Ənvər Paşanın ölümə şığıması – Hekayə

Ənvər Paşanın ölümə  şığıması – Hekayə
15 aprel 2016
# 12:25

Kulis türk yazıçısı Ahmet Yıldızın “Ənvər Paşanın ölümə şığımasının əsas səbəbi” hekayəsini təqdim edir.

Osmanlılıq üç qitəyə yayıldı, başı nələr çəkmiş Anadolu isə heç Osmanlı olmadı.

Mətin Altıok

Qurban bayramının birinci günü, 4 avqust 1922-ci ildə Pamir dağlarının ətəklərinə Abıdərya kəndinə bağlı Çegan təpəsində Buxara Qızıl Ordusu 3-cü atıcı alayına tabe bir pulemyot dəstəsinin komandanı Kulikov çaşqın idi. İyirmi beş atlı qılınclarını çəkərək, ağızlarından ölüm qusan bir dəstə silahlı pulemyot atəşinə doğru hücuma keçmişdilər. “Bu insanlar ya dəli olub, ya da bilə-bilə ölümə gedirlər” deyə düşündü Kulikov.

Səhərə yaxın kəndə hücum haqqında əmr almışdı. Bir saat sonra da kəndə hücum əmri vermişdi. Amma iyirmi beş atlının qılıncları havada, atəş yağan təpələrə doğru daldanacaqsız düzənlikdə atlarla belə hücuma keçmələri inanılmaz idi. Hətta bir-iki atlı xətlərə yaxınlaşmağı bacarmış, iki pulemyotu da sıradan çıxarmışdı. Orta əsr silahları ilə çağdaş pulemyota hücum edən insanlar Kulikovu bir anlıq qorxutmuşdu.

Ağ atlı ən öndə idi. Hamıdan fərqli bir geyimi vardı. Qısa şalvar və sinədən düyməli yaxasız xaki bir pencək geyinmişdi. Kulikov atın hər irəli həmləsində durbinin iki yana sallandığını görə bilirdi. Başında yerlilərinkindən fərqli bir qalpaq vardı. Pulemyotçulardan bu ağ atlını hədəfə almalarını əmr etdi. Pulemyotçular isti avqust sabahını dəlib keçən partlayışlarla aşağıdakı dərədə, qarşıdakı dağların qayalıqlarında əks-səda verir, sanki qiyamət qoparırdı.

Ənvər paşa cənubi Buxarada çətin həyat şəraitində ruh sarsıntıları, hətta çöküntüləri içində aylarla dolanıb durmuşdu. İndi Qurban bayramının ikinci günü əsgərləri ilə bayramlaşmış, əsgərlərinin maaşlarını vermiş, zabitlərinə isə yalnız öz imzası ilə fəxri fərman təqdim edə bilmişdi. Kəndlilərlə bayramlaşmaq məqamı gələndə isə pulemyotların səsi eşidilməyə başlamışdı.

Buralara necə sürükləndiyini düşündükcə, qəribə duyğular içinə girirdi. Quşçubaşı Hacı Saminin fitvasına gəldiyini belə düşünürdü. Sami sürəkli burdakı insanların türklük deyincə, xəlifə deyincə hər şeyi edə biləcək gücdə igidlər olduqlarını söyləyirdi. Əslində isə bir neçə ay içərisində buranın insanlarının hər cür yalan, hiylə və inamsızlıq saçan molla və imamlardan ibarət bir güruh olduğunu anlamışdı. Yenə də ən son imzaladığı bildirişin altına Ulu Turan İxtilal orduları mərkəzinin rəisi yazmışdı.

Özünə boş zamanlar yaradır, padşahın qızı olan arvadı Naciyənin adını qara ağaclara bıçaqla cızır, müxtəlif dəsmallar düzəldir, məktublar yazır, çiçəklər qurudur, bunları poçtla arvadına göndərirdi. Tapdığı dəftərə, dəftərin səhifələrindən qənaətlə istifadə edərək hər gün etdiklərini qeyd edirdi. Bir neçə il öncə üç milyon əsgərə hökm edən bir komandan ikən indi bir neçəsi ona sadiq Osmanlı əsgərindən ibarət otuz nəfərlik dəstəsiylə Buxara əmiri Alim Xan və əhatəsindəki bütün qəsəbələri və şəhərləri ələ keçirən və beləcə çənbəri getdikcə daraldan Qızıl Ordu arasında əsəbləri pozan bir gərginliklə nə edəcəyini bilməyən bir adam durumunda idi. Sovet hökumətinin, Siyasi büronun Cənubi Qafqaz komissarı Orcenigidzeni və ordu komandanı Kamanevi bölgəyə kəşfiyyat üçün göndərmiş, gələn məlumatlar əsasında bu bölgəni anlaşılmazlıqdan tamamilə təmizləmək üçün qəti təlimat çıxarmışdı.

Ənvər paşa yağış kimi yağan pulemyot güllələrinin arasında çılğınca qaçan sevgili atı Dərvişin üstündə edam fərmanının hazırlandığını bilməsə də, hiss edirdi. İndi qılıncını havada yellədərkən, bu anlaşılmazlığa bu və ya digər şəkildə son vermək istəyirdi. Güllənin əvvəlcə sağ çiynini parçaladığını hiss edən kimi oldu. Əlindəki qılınc o anda yerə düşdü. Atı Dərviş daha böyük bir əzmlə irəliyə atılaraq qaçır, qaçırdı. Cilovunu çiyni parçalanmış əlindən sağlam əlinə almağa çalışarkən sağ ayağının qopduğunu anladı. Amma bu dəfə qarnı alov almış kimi yanmağa başladı. Dərvişin üzərində yana yatdı. Bu bir iki saniyəlik müddətdə Naciyə qarşısına gəldi. Sabun qoxuyan ağappaq paltarda ona doğru qaçırdı. Bir addım məsafədə olmalarına və o qədər addım atmasına baxmayaraq, onu heç cür qucaqlaya bilmirdi. "Naciyə" deyə bağırdı. Atasının o boyda imperatorluğunu batırdığı üçün onu bağışlamayacağını düşünürdü.

“Məktubumu oxu, Naciyə…”

Amma artıq atın üzərində dura bilmirdi. Kulikov yana yatmış atlının bir-iki saniyə içində yerə yuvarlandığını gördü. Tam əmin olmaq üçün durbini gözlərinə apardı. Digər atlılar da rüzgardakı əkin tarlaları kimi getdikcə azğınlaşan pulemyot güllələrindən əyilərək bir-bir yıxılırdılar. Durbinin obyektivini ağ atın durduğu yerə tuşladı. Ağ at yerdəki sahibini qoxulayır, burnu ilə vücudunu eşələyib onu ayağa qaldırmağa çalışırdı. Birdən ağ atın da qarnının qırmızıya boyandığını gördü. Bu dəfə güllələr Dərvişin qarnına dolmuşdu. Dərviş əvvəlcə arxa ayaqlarının üzərinə, sonra isə sağ qarnı üzərinə yıxıldı. Yerə yıxılarkən Ənvər paşanın hələ də tərpənən qanlı bədənini əzməməyə çalışaraq bir az yana yatmışdı.

On beş dəqiqə sonra ortalıqda yalnız milçək vızıltıları və bəzi atların iniltiləri eşidilincə komandan Kulikov ölülərin olduğu düzənliyə enməkdən özünü saxlaya bilmədi. Ağ atlı qəribə geyimli adamın yanına gəldi. Paltarlarının çıxarılmasını əmr etdi, adam 8 güllə yemişdi. Sinəsindən bir ədəd Quran, bəzi sənədlər və tamamlanmamış bir məktub çıxdı. Dəstələrindən məktubu oxuya biləcək Türk soylu bir əsgər çağırtdırıb məktubu yüksək səslə oxutdu.

“Belə gedərsə çəkilib Əfqanıstana gedəcəyəm. Ordan da tamamilə işdən çəkilib sənin yanına gələcəyəm. Amma qalibiyyətsiz gələndə sən məni necə qəbul edəcəksən? Fəqət qalib olmaq istərdim; ruhum, əfəndiciyim Naciyə...”

Çevirən: Ruhəngiz Sultanova

“Yazı” dərgisi, 17-ci say

# 1257 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #