Yazıçı Con Doyl nəşriyyatdan qəfil mesaj alanda ilk kitabının ləğv ediləcəyini düşünüb.
Kulis.az xəbər verir ki, sən demə, müəllifin doğma Port-Talbot şəhərindən bəhs edən "Communion" adlı debüt romanı vaxtilə Salli Runi ("Normal People" kitabının müəllifi) və Buker mükafatı laureatı Duqlas Stüartın da yer aldığı nüfuzlu siyahıya daxil edilibmiş.
Hələ də Taybaxda ailə evində yaşayan Doyl xəbəri eşidəndə heyrətindən və sevincindən havaya tullandığını, bunun onun üçün "kiçik bir qələbə" kimi hiss edildiyini bildirib.
Riçard Börton, Entoni Hopkins və Maykl Şin kimi dünyaca məşhur aktyorların bu şəhərdən çıxmasına baxmayaraq, 35 yaşlı Doyl uzun müddət doğma qəsəbəsinin yazmaq istədiyi kitablar üçün Nyu-York və ya London kimi şəhərlərlə rəqabət apara biləcəyinə inanmadığını deyir.
"Mən Port-Talbotda doğulub böyümüşəm," - deyən Doyl əlavə edib:
"Ulu babam, babam və onlardan sonrakı nəsildən olan bütün əmilərim poladəritmə zavodunda fəhlə işləyiblər".

"Communion" romanının süjet xətti adını gizli saxlayan bir Hollivud ulduzunun bir həftəsonu bütün şəhəri əhatə edəcək tamaşa hazırlamaq üçün Port-Talbota qayıtmasından bəhs edir. Bu, aktyor Maykl Şinin 2011-ci ildə şəhərə marağı artıran "Port-Talbot ehtirası" tamaşasına bir mesajdır.

Kitab şəhərin çətin günlər yaşadığı bir vaxtda qələmə alınıb. Belə ki, 2024-cü ilin oktyabrında "Tata Steel" zavodunun sonuncu domna sobası (2027-ci ilin sonuna qədər yeni elektrik qövs sobasının inşası məqsədilə) söndürülüb. Yeni proses ətraf mühit üçün daha təmiz olsa da, 2000-dən çox insanın işini itirməsi ilə nəticələnib. Doyl romanda bu real hadisələri sobaların söndürülməsi qərarından sonra baş verən uydurma bir tətil aksiyası ilə birləşdirib.
"Nə baş verdiyi tam aydınlaşmazdan əvvəl, yəqin ki, romanın ilk qaralamasını artıq bitirmişdim" deyən yazıçı əlavə edib ki, əsər üzərində yenidən işləyərkən fərqli qütbləri və ziddiyyətli tərəfləri əks etdirməyə çalışıb:
"İnsanlar eyni cümlənin içində belə özləri-özləriylə ziddiyyət təşkil edə bilirlər. Məncə, bir tərəfdən poladəritmə zavodunda işlədiyin üçün mirasınla, ailə tarixinlə fəxr edib, digər tərəfdən isə ətraf mühitə görə narahatlıq keçirə bilərsən. Bu iki fərqli hiss eyni adamın içində yaşaya bilər".

Romanın ilk fəsli "Yazıçı və Rəssamların İllik Kitabı"nın fəhlə sinfindən olan yazıçılar üçün nəzərdə tutulan mükafatını qazandıqdan sonra nüfuzlu ədəbi agentlər Doylun qapısını döyməyə başlayıblar. Yazıçı "Literature Wales" xeyriyyə təşkilatının dəstəyi olmadan bu uğura çata bilməyəcəyini və bu dəstəyin onun həyatını dəyişdirdiyini vurğulayıb.
Bu yaxınlarda kitab "The Observer" nəşrinin "2026-cı ilin ən yaxşı debüt romanları" siyahısına salınıb. Doyl builki siyahıda Londonda yaşamayan yeganə yazıçı olması ilə fəxr etdiyini deyir. O, əkiz qardaşı Liamla birlikdə analarının Port-Talbotdakı evini satın alıb:
"Mən buralıyam və heç yerə getmək fikrim yoxdur... Bura mənim doğulduğum və fəxr elədiyim yerdir."
Məktəb dövründə oxumaqdan çox futbol oynamaq istədiyini deyən Doyl kitabların gənclərə ev tapşırığı kimi hiss etdirməyən bir formada təqdim olunmasını arzulayır:
"Düşünürəm ki, bəzən kitab oxumaq uşaqlara məcburi və yeganə məşğuliyyət kimi aşılanır. Uşaqların bütün gün "Xbox" oynadıqları üçün kitab oxumadıqlarını deyirlər. Yaxşı, mən də bütün gün "PlayStation" oynayırdım, amma oxumağa da vaxt tapırdım. Normal bir uşaq olmaqla yanaşı, kitab oxumağa da vaxt ayırmaq mümