Nüsrət Kəsəmənlinin döyüşdə olan nəvəsi: O, babasının varlığı ilə nəfəs alır – Müsahibə

Nüsrət Kəsəmənlinin döyüşdə olan nəvəsi: O, babasının varlığı ilə nəfəs alır – Müsahibə
11 yanvar 2021
# 17:06

Kulis.az Nüsrət Kəsəmənlinin oğlu, aktyor Rəşad Kəsəmənli ilə müsahibəni təqdim edir. O, Vətən müharibəsində iştirak edən və hazırda xidmətini davam etdirən qardaşı oğlu Cavidan Kəsəmənli haqqında danışıb.

- Rəşad bəy, bizə qardaşınız oğlu və onun döyüşlərə qatılması haqqında məlumat verməyinizi istərdik.

- Qardaşım oğlu Cavidan Kəsəmənli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. Ali təhsili bitirdikdən sonra isə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətə yollandıqdan üç ay sonra Vətən müharibəsi başladı. Təlimləri uğurla keçdiyi üçün o da müharibəyə qatıldı. Artilleriyada xidmət edir. Cəbrayıl və Zəngilanın alınması uğrunda gedən döyüşlərdə Cavidan da iştirak edib. Hazırda da hərbi xidmətini davam etdirir. Xidmətdən qayıtmağına hələ 6 ay var.

- Cavidan Nüsrət Kəsəmənlinin böyük nəvəsidir?

- Bəli. Cavidan Nüsrət Kəsəmənlinin böyük nəvəsidir. Cavidan mənim atam Nüsrət Kəsəmənlinin demək olar ki, varlığı ilə nəfəs aldığı bir oğlan olub.

Cavidan mənim yanımda kiçik qardaşım kimi böyüyüb. Doğulan gündən bizim yanımızda olub. Özünün dediyinə görə, bütün işlərində, ən vacib seçimlərində mənim ona böyük təsirim və dəstəyim olub. Elə İncəsənət Universitetinə daxil olmasında da mənim böyük təsirim olub. Xoşbəxtəm ki, o, mənim sənətimi davam etdirəcək. Şükürlər olsun ki, məhz onun uğrunda çəkdiyimiz zəhmətimiz yerdə qalmayıb.

Vətən Müharibəsində iştirakı zamanı da o, bizə yalnız fəxarət hissləri yaşatdı. Bu gün cavidan qalib bir ordunun qalib əsgəridir. Şükürlər olsun ki, bizim tarixi Vətən müharibəmizdən sağ çıxdı.

- Yəqin ki, bu gün Nüsrət Kəsəmənlinin də ruhu şaddır. Çünki onun nəvəsi də Vətən müharibəsindən alnıaçıq, üzüağ çıxıb. Atanız Qarabağ, Vətən sevgisiylə bağlı sizə nələr tövsiyə etmişdi?

- Qarabağ məsələsi həmişə Nüsrət Kəsəmənlinin ən ağrılı-acılı yeri olub. Nüsrət bəy Qarabağ kədərini heç vaxt pafoslu şəkildə ifadə etməyib, həmişə nisgilli və səmimi şəkildə ifadə edib. O, öldüyü günə kimi Qarabağ sevgisini və həsrətini içində daşıdı. Atam heç vaxt çoxları kimi boğazdan yuxarı danışmayıb. Məsələn, bəzilərinə sual veriləndə ki, sizin ən böyük arzunuz nədir? Onlar qışqıraraq deyirdilər ki, Qarabağdı.

Atam isə bunu fərqli şəkildə ifadə edirdi. Nüsrət Kəsəmənli şeirlərində də həyatdakı kimi səmimi idi. Ən gözəl şeirlər də elə məhz səmimi hisslərdən yaranır.

Nüsrət Kəsəmənlinin “Yaddan çıxmaz Qarabağ” poeması var. Bu əsər zamanında önə çəkilmədi. Səbəbini tam deyə bilmərəm. Ola bilər ki, bəzi qüvvələr bu poemanın daha geniş oxucu auditorityasına yayılmasının qarşısını aldılar və ya yayılmasını istəmədilər, maraqlı olmadılar. Halbuki, bu, Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunda olan ən gözəl əsərlərdən biridir. Amma Nüsrət Kəsəmənlini sevənlər bilirdilər ki, onun belə bir poeması var. Ümüd edirəm ki, Vətən müharibəsindən sonra Nüsrət bəyin “Yaddan çıxmaz Qarabağ” poeması da bu mövzuda ən çox oxunan əsərlərdən biri olacaq.

- Müharibə günlərində qardaşınız oğlu Cavidanla əlaqə saxlaya bilirdinizmi? Özünü necə hiss edirdi?

- Döyüşlər zamanı telefondan istifadə qadağan idi və çox təhlükəli idi. Ona görə də, əsgərimizlə çox az danışa bilirdik. İmkan tapdıqca, 10-20 saniyə bizə yığıb yaxşı olduğunu bildirirdi. Döyüş ruhu çox yüksək idi. Bir hədəfi var idi: Qarabağın alınması və çox şükür, buna da nail oldu.

- Cavidan ixtisasca sizin sənətinizi, aktyorluğu özünə peşə seçib. Sizcə müharibədəki iştirakı onun gələcək aktyor fəaliyyətinə necə təsir edəcək?

- Bəli, məndən təsirlənərək bu sənəti seçib. Əminliklə deyə bilərəm ki, o çox istedadlı bir aktyordur. Müharibə təbii ki, onun sənətinə də yaxşı mənada öz təsirini göstərəcək. Bilirsiz ki, yaxşı aktyor olmaq üçün həssas olmalısan və psixologiyanı da yaxşı bilməlisən. Müharibədə o həyatın ən çətin anlarını gördü. Məhz bu faktor da ona gələcək həyatında və karyerasında müsbət mənada böyük təsir göstərəcək.

- Sizcə Nüsrət Kəsəmənli sağ olsaydı, nəvəsinin Vətən müharibəsində iştirakını necə qarşılayardı?

- Sağ olsaydı ilk nəvəsinin Qarabağımız uğrunda gedən döyüşlərdə iştirakını böyük fəxrlə qarşılayardı. Bizi tanıyan insanlar bilirlər ki, ailəmizdə heç vaxt müharibədən qaçmaq və övlad gizlətmək məsələsi olmayıb. Mən Birinci Qarabağ müharibəsi zamanı Hüquq fakültəsində oxuyurdum. İkinci kursda olarkən müharibə dövründə könüllü olaraq ordu sıralarına yazıldım, təhsilimi yarımçıq qoyub hərbi xidmətə yollandım. Bəziləri məndən sirişurdu ki, sən nə üçün belə etdin? Deyirdilər “yəqin ağlını itirmisən. Bəziləri müharibə dövründə xidmətdən qaçarkən, sən özünü ölümə atırsan”.

Amma mən qərarımdan dönmədim. Qərarıma nə atam, nə də anam etiraz etdi. Sərhəd qoşunlarında xidmət göstərdim. Əsgərlikdən qayıdandan sonra isə hüquq təhsilimi davam etdirmədim və uşaqlıqdan arzusunda olduğum aktyor ixtisası üzrə təhsil almağa başladım.

- Bəs sizin ananız, Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə xanım nəvəsinin döyüşlərdə olduğunu biləndə necə reaksiya verdi?

- Düzünü deyim ki, anam bu müddətdə çox böyük həyəcan keçirirdi. Bu həyəcan təkcə öz nəvəsinə görə yox, bütün Azərbaycan xalqına və Azərbaycan əsgərlərinə görə idi. Hər gün gecə-gündüz xəbərləri izləyirdi. Bəzən qorxub televizoru söndürürdü ki, birdən bəd xəbər eşidər. Mən anama xəbərləri asta-asta çatdırırdım ki, çox həyəcan keçirməsin. Ümumiyyətlə, Cavidandan bizə 10 saniyəlik zəng gələndə anam Rəhilə xanım dünyanın ən xoşbəxt insanı, ən xoşbəxt nənəsi olurdu.

- Qələbəmiz münasibətilə xalqımız və əsgərlərimizə olan hisslərinizi yazdığınız bir şeirlə ifadə edə bilərsiniz?

- Bu hisslər böyük hisslərdir.Tarixi bir Qələbə qazanmışıq. İnşallah, Allahın köməkliyi ilə gələcəkdə bu zəfərimiz üçün şeirlər yazacağam. Mən hadisə aktual olan vaxt tez-tələsik o mövzuda nə isə yaratmağı, yazmağı sevmirəm. Adətən bu vaxt hamı çalışır ki, tez bu mövzuda nə isə hazırlayıb gündəmə gəlsin. Mən isə bu cür insan deyiləm. Şeirlərimdə öz təbii duyğularımı ifadə edirəm və gözləyirəm ki, məndə məhz o duyğular yaransın ki, onları şeir formasına salım.

- Hazırda Cavidan və onunla birlikdə Vətənimizi qoruyan əsgərlərimiz üçün “Əsgər salamınızı” eşitmək istərdik.

- Bu gün mənim oğlum, mənim nəvəm, mənim qardaşım oğlu deyə bir söz yoxdur. Bu gün bizi birləşdirən “Bizim” sözü var. Elə sizin “Bizim əsgər” rubrikasının adı kimi, bu söz bizi birliyə istiqamətləndirir. Kiminsə əsgər qardaşı bizim də qardaşımızdır. Kiminsə əsgər oğlu yeri gələndə bizim də oğlumuzdur.

Azərbaycan bu gün böyük bir ailə, böyük bir yumruq kimi birləşib və biz hamımız bu ailənin içindəyik. Şəxsən kimlərəsə fərdi şəkildə deyil, toplum olaraq bütün əsgərlərimizə həm öz adımımdan, həm də Nüsrət Kəsəmənlinin ailəsinin adından salamlarımı çatdırıram. Əsgərlərimiz bilməlidirlər ki, tək deyillər. Onlar hər an xatırlanırlar. Onlar rəşadətləri ilə böyük bir tarix yazdılar. Şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirəm.

Bu gün mən ehtiyatda olan bir zabit sayılıram. 46 yaşım var. Yaşıma görə məni səfərbərliyə götürmədilər, amma yenidən müharibə başlasa və hərbi səfərbərlik elan olunsa, biz də əsgərlərimizin yanında döyüşəcəyik. Salam olsun Azərbaycan əsgərinə! /Modern.az/

# 15390 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #