“Müstəqillik və ana dili”

“Müstəqillik və ana dili”
8 oktyabr 2012
# 10:22

Kulis.az Azərbaycan Dil Qurumu ilə birgə ” Dilim, dilim” layihəsinə start verir. Bu layihədə Azərbaycan dilinin müasir problemləri, orfoqrafik çətinlikləri, dövlət dilinin işlənməsi sahəsində qüsurlar, bir sözlə Azərbaycan dili ilə bağlı bütün məsələlər təhlil ediləcək. Layihədə Dil Qurumunun təqdim etdiyi məqalələr yayınlanacaq.

Sabir Rüstəmxanlı

Azərbaycan Dil Qurumunun başqanı


Xalqların, dövlətlərin və dillərin taleyi insan taleyinə bənzəyir; onlar da doğulur, böyüyür, şaxələnir, yer üzündə müəyyən izlər qoyandan sonra ölür.

Tarixən dünyanın ağası sayılmış xalqların, özünə rəqib görməyən dövlətlərin, uluslar arasında ortaq ünsiyyət vasitəsi olan dillərin çoxunun indi quruca adı qalıb; dövranlarını sürüb gediblər.

Ölü dövlətlər olduğu kimi ölü dillər də var.

Xalqın dövləti, mədəniyyəti və dini onun dilinin əsas qida mənbələrindəndir.

Rus, ingilis, fransız, ispan dilləri dünyaya – işğalçı dövlətlərin ardınca yayılıb. Ərəb dili isə üç qitəyə yayılanda hələ güclü, vahid ərəb dövləti yox idi. Bu dili islam dini yaymışdır.

Türk dili tarix boyunca Avrasiyanın ən qədim və ən geniş yayılmış dili olmuşdur. Bu, xalqın sahib olduğu geniş coğrafiyanın və bu ərazidə daimi hərəkətin nəticəsidir.

Bir sözlə, xalqın gücü və müstəqil dövləti onun nüfuzunu dünyaya yaydığı kimi, dilini də yayır və böyüdür, inkişaf etdirir.

Bu mənada dövlət müstəqilliyimiz ana dilimizin inkişafı üçün son dərəcə geniş bir meydan açmış, arzuladığımız şəraiti yaratmışdır. Lakin ana dilimizin dövlət dili olması, rəsmən qorunması hələ onun bütün çətinlikləri adlayıb, geniş inkişaf yoluna çıxması demək deyildir. Müstəqilliyin də öz dil problemləri var.

Çağdaş dövlət – dünyaya açıqdır; diplomatik və iqtisadi əlaqələrindən tutmuş elminə, mədəniyyətinə, hüquq və dövlət idarəçiliyinə qədər - hər sahədə öz dilində yazmalı və danışmalıdır: təbii ki, bu sahənin hər biriylə bağlı lüğət fondu daim yenilənməli, terminlərlə zənginləşməlidir.

Azərbaycan türkcəsi tarixin ağır sınaqlarından keçib, məhv olmayıb, bundan sonra müstəqil bir dövlətin dili olduğuna görə onun gələcəyi ilə bağlı ciddi əndişəmiz yoxdur. Amma dediyim kimi, bu dilə tələbat gündən-günə artır və onun vəziyyəti də məhz bu günün və gələcəyin tələbləri baxımından dəyərləndirilməlidir.

Biz, Azərbaycan Dil Qurumu olaraq, altı ildir məhz bunu deyir, həyəcan təbilini dilin ölümündən qorxaraq yox, dilə tələbatın artması baxımından çalırıq.

Azərbaycan türkcəsinin üzləşdiyi sorunları da bu ölçülərin müşahidəsi əsasında sistemləşdirmişik və dəfələrlə söyləmişik:

Birinci. Orta və ali məktəblərdə sovetlərdən qalma «ikibölməliyə» son qoyulmalıdır. Bütün fakültələrin həm də rus bölmələrinin olması hansı tələbdən və məntiqdən irəli gəlir?

Ölkədə bunu zərurətə çevirən sayda rus yoxdur; rusdilli məktəblərdə və bölmələrdə oxuyanların çoxu azərbaycanlılardır. Niyə? Niyə ölkədə yüz mindən artıq uşaq təhsilin bütün mərhələsini yabançı dildə almalı və öz dilini pis bilməlidir? Bu yolla Azərbaycanı yenidən rusdilli əraziyə çevirmək istəyirik?

Bakının küçələrində indi də rusca danışanlar həmin məktəbləri bitirən uşaqlardır. Soruşanda, «Bizim nə günahımız, bizi bu dildə oxudublar», - deyirlər.

Haqlıdır onlar.

Heç kim rus və ya ingilis dilinin əleyhinə deyil. Lakin hər bir Azərbaycan vətəndaşı üçün ilkin təhsilin bu dövlətin rəsmi dilində olması zəruridir.

Nəzərə alaq ki, Rusiyada yaşayan milyonlarla azərbaycanlının uşaqları da rusca oxumağa məcburdurlar. Bunlar üst-üstə gələndə, ölkəmizdə rusdillilərin sayının artacağını, ana dilimizin meydanını daraldacağını anlamaq çətin deyil.

İkinci. İdarələr işçi götürərkən ingilis dilini bilmə yox, dövlət dilini bilmə şərti irəli sürməlidirlər. Nədənsə, bizdə heç bir tələb olmadan, yalnız laqeydliyimiz və biganəliyimizdən ingilis dili «ikinci dil» statusu qazanır və ən ucqar kəndlərədək lövhələr həm də ingiliscə yazılır.

Üçüncü. Bədii dilimiz təmizlənib-durulduğu halda, rəsmi ədəbi dilimiz getdikcə daha da qəlizləşir, çox vaxt ehtiyac olmadan yabançı (ərəb, fars, Avropa kökənli) kəlmələrlə doldurulur. Bunu müşahidə etmək üçün rəsmi materialların, qanunlarımızın, hətta dilçi alimlərimizin yazı dilinə baxmaq kifayətdir.

Bu mənada rəsmi sənədlərin dili, deyək ki, Füzuli dövrünün yazı dilindən az fərqlənir. Bəzən bir cümlədə feildən başqa türk sözü tapmaq olmur. Və bu gedişatın qarşısını almaq, ana dilini təmizləmək cəhdi də duyulmur.

Çətin tələffüz olunan onlarla söz var ki, Türkiyə türkcəsində və ya digər türk ləhcələrində gözəl qarşılığına rast gəlmək olur. Həm də bu qarşılıqlar - kəlmələr öz qədim sözlərimizdir. Nədənsə, onları dilimizə cəlb etmirik; məsələn, «problem» əvəzinə «sorun», «nümunə» əvəzinə «örnək», «təyyarə» əvəzinə «uçaq», «müvəffəqiyyət» əvəzinə «uğur», «həqiqət» əvəzinə «gerçək» və s. Amma tam tərsinə, hətta bəzən dilçilərimiz bu təmizlənməyə qarşı çıxırlar: «Vay, amandı, qoymayın, gözəl dilimizi «türkləşdirdilər» (???)» Məhz elə bu cür - on illərlə rusca qırıldadanlar dilimizdəki ərəb, fars kəlmələrinin təmiz türk sözüylə əvəzlənməsini bu cür hay-küylə qarşılayırlar.

Televiziyalar filmləri dublyaj edəndə də məhz belə eybəcər bir iş baş verir: təmiz türk sözləri bizim əl çəkmədiyimiz yabançı sözlərlə əvəzlənir.

Mən dilin süni şəkildə, tələsik yenilənməsinə qarşıyam, lakin imkan düşdükcə təmizlik işi, yeni söz yaradıcılığı da getməlidir.

Dördüncü. «Dil süzgəci» zəruridir. Əlaqələrimiz genişləndikcə başqa dillərin basqısı da güclənir. Müqavimət, seçim olmasa, dilimiz anlaşılmaz bir hala düşər.

Nəzərə almalıyıq ki, millət olaraq biz özgənin, yadın aşiqiyik, özümüzdən çox, başqasını sevirik. İndi də tənbəllikdən yarırus, yarıtürkcə danışanları görəndə adam bu dil məsuliyyətsizliyindən heyrətə gəlir. Dil heç kimin şəxsi malı deyil ki, ondan necə gəldi istifadə eləsin. Ən böyük sərvətinə münasibətdə sayqısızlığı xalq özü qınamalıdır.

Xaricdən gələn mallar qeydiyyat yoxlamasından keçir; hər mal buraxılmır ölkəyə. Bəs, «kurikulum», «penitensiar xidmət», «konsersium»… kəlmələri niyə asanlıqla dolmalıdır dilimizə?

Beşinci. Terminologiya işi kökündən dəyişməli, yenidən qurulmalı və bu iş türk dillərinin uyğun qurumları ilə əlaqələndirilməlidir.

Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu daha çox elmi araşdırmalarla məşğul olduğuna görə, bu işlər çevik qurumlara tapşırılmalıdır.

Altıncı. Ölkədəki reklam və digər yazılarda dövlət dilinə sayğısızlıq, radio və televiziyanın, mətbuatın dili də çox ciddi və ağrılı məsələlərdəndir.

Bu barədə çox müzakirələr aparmış, yazmışıq və bu işi bundan sonra da davam etdirəcəyik…

Digər yazılar:

Necə yazmalıyıq, İsmayıl müəllim: “eks-press”, “anti-patiya”?...
Dil imtahanı teleaparıcılara nə verəcək?

# 4614 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #