Şeytan hardan girir qəlbə görəsən?

Şeytan hardan girir qəlbə görəsən?
20 mart 2013
# 08:45

Şeytan hardan girir qəlbə görəsən?

...Güllələr açıla, yaralanasan,

damarında gəzən qəlpə görəsən.

Nə ola bir dəfə ölüb-dirilib,

başının üstündə türbə görəsən.

Kimdənsə, nəyisə umub susuruq,

verməsə, üstünə cumub susuruq...

Biz ki, ağzımızı yumub susuruq,

şeytan hardan girir qəlbə görəsən?...

Əri olmayacaq nədən o qızın?

Ruh yaradanındı, bədən o qızın...

Yaxşı bax, yaxşı bax, gedən o qızın,

gələndə yanında körpə görərsən...

Bir palıd yıxıldı qayadan, öldü...

...Səndən, məndən qabaq körpələr olub,

səndən, məndən sonra körpələr oldu.

Bizim aramızda olan körpələr,

bizim aramızda körpülər oldu.

Doluya dəymədi boşlara dəyən...

Başlardı daşlardan daşlara dəyən...

Elə zaman-zaman başlara dəyən,

zərbələr çevrilib türbələr oldu.

O bizi yuxudan oyadan öldü...

Fırçaynan kətanı boyadan öldü...

Bir palıd yıxıldı qayadan, öldü,

şahidi dərələr təpələr oldu...

Deyəsən alnımda qırış yeridi...

...Dərələr, təpələr, ağaclar, quşlar,

gördüyün o yerlər örüş yeridi.

Ağacda sevişmək quşların haqqı,

budaqlar quşların görüş yeridi.

Bu ömür yoludu bax kələ-kötür,

bu yolda gör yaxşı nə varsa götür...

Adamlar hər yanda bir-birin ötür,

dünyanın hər yeri yarış yeridi.

O kimdi çağırdım səsə tərpəndi,

tərpəndi əlində əsa tərpəndi.

Elə bil alnımda nəsə tərpəndi,

deyəsən alnımda qırış yeridi...

Su səsi allahın səsidi bəlkə...

...Adamlar düşünüb dərk edə bilsə,

o səsi Allahın səsidi bəlkə.

Adamlar kar olub eşidə bilsə,

bu səsi Allahın səsidi bəlkə.

Çox şükür nə verib nədirsə ona...

Gələnlər üz tutub gedirsə ona...

Dalğalar ibadət edirsə ona...

...Qu səsi Allahın səsidi bəlkə.

Min ildi oyaqdı yatmır su səsi,

səsini səslərə qatmır su səsi...

Bütün səslər batır batmır su səsi,-

su səsi Allahın səsidi bəlkə...

Allahın hər adı istedadıymış...

...Çaylarsız dənizlər acından ölər,

çaylarsız dənizlər yaşaya bilməz...

Bax bu qayıqları, o gəmiləri

alıb kürəyinə daşıya bilməz...

O şair tək getdi qoşunun üstə ,

öldü yaş gəlmədi yaşının üstə...

Başdaşı qoydular başının üstə,

əyilməz başını daş əyə bilməz...

Biz məhkum olanda o azadıymış,

sənə yaxın olan mənə yadıymış...

Allahın hər adı istedadıymış,

istedad zülümə baş əyə bilməz...

# 1863 dəfə oxunub

Müəllifin son yazıları

# # #