Yox, dəli olmamışam, şəklinlə danışıram

Yox, dəli olmamışam, şəklinlə danışıram
24 fevral 2014
# 11:29

Kulis.az Mətləb Ağanın yeni şeirlərini təqdim edir.

Səni yuxumda gördüm;

şükür buna da sonda;

bir vaxt sonuncu dəfə

gördüyüm paltarında...

...bir yuxudu, bilirdim,

ötəcək, oyanacam...

əllərimə qısılıb,

yenə tək oyanacam...

səni çoxdan unudub

bu otaqda nə varsa...

yəqin ki, bu gedişlə

sən də unudularsan...

çıxıb getdiyin günün

daşı hələ başında...

nə yazır səhərəcən

göz yaşı balışında?..

güzgüyə bax hər gecə,

dua etməyə başla:

“bağışla bu qadını,

üzün varsa, bağışla...”

***

Qəfil düşdü soyuqlar,

birdən yağdı bu qar da;

ümid yoxdu bu qışa,

görüşərik baharda...

arxayın ol, ölmərəm,

ya ölsəm, eşidərsən...

ağlama, bu qış günü

şəklimi üşüdərsən...

əllərimi düşünmə,

yaxşıdı, şeir yazır;

indi masamın üstə

bir qələmdi, bir yazı...

....gözlərinə inanma,

mənim halım yaxşıdı...

bəlkə heç sən deyilsən

mənim sevdiyim qadın?..

...bu kimdi pəncərədə...

...sənsən, ya mən çaşıram?..

yox, dəli olmamışam;

şəklinlə danışıram...

# 1620 dəfə oxunub

Müəllifin son yazıları

# # #