“Yazıçı-dramaturq İsi Məlikzadə - 90” adlı kitab sərgisi açıldı

“Yazıçı-dramaturq İsi Məlikzadə - 90”  adlı kitab sərgisi açıldı
1 may 2024
# 10:40

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq İsi Məlikzadənin anadan olmasının 90-cı ildönümü tamam olur. Bu münasibətlə Milli Kitabxanada yazıçının həyat yolu, fəaliyyəti və yaradıcılığını əks etdirən “Yazıçı-dramaturq İsi Məlikzadə - 90” adlı geniş kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə yazıçının böyük ustalıqla qələmə aldığı əsərləri, redaktə etdiyi kitablar, həyatı və yaradıcılığı haqqında nəşr edilmiş ədəbiyyatlar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, ötən əsrin 60-cı illərinə məxsus ədəbi nəslin parlaq nümayəndələrindən olan yazıçı-dramaturq İsi Abbas oğlu Məlikzadə 1934-cü il mayın 1-də Ağcabədi rayonunda sənətkar ailəsində anadan olub. Onun zəngin, orijinal yaradıcılığı çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur.

İsi Məlikzadənin “Həsrətin sonu” adlı ilk kitabı 1964-cü ildə işıq üzü görüb. Sonrakı illərdə isə “Özgə anası”, “Kövrək qanadlar” , “Küçələrə su səpmişəm”, “Yaşıl gecə”, “Günəşli payız”, “Dədə palıd”, “Gümüşgöl əfsanəsi”, “Şehli çəmənlərin işığı”, “Dolaşaların Novruz bayramı” adlı kitabları nəşr olunub.

Onun ssenariləri əsasında bir çox bədii filmlər, o cümlədən, "Ağ atlı oğlan", "Evin kişisi", "Gəl qohum olaq", "Gümüşgöl əfsanəsi", "Kişi sözü", "Küçələrə su səpmişəm", "Qoca palıdın nağılı", "Pəncərə", "Qanlı zəmi", "Güllələnmə tarixə salınır" kimi yaddaqalan kino nümunələri çəkilib, “Sağlıq olsun”, "Qatarda", “Gəl qohum olaq”, “Soltanqulu körpüsü”, “Subaylarınızdan görəsiniz”, “Hərənin öz ulduzu” və “Məndən nigaran qalmayın” pyesləri Azərbaycan teatrlarının səhnələrində tamaşaya qoyulub.

Müasir Azərbaycan ədəbiyyatının inkişafında xidmətləri olan İsi Məlikzadənin bir sıra əsərləri rus və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə olunaraq oxuculara çatdırılır.

# 681 dəfə oxunub

Müəllifin son yazıları

# # #