Allahı bağışlama - Nərmin Kamalın şeiri

Allahı bağışlama - <span style="color:red;">Nərmin Kamalın şeiri
18 mart 2018
# 14:00

Bu gün şair-yazıçı, esseist Nərmin Kamalın doğum günüdür. Kulis.az bu münasibətlə dəyərli yazarımızı təbrik edir, onun məşhur “Allahı bağışlama” şeirini təqdim edin.

Bir gün

Allah bizdən üzr istəyəcək

Bir gün

həyatın gətirdiyi oyunlar,

hər gün yeni düyünü açmaq çabası

keçidlər

yeni sevgilər

üsyanlar

göz yaşları

çörək savaşları

batmayıb ayaqda qalmaq,

yaşamaq və yaşatmaq qovğası

intiqam almaq ehtirası

ala bilməməyin yası

artıq dözülməz olanda

tək və gücsüz uzananda qəsəbə səkilərində

Allah üzr istəyəcək bizdən

Bağışla

- deyəcək, qızım

bağışla ki,

sənə yaxşı tale vermədim

təəssüflər içində keçir ömrün

bağışla, mənim balam

- deyib hönkürəcək

Mən onu başa düşəcəyəm,

qolumu qaldırıb sarılacağam boynuna

üç dəfə yüngülcə

kürəyinə vuracağam əlimlə

eybi yox, deyəcəyəm,

Eybi yoxdur

Əlini saçlarımın arasına salıb dolacaq,

bunu belə sarışın etmədim,

bunu belə qıymadım sənə - deyəcək,

Yaxşı, belə də sevənlər oldu mənim

qara saç da pis deyil - deyəcəyəm

- Peşman olmuşam,

sevdiyin pişik balalarını belə yaşatmadım

üçünü bir gecədə öldürdüm,

- Bəsdir, deyəcəyəm, üzmə özünü

başqalarının da pişikləri ölür,

hətta uşaqları ölür

Allahın boğazı qəhərlə dolacaq

daha möhkəm hönkürməyə başlayacaq

acizəm, bağışla

- təkrar-təkrar bunu hıçqıracaq

mən də ona qoşulacağam

- yaraşmaz sənə kiçilmək

bəsdir, onu sakitləşdirməyə çalışacağam,

bundan daha pis həyatlar var

narahat olma, yaxşıdır hər şey - deyib

gözlərini siləcəyəm

allahı əfv edəcəyəm

# 2618 dəfə oxunub

Müəllifin son yazıları

# # #