İsmayıl bəy Qutqaşınlı o kitabda niyə yoxdur?

İsmayıl bəy Qutqaşınlı o kitabda niyə yoxdur?
29 noyabr 2013
# 15:12

Bu günlərdə dostumuz prof. Alxan Bayramoğlu yenicə işıq üzü görən “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi oçerki” adlı kitabını mənə hədiyyə etdi. Onun bu təşəbbüsünü təqdir və növbəti əsəri münasibəti ilə təbrik etdim. Azərbaycan ədəiyyatı üçün ögey olmayan, bir az da dəqiq ifadə etsək, Azərbaycan tarixində və ədəbiiyatında parlaq, silinməz iz qoyan, lakin həmişə ögey münasibətə tuş gələn İsmayıl bəy Qutqaşınlı haqqında qısaca da olsa, oçerkin verilməməsi məni dərindən təəssüfləndirdi...

«Rəşid bəy və Səadət xanım» hekayəsi ilə Azərbaycan ədəbiyyatına ideya, mövzu və forma baxımından yenilik gətirən, «Səfərnamə» əsəri ilə publisistikanın səyahət oçerkinin əsasını qoyan İsmayıl bəy Qutqaşınlının (1809-1861) həyat yolu kimi ədəbi taleyi də çox maraqlı, eyni zamanda mükəddər və mürəkkəb olmuşdur. Ədəbiyyatşünaslığın İ.Qutqaşınlı irsinə laqeyd qaldığını söyləmək insafsızlıq olardı, amma İsmayıl bəyin həyat və yaradıcılığının tam araşdırıldığını, dəyərləndirildiyini də iddia etmək olmaz.

Azərbaycan əlyazmalarının toplanılması, mühafizəsi və tədqiqi sahəsində xüsusi xidmətləri olan prof.Cahangir Qəhrəmanovun təbirincə desək, bir Simurq quşu – Salman Mümtaz ədəbiyyatımızın saysız-hesabsız nəhənglərini zülmət dünyadan işıqlı dünyaya çıxarmışdır ki, bu azmanların cərgəsində general İsmayıl bəy Qutqaşınlının da adı var. S.Mümtaz onun «Rəşid bəy və Səadət xanım» adlı hekayəsini üzə çıxarmış, əsər və müəllif haqqında apardığı tədqiqatlarla bağlı dəyərli məqalələr yazmışdır (S.Mümtaz. Yüz il bundan əvvəl Azərbaycan nasiri. Hekayənin əldə edilməsi tarixçəsi. «Ədəbiyyat qəzetəsi», 11, 24 mart 1936, № 5, 6; «Rəşid bəy və Səadət xanım» hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin həyatı. «Ədəbiyyat qəzetəsi», 8 iyun 1936, № 14). Hekayə «Ədəbiyyat qəzetə»sinin 12, 24 iyul, 2 avqust 1939-cu il tarixli 24, 25, 26-cı nömrələrində dərc edilmişdir. Əsər kitab şəklində 1956-cı ildə nəşr olunmuşdur.

Sonralar Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Hidayət Əfəndiyev kimi görkəmli alimlər İ.Qutqaşınlının həyat və yaradıcılığı ilə bağlı bir sıra dəyərli məqalələr yazmışlar. Prof. Əziz Mirəhmədovun tapıntıları İ.Qutqaşınlı irsinin araşdırılmasında növbəti mərhələdir. O, ədibin «Səfərnamə» əsərinin bir parçasını üzə çıxarmış və «Rəşid bəy və Səadət xanım» adlı hekayəsi ilə birlikdə nəşr etdirmişdir (İsmayıl bəy Qutqaşınlı. Əsərləri. Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. Bakı, 1967. Redaktə, müqəddimə və qeydlər Əziz Mirəhmədovundur). Prof. Ə.Mirəhmədovun müqəddimə əvəzinə kitaba yazdığı «Qəribə tale» adlı sanballı, irihəcmli məqaləsində «həyatı, ədəbi irsi və ictimai fəaliyyəti başdan-ayağa dumana bürünmüş» (Ə.Mirəhmədov) İsmayıl bəyin tərcümeyi-halı və yaradıcılığı ilə bağlı bir sıra suallara cavab tapılmışdır.

Bundan sonrakı illərdə Ənvər Əhmədov, Nadir Məmmədov, Nərmin Tahirzadə, Kərəm Kərəmov, Yaşar Qarayev, Polşa alimləri Bohdan Baranovski, Ancey Xodubski və digərləri İsmayıl bəy Qutqaşınlının həyatı və irsinə müraciət etmiş, məqalələr yazmış, ədibin həyat və fəaliyyəti ilə bağlı müəyyən mülahizələr yürütmüşlər. Salman Mümtaz və Əziz Mirəhmədovdan sonra üçüncü Simurq – Ədalət Tahirzadə «qaranlıq dünyadan», pir və ocaqların daş-divarları arasından «Səfərnamə»nin yeni, bu vaxta kimi məlum olmayan parçalarını üzə çıxardı, uzunmüddətli və fədakar araşdırmaların nəticəsi kimi «Səfərnamə»nin yeni variantını tərtib etdi. Bu zaman istedadlı alim əsərin əlyazmasını Ə.Mirəhmədov nəşri ilə tutuşdurmuş, ehtiyac olduqca müəyyən düzəlişlər də etmişdir. 1967-ci ildən – «Səfərnamə»nin ilk nəşrindən 20 il (!) sonra əsərin nəzərdə tutulan təkmil və təkrar çapı da baş tutmamışdır. F.e.n. Ədalət Tahirzadənin gərgin, tükənməyən səyi sayəsində İ.Qutqaşınlının əsərləri, o cümlədən «Səfərnamə»nin son variantı yalnız 2003-cü ildə yenidən işıq üzü görmüşdür. (Hacı İsmayıl bəy Qutqaşınlı. Əsərləri. «Kür» nəşriyyatı, Bakı, 2003, tərtibçi və elmi redaktor Ədalət Tahirzadədir). Çox çətinliklə ərsəyə gəlmiş bu kitabda İ.Qutqaşınlının «Rəşid bəy və Səadət xanım», «Səfərnamə» əsərləri, prof.C.Qəhrəmanovun «Ön söz»ü, Ədalət Tahirzadənin «H.İ.Qutqaşınlıdan bilmədiklərimiz» adlı məqaləsi, eləcə də Salman Mümtazın «İ.B.Qutqaşınlıya dair sorğu», «Avropa təsirində yazılmış ilk hekayəmiz», «Rəşid bəy və Səadət xanım» hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin həyatı» adlı yazıları, tarixi sənədlər, məktublar toplanmış, bir sıra qutqaşınlışünas alimlərin fotoları verilmişdir. Maraqlı və təqdirəlayiqdir ki, adı çəkilən məqalədə Ə.Tahirzadə İ.Qutqaşınlının həyatının, irsinin tədqiqi tarixi barədə ətraflı bəhs etmiş, ədibin əsərlərindəki tarix, şəxs, yer adları ilə bağlı müvafiq qeydlər, şərhlər, izahlar vermişdir.

Bununla belə, İ.B.Qutqaşınlının tərcümeyi halı və yaradıcılığı ilə bağlı bütün məsələlərə aydınlıq gətirildiyini söyləmək olmur…

İstedadlı tədqiqatçı Ə.Tahirzadə «Hacı İsmayıl bəy Qutqaşınlıdan bilmədiklərimiz» adlı məqaləsində qeyd edir ki, onun adını eşidəndə, haqqında oxuyanda, yazanda ürəyimiz göynəyir, içimiz sızıldayır. Müəlliflə razılaşmamaq olmur. Ötən əsrin 30-cu illərində milli-mənəvi sərvətimizin düşmənləri müxtəlif adlar altında ədəbi irsimizə də qənim kəsilib: əlyazmalar «təndirlərdə yandırılıb», «araba-araba kitablar çaylara axıdılıb», «şəkillər tikə-tikə edilib», «yurd-yuvası özülündən dağıdılıb». Cəfər Cabbarlını intihara sürükləyənlər, Cəlil Məmmədquluzadəni öz əlyazmaları ilə «isidənlər», Əhməd Cavadı, Mikayıl Müşfiqi, Hacı Kərim Sanılını, Salman Mümtazı, Vəli Xuluflunu, Qantəmiri (Qafur Əfəndiyev), Hüseyn Cavidi, Müznibi (Əlabbas Əhmədov), Əli Nazimi, Seyid Hüseyni, Hənəfi Zeynallını, Məmməd Kazım Ələkbərlini, Yusif Vəzirovu (Çəmənzəminli), Tağı Şahbazini (Simurq), Sultan Məcid Əfəndiyevi, Əmin Abidi (Gültəkin), Ömər Faiq Nemanzadəni… daha onlarca digər qələm və kəlam sahiblərini güllələnməyə, edama, sürgünə yollayanlar əlbəttə ki, Azərbaycan ədəbiyyatı, mədəniyyəti qarşısında misilsiz xidmətlər göstərmiş İsmayıl bəy Qutqaşınlının da irsinin məhv edilməsində maraqlı olublar… və yeri gəlmişkən, bir sıra tədqiqatçılar İ.Qutqaşınlı irsinin də məhz 1937-ci ildə yoxa çıxdığını, məhv edildiyini iddia edirlər.

Bu gün qutqaşınlışünaslığın qarşısında duran aşağıdakı vəzifələrin həyata keçirilməsi məqsədəmüvafiqdir:

- həm Azərbaycan, həm də xarici ölkə tədqiqatçılarının qənaətinə görə, İsmayıl bəy Qutqaşınlının ədəbi irsi əlimizdə olan əsərlərlə məhdudlanmır, odur ki, bu istiqamətdə ciddi, planlı qaydada axtarışların davam etdirilməsi;

- tərcüməçi Səlimbəy Behbudovun əməyinə və əvəzsiz xidmətinə kölgə salmadan Azərbaycan realist-maarifçi nəsrin ilk nümunəsi «Rəşid bəy və Səadət xanım» əsərinin tərcüməsinin keyfiyyətinin mütəxəssis qrupu tərəfindən dəyərləndirilməsi, ehtiyac olduğu təqdirdə üzərində işlənilməsi, yaxud yenidən tərcümə edilməsi;

- orta və ali məktəb dərsliklərində İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığının öyrənilməsinə daha geniş yer ayrılması;

- jurnalistikanın nəzəriyyəsi ilə bağlı dərslik və vəsaitlərdə publisistikanın səyahət oçerkinin ilk nümunəsinin – «Səfərnamə»nin bir janr kimi dil, üslub, sənətkarlıq keyfiyyətlərinin geniş tədrisinin təmin olunması;

- Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, yaxud AMEA-nın Əlyazmalar İnstitutunda İ.Qutqaşınlı irsinə, onunla bağlı materiallara dair ayrıca fondun yaradılması;

- Moskva, Sankt-Peterburq, Varşava, Tiflis və digər şəhərlərdəki arxiv və kitabxanalardan İ.Qutqaşınlının həyat və yaradıcılığına dair materialların surətinin toplanılması;

- İ.Qutqaşınlının həyatı və yaradıcılığı ilə bağlı qeyri-dəqiq, əsası olmayan məlumatların ədəbi dövriyyədən çıxarılması, bu cür halların təkrarına yol verilməməsinin qarşısının alınması; (Məs.: Əbdül Hüseynovun «Azerbaydjantsı v istorii Rossiyi» adlı əsərində (Moskva, 2006, «Overley» nəşriyyatı) İsmayıl bəy Qutqaşınlıya həsr edilmiş məqalədə «Səfərnamə»nin 1867-ci ildə kitab şəklində nəşr edildiyi, İ.Qutqaşınlının Şamaxıda orta təhsil aldığı, 1871-ci ildə Şamaxıda vəfat etdiyi qeyd olunur, yaxud «Rəşid bəy və Səadət xanım» hekayəsinin bir sıra tragik Şərq əfsanələrinin – «Leyli və Məcnun», «Əsli və Kərəm»in təsiri ilə yazıldığına dair mülahizələr irəli sürülür. Bu cür mühakimələr İ.Qutqaşınlı şəxsiyyəti və irsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirməkdənsə, məsələni daha da mürəkkəbləşdirir);

- Coğrafiya və Kənd Təsərrüfatı sahəsində İ.Qutqaşınlının xidmətlərini əks etdirən materialların hazırlanması, nəşri;

- Q.Zakirin həbsdən azad olunması, ədibin Şamaxıdakı məmurluq, xeyriyyəçilik və maarifçilik fəaliyyətinin, o cümlədən Azərbaycanda yeni tipli ilk məktəbin açılması ilə bağlı xidmətlərinin araşdırılması;

- İ.Qutqaşınlının xatirəsinin əbədiləşdirilməsi, onun vaxtaşırı anılması üçün elmi sessiyaların, mədəni-kütləvi tədbirlərin keçirilməsi;

- «Rəşid bəy və Səadət xanım» hekayəsinin ekranlaşdırılması;

- hərb sahəsindəki xidmətlərinə görə onun təltif olunması ilə bağlı sənədlərin surətlərinin çıxarılması, adını daşıyan muzeydə «Azərbaycanın ilk generalı» guşəsinin yaradılması;

- İsmayıl bəy Qutqaşınlının fotosunun arxivlərdən, kitabxanalardan, şəxsi kolleksiyalardan tapılması (bəlkə yeganə azərbaycanlı generalıdır ki, bu vaxta kimi fotoşəkli tapılmamışdır);

- «Rəşid bəy və Səadət xanım» hekayəsinin ideya-bədii məzmunu, sənətkarlıq xüsusiyyətləri haqqında demək olar ki, bütün müəlliflər əsərin bu məziyyətlərini çox yüksək və layiqincə dəyərləndirirlər. Bununla belə, Salman Mümtazın bu fikrinin – «Rəşid bəy və Səadət xanım»ın «Avropa üsul və təsirində ilk hekayə yazan ədibimiz İsmayıl bəy, … ilk hekayəmiz də «Rəşid bəy Səadət xanım» adlı hekayəsidir» - qənaətinin ədəbi mühitdə birmənalı qəbul edilməsi;

- Podporuçikdən general rütbəsinədək yüksələn İ.Qutqaşınlının hərbi fəaliyyətinin ayrıca tədqiq olunması; (Mövzu ilə bağlı Rusiya arxivlərində (Rusiya Dövlət Hərbi-Tarix Arxivi (RQVİA), Rusiya Dövlət Tarix Arxivi (RQİA)) kifayət qədər material var).

Digər bir sıra problemlər də var ki, onlar da öz həllini tapmalıdır. Məs.: İ.Qutqaşınlının təvəllüdü və vəfatı tarixi müxtəlif mənbələrdə fərqli verilir. Maraqlıdır ki, bu zaman bəzən eyni məxəzə istinad edilir. Ə.Mirəhmədov yazır: «…qəbrinin kitabəsində təvəllüd və ölüm tarixi bu cürdür: hicri 1220-1287, səfər ayı, yəni miladi tarixlə: 1806-1869, avqust. Ə.Tahirzadə də İ.Qutqaşınlının qəbrinin başdaşındakı epitafiyaya istinad edir və yazır ki, yazıçı 1223-cü ilin Qurban bayramında, yəni 10 zilhiccədə – miladi tarixlə 27 yanvar 1809-cu ildə doğulub». «Kratkaya literaturnaya ensiklopediya»da (Moskva, 1966) İ.Qutqaşınlının təvəllüd tarixi 1801-ci il göstərilmişdir (III cild, səh.929-930).

Qəbri Qəbələdə olan İ.Qutqaşınlının vəfat etdiyi yer bəzi mənbələrdə Şamaxı, digərlərində Ağdaş göstərilir. Ədibin vəfatı tarixi ilə bağlı fərqli fikirlərə də (1861, 1869, 1871 və s.) bir aydınlıq gətirilməlidir.

İ.Qutqaşınlının təhsili, rus, polşa, türk, fars, ərəb dillərinə necə və harada yiyələnməsi barədə də fikirlər sənədlərdən daha çox ehtimallara əsaslanır. Bəzi müəlliflər onun Moskvada da yaşadığını yazır. Amma neçənci ildə, hansı müddətdə o Moskvada yaşayıb? Moskvada yaşayarkən nə işlə məşğul olub? Bu suallar da cavab gözləyir.

İ.Qutqaşınlının tərcümeyi-halının bəzi məqamları «sovet nağılı» formasında təqdim olunur: Günlər gəlib keçir, illər dolanır, İsmayıl böyüyür, ancaq o fərsiz çıxır, aciz və panpaq olur. Hacı Nəsrulla beş oğlundan birini Sankt-Peterburqa girov kimi göndərməli idi. Bu zaman o özünün böyük və görkəmli oğullarını dürlü-dürlü bəhanələrlə evdə saxlayır, kiçik yaşlı İsmayıldan çar-naçar əl çəkməyə məcbur olur. Əlbəttə, tərcümeyi-halın bu şəkildə təqdimi, başqa sözlə, Hacı İsmayıl bəy Qutqaşınlının «proletarlaşdırılması» yazıçının onsuz da «dumanlı» bioqrafiyasına bir qədər də tutqunluq gətirir. Görünür, bəy, sultan şəxsiyyətini, ailəsini, onların həyat və düşüncə tərzini tənqid, ifşa etmək, «ağaları» gözdən salmaq üçün İsmayıl bəyin tərcümeyi-halına da sinfi münasibət bəslənilmiş və ona da ideoloji don geyindirilmişdir.

Bu təsvir «açıq fikirli, uzaqgörən, tərəqqipərvər Sultan Nəsrullanın» şəxsiyyətinə (Hidayət Əfəndiyev. İsmayıl bəy Qutqaşınlının nəşri. Azərbaycan bədii nəsrinin tarixindən. Bakı, 1963) kölgə salmaqla, onun İsmayıldan başqa digər övladlarının haqqında «harın bəy uşaqları» təəssüratı yaratmaqla yanaşı, Peterburqdan gələn nümayəndə maymaq, gicbəsər yerinə qoyulur. Digər tərəfdənsə, təbii sual çıxır: 10-12 yaşlı, zəif və xəstə İsmayıl kadet məktəbinə necə daxil olur, 13-15 yaşında onu hərbi qulluğa necə qəbul edirlər?!

İ.Qutqaşınlının həcc ziyarəti bir tərəfdən Allah və bəndə qarşısındakı günahlarını yumaq kimi yozulur, digər tərəfdən və eyni zamanda onu – İsmayıl bəyi bu günahları törətməyə vadar edən çar – dövlət tərəfindən hərbi kəşfiyyat xarakterli məlumat toplamaq barədə tapşırıq verildiyi də ehtimal edilir. Əlbəttə, «Qutqaşın tərlanı»nın, «Şəki şahbazı»nın (Qasımbəy Zakir), «dərin düşüncəsi və sədaqəti» (Qafqazın baş hakimi baron Rozen) ilə ad-san çıxaran, gecə-gündüz at belində Peterburq, Varşava, Dağıstan, Urmiya, Tiflis, Çeçenistan, İrəvan, Gəncə kimi şəhərləri «su yoluna döndərən», Rusiya-İran, Rusiya-Türkiyə müharibələrində cəbhədən- cəbhəyə atılan İsmayıl bəyin səhhəti, boyu, fiziki naqisliyi haqda danışmaq yersizdir.

İ.Qutqaşınlının yaradıcılığı ilə bağlı irəli sürülən bir sıra fikirlər də suallar doğurur. Qutqaşınşünasların hamısı bu fikirdədir ki, onun bədii irsi iki əsərlə bitmir və Qutqaşınlıya dair monoqrafiyalar yox dərəcəsindədir. Digər tərəfdən tanınmış tədqiqatçı Ə.Tahirzadənin «Səfərnamə»nin əldə etdiyi yeni parça ilə başlayan tədqiqatı yazıçının öyrənilməsinin son mərhələsi adlandırılır.

İsmayıl bəy Qutqaşınlının «Səfərnamə»sinin qaralamadan Əli Mücrüm Tağızadə tərəfindən köçürməsi ilə bağlı mülahizələr də inandırıcı görünmür. Ə.Mücrüm Azərbaycan ədəbiyyatı muzeyinə satdığı 20 vərəqdən ibarət «Səfərnamə»nin əlyazmasının birinci səhifəsinə öz xətti ilə yazmışdır: «Əldə etmiş Əli Mücrüm Tağızadə…». Əlbəttə, İ.Qutqaşınlının kirillə qələmə aldığı «Səfərnamə»nin planındakı xətlə ərəb əlifbası ilə yazılmış mətndəki xətti müqayisə edib bu qənaətə gəlmək fikrimizcə, yuxarıdakı mühakimə üçün əsas ola bilməz.

«Rəşid bəy və Səadət xanım» hekayəsindən bir parçaya diqqət yetirin: «Ey, mənim əziz və mehriban dostum, Siz ki, başıma bu balaca Asiya hekayəsini yazmaq fikrini saldınız, Siz ki, bu qədər lütfkarlıqla mənim sərf-nəhv xətalarımı düzəldirsiniz, şübhəsiz, məndən soruşacaqsınız: «Niyə bu qədər müddətdə Rəşid bəydən bir xəbər verməyib yalnız Səadətdən danışarsan?». Bu cümlələr çoxlu mühakimələr, suallar doğurur. Ən əvvəl, bu parça qəti şəkildə təsdiq edir ki, «Rəşid bəy və Səadət xanım» hekayəsi müəllifin ilk qələm təcrubəsi deyil. Heç şübhəsiz ki, o artıq yazıçı kimi tanındığından, qələm sahibi kimi səsi-sorağı yayıldığından, kimsə ona bu mövzuda yazmağı təklif edir. Amma kim? Bu birmənalı şəkildə hörmətli Ədalət müəllimin söylədiyi kimi M.F.Axundzadə deyil. Çünki Salman Mümtaz haqlı olaraq, həmin hekayə yazıldığı vaxt 22-23 yaşlı M.F.Axundzadənin Gəncədə «mollalığa hazırlandığını» yazır.

Bu şəxsin kimliyini bilmək üçün, həm də ona aydınlıq gətirmək vacibdir ki, İ.Qutqaşınlı hekayəni Azərbaycan, rus, yoxsa fransız dilində qələmə almışdır. Böyük ehtimalla bu əsər fransız dilində yazılmışdır. Nəzərə alsaq ki, fransız dili həmin dövrdə Rusiyada yüksək təbəqədə çox populyar və hakim, elitar dil sayılırdı, eyni zamanda XIX əsrin əvvəllərində yaşayıb-yaratmış şöhrətli rus publisistlərinin böyük əksəriyyəti, ya tanınmış hərbçi ailəsindən çıxmışdı, ya da hərbçi idi, onlar isə Qafqaz həyatı ilə yaxından maraqlanırdılar. Həmin dövrdə Baş Ştabın zabitlərindən heç kim Polşaya getmək istəmirdi, ona görə istefaya çıxanlar da çoxluq təşkil edirdi (ətraflı bax: Feliks Kuznetsov. Publisistı 1860-x qodov. Moskva, «Molodaya qvardiya», 1981). İsmayıl bəyin cəsarətli addımı ona böyük nüfuz, hörmət qazandırmışdı. Odur ki, yaradıcılıqla məşğul olan və bu diyarın insanları, onların məişət və həyat tərzi ilə yaxından maraqlanan, Qafqazda xidmət edən rus publisistlərinin də bu ideyanı İ.Qutqaşınlıya verməsi ehtimal oluna bilər.

Səyahətnamələrin rus ədəbi mühitində çox populyar olduğu bir dövrdə İ.Qutqaşınlının da forma, üslub baxımından həmin əsərlərə oxşar «Səfərnamə»ni qələmə alması ədibin rus publisistlərindən təsirləndiyinə dəlalət edir. Təsadüfi deyil ki, prof. Əziz Mirəhmədov da araşdırmalarında bu cəhəti xüsusi vurğulamışdır: «Qutqaşınlının bu əsəri keçən əsrin (XIX əsrin – T.A.) 20-30-cu illərindən başlayaraq Rusiyanın müxtəlif mətbuat orqanlarında və elmi-bədii məcmuələrində tez-tez çap olunan «yol qeydlərini», habelə Yaxın və Orta Şərqdə dəbdə olan səfərnamə və ziyarətnamələri xatırladır». (Ə.Mirəhmədov. Qəribə tale. İ.Qutqaşınlı. Əsərləri, Bakı, 1967, səh.22).

Əlbəttə, İ.Qutqaşınlının həyatı və irsi ilə bağlı problemlər, mövzular çoxdur və onu bir məqaləyə yerləşdirmək mümkün deyil: ailəsi, Peterburqa aparılması, təhsili, müharibələrdə iştirakı, Polşa həyatı, Şamaxıdakı fəaliyyəti,.. «Rəşid bəy və Səadət xanım» əsərinin ədəbiyyatda yeri… və s.

İ.Qutqaşınlının Məkkəyə ziyarəti ilə bağlı təmiz, aydın Azərbaycan dilində qələmə aldığı əsər şərti olaraq «Səfərnamə» adlandırılmışdır. Doğrudur, bəzi müəlliflər əsəri «Yol qeydləri» kimi təqdim və təhlil edirlər. Əsəri «tarixi, mədəni-ictimai fikrimizin abidəsi» kimi qiymətləndirən görkəmli alim, prof.Yaşar Qarayev yazır: «İ.Qutqaşınlının «Yol qeydləri» bu janrda Avropa və Şərq «səyahətnamələri»nin ruhunda və məcrasında yazılıb. Doğma ana dilində, müasir, peşəkar elmi, ədəbi, nəzəri üslubda qələmə alınmış bu əsər XIX əsrin ortalarında elmi-publisist nəsr üslubunun ilk qiymətli, əvəzsiz abidəsidir». (Yaşar Qarayev. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər (iki min ili tamamlayan iki yüz il – XIX və XX yüzillər), Bakı, «Elm», 2002).

İ.Qutqaşınlı «Rəşid bəy və Səadət xanım»la bədii nəsrimizə Hidayət Əfəndiyevin təbirincə desək, yeni mövzu, yeni ideya, yeni forma, yeni üslub, yeni ifadə vasitələri gətirdi. Fikrimizcə, ədib «Rəşid bəy və Səadət xanım»la bədii nəsrin inkişafında hansı xidməti göstərmişdirsə, «Səfərnamə» ilə də publisistikanın formalaşmasında o rolu oynamışdır, bir az da dəqiqləşdirsək, İ.Qutqaşınlı bədii publisistikanın, onun ən oxunaqlı, populyar bir qolunun – səyahət oçerki janrının bünövrəsini qoymuşdur.

Əsərin mövzusu, süjeti, kompozisiyası, dil-üslub, sənətkarlıq problemləri, aktuallığı, elmi-ədəbi – tarixi-coğrafi – kartoqrafiya və etnoqrafiya, eləcə də avtobioqrafiya baxımından əhəmiyyəti əvəzsizdir, heç bir mübaliğəsiz səyahət oçerkimizin bu ilk nümunəsini həm də, klassik forması adlandırmaq olar. Çox təəssüflər ki, Azərbaycan ədəbi dilinin təşəkkülü və inkişafı mərhələlərindən yazan bir sıra tədqiqatçıların nəzərindən XX əsrin ortaları üçün heyrətediləcək dərəcədə təmiz, rəvan ana dilində qələmə alınmış «Səfərnamə» kimi möhtəşəm sənət nümunəsi kənarda qalmışdır.

Beləliklə, Azərbaycan tarixində ədəbi, hərbi, maarifçi və xeyriyyəçi fəaliyyəti ilə silinməz, əbədi iz buraxmış İ.Qutqaşınlının bizə məlum olan irsindən – xüsusi ilə «Səfərnamə»dən, onun ideya, məzmun, kompozisiya, dil, üslub, sənətkarlıq problemlərindən, əsərin əlyazmasının tapılması və tədqiqi tarixindən, aktuallığı və əhəmiyyətindən bəhs etdik. Bununla da, böyük tarixi simanın – xarici dildə yazılmış və xarici ölkədə nəşr olunmuş ilk yeni məzmunlu, yeni formalı hekayənin müəllifinin - çağdaş bədii nəsrimizin və publisistikanın səyahət oçerki janrının banisinin, qafqazşünasın, şərqşünasın, coğrafiyaşünasın, Azərbaycanın ilk generalının 205 illiyi ərəfəsində ictimaiyyətin və söz sahiblərinin diqqətini İ.Qutqaşınlı irsi və şəxsiyyətinə yönəltməyə çalışdıq.

Abid Tahirli, filologiya elmləri doktoru

# 10458 dəfə oxunub

Müəllifin son yazıları

# # #