kəndə doğru düşmüşdü. Gedərkən “uşaqlar, diqqətli olun, nəsə narahatam, bu köpəkuşağı son günlər yaman fəallaşıblar” demişdi. Odur ki, ayıq-sayıq olmağa çalışır, hər gələn səsə qulaq verirdilər. Növbə təzə dəyişilmişdi deyə yorğunluq yox idi canlarında. Qarınları tox olsa da mart ayının soyuqluğu get-gedə canlarına işləyirdi.

Ramazanın yandırdığı siqareti ovuclarının içində gizlədərək növbə ilə çəkirdilər. Qəfil lap yaxınlıqda açılan avtomatın səsindən diksindilər. Başlarının üstündən keçən güllənin təsirindən hərə özünü bir tərəfə atdı. Əvvəlcə Ramazan özünə gələrək avtomatını işə saldı. Amma dolu kimi yağan güllələrin əlindən heç kim gizləndiyi daşın dalından başını qaldıra, atəş aça bilmirdi. Təkcə Ramazanın mövqeyi yaxşı olduğundan sərrast atəşlə əvvəlcə iki, az sonra daha bir ermənini gəbərtdi. Ramazanın mövqeyinin əlverişli olduğunu hiss edən ermənilər hamısı eyni vaxtda onun olduğu mövqeni nişan alaraq onu atəşə tutdular. Ramazanın tək-tək atmağından yaralandığını başa düşdülər. Az sonra avtomatı birdəfəlik susdu. Bundan sonra dəstənin vəziyyəti daha da ağırlaşdı. Artıq üstünlüyü ələ alan ermənilər get-gedə yaxınlaşaraq mühasirəni daraldır, onları sağ ələ keçirməyə çalışırdı. Vəziyyət ağır idi. Ölüm-dirim savaşı gedirdi. Qəfil dağın döşündən açılan güllələr erməniləri çaş-baş saldı. Şamilin səsi gəldi. Bağıraraq onlara ürək-dirək verməyə çalışırdı. Güllə səsini eşidərək yarı yoldan – kəndə çatmamış qayıtmış, özünü döyüşçü dostlarının harayına yetirmişdi. Şamilin açdığı atəş erməniləri bir anlıq susdursa da az keçməmiş döyüş yenidən qızışdı. Şamil elə hey dostlarına geri çəkilməyi əmr etsə də, heç kim onu düşmənlə tək qoymaq istəmirdi. Coşqunun gizləndiyi yerdən qalxması ilə avtomat gülləsinin sinəsini parçalaması bir oldu. Coşqunun cansız cəsədi yuvarlanaq düz yanına düşdü. Gözləri həmişə olduğu kimi gülürdü talış balasının.

Albert həmişəki kimi soyuqqanlılıqla tək-tək, amma dəqiq atırdı. Hər atəşi bir ermənini susdururdu. Şamil kənddən uşaqların köməyə gəldiyini qışqıraraq onlara geri çəkilməyi əmr edirdi. Bir qədər də duruş gətirə bilsəydilər dostları özlərini yetirəcəkdilər. İndi onun gizləndiyi yer ermənilərin on-on beş addımlığında idi. Sürünərək Albertin yanına getməyi bacardı. Albertin yanına çatmağı ilə düz yanlarında qumbaranın partlaması bir oldu. Bundan sonrası düz əməlli yadına gəlmir, yalnız Şamilin bağıraraq avtomatın güllələrini sağa-sola boşaltdığını az-maz xatırlayırdı. Şiddətli döyüş gedirdi. Yaxınlaşan dostlarının bağırtısı o gecə eşitdiyi son səs idi.

***

Səhər ayılanda ağrıları nisbətən azalmışdı. Tibb bacısından su istədikdə yan çarpayıdan eşitdiyi səs bütün yaddaşını silkələdi. Onu səsləyən Albert idi. Yaddaşı bir anda oyandı, hər şey xatırlamağa başladı. Dostunun yanında olmasına necə sevindi, ilahi. Amma bu sevinci bir neçə saniyə çəkdi. Sən demə, Albert onu görməyə gəlməyib, o da yaralıdır. Dostunun sol ayağının dizdən aşağı sarındığını görəndə dəhşətə gəldi. Ayaqları ədyalla örtülü olduğundan özünün sağ ayağından xəbəri yox idi hələ. Öz ayağının dizdən aşağı kəsildiyini biləndə heç ah-uf eləmədi. Albertdən utandımı, yoxsa onu da bu halda gördüyünə görə belə etdiyini özü də bilmirdi. Amma Albert Şamilin şəhid olduğunu söyləyəndə özünü saxlaya bilmədi. Hönkürtüsünə tibb bacıları qaçaraq gəldilər. Şamilin o gecə kömək gələnə qədər tək özü bir dəstə erməniyə qarşı vuruşduğunu, özünü təhlükəyə ataraq yaralıları döyüş meydanından çıxarılmalarına şərait yaratdığını Albertdən öyrəndi. Şamil bütün dəstəyə geri çəkilmək əmri verərək özü sona qədər döyüşmüş, bütün dəstəni təkbaşına qorumağı bacarmışdı. Ermənilər “ləzginin” meyidini bir həftə sonra vermişdilər. Çoşqun və Ramazandan başqa köməyə gələn dəstədən daha dörd nəfər şəhid olmuşdu. Amma Albertin “şükür ki, post bizim əlimizdədir” deməsindən sonra içini bir kədər qarışıq rahatlıq bürüdü. Deməli o gecə bəxtləri gətirmiş, düşmən qumbarası nədəncə canlarını deyil, ayaqlarını “seçmiş”, o dünyaya onları yox, ayaqlarını aparmışdı. İndi Albertlə onun tək bir fərqi vardı: birinin sol, digərinin sağ ayağı yox idi. Xəstəxanadan çıxan gün Albert qəfildən “görəsən ayaqlarımız indi hardadır?” deməsi ilə ikisini də dəli gülmək tutmuşdu. Həkim və tibb bacıları bu iki qəhrəmanı göz yaşları içində yola salmışdılar.

***

Dükanda həmişəki kimi xeyli adam var idi. Dükan sahibi içəridə olmadığından bu dəfə onları satıcı qız qarşıladı. Satıcı qız yeni idi deyə onları tanımadı. Burda çox dayanmadılar. Öz ölçülərinə uyğun, ucuzvari bir ayaqqabı seçdilər. Növbə ilə hərə bir tayını geyinib baxdı. Bəxtlərindən ikisi də eyni ölçülü geyinirdilər. Geydikləri taylarını ayrı-ayrı sellofana bükdürüb götürdülər. Albert ondan əvvəl pulunu ödədi. Bu qayda idi, onsuz da sonda hərə öz payına düşən pulu verirdi digərinə. Onların bu alış-verişinə maraqla baxan qıza dükan sahibinə salam deməyi söyləyərək qapıdan çıxdılar. İllərdir bu dükandan ayaqqabını belə alardılar: əvvəlcədən sözləşər, bura gələr, seçdikləri ayaqqabının hərəsi bir tayını götürərdi. Belə ucuz düşərdi - yarı qiymətə.

Dükandakı alıcılar isə pəncərənin önündə üzünü tutaraq hönkürən satıcı qızın niyə ağladığını başa düşə bilmir, onu sakitləşdirməyə çalışırdılar.

# 2468 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #