Heykəltəraş Cümşüd İbrahimlinin 85 illiyi qeyd olundu

Heykəltəraş Cümşüd İbrahimlinin 85 illiyi qeyd olundu
1 iyun 2026
# 16:30

“Borçalı” İctimai Birliyinin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltəraş Cümşüd İbrahimlinin 85 illiyi münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən "Borçalı" İctimai Birliyinin sədri, şair -publisist Dəyanət Osmanlı heykəltəraş Cümşüd İbrahimlinin yaradıcılıq yolundan danışıb.

O qeyd edib ki, heykəltəraşın əsərlərində və layihələrində modernist düşüncə ilə ənənəvilik vəhdət təşkil edir. “Babək”, “Koroğlu”, “Pənahəli xan”, “Nizami Gəncəvi”, “Nuri Paşa”, “Atatürkün salamı”, “Niyazi”, “M.Ə.Sabir”, “Planetin harayı”, “Rəşid Behbudov”, “Səttar Bəhlulzadə” və s. çoxsaylı abidə, büst və barelyef nümunələrində Vətən, torpaq sevgisi, xalqımızın qəhrəmanlıq tarixinə, görkəmli şəxsiyyətlərə sayğı əksini tapıb. Heykəltəraşın bu günümüzlə səsləşən layihə-eskiz modellərindən biri hələ 1991-ci ildə hazırladığı “Pənahəli xan” atlı monumental abidəsidir. Şuşa şəhəri üçün nəzərdə tutulan əsərdə Pənahəli Xan şahə qalxmış Qəmər atın belində, bir əlində qalxan, bir əlində sıyrılmış qılınc təsvir olunub. Cümşüd İbrahimli bu gün də həmişəki yaradıcılıq əzmini qoruyub saxlayır və həvəslə yeni abidə layihələri üzərində işləyir.

BDU-nun kafedra müdiri, dosent Knyaz Aslan heykəltəraş Cümşüd İbrahimlinin yaradıcılıq yolunun əlamətdar, milli-mənəvi-dəyərlərə bağlı olduğunu deyib: “Onun toxunduğu mövzular milli və bəşəri səciyyə daşıyır, əsərlərində tariximizin, tarixi şəxsiyyətlərimizin ruhunu səmimiyyətlə anır, xatirəsini ustalıqla daşın yaddaşına köçürür”.

Digər çıxışçılar da Cümşüd İbrahimli barədə fikirlərini bölüşüblər, onun xarakter etibarilə vətənə bağlılığından, bir-birindən maraqlı yaradıcılıq xüsusiyyətlərindən söhbət açıblar.

Sonda Cümşüd İbrahimliyə “Borçalı” İctimai Birliyinin “Borçalının fəxri” diplomu təqdim olunub.

# 59 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər