Öz doğmalarını gözləyən şəhər – Laçına Böyük Qayıdış

Öz doğmalarını gözləyən şəhər – Laçına Böyük Qayıdış
3 aprel 2023
# 15:00

Kulis.az Səlcuq Elçinin Böyük Qayıdışa hazırlaşan Laçından reportajını təqdim edir.

“Laçını yenidən cənnətə çevirəcəyik, görəcəksiz!”

“Cənnət” sözünü elə şövqlə deyir, elə şövqlə deyir, elə bil həqiqi cənnətdən danışır.

Adı Əzizdir, Əziz İsmayılov. Yaşıllaşdırma işləri ilə məşğuldur. Göyçaydan Laçına işləməyə gəlib. Çoxdandır burdadır. Deyir Laçında böyük tikinti-quruculuq işləri gedir, yaşıllaşdırma işləri aparılır, ağaclar əkilir: “Laçın Böyük qayıdışa hazırlaşır”.

Bəli, Laçındayıq. Bu mənim şəhərin mərkəzinə ikinci səfərimdir. Birinci dəfə ötən ilin avqust ayında, ermənilər Laçın şəhərini tərk etdikdən dərhal sonra gəlmişdim. Onda Laçın şəhərinin necə xarabalığa çevrilməsinin, illərdir burada məskunlaşmış ermənilərin şəhərdə heç bir iş - quruculuq, abadlıq işləri görməməsinin şahidi olmuşdum. O zaman şəhərdə dağıdılmamış bir neçə bina və bir-iki mağazadan başqa heç nə yox idi. Şəhərin üzündən yorğunluq, pintilik yağırdı. Birinci Qarabağ müharibəsinin izlərini ermənilər 30 ildə təmizləyə bilməmişdilər.

Mənim kimi operatorumuz Farizin də Laçına ikinci gəlişi idi.

Məndən fərqli olaraq Fariz Laçında anadan olub, işğal dövründə isə doğma el-obasından didərgin düşüb... Birinci səfərimiz zamanı xarabaya çevrilmiş Laçını görəndə Farizin gözləri dolmuşdu. Nigaran-nigaran Laçının küçələrində, dalanlarında qoyub getdiyi uşaqlığını, isti xatirələrini axtarmışdı. Uşaq vaxtı çıxdığı doğma şəhərinin gözəlliyindən əsər-əlamət qalmadığını ürək ağrısı ilə dilə gətirmişdi.

***

Bakıdan gecə yarısı çıxıb Laçına yola düşdük. Hava işıqlananda artıq işğaldan azad edilmiş ərazilərin başladığını bildirən posta çatmışdıq. Postu keçib xeyli gedəndən sonra Həkəri çayını görürük. Bura artıq Qubadlıdır. Və buradan düz Laçına qədər bizə Həkəri çayı yoldaşlıq edəcək. Havanın soyuq, yağışlı keçməsinə baxmayaraq, baharın gəlişini acgözlüklə içimizə çəkdiyimiz təmiz dağ havasından, təzə-təzə yaşıla bürünən torpaqdan hiss edirik.

Güləbirddən keçəndə avtomobilin güzgüsündən arxada oturan Farizə baxıram, gərgindir. Sürücümüz İlham dayı da az həyəcan keçirmir, nə qədər təmkinli davranmağa çalışsa da. Bəs necə?! Gəncliyi buralarda keçib, bu əraziləri yaxşı tanıyır. İndi İlham dayı təkcə Laçına yox, həm də öz gəncliyinə sürür avtomobilimizi.

Növbəti yoxuşu da aşırıq. Daha bir şey qalmayıb. Uzaqdan Laçın şəhəri görünür. Amma hiss olunur ki, bu gördüyümüz keçən səfər görüşünə gəldiyimiz Laçın deyil. Tamam ayrı şəhərdir, silkinmiş, pintilik tozunu çırpıb üzərindən atmış şəhərdir. Qonaq qarşılamağa hazırlaşan adam təlaşı var üzündə.

Güzgüdən yenidən Farizə baxıram, gözləri bayaqkı kimi kədərli deyil, gülür. Abadlaşmağa başlayan Laçını görür.

Laçının bu dəyişiminə ilk reaksiya verən də Fariz olur. Deyir, az qalıb abad, gözəl Laçına qayıdacağam.

Laçına çatanda hiss olunur ki, şəhərdə böyük infrastruktur layihələri icra edilir. Layihələri icra edən şirkətlər gecə-gündüz demədən çalışırlar. Burada əsl tikinti meydançası qurulub. Hər kəs məsul olduğu sahədə var qüvvəsi ilə çalışır, öhdəliyinə düşən işi yerinə yetirir. Ona görə də tikinti hay-küyü, ağır texnikanın bağırtısı şəhəri bürüyüb.

İşğaldan öncə Laçın şəhərində 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub. İşğal zamanı isə bu evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Ötən ilin sentyabr ayında şəhərin Baş Planına uyğun olaraq yeni evlərin tikintisinə başlanılıb və aparılan işlərin böyük bir qismi artıq bitmək üzrədir.

Hazırda Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya qovşaqlarının, magistral xətlərinin salınması işləri yekunlaşıb. Şəhərin mərkəzində bərpaya yararlı evlər təmir edilir, dam örtükləri təzələnir. Eyni zamanda, interyer, eksteryer işləri də paralel olaraq aparılır.

Müvafiq qurumlar tərəfindən Laçın şəhərinin içməli su ilə təchiz olunması üçün 9 ədəd su anbarı, 3 ədəd yağış sularının toplanması anbarı, 1 ədəd isə təmizləyici qurğunun tikintisi davam edir.

Şəhərdə yenidən qurulan 8 yaşayış binası 2 və 4 mərtəbədən ibarət olacaq. Evlərin və binaların kommunal infrastrukturu artıq hazırdır.

Şəhərdə 30-dan çox ictimai bina olacaq və deyim ki, çoxunun inşası artıq başa çatıb. İstifadəyə yararlı binalar isə təmir edilir.

Laçın şəhərinin ərazisində olan yollar 6, 8, 12 metrədək genişləndirilir. Torpaq sürüşməsinin qarşısının alınması məqsədilə yol kənarında istinad divarları tikilir.

Şəhərdə indiyə qədər məscid olmayıb. Elə bu səbəbdən də çox yaxın zamanda şəhər sakinlərinin ibadəti üçün Heydər Əliyev Fondunun dəstəyi ilə məscid kompleksinin tikintisi nəzərdə tutulur.

Bunlardan başqa, Laçına qayıdacaq sakinlərin işlə təmin olunması və asudə vaxtlarının keçirilməsi də unudulmayıb. Bunun üçün şəhərdə idman sağlamlıq kompleksləri, uşaq bağçaları və digər inzibati binalar tikilir. Əlbəttə, yeni tikilən inzibati binaların hər biri müasir standartlara cavab verəcək.

İşğal zamanı təkcə Laçın sakinləri, binalar, infrastruktur deyil, şəhəri vaxtilə üzük kimi əhatə edən ağaclar, sərt qayalar boyu yayılmış meşələr də terrora məruz qalmışdı. İndi yaşıllıq zonalarının bərpası, ağacların əkilməsi, parkların salınması istiqamətində də işlər görülməkdədir.

Yaşıllaşdırma işlərinə cəlb olunan Əli deyir ki, müxtəlif ağac tingləri əkirlər.

Müsahibim qeyd edir ki, Laçın torpağı çox bərəkətlidir: “Torpağın əkinə yaralı olması çox vacibdir, Laçının torpağından isə yoxdur, münbitdir. Hazırda şəhərdə müxtəlif növ həmişəyaşıl, eləcə də meyvə ağacları əkilir. Yaşıllaşdırma və abadlıq xidmətinin işçiləri olaraq biz də gecə-gündüz, qar-yağış demədən fasiləsiz çalışırıq”.

Tikilməkdə olan binalar, çalışan zəhmətkeş işçilər, fasiləsiz işləyən texnika, görülən hər bir iş Böyük qayıdışın ən qısa zamanda gerçəkləşməsinə hesablanıb. Laçın öz doğmalarını gözləyir. Burada çalışanların isə bir məqsədi var: Laçını əmin-amanlıq dolu əvvəlki günlərinə, daha gözəl, daha müasir şəkildə qaytarmaq.

Laçının laçın vaxtları bundan sonra başlayır.

APA

# 1995 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #