Modernizm kultu - II YAZI

Modernizm kultu - <span style="color:red;">II YAZI
12 noyabr 2015
# 21:00

Kulis tənqidçi Elnarə Akimovanın “Azərbaycan poeziyasında yeni təfəkkür kultu – Modernizm” məqaləsini təqdim edir.

Birinci yazını burdan oxuya bilərsiz.

II YAZI

“...incəsənətdə tərəqqidən söz belə gedə bilməz. Tərəqqiyə qeyri-təbii inam Avropa mənəvi tarixinin irəli sürdüyü ən şübhəli anlayışlardan biridir və onun incəsənətə heç bir aidiyyatı yoxdur. Məhz modernizm estetikasında gerçəkliyin yeni qavrayışı tipindən söhbət gedir. Oxşarlıq prinsipinə əsaslanan incəsənətə imkanları tükənmiş, ölü sənət kimi baxılır, onu illüzor, xəyali, bizim dünyaya münasibətimizə heç bir yenilik gətirməyən sənət kimi təyin etmək olar. (O, digər mədəni kontekstdə qənaətbəxş fəaliyyət göstərə bilərdi, ancaq indi belə kontekst yoxdur.)” – 1966-cı ildə modernizmin manifestini yazanlardan olan Espen Hovardsholmun fikirləridir bunlar. (Modernizm. Tarixi-fəlsəfi tədqiqat. “Cahan” jurnalı, 1997, N-3).

Dünya mədəniyyətində bu prosesin, modernizmin yetişməsinin bir neçə səbəbini göstərmək olar. İlkin səbəb elmin, rasional düşüncənin dini ideyalara qarşı etirazından mayalanır. Məlumdur ki, bütün orta çağ ədəbiyyatı daha çox dini düşüncənin, inanclar sisteminin təsiri altında formalaşmış, sxolastik fəlsəfənin hüdudlarında gəzişmişlər. Bu düşüncə, dini baxış sistemi azad fikrin gəlişməsini əngəlləyir, daha çox elm və fəlsəfəni dinlə birləşdirməyə və bu yolla öz mövqeyini möhkəmləndirməyə çalışırdı. XV əsrdən başlayaraq dünya ədəbi-fəlsəfi fikirdə yeni düşüncə dövrünə qədəm qoydu. Bəşəriyyət üzünü antik ədəbiyyata tutub, bu ədəbiyyatın örnəklərini yeni zamanın müstəvisinə çıxarıb onları diriltməyə çalışdı. Dünya ədəbiyyatında İntibah dövrü başladı. Humanizm ideyası, İnsan konsepsiyası yenidən sənətin, ədəbiyyatın məhvərində dayandı. Əlbəttə, deyə bilərik dünya ədəbiyyatında XV əsrdə qabaran insan amili bizim milli ədəbiyyatımızda hələ XII əsrlərdə Nizaminin poemalarında konsepsiya səviyyəsindədir. Yaxud daha əvvələ ekskurs etsək görərik ki, ədəbiyyat yarandığı gündən ondakı kosmoteosentrik başlanğıc daim güclü olmuş, dünyanı küll halında görmək arzusu, qlobal vəhdət, humanizm prinsipi qabarıqlığı ilə seçilmişdir. Qədim Misir, Yunan ədəbiyyatlarında, klassik ədəbiyyatın bir çox nümunələrində, dünya poeziyasının incilərində insan ali dəyər statusunda təqdim olunmuş, dünyanın vəhdəti ideyası təməl prinsip kimi təlqin olunmuşdur. Diqqət edək: Yeddinci əsr hind şairi Bhartrihari “Üç şataka” (“Üç yüz”) poemasında yazırdı:

...Yer kürəsi! Yer kürəsi!

Qitələrinlə, okeanlarınla

Nəsən sən?

Kainatda kiçicik bir atom!

Bu kiçicik bir atomu da

Çoxlu-çoxlu hökmdarcıqlar

Tikə-tikə bölməyə can atırlar.

Bundan ötrü

Dəhşətli müharibələr aparırlar!..

Ey dünyayaradılışının əzəli!

Mən bizi həyat çevrimlərinin

Zəncirində saxlayan Cəhaləti ataraq

Kainatla canbirqəlbdən qovuşuram.

Əlbəttə, belə nümunələrin sayını istənilən qədər artırmaq olar. Demək istədiyimiz odur ki, ədəbiyyat, bədii söz sənəti yarandığı gündən böyük sənət əsərlərinin bir ali qayəsi olmuş və bu qayə hər zaman dominantlığını qoruyub saxlamışdır. Təsadüfi deyil ki, 1990-cı illərdə modernizə cəhdlərinin yenidən gəlişməyə başladığı illərdə ədəbiyyatın klassik irsə, daha əsaslı şəkildə isə Nizaminin yaradıcılığına müraciətinin zəminində onlarda ehtiva olunan insan konsepsiyasının bütövlüyü dururdu. Bu illərdə ədəbiyyatşünas-alimlərdən B.Nəbiyev və Ş.Salmanovun birgə yazdıqları "Əbədiyyətin sirri", Y.Qarayevin "Ortaq Şərq-islam intibahı-Nizami Gəncəvi", T.Kərimlinin "Niza­minin "İskəndərnamə" poeması və tarix", X.Əlimirzəyevin "İnsana inam poeziyası" və s. kimi məqalələrdə Nizami yaradıcılığının aparıcı mövzusu olan İnsan problemi xüsusi olaraq aktuallanır, böyük şairin poetik insan fəlsəfəsinin kamilliyi onun ölümsüzlüyünün, əbədiyyətinin qarantı kimi ifadəsini tapırdı.

B.Nəbiyev və Ş.Salmanov "Əbədiyyətin sirri" adlı məqalədə Nizami poeziya­sına məxsus bu cəhəti əsas götürərək yazırdılar: "… Nizami kimi sənətkarların ölümsüzlüyünün səbəbi onların öz əsərlərində dövrlərinin mənəvi təcrübəsi əsasında konkret tarixi materialın kontekstində ümümbəşəri problemləri qoyub həll etmələridir, insanı onun mövcudluq problemlərinin dəyişməz mənəvi və sosial dəyərlər sınağında dərk etmək qüdrətindədir. Elə problemləri ki, insan həyatı, İnsan fikri və duyğuları üçün həmişə aktual və canlıdır; elə problemləri ki, bəşəriyyətin qarşısında həmişə bütün kəskinliyi və ciddiliyi, möhtəşəmliyi və kəskinliyi ilə durmuş və durmaqdadır …".

Nizami ona görə böyük şairdir ki, yaradıcılığında lokal xarakterli məsələləri deyil, bütün bəşər miqyasında düşündürən problemləri ehtiva edə bilmişdir. Bədiiyyatın daim aparıcı mövzusu olan insana, onun daxili aləminin təkamülünə vara bilmişdir. Bu mənada, daxili mükəm­məllik, mənəvi kamilliyə bir dəyər kimi əlahiddə ehtiyac duyulan 90-cı illərdə Nizami irsinə, onun yaratdığı "Xəmsə”yə istinad etmək bütün cəmiyyət miq­yasında duyulan narahatlığın, bəşəri harmoniyaya çağırışın əlaməti kimi simvolik məna daşıyırdı. "Ortaq Şərq-islam intibahı – Nizami Gəncəvi" adlı məqaləsində Y.Qara­­yev zamanın inkişaf ritmini, qanunauyğunluğunu dərk etmək üçün Nizami yaradıcılığının xüsusi rolu olduğunu bildirir, şairin məhz "insan dəyərinə xidmət edən sənətinə" özünüidraka, qlobal rifaha aparan müqəddəs, mənəvi mehrab kimi yanaşırdı. Buna baxmayaraq, Nizami yaradıcılığında dini ideyalara, islami dəyərlərə istinad vacib sayılmış, şair hər poemasına minacat, nət ilə başlamışdır. Bu amil isə ilk növbədə, dini inancın bədii düşüncə ilə birləşdirilməsinə xidmət etmiş, dini müqəddəsləşdirmək yolu tutularaq insan təfəkkürünün azadlığa uçuşu əngəllənmişdir.

Əlbəttə, modernizm dindən birbaşa imtina edən cərəyan deyil, əksinə “modernistlər varlığın universal başlanğıcının olduğuna israr edirlər, dinin özünü deyil, dini institutu, ənənələri, ehkamları, kilsə simvollarını tənqid edir”lər (Nərmin Kamal). “Bəşəriyyətin universal nevrozu” (Z.Freyd) kimi səciyyələndirilən bu ünvanlar sənətin muxtar başlanğıca qovuşmasına mane olan səbəblər sayılırdı. Milli ədəbiyyatımızda sənətin azad düşüncə kəsb etməsi dövrü XIX əsrdən, Mirzə Fətəli Axundzadə yaradıcılığından başlayır desək, heç də səhv etmərik. Bəllidir ki, Axundzadənin əsərlərindəki tənqidi pafos universal - bəşəri səciyyə daşıyır. Mirzə Fətəli milli ədəbi-estetik fikri Qərb, müasir Avropa bədii fikri ilə qovuşdurmuş, onlar arasında mənəvi təmas, ünsiyyət yaranmasına yol açmışdır. "Yaxın Asiya, Şərq miqyasında sosial-tarixi, ədəbi-estetik qanunauyğunluqlarla Avropa, dünya bədii-fəlsəfi ənənəsi arasında əlaqə, körpü vəzifəsini və rolunu Mirzə Fətəli icra edir" (Qarayev Yaşar).

