Azadlıq şərqisi və yaxud lənətlənmiş cənnət

Azadlıq şərqisi və yaxud lənətlənmiş cənnət
11 iyul 2013
# 11:57

Kulis.Az şair Xaliq Boranın poemasını təqdim edir.

***

Ölümə dirsəklənib

qalxdım barmağım ucunda,
görünmür dünyanın sonu…
Qaranlıqlardakı zülmət,
zülmət deyilmiş hələ,
içimizdən işıldaböcək kimi
iniltili
səsi gələr ayrılıqların…
Əlifba dərsində hərf öyrənən təki
gözlərim öyrənə-öyrənə
işıqların dəftərindəki
qaranlıq yazıların şifrəsinə,
ürəyim döyünməkdən savayı,
duymağı və sevməyi
uçunurkən
axşam oldu…
Axşam, torpaqlar rəngində
torpaqlar nalələr, ahlar rəngində,
lalələrin qırmızı bayraqlara,
qırmızı bayramlara
bir aidiyyəti yox…
Afrikada doğulmuşam sanki,
baxtım torpaqdan seçilməz,
qərib bənövşələrin
boyun bükməyindən bilirəm…
Dilim sığmır ağzıma,
ürəyimin kinləri,
gözlərim tökənləri
üyüdür təzəcə gördüyü
qarı saçları kimi qarışan
sərsəm dünyanın üzünə…
Axşamında işıqların,
səhərində qaranlıqların
məhbus görkəmi,
Məhbəs qədər əziz vətən
göstər mənə,
ilk dəfə körpəyə
anasını göstərənlərtək
mənim ölkəmi…

***

Bayırda Sibir havası

içimdə gizlədiyim dərdi
çölə çıxardınca donur,
donub baxışlarım da
lağım atmış
gözlərim arasından həsrət,
ağaclar bəxtəvərdi…
Allahın min adı varkən
sürgün olub atamın da bir adı,
Bura elə Sibirdi,
Sibir elə buradı…
Buz bağlayıb haqq burda
qəribdi atam kimi,
qəribdi allah burda…
Qəbahətlər buza dönür,
şikayətlər buza dönür,
şirin-acı xatirələr,
hekayətlər buza dönür…
Buza döndü,
əriyib axmadı,
bir yol dönüb mənə sarı baxmadı
ölənəcən üzünü görmədiyim
QARDAŞIM…
Soyuq münasibətlər,
səssizdi müsibətlər,
gözlər olsun, görməsin…
Ağcaqayın meşələri
hər gecə sancı çəkir
atası kor dünyadan…
Göylərin də gözləri üşüyür,
ulduzlar da soyuq-soyuq,
qorxa-qorxa baxır,-
bura Sibirdi, QARDAŞIM SIBİR,
həm əvvəldı, həm axır…

Toy gecəsindən sonrakı qıztək
min dəfə baxılmış şəkildən seçilməz
ümidlərim, günahlarım…
Ağrılar, şirinliyindən çatlayan nar kimi
ləzzətli, dadlı…
Gözlər sevgidən xumarlanar,
yuxudan yox,
bircə anda pozular
tanrıyla əhdi-peyman,
təzədən yazılar baxtlar…
Yağsız oxların səsindən bezən,
araba
təkərləri kimi
fırlanar başı dünyanın…
Yaz suları,
qışqıran çayların tərcüməsiz şeiritək
hayqırar səs dilində…
Sevgilər boylanar
körpə pöhrələrin tumurcuğundan,
Nə məsciddə, nə ibadətdə, nə pirdəyəm,
indi mən,
dünyanın bakirəliyinin pozulduğu yerdəyəm…
Qızmış öküzün gözləri rəngindədi hər yer,
hər yan
zəlzələdən sonrakı halında bihuş,
hər tərəf qirmızı qan…

***

Buğda…

İnsanlığın toxumu,
Adəmi aldadan almanın qan qohumu.
Əkində-biçindəydi,
yaxınlar, doğmalar içindəydi, mənim atam,
Yağışlar yağmayanda,
gözlərinin yaşıyla,
alnındakı tər ilə suvarardı zəmini,
Tağlıyardı dən ilə
anbarı, zirzəmini…
Torpaq cadar-cadardı,
dodaqları susuzluqdan çatlamış
vərəmləmişdi bir kənd,
acından qan qusurdu yatalaqlı körpələr,
bir yandan qarayara,
bir tərəfdən tif,
bir yandan da hökumət,
bircə qarış torpaq artıq çəpərlənibsə,
bir daşı artıqsa tikdiyin evin,
tövlədə xəbərsiz doğubsa
bir gecə atın,
ay rahat yattın?
Baxırdınsa, gözündən vergi,
dinirdinsə, sözündən vergi,
arvadından, uşağından
özundən vergi…
Savad, oxumaq nədi,
xalça toxumalısan
üstündə rəngli-rəngli
sevgilərin əzabı,
hər şeyin ölçüsü var,
hər nəyin haqq-hesabı…
Belində onurğaqıran
beton dirəklər,
qızlardan ağır,
qazancdan vəhşilik yağır,
pambığa, üzümə şeir qoşur
binamus şairlər,
gəlinlər zəhərlənmiş ölü körpələr doğur,
gün zəhərdən ibarət,
qəzəbdən qanlı gözlər
sübhdən, səhərdən ibarət…
Axşamdı…
Döşündə süd qurumuş ana zillət içində,
körpə inildəyirkən,
zarıyırkən qucağında,
tanrım necə rahat yatsın?
Əsəd dayı, bir ovuc dən ver,
üyüdüm, tifil ağlayır, kəssin səsini,
gecə vaxtı kimdi döyən,
allahın pəncərəsini?
Gəlinin gözlərindən yağan yağışlara,
qoşuldu həzin yağış,
anbar uzaq, millət ac,
aç ovcunu gəlinciyim,
ovcunu aç…
Zirzəmili qaranlıqlar
birmi, ikimi,
və beləcə ölüm hökmü çıxartdılar,
ÖLÜM HÖKMÜ…
Bir ovuc dənə ÖLÜM,
üzünə durdu bir ovuc dən və gəlin,
halal zəhmətə Ölüm,
insana məhəbbətə Ölüm,
asi çıxdın hökumətə Ölüm…

***

Günahlının, günahsızın,

imanlının, allahsızın
təkcə nəfəsi gəlir
bu sidik iyindən, nəcis üfunətindən boğulan
taxta vaqonlu ,
qaranlıqlar içindən
şütüyən iniltili qatarda…
Hər kəs qabırğalarına düşmən kəsilib,
bunamı yaratdın bizi
sormaq gücündə yox birisi…
Quraqlıqa düşmüş heyvanlar kimidilər,
bir sümüyü qalııb,
bir də dərisi…
Adı insandı…
Dünyaya baxmaq üçün
pəncərə qoyulmuş İNSAN,
bu qatarın pəncərəsi də yox,
bircə göz boyda deşikdən ibarətdi
ucu-bucağı gözlə görünməyən
yaşıl meşələrindən,
dəryasından, dənizindən
dağından, düzündən
ibarət dünya…
Dünyayla savaşa gedir bu qatar,
təkcə ümidləri çiçəklər kimi solmayan,
içində… bənizləri solmuş,
taxta qapılarıtək
sümükləri cırıldayan adamla
dolu…
İnsan – allahın oğlu!!!

Sibirdən qayıdır allahın oğlanları,
adam kimi atadan maya tutub,
adam kimi anadan doğulanları,
biri qızını zorrayıb,
biri anasın doğrayıb,
biri azadlıq hayqıranda tutulub,
o birisi haqsız ölümdən zornan qurtulub,
biri haqq bağıran şairdi,
biri millət aşiqidi,
biri qonşu məşuqudu,
biri hökümətdən gizlədib
əkiz doğmuş atını,
biri kəsib yeyirmiş
insan içalatını,
biri də məzlum, fağır,
baxanda gözlərindən
min ilin dərdi yağır,
Kolxozun sədri olub atam…

Ayrı-ayrı günahların cəzası bir,
ÖLÜM HÖKMÜ!
Yubadılmış namazların qəzası bir,
ÖLÜM HÖKMÜ!
Öz evinə icazəsiz gedənlərə,
ÖLÜM HÖKMÜ!
Oğruları, quldurları güdənlərə,
ÖLÜM HÖKMÜ!
Millət deyib hayqıran haqq şairinə,
Allahın öz yaratdığı böyük allah şairinə,
ÖLÜM HÖKMÜ!
Mənə, sənə ÖLÜM HÖKMÜ,
bir ovuc dənə ÖLÜM HÖKMÜ!…

Taxta vaqonlu qatar,
elə sanma bu məhkum insanları,
məşqə, təlimə aparır,
ölümdən qurtulan qatar,
bu ölmüş insanları,
ayrı ölümə aparır…
Güllə atır canlı insana
ölmüş adamlar,
o dünyanı milyon dəfə
görmüş adamlar…
Baxtını Tanrı əymişdi,
sifətini müharibə,
gözəl yaranmışa düzəliş eləmişdilər,
qana bələmişdilər…
atamı,
dörd il döyüşdən sağ çıxan,
allahın gizlətdiyi adamı…

***

Dünya böyürməkdə

gözləri qan içində yaralı öküz kimi,
uğuldayır vəhşi küləklər,
yorğunluqdan xıxmış dəvələrin səsində…
Günahsız torpaqlar suvarılır qanla,
ölkə ölkəylə savaşır,
insan insanla,
Qulaq batır dənizlərin hayqırtısından,
meşələrdə ağacların,
ormanlarda çiçəklərin bağırtısından…
Rəhmsiz toplardan, allahsız mərmilərdən
gizlənməyə göy axtarmada quşlar,
ahlar, nalələr, qarğışlar…

Əsəblər çarmıxa çəkilib ,
pöhrələnməkdə yiyəsiz kinlər,
kimlər yox bu savaşda, ilahi, kimlər?
Çöl heyvanlarıtək ölüm otlağındadı millətlər,
unudulub… dinlər, imanlar, təriqətlər…
Qarışıb bir-birinə
insan adında qəzəb,
insan adında ikrah,
bir-birini öldürür
sənin yaratdıqların, allah…

Dumana bürünüb dünya,
tanklar keçir sevgili şeirlər oxuyan
körpələrin üstündən,
dağılır gözlərindəki ümid,
solur işıqlı arzular,
insan insana qənim
(bir məktəbli deyib ki, allahım, daha
sənə inamım qalmadı mənim)
Guya böyüklərində varıymış inam,
gizlin qılarmış o zamanlar
günorta namazını anam…

***

Kəsilib də

süngüyə taxılmış körpə başı deyir ki,
mən elə bilirdim SƏNəm, ilahi,
SƏNin əllərinlə çəkilir tətiklər,
SƏNin əllərinlə güllələr atılır,
SƏN SƏNə qatılır…
Bu qılınc da
SƏNin əllərinlə ayırdı
başımı bədənimdən,
uzaq düşdüm, anamdan, atamdan,
vətənimdən,
SƏNDƏN…
Min bir adın varıymış, deyirlər,
deyəcəm, lap təzədən
kəs başımı, doğra məni tikə-tikə,
istəyirsən təzədən öldür məni,
bağışla, bu gün bildim
bir adın da erməniymiş, erməni…

Bir azca aralıda qoyun kimi
soyurlar dərimi,
çıxardırlar ləzzət ilə
SƏNdən doymayan
ağlayan gözlərimi…
SƏN deyilsənmi məni öldürənlər,
SƏNi SƏNə güldürənlər?

Ancaq, mehriban idi
qonşumuz Siranuş xala,
mənə şirin –şirin gözəl balam deyərdi,
danışanda Hələbdəki nəvəsinə
məndən salam deyərdi,
yuyardı köynəyimi,
ütülərdi donumu,
birdən-birə yoxa çıxdı…
Rəbbim, dünyanın sonumu?

Mən Xocalıdanam,
qorxunun yas yerindən,
bütün azadlıqların
qanı libas yerindən…
Hardaydın, gəlib çıxmadın,
gözüm yollarda qaldı
könlüm də intizarda…
İyirmisi yanvarda
hardaydın, harda?

***

Bu gün xəbər fətir kimi yayıldı,

bir oğraş zorlayırmış cənnətini,
vətən anamdır deyib, anasının
ağzında böyüdürmüş sünnətini.
Dünən qardaşı
qaldırıblar bacısının üstündən,
atanı qızının,
üst-üstə daşır dərdlərimiz,
açarı, kilidi yoxmuş insan ağzının.
Qorxulu yuxulardan ibarətti həyat,
qorxulu nağıllardan başlayır ürkməyimizin əsası,
qısası,
ataların canından ayrılırıq,
qanından çıxırıq ağrılarıtək…
Gözümüz yol çəkir,
göz yaşları sellər kimi yuyur gözümüzün çəkdiyi yolu,
yol yox, necə gələsən,
hər gün ildırım, şimşək,
bir ucdan tökür dolu,
bərbaddı yollar,
necə gəlib, hardan gəlib haqqa çıxsın Adəmin oğlu?
Hər gün qızdırmalı xəbərlər
atır özünü üstümüzə,
beləcə atılmışdı işıq, qapılar açılantək
qaranlıqlar üstünə,
bizim hələ min il qalır işıq olamağımıza,
insana insan kimi,
allaha allah kimi aşıiq olamağımıza…
Əyləci bas, Yer özü
dayansın, dolanmasın,
dursun quru qoşunları və dəniz donanması,
qayğılardan uzaqmış, dən gəzən qağayılar,
ah, kimlərə gərəkmiş bu minnətli qayğılar,
solur, solur Yer üzü, biganəlikdən solur,
bu gün dost bildiklərin, gün keçir düşmən olur…
Qarasına od vurub,
deyinmə dalınca üzü heç zamanlar
ağara bilməyəcək kölgələrin,
belə qaraldı üzü, nəsillərin, tayfaların, ölkələrin…
Güzgüyə doyunca baxsan,
bilərsən ki, orda yoxsan,
ad günlərin uydurmadır,
mükafatların hədər,
əyilməyi də sevdin,
allahı sevdiyin qədər…
Sənin bir həqarətlər yazılmış sənə məhrəm adına,
kimsə yox qan bağlasın ahına, fəryadına,
təksən, allah kimi tək,
sən özünü güzgüdə görməsən də, allahın
bir gün səni özünə güzgüdən göstərəcək,
sən onun yaratdığı,
zəhmətlə ucaltdığı ən böyük imarətsən,
sən özün bilməsən də, səni öyrədəcəklər,
allah səndən ibarətti, sən ondan ibarətsən…
Yaranışından bəlli dünyadan getməyin yolu,
dünyaya gəlməyin yolu,
həmişə çiyinlərdən keçmir ölməyin yolu,
odur, igid özü getti ölümə,
ancaq yenə başqaları çiyinlərində apardı qəbirə,
elə budur qəribə…

***

Ay bulaqlı, kəhrizli,

ay meşəli, dənizli,
uca dağlı,
yaşıl ormanlı vətənim,
qara gözlü, qara qanlı vətənim,
küləklidi başkəndin,
yurdumuzun çəkdiyi ahdı, nalədi,
Xəzər sənin zaman-zaman
daman, axan,
damıb axıb yığılan
göz yaşından doldurulmuş piyalədi -
göz yaşları adam kimi duzlu vətənim,
ay alınlı, günəş üzlü
oğullu-qızlı vətənim,
adam kimi ağ ciyər vərəmisən,
uzun illər gübrələrlə zəhərləndi kəndimiz,
üzüm plantasiyaları, pambıq dolu sahələr,
gəlinlər bala attı,
doğduqları yarımçıq,
gözü əyri doğuldular,
ağzı əyri doğuldular
qara qaşlı, qara gözlü körpələrimiz,
böyüyə-böyüyə belə,
gözləri əyri gördü,
düzləri əyri gördü,
hətta müqəddəs Qurandakı,
kəlamları, mətləbləri,
sözləri əyri gördü,
əyrilərlə doldu hər yer,
oğru yurdu oldu hər yer,
heç çıxmadı səsimiz,
zəhərləndi kökümüz,
zəhərləndi nəslimiz…
Adam kimi qara ciyər serrozusan-
müalicə eliyərlər sənə süd verən adamı,
necə, necə atıb qaçdıq,
arvadını, anasını, qızını atıb qaçan
qumarlarda qoyub qaçan,
bazarlarda satıb qaçan
namusunu, qeyrətini itirmiş bir oğraş kimi
Kəlbəcəri, Laçını, Şuşamızı, Ağdamı…
İnildəyir Qarabağ,
qara ciyər serrozundan xəstə kimi zarıyır,
qocaların qürbəttə ölür,
gözəl –göyçək qızların çadırlarda qarıyır,
azərbaycanlı vətənim,
qara gözlü, qara qanlı vətənim…
Qara qan demışkən, qara neftli,
qara kürülü vətənim,
üzüb-üzüb qarakürülü ağ balıqların,
ATƏT –də üzümüzü qara elədi,
məsələ həll olunmadı verdiyimiz rüşvət müqabilində,
qoy girsin yuxusuna Bəxtiyarın, Ulutürkün,
hətta, şair Qabilin də…
Danışırsan, tuturlar,
tutub dama atırlar,
qaznan zəhərləyirlər çıxartdıqca səsini,
ayaqlar altına alıb,
bir balaca gizir oğlum
küçələrdə taptalayır dünya demokrəsini,
Amerika körpəsinin burnundan qan açılır,
qardaş qardaşı əzir, bacı bacını,
sunamilər yapon ağlını zorlayır,
tornadolar ingilisin gücünü,
islam yixıb ərəbləri altına,
xərçəng yeriyib İranın içinə-içalatına,
bir az fransız,
bir az alman olmaq istəyir adam,
urus sosializmdə qalıb payi-piyada…
Xəstələndik, yarımcanıq,
səhhətimiz işğaldadır,
köklü mədəniyyətimiz,
sənətimiz işğaldadır,
işğal olunub səsimiz,
işğal olunub sözümüz,
işğaldadır qara gözlü, qara qanlı vətənim,
namusumuz, qeyrətimiz işğaldadır…

Avarlar da, ləzgilər də, talışlar, udinlər də,
heyrətamiz işğaldadır,
hələ kürdlər, hələ tatlar,
tolerand bir dövlət kimi
sürətlənir islahatlar,
hər yorğan altından neçə-neçə millət baxır,
Adəmin, Həvvanın rəngi dəyişir,
insanlığımız min-min rəngə boyanır,
qonşumun qızı zənci bir uşaq doğub,
rəngi baxtından qaradı,
qoşun-qoşun lənət yağır,
bura haradı…
Bir qığılcımdan atəş yaranır, od yaranır,
tonqal çatılır,
millətlər millətlərə,
adətlər adətlərə,
insanlıq insanlığa qatılır,
Adəmi cənnətdən kimlər qovladı,
bizlər də çəkə-çəkə cənnətlər həsrətini,
qayıdırıq min illər keçdiyimiz yolu,
dönüb oluruq Adəm övladı,
qayıdıb oluruq Adəmin oğlu…
Bura Azərbaycandır,
damarından axan qapqara qandır,
burda nəsildən nəsilə keçir
ənənələr, adətlər,
oğlu doğulmuşlara düzənlənir
ən böyük ziyafətlər,
hədiyyələr qucaq-qucaq,
evlər, yarımadalar, zinətlər…
Doymur ki, insan gözü,
evdən çıxa bilmirəm xəcalətdən,
uşaqlar iqtisadiyyatdan doğulur,
nə uyduraq segidən,
nə uyduraq məhəbbətdən,
hərdən-hərdən səs gəlir
qulağıma qiyamətdən,
indi dur ayır görüm,
adətləri adətdən,
təriqəti təriqətdən,
dini dindən və milləti millətdən…
Nəsildən nəsilə ötürülür istedadlar,
meymun dönüb insan olamadı,
meymun olamadı atlar,
kürsülər ötürüldü nəsildən nəsilə,
ötürüldü hakimiyyətlər,
neft, qızıl mədənləri,
qorundu var-dövlətlər,
mənə nəsildən nəslə əzablar ötürüldü,
oxunmuş oxunmamış kitablar ötürüldü,
artıq yemədik bir tikə belə qismətdən,
tanıdılar kökümüzü,
tanıdılar nəslimizi abırdan, həyadan, ismətdən,
indi baxın kimdə var, bu duruşdan,
bu görkəmdən, bu qamətdən,
uşaqlar sevgidən doğulur,
hərdənbir siyasərdən…

Sən Adəm övladı, mən Adəm oğlu,
hamımız allaha bağlı,
hər birimizdə qocalır allah,
qarıyır allah,
bitir hər gül kolunda,
hər ağac quruyanda quruyur allah,
axar sularda səsi var,
hər canda öz nəfəsi var,
insandı ən yaxın simsarı,
qalx qardaşım varıb gedək Adəmə sarı.

Min hiylədən, min məkrdən,
min kələkdən keçib gedək,
Səddamdan, Qəddafidən,
Mübarəkdən keçib gedək,
yağışnan qayıdaq, doluynan, qarnan,
tufandan, qasırğadan,
küləkdən keçib gedək,
dağılsın aralıqdan Çin səddi, Çin hasarı,
qalx qardaşım varıb gedək Adəmə sarı.

Ölkələr saynan qürurlanır,
qitələr mənimsəyir torpaqları, suları,
bu rus, bu türk, bu milyard yarımlıq çiınlı,
gör kimlərdir möhtəşəm, kimlərdir qanım içən,
güləşdə diz çökdürdü Amerikanı çeçen,
gəl, təkbətək vuruşaq,
gücümə gücün çatmaz, səsimə səsin,
tülkülər, çaqqallar sürüynən gəzir,
tək və qüvvətli olan şir, aslanlar neyləsin,
Amerikalı Verbax öz sinəsində bir gün,
ağladırdı kamanı, danışdırırdı tarı,
gəl qardaşım varıb gedək Adəmə sarı..

Okeanları, dənizləriynən,
safları, təmizləriynən,
qarğanmışlariyıq, lənətlənmişləriyik,
cəhənnəmləşmiş, cənnətlənmişləriyik,
ormanını, meşəsini atıb gedək,
nərgizini, bənövşəsini atıb gedək,
dağlarından, düzlərindən ayrılıb,
Göy-gölümün yaşıl gözlü gözlərindən ayrılıb,
baxtımızda uçub gedir ünvansız durna qatarı,
dur qardaşım varıb gedək Adəmə sarı…

Adəmnən də o yana yol var qardaşım,
havadı, sudu, bir də torpaqdı,
Allahdı əzəlimiz, sonumuz,
Allahdı, allahdı, allahdı…

# 1692 dəfə oxunub

Müəllifin son yazıları

# # #