Əsgərlər səngərdə nə oxuyurdular? ARAŞDIRMA

Əsgərlər səngərdə nə oxuyurdular? ARAŞDIRMA
27 noyabr 2014
# 15:42

Birinci dünya savaşı zamanı əsgərlər döyüşdən kənar əsasən hansı kitabları, romanları, əsərləri oxuyurmuşlar? Bu yaxınlarda Fransada bu müdhiş “müharibə kitabxanası” haqda Müasir və Beynəlxalq Sənədli Əsərlər Kitabxanasının məsul işçisi, tarixçi Benjamən Jilin “Səngərlərdəki kitab və qəzetlər” adlı kitabı dərc olunub. Kitabdakı əsas məqamlar Fransanın həftəlik “le Nouvel Observateur” jurnalında dərc edilib. Kulis.az həmin yazını jurnalist Fuad Qulubəylinin tərcüməsində oxuculara təqdim edir.

Əlbəttə, 1914-cü ilin payızı ədəbiyyatıyla deyil, daha çox ölümcül tarixiylə yadda qaldı. Dörd il yarım ərzində günə 800 adamın ölümüylə başa gəlmiş bu savaşda əsgərlərin nə oxuduqları haqda sorğulamaq elə də etik hərəkət olmazdı. Amma gənc bir tarixçi risk edib bu araşdırmanı aparıb və ortalığa olduqca ilginc bir iş çıxardıb. İlk növbədə, o, öz araşdırmasıyla bizi bu müharibəyə başqa gözlə baxmağa sövq edir. Fransız əsgərlərinin nəyi oxumalarından onların düşüncələrindəki müharibənin təkamülünü görmək mümkündür. Onların müharibədə pusquda gözləmə, qorxu və hücum kimi yaşadıqları vəziyyətlərə də həmçinin oxunmuş səhifələr arasında rast gəlmək olar.

Mütaliə ilə müharibənin biri-birinə heç cür uyğun gəlmədiyini fikirləşirsən. Əsgərlər də ilk olaraq yaxınlarına özləri haqda məlumat verməyə, onları sakitləşdirməyə çalışırdılar. Bunu bilən ticarətçilər isə cürbəcür reklamlar vasitəsi ilə öz cəlbedici qələmlərini, dəftərlərini və bloknotlarını heç bir seçimi olmadan yerlərində möhkəm dayanmış bu qeyri-adi müştərilərinə satmağa çalışırdılar.

Ancaq yaxınlarına sağ olduğu haqda məlumat verdikdən sonra əsgər dərhal məlumatlanmağa can atırdı. Səngərlərdə ilk oxunan da elə o vaxt bütün Fransa üzrə 10 milyon tirajlıq qəzetlər olurdu. Bu gün belə tiraj haqda ancaq xəyal etmək olar. Belə ki, birinci dünya savaşı ərəfəsində kitab və qəzetlər ölkənin mədəni məkanını zəbt etmişdi. Hələ heç vaxt bu qədər müxtəlif kitab və əsərlər belə çox sayda nəşr edilməmişdi, mətbuat belə çox yayımlanmamışdı.

Fransanın "Le Petit Parisien", "Le Matin", "Le Journal""LEcho de Paris" kimi gündəlik mətbu orqanlar mətbuat bazarını ələ almışdılar. 1915-ci ildə senzuraya - biz düşündüyümüz kimi elə də kəskin olmayan - və yalan təbliğata qarşı çıxan "Le Canard enchaîné" (Fransada həftəlik dərc olunan məşhur satirik qəzet) işıq üzü gördü və bu dərgi başqalarının deyə bilmədiyini yenə də göstərə, çatdıra bilirdi.

Ən çox çatışmayan kitablar idi

Daha sonra sırada romanlar gəlirdi. 1870-ci il savaşı zaman baş verənlərin və Sedan məğlubiyyəti haqda deyilənlərin bir daha təkrar edilməyəcəyinə əmin olmaq üçün əsgərlər yenə də Emil Zolyanın "Darmadağın" əsərini oxuyurdular. Tarixçi Benjamen Jilin sözlərincə, o vaxt əhalinin savadsızlıq səviyyəsi bugünkündən ikiqat çox idi. Ona görə də əsgərlər çox oxuyurdular. Arada bunu, həmçinin sonu görünməyən hərb aləmini ələ salmaq üçün də edirdilər. Bunu Lüsyen Deskavın "Çavuşlar" (hərbi roman) əsərinin əsgərlər arasında böyük uğur qazanmasından da anlamaq olar.

Lakin, tamamilə yeni qavrama və izahat ehtiyacını yaradan müharibənin çap işlərinin yayılmasında hərəkətverici qüvvə olmasına baxmayaraq, o, eyni zamanda artıq mövcud olan prosesi gücləndirirdi. Əslində, oxumaq mədəniyyəti ovaxtkı "Belle Epoque" ("Gözəl dövr") dövrünün Fransasına dərindən işləməsəydi əsgərlərin səngər vərdişlərinə bu qədər güclü təsir eləməzdi.

1914-cü ilin yayının ən əhəmiyyətli tirajları zövqlər haqqında çox şeyi eyir; Götenin "Gənc Verterin iztirabları" (42 000 nüsxə), Şarl Güyonun "Şimal Qütbünün fəthi" (30 000), nəhayət Jan de Belkerin "Səssizliyin qiyməti" (150 000). Ancaq elə ilk döyüşlər başlar-başlamaz, alman müəllifləri sıradan çıxaraq, yerini Mark Tven, Herbert Corc Uells, Edqar Allan Po kimi "müttəfiq" yazıçılara verdi.

1914-cü ilin oktyabr ayının sonunda incəsənət üzrə tarixçi Eli For həyat yoldaşına məktubunda bunları yazır: "Ən çox çatışmayan kitablardır". Səngərlərdə top atəşləri altında humanitar elmlərə dair ədəbiyyatı acgözlüklə oxuyan Mark Blok kimi alimin timsalında, mülki həyatlarındakı oxuma vərdişlərini burda da davam etdirən professorları, elm adamlarını da görə bilərik. Yəni burada əsgərlərin kitab seçiminə təsir göstərən amillərdən biri də, onların alıcılıq qabiliyyəti idi.

Gündəlik 2-6 frank qazanan fəhlə çox keçmədən qəzetlə kitab arasındakı iqtisadi tənliyin həllini tapa bildi. Bir kitabın orta hesabla 3,5 frank, bir qəzetin 5 sentim (qəpik) olmasına baxmayaraq, əsgərlər bölmələr şəkilində çap edilən romanları hissə-hissə qəzetlərdən oxuyurdular. Onların ən məşhuru - Anri Barbüsün "Alov"u "Axmaqlar "Əsər" oxumaz!" şüarı ilə çıxan "l'Oeuvre" (Əsər) adlı qəzetdə dərc olunurdu.

Əsgərlər Anri Barbüsün "Alov" romanına heyran idilər. Bu kitab böyük uğur hesab olunurdu. Müharibədə könüllü iştirak etmiş müəllif, öz hekayəsini sənədli və gerçək şəkildə göstərmək məqsədi ilə, sıravi əsgərlərin jarqonlarından istifadə edirdi. İki il ərzində 250 min nüsxədə nəşr edilmiş "Alov" arxa cəbhədə olduğu kimi, cəbhədə də öz oxucularını tapa bilmişdi.

Bu qeyri-adi kitab döyüşçülərlə onların ailələri arasında daha çox körpü rolunu oynayırdı. Barbüs bu əsərində öz həqiqətini təsvir edir və bunu 1915-ci ildə xanımına yazdığı məktubunda da deyir:

"Səngərlərin dəlmə-deşiklərində, hansısa yerlərdə qalaq-qalaq öldürülmüş almanlar, bükülmüş və yalvarış edən vəziyyətlərdə qalmışdılar. Qarşımıza qoyulmuş bu əlçatmaz və inanılmaz vəzifə üfüqə doğru uzanan bütün bu geniş əraziləri bizə qaytarmış olsa da, sanki hər şeyi məhv etmişdi".

İki oğlu Avstriya ordusunda vuruşan Ziqmund Freyd özü də bu fəlakətin miqyasını dərk etmişdi. Artıq onda 1914-cü ilin ehtirası qalmamışdı. Almanlar öz növbəsində, Reyxin güclü şəkildə tövsiyə etdiyi təbliğat xarakterli materiallar istisna olmaqla, daha çox "Yas və melanxoliya" (1917) kitabını oxuyurdular. Burada məşhur psixoanalitik doğma adamın itkisinin heç cürə "bərpa" oluna bilməyəcəyini izah edir.

Oxu, həm mülkü vətəndaşlara, həm də səfərbər olunmuşlara cəbhədə nələrin baş verdiyini anlamaqdan ötrü onlara əlavə psixi qabiliyyət verirdi. Oxunan kitablar arasında Lev Tolstoyun "Hərb və Sülh"ünə və yaxud Blez Paskalın "Düşüncələr" kimi əsərlərinə də rast gəlmək olardı. Həkim Moris Bedel "Müharibə gündəliyi" adlı kitabında bunları qeyd edir :

"Müharibə vaxtı çox kitab oxuyurduq, zabitlər daha çox oxuyurdular. Biz, əlbəttə ki, daha çox nüfuzlu müəlliflərə üstünlük verirdik".

Burada Zolya, Kiplinq, Rable, Monten, Bodler və yaxud 1919-cu ilə doğru tirajı yarım milyonu ötən "İslandiya balıqçısı"nın müəllifi Pyer Loti kimi yazıçılardan sitatlar da gətirilir. Buna rəğmən, Moris Bedel yazır:

"Müharibə haqda düşüncələrə dalmaq döyüş meydanında mümkün olası iş deyil... Bu miskin meyitlər sizdə heç bir mühakimə azadlığı qoymur".

Bununla belə, sonu görünməyən müharibə və 8 milyon əsgəri əsl kütlə bazarını təmsil etməkdəydilər: "Vəziyyətə görə öz davranışlarını uyğunlaşdırmağa məcbur olan yalnız cəbhədəki oxucular deyildi. Nəşriyyat evləri və redaksiyalar da həmçinin bu döyüşən oxucu ordusunun gözləntilərinə uyğun təklif verə bilmələri üçün, öz fəaliyyətlərinə lazımı dəyişiklikləri daxil etməli olmuşdular. Bir sözlə, müharibə oxu prosesinə toxunduğu kimi, mütaliənin inkişafına xidmət edən strukturlara da eyni dərəcədə təsirini göstərmişdi".

Dəftər-qələm satan tacirlərin ardınca, Larousse (Larus - Fransada nəşriyyat evi) gündəlik hərbi xəbərlərə dair kitabçalar, Charpentier (Jorj Şarpantye - fransız naşiri) isə cib formatında klassiklərin əsərlərini təklif edirdilər. Naşirlər özlərini bu qeyri-adi oxucuların tələb və ehtiyaclarına görə uyğunlaşdırmışdılar. Çünki məlum məsələdir ki, oturaq səngər müharibəsi oxu prosesini gücləndirir, hərəkətli döyüşlər isə onu ləngidir.

Üstəlik, əsəb gərginliyi, bombardmanlar, ölüm qorxusu kimi faktorları da arxa plana atmaq olmaz. Oxuya sərf edilən vaxt qısa olur, çox vaxt yarıda kəsilir. Bu üzdən tez oxunan felyeton, qısa mətn, şeir və antologiyaların belə uğur qazanması başa düşüləndir. Bir sözlə, Alfred de Vini, Molyer, yaxud da Benjamin Konstantı çox vaxt boz-mavi əsgər formalarının ciblərində tapmaq olardı. Bir fransız əsgəri öz xatirələrində yazır:

“Sərt yağış altında daş kimi olmuş plaşıma bürünərək, dəbilqənin alnımdakı ağırlığı ilə yırğalanaraq yeriməyə çalışıram. Qabağa baxıram. Sonra isə, bütün bu olanları artıq görməmək üçün ağır, donmuş, his iyi verən, amma yenə də dadlı olan şokoladlı düyünün qalıqlarını yeyə-yeyə, saralmış balaca bir kitabı, iki qəpiyə aldığım "Təhlükəli əlaqələr" romanını oxumağa başlayıram.”

1916-cı ildən etibarən, bir gündə 50 mindən çox əsgərin itkisi ilə başa gəlmiş Somma hücumunun uğursuzluğundan sonra bitməyən müharibə ovqatı və psixi olaraq bu cəhənnəm əzabından qurtulmağın vacibliyi fikri hökm sürürdü. Buna görə də Jorj Kurtelin, Jül VernPol Fevalın əsərləri oxunurdu. Almanlar isə yenə də vətənpərvər ruhlu ədəbiyyata köklənmişdilər. 1917-ci ilin hərbi böhranının sonlarına doğru oxuya olan maraq yenidən özünü göstərməyə başlayır və bu böhran çap materiallarının səngərlərdə tutduğu yerə dair düşüncələrdə əsas rol oynayır.

Nəticədə, arxa cəbhədə mücadilə aparan ziyalıların səsləndirdiyi boş-boş millətçi fikirlərin əksinə olaraq, bu oxucular bizdə müharibə haqqında tam başqa bir təsəvvür yaradırlar. Əsgərlər müharibəni unutmaq üçün deyil, özlərini unutmaq, çox güman, bir anlıq da olsa can alan fələkdən yan keçmək, bəlkə də bir daha görməyəcəkləri insanlar haqqında artıq düşünməmək üçün oxuyurdular. Çünki ədəbiyyat dua kimidir, ətrafında hər şey dağılanda, təsəlli verən məhz o olur. Bizə güclü olmağa, hətta olduqca dəhşətli reallıq haqqında yalan danışmağa imkan verən də elə ədəbiyyatdır.

Benjamin Jil bunu öz kitabında çox güclü çatdıra və üstündən bir əsr ötsə də bu sonu olmayan tarix haqqında deməyə həmişə nəyinsə olduğunu bizə göstərə bilib.

# 2835 dəfə oxunub

Müəllifin son yazıları

# # #