AYB residivisti ifşa olundu

AYB residivisti ifşa olundu
28 yanvar 2013
# 16:58

Dəhşət və daha böyük dəhşətlər! Bu gündəlik aşkarlananda AYB-də əsl ictimai fəlakət yaşandı. Demə illərlə axtarışda olan residivist Mahirə Abdulla elə hamının qulağının dibindəymiş. Hətta 25 ildir AYB üzvüdür. 2008-ci ildə bu müqəddəs təşkilatda işə girib. Məharətlə gözdən yayınmağı bacarıb. Məsləhətçiliyi yetməmiş kimi ədəbiyyat fondu idarə heyətinin üzvü seçilib. Üstəlik “bditelnostu” itirib bu naşükürü, yaxşılıq itirəni ekspert qrupuna sədr qoyublar ki, duru keyflərə acı soğan doğrasın.

Heyhat çaşqınlıq tez dəf olundu. İfşa AYB şənliyinə çevrildi. AYB sistemi işçiləri bir nəfər kimi Azərbaycan Yazıçılar Birliyinə 2013-cü ilin dövlət büdcəsindən ayrılan 498,750 min manat dövlət vəsaitini yerbəyer etmək üçün yeni ilin şişmiş ştat cədvəlinə qondular.

Fakt üzdəydi. Bir bəni-insan da AYB residivistinin təkrarolunmaz dəst-xəttiylə yazılmış gündəliyini dana bilməzdi. Sevinc təntənəsi necə başa vurdusa, hətta Azərbaycan Respublikasının Əmək Məcəlləsini də nəzərə almadılar. AYB katibliyi dalbadal iclaslar çağırıb xalq düşmənini ifşa etməyə başladı.

75 illik təcrübə yüzə gedirdi. Bu sahədə mətinlik qərarlaşmışdı. Fiziki, mənəvi, psixoloji təzyiqlər xalq düşmənini göz açmağa qoymadı.

Yalnız edam baltasını endirmək qalırdı...

İnkar yeri qalmamışdı. Bu gündəliyin aşağıdakı bir neçə səhifəsi belə bəs idi ki, hökm qüvvədə qalsın...

***

MAHİRƏ ABDULLANIN GÜNDƏLİYİNDƏN: Bu gündəliyi ona görə yazıram ki, bu hadisələr çoxlarının başına gətirilib...

***

...199...ci il. İstəyirlər “Azərkitab” kitab ticarəti birliyi həmkarlar komitəsinin sədri kimi Xankəndində kitab mağazasında işləyən erməni qadınların uşaq pulu cədvəlinə qol çəkim. İmtina edirəm. Hay düşür. Səhəri gün məni Nəşriyyat komitəsinə çağırdılar. Mərkəzi komitəyə məndən şikayət ediblər. Şair Vahid Əziz və komitənin sədri Rəşid Mahmudov olmasaydılar, əlli-ayaqlı gedəcəkdim.

***

31.03.2010. Azərbaycanlıların soyqırımı günüdür. Bütün ölkədə dövlət səviyyəsində tədbirlər keçirilir. Natəvan klubunda adam azdır. Mühasibat şöbəsinin qapısını açıb xanımlara deyirəm ki, siz də tədbirə qatılın. Fəridə xanım qətiyyətlə imtina edir. “İşim var” deyir. Deyirəm bundan vacib iş yoxdur. Qıpqırmızı “gəlməyəcəyəm” deyir.

Suyu süzülmüş qapını örtürəm.

***

9.07.2011. Üç balaca uşaq AYB-nin koridorunda ora-bura qaçır. Boyunlarından plakatlar asılıb. Şaiq Vəlinin uşaqlarıdır.

Şaiq AYB-dən ev, iş istəyir. Eşitmişəm iyirmi ildir kirayədə qalır, vəziyyəti çox ağırdır.

Şaiqlə Sumqayıtdan gənclik illərimdən tanışam. Çox istiqanlı, istedadlı şairdir. İkimiz də Əli Kərim Poeziya klubunun üzvüydük. Salamımı almır, heç üzümə də baxmır. İstəyirəm, uşaqları otağa aparıb heç olmasa çay verim, Şaiqin qırımından qorxuram.

Kadr şöbəsində tünlükdür. Həmkarların sədri Füruzə Məmmədliyə deyirəm ki, mənə elə gəlir mənzil məsələsinə yenidən baxmaq lazımdır.

Əsəbiləşir. Deyən gərək özün növbədə deyilsənsə, niyə özünə düşmən qazanırsan?

Sonralar bir dəfə də olsun mənzil məsələsi həmkarlar təşkilatında müzakirə olunmadı, ya da məndən xəbərsiz məni həmkarlar təşkilatı idarə heyətindən çıxarıblar.

***

...Yenə qanqaralıqdır. Otaqda Fikrət Sadıqla Sayman Aruz mübahisə edirlər. Fikrət Sadıq Saymana deyir şeirimi oğurlamısan, Sayman onun üzünə durur, yox, mənim şeirimdir. Fkrət Sadıq həyəcan keçirir. Dözməyib deyirəm ki, mən o şeiri 20 il əvvəl oxumuşam. Sən onun şeirini oğurlamısan.

Fikrət Sadıq rəhbərliyə şikayət etməyə getdi.

Mənə deyən gərək sənin ədəbi vicdanın kimə lazımdır?

***

Noyabr. 2012. Sədrin müşaviri Rauf Aslanov evə zəng vurub deyir ki, Məlahət otaq yoldaşıyla yola getmir, onu sizin otaqda oturtmaq istəyirlər. Stolunu kənara çəkəcəyik. Deyirəm, otaqda yer yoxdur, Məlahət “Azərbaycan” jurnalının məktub qeydiyyatçısıdır, gedib orada otursun. Otaqda həm də üzvlük sənədləri var. Deyir, qərar qəbul olunub.

Otaq yoldaşım Abbas Abdulla iki əlini başına çırpır: “Bunu niyə səndən soruşurlar, məndən yox? Mən burada 50 ildir işləyirəm”.

Bilirəm onun səhhəti pozulub, son günlər özünü çox əsəbi aparır. Deyirəm, narahat olmayın, bunun sizə aidiyyəti yoxdur. Mənim stolum kənara çəkiləcək.

Bu qərara təəccüb edirəm.

***

3 dekabr 2012. Bütün həftə sakitlikdir. Heç bir stol söhbəti getmir. Gözləyirəm, Anar müəllim xaricdən gəlsin.

İş günü sona çatır. Fikrət Sadıq xəstədir, işə gəlmir, Abbas Abdullanın yaradıcılıq günüdür. İşdə bir-iki nəfər qalıb. Rəhbərlikdən heç kəs yoxdur. Evə getməyə hazırlaşıram.

Qəflətən qapı açılır, Abbas müəllim içəri girir. Salam verirəm, salamımı almır. Təngnəfəsdir. Deyir, nə üçün bu qız gəlib oturmur? Başa düşürəm, dava damarı tutub, sakitcə deyirəm otaqda yer yoxdur. Birdən başıma nəsə dəyir.

Demə paltosuymuş.

Söyməyə başlayır.

Ayağa qalxıram. Köhnə residivist olduğum üçün əvvəlcədən ehtiyat tədbirləri görmüşəm. Təsərrüfat şöbəsinin hər il verdiyi qayçının birini bülövlə yaxşıca itiləyib Abbas Abdullanın stolunun üstünə göz qabağında qoymuşam.

Əvvəl stulu əlimə alıb məşhur qalmaqalçının başına-gözünə yaxşıca çırpıram. Sonra qayçını əlimə alıb bədənini deşik-deşik edirəm.

Otaqda qan su yerinə axır.

Amma söyüş söyən ağzı yumulmur. Mən də anadangəlmə söyüş söyən deyiləm. Qəzəblənib üstünə qışqırıram.

Səsimə təsərrüfat işlərinə baxan Yaşar gəlir, onu otaqdan çıxarır. Yenidən üstümə hücum çəkməyə can atır. Güclə saxlayırlar. Koridorda Abbas Abdullanın yaralarından günahsız qan selləri axır.

Hirsimdən qan təzyiqim qalxıb. Bununla belə qayçıdakı qanı və əl izlərimi yaxşı-yaxşı silirəm.

Mən izləri itirməklə məşğul olarkən zərərçəkən 3-cü mərtəbəyə şikayətə qaçır.

Bu da yaddaşını itirən şair. İllərlə qalmaqal salır, sonra məsum şəkildə inkar edir.

***

Dekabr. 2012. Qan təzyiqim enmir. Qalxıb yeriyə bilmirəm. Evə həkimlər gəlib gedirlər. Deyirlər, bir də əsəbiləşsən, beyninə qan sıza bilər.

Səhər bütün saytlar mənim Abbas Abdullanı qayçılayıb qanına qəltan etməyimdən yazdılar. Xəbər ən çox Sayman Aruzun Dayaq.orq saytında gedir. Bir ay öncə Saymana gələn təcili yardım maşınının şəklini böyüdüb xəbərə yapışdırıblar. Saymanın çevikliyinə heyran qalıram.

***

Dekabr. 2012. Suallar məni yorur. Həmin gün AYB-də kənar adam yoxdu. Bu xəbəri mətbuata kim verib?

Abbas Abdullanı kim qəzəbləndirib göndərib? Axı 6 ildir aramızda hörmət olub, dünən sağollaşıb ayrılmışıq.

Şəksiz, Ədalət Əsgəroğlu demişkən, kimlərsə izə düşüblər.

Kimlər? Gümanım min yerə gedir.

***

Yanvar. 2013. İki aydır bütün mətbuat AYB-dən gələn məlumatlara əsaslanıb yazır ki, “Anar Mahirə Abdullanı işdən qovub”. İşdən çıxmaqdan çox, “qovulmaq” sözü qəlbimə toxunur. Bu yaşda yazıçını, həm də qadını uşaq kimi qapıdan qovmaq həqarətdir. Səhhətim işə çıxmağa, cavab verməyə imkan vermir.

İş yerindən məni axtaran, bu iftiralara cavab verən yoxdur. Təklənmişəm.

Bununla təsəlli tapıram Anar vəzifəyə arxalanıb kimisə işdən qova bilər.

Allah adamı qapısından qovmasın.

***

10.01. 2013-cü il. Nəhayət, mətbuata müsahibə verib, illərlə boğazıma tıxanan ağrıların cəmi bir faizini dilə gətirdim.

Bilsəm, çoxdan yazardım, məni yada salardılar. İfşa aparatı işə düşdü.

Nə yaxşı ki 25 il ərzində AYB-dən heç nə almamışam.

Yoxsa başıma vurub məni abırdan salardılar.

***

10.01.2013. Sayman Aruzun “Şəhriyarın türkçü şair obrazıyla razılaşmadığını söylədi” xəbərini oxudum.

Sayman Aruz o taylı, bu taylı Azərbaycanın böyük şairi Məhəmməd Hüseyn Şəhriyarı narkoman da adlandırıb: “Əslində həmin quşlar Şəhriyarın istifadə etdiyi tiryəkin iyinə öyrənib bir növ “narkoman”a çevrilmişdi və Şəhriyar rəhmətə gedəndən sonra bu “həsrətə” dözə bilməyib onlar da ölmüşdülər”.

Bu dəfə susacağam. Şəhriyar Mahirə Abdulla deyil ki, təklənsin. Qoy bu dəfə bu təhqirə AYB-nin Saymanı qoltuqlarında saxlayan kişi rəhbərləri cavab versinlər.

***

14.01.2013. Modern.az-a açıqlamasında birliyin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu bildirib ki, bu gün AYB-də iclas keçirilib, bəzi məsələlərə aydınlıq gətirilib... Müəyyən söhbətlər var ki, onları yenidən təftiş etməyə ehtiyac duyuldu. ...Amma hələ heç kim nə işdən çıxarılıb, nə də AYB-dən kənarlaşdırılıb. İclasın gəldiyi nəticədən sonra Mahirə Abdullanın işdə qalması artıq imkansız görünür”.

Bu ikinci iclasa da dəvət olunmamışam. İndiyədək bu “humanist, demokratik” qurumda bir kəs mənə qulaq asmayıb.

Abbas Abdullanın hücumu yaddan çıxıb. Məni lənətləyib, o müqəddəs ocağa qara yaxmaqda, Anar müəllimin üzünə ağ olmaqda günahlandırırlar.

Artıq iş yerim AYB nəşriyyatına çevrilib.

Otaqdakı üzvlük qovluqlarını daşıyıb arxivə yığıblar.

Oturmağa stolum da yoxdur, başımın altında gizlədim. Bülletenlərim araşdırılıb. Görürlər gizlənməmişəm, həqiqətən xəstə olmuşam. Amma bunun xeyri yoxdur, hökm verilib, fərman imzalanıb.

***

24. 01.2013. Anar müəllimin yanına getdim. Sözlərimi dedim. Abbas Abdulla barədə dediklərimə heç əhəmiyyət vermədi. Yalnız AYB-ni tənqid etməyimdən danışır. Bir çıxış yolum var, yazdıqlarımı inkar etmək. O zaman işdə qalacağam.

Bunu etsəm, vicdanım, nəslim, köküm, babalarımın ruhu məni dara çəkər. Mən yalanı ən böyük namussuzluq sayıram. Həqiqəti demişəm. Allah da haqqın tərəfindədir.

====

15.01.2013. AYB qarabağlı qadın yazarın yubiley təntənəsini uğurla davam etdirir. Qüdrətim, şöhrətim artır. Qalmaqalçıydım, indi də cəllad statusu alıram. Özünü Güney Azərbaycan şöbəsinin müdiri adlandıran Sayman Aruz AYB katibliyinin xalq düşməni Mahirə Abdullanı ifşa edən qərarından bərk ruhlanıb. Səhəri günü “AzNews.az”da yazır:” ... o xanım evimə zəng edib xanımımın yanında dedi ki, “sənin başını kəsib anana göndərəcəyik, səni öldürəcəyik”.

Əvvəl baş kəsmək ifadəsini eşidəndə qeyrətli Azərbaycan oğlu, erməni başı kəsən Ramil Səfərov yadıma düşdü. Ramil Qubadlıyla çiyin-çiyinə dayanan qədim türk diyarı Cəbrayıldandır. Halım yaxşılaşdı. Sonra yadıma düşdü ki, ermənidən yox, Saymandan söz gedir, qanım qaraldı.

Güneyli soydaşlarımızı fars köləsi adlandıranda gərək susub sözünü kəsməyəydim, o da belə qəzəblənməzdi.

Məndən başqa adam yoxdu, cavabını versin?

***

...Əslində Sayman haqlıdır, mən də başkəsən nəslindənəm. Qubadlıda babalarım çox erməni başı kəsiblər.

***

...Deməli, mən həm də başkəsənəm. Gözdən yayınıb AYB-nin 4-cü mərtəbəsinə qalxdım. Sayman batman ağırlıqda (cəmi 103 səh.) “Yüz il inqilab” romanını başının altına qoyub, dərin yaradıcılıq yuxusuna qərq olub. Kitabın adı mənə “Möhtəşəm yüz il” türk kinosunu xatırladır. Qələm İranda cırmaqlanmış barmaqlarından sürüşüb ayaq altına düşüb. Heç uf demədən Alı babamın paslı qəməsiylə onun ağıllı başını kəsirəm.

Qan sellənib 2-ci mərtəbədə Abbas Abdullanın qanının yanında göllənir. Qan qanı çəkər, demişlər.

Başqa əlaqə vasitəm olmadığına görə bu qiymətli başı İrəvandan erməni uçaqlarıyla İrana əski dostlarına göndərirəm.

Anasına qıymıram.

***

...İlahi, necə peşmanam! Heyf bu qəmədən ki belə başla haramlandı.

***

...Dünən qayçı, bu gün balta. Sabah AYB-nin üstünə tankla gedəcəyəm. Döyüş sursatım artır.

***

19. 01. 2013. Mühasirə daralıb. Bülletenlərim artıq bitib. İşə çıxmalıyam. Kadrlar şöbəsinin rəisi, mən gələndən üzvlüyə qəbul əlindən çıxdığı üçün əlimdən bərk yanıqlı olan Arifə Əliyeva ultimatum verir: “Bizim belə işçimiz yoxdur!”

Arifə Əliyeva AYB-də mühüm simadır, vaxtilə AYB üzvlüyünə qəbul, üzvlük haqlarının yığılması ilə məşğul olurdu. İndi həm də həmkarlar təşkilatının sədr müavini kimi mənzil məsələlərində, (həm də növbədə olduğu üçün) fəal simadır.

İndi anlayıram ki, bir ay yada düşməməyim, mənsiz keçirilən katiblik iclaslarının məqsədi vaxtı uzadıb, ilin sonunda mənimlə müqaviləni pozmaq imiş.

***

22.01.2013. Modern.az-a açıqlamasında AYB mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyir: “Mahirə Abdullanın Yazıçılar Birliyindən işdən çıxarılması barədə mətbuatda gedən məlumatlar doğru deyil. ...Hələ müzakirələr gedir. Bəzi söhbətlər araşdırılır. İndiyə qədər hansısa mətbuatda Mahirə Abdullanın işdən çıxarılması haqqında nə verilibsə, səhv veriblər... Yaxın günlərdə katibliyin iclası olacaq. ...Müzakirələrdən sonra rəylər dinlənəcək və yek qərara gəlinəcək”.

Amma uzun müddət işə gəlmədiyimi deyən sözçü dekabr ayında bülletenlərimin ödənildiyini bilmir.

Görəsən hansı cinayətimi araşdırırlar?

***

24.01.2013. AYB-dəyəm. Sayman Aruzla rastlaşanda nitqim batdı. Başı çiyinlərindəydi. Nə yüngül əlim var. Kimin başını kəsirəm, yerindən iki baş çıxır.

Üstəlik AYB-nin stol əməliyyatında iflasa uğramışam. Qanlı olayın yalançı şahidləri var.

Bağlı qapıların arxası. Gözlənilməz sürprizlər.

***

25.01. 2013. Ahh, 37-ci il. Bahalı təmir repressiya və təqiblərin kölgələrini divarlardan silə bilməyib. Tanışların çoxu salam verib yanımdan sivişirlər. Zaman ölçüsünü itirirəm. Divarlar üstümə gəlir. Bu bina nə qədər müqəddəsdirsə, o qədər də haqsızlıqlara şahidlik edib. Başımda iki misra fırlanır:

–Millət məndən yan qaçır,

Ürəyimə qan saçır.

Çox gic şeirdir!

***

25.01. 2013. Saat 14.00. Əsəd Cahangirin tədbirində bütün rəhbərlik iştirak edir. Ölüm hökmümü verənlərlə üzbəüzəm.

Qəribə bir hadisə baş verir. Oturan kimi qarşıma diktofon qoyurlar.

Kitabı oxumadığım üçün çıxış etmirəm.

Diktofon sonacan orada qalır.

====

27. 01 2013. Bilirəm, sabah işdən çıxmaq əmrimi verib məni edam edəcəklər. AYB-li ömrümün son anlarını yaşayıram.

===

28. 01. 2013. Birliyin baş mühasibi, kadrlar şöbəsinin rəisi Arifə Əliyevanın doğmaca xalası qızı Gülşən Bağırova bildirir ki, işdən çıxarılmışam. Gəlib bülletenini götürsün.

Amma 25 yanvarda AYB katibi Çingiz Abdullayev demişdi ki, bülletenlər ödənilməlidir.

Hələ də işdən çıxarılmağım barədə mənə rəsmi məlumat verilməyib.

Yenidən AYB katibliyinin geniş iclasını çağırıb bu məsələni mənim iştirakımla müzakirə etmək tələbim də yerinə yetirilmədi.

***

28. 01. 2013. Saat 15.00. Qarabağın niyə əlimizdən getdiyini indi anlayıram. Əlvida yurd, torpaq. Bu mənasız ölümə görə yalnız səndən üzr istəyirəm...

Gündəlik burada yarımçıq qalır. Yəqin Mahirə Abdullanı artıq AYB-də edam ediblər.

# 4854 dəfə oxunub

Müəllifin son yazıları

# # #