M.F.Axundzadənin etdikləri öz zamanına görə əsl inqilab idi, M.Cəlilin sözləri ilə desək, “onun toxunduğu bütün mövzulardan qan iyi gəlirdi.” Təsadüfi deyil ki, 1990-cı illərin xaotik prosesləri zamanında meydana gələn nihilist meyllərin bir qismi bu böyük şəxsiyyətə tuşlanmış, onun öz zamanında ədəbiyyatda imza atdığı yeniliklər – modernizə cəhdləri ədəbi özbaşnalıq kimi səciyyələndirilmişdir: "Cəmiy­yətin bütün qəbahətlərini islamın və ərəb əlifbasının üstünə yıxan, … Avropa yaşayış tərzini nümunə hesab edən, atəşpərəstlik dövrünün həsrətini çəkən, türk tarixində və ədəbiyyatında bir dənə də müsbət nümunə görməyən Axundov cəfəng, qeyri-elmi və nökərçilik təbliğ edən zərərli ideyaları miras qoydu" (Xələfov V. Tarixi həqiqətimiz və bədii ədəbiyyatımız // Mərhəmət” jurnalı, 1991, №3). Əslində isə, Axundzadə dəyərləri bilərəkdən korlamış (dəyərləri qəsdən korlamaq yolunu tutan modernizmin “movizm” metodu haqqında nəzəriyyə isə rus elminə XX əsrin ortalarında Valentin Katayev tərəfindən gətirildi), cəmiyyətə, dinə, sənətə münasibətdə fərqli-fərdi baxış bucağından yanaşaraq müstəqil mövqe sərgiləmişdir. Füzuliyə inkarçı mövqedə dayanan, ona “...şair deyil, xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır” demək cəsarətində bulunan M.F.Axundzadə sənətin didaktik yönünü dəyişməyi təməl prinsip kimi irəli sürdü və öz prinsiplərinə tən gələn realizmin ilk nümunələrini yaratdı, islamı, dini tənqid edərək mövhumata deyil, maarifçiliyə yol açmış oldu. Nəticə olaraq, böyük ədib “Hamının eyni düşündüyü yerdə heç kəs düşünmür” prinsipinin neqativ təsirini duyaraq milli ədəbiyyatı Füzuli kimi yazmaq, ruhani kimi yaşamaq eyniyyətindən xilas edib fərd kimi düşünmək məcrasına yönəltdi və məhz, Axundovdan başlayaraq ədəbiyyat müstəqil düşünmək, yazmaq, cəmiyyətin daşlaşmış qaydalarından kənara çıxa bilmək hüququ əldə etdi. Axundzadə ilə bağlı son tədqiqatlarda artıq bu məqama diqqət güclənib, onun İnsanı, real həyat gerçəklərini ədəbiyyata gətirmək məqsədinə yüksək elmi-nəzəri düşüncədən nəzər yetirilməkdədir. Akademik İsa Həbibbəyli “Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri və “nazimi-ustad” məsələsinə yenidən baxış” məqaləsində yazır: “Böyük ədibin əsl şeir anlayışı geniş məna daşıyan, realist ədəbiyyat düşüncəsini ifadə edir. Burada aydın surətdə görünür ki, realizm ön sıraya çəkilmişdir. Mirzə Fətəlinin şeir haqqındakı görüşləri şeirdə romantik cizgilərlə yanaşı, daha çox realizmin, həyati təsvirlərin, canlı danışıq dilinin olmasına əsaslanır. Daha aşkar görünür ki, Mirzə Fətəli Axundzadə real həyati təsvirləri və sadə, təbii danışıq dili ilə insanı vəcdə və heyrətə gətirə biləcək şəkildə təsirləndirən nəzm nümunələrini əsl şeir, yəni realist ədəbiyyat kimi qəbul etmişdir. Şair deyil, “nazimi-ustad” adlandırdığı Məhəmməd Füzulinin şeirlərində isə incə lirizm, yüksək şeiriyyət olsa da, canlı danışıq dili ilə ifadə olunmuş insanı vəcdə gətirən təsirli real həyati təsvirlər yoxdur. Daha doğrusu, Füzulinin şeirləri dərin romantik düşüncənin obrazlı bədii ifadəsindən yoğrulmuşdur. Romantik şeirin qayəsi də, təsvir üsulları da bambaşqadır.”

M.F.Axundzadə həyatın realist təsvirini sənətin qarşısına qoymaqla özü də bilmədən modernist estetikanın gəlişməsinə qapı açmış olurdu. Yalnız izah etmək, monifestasiyalar irəli sürmək kontekstində deyil, həm də ağıl kultuna istinadən ədəbiyyatı dəyişmək, insanın daxili qüvvəsinə inanmaq, onu tarixin hərəkətverici qüvvəsi sanmaq mənasında./ədəbiyyat qəzeti.

# 1300 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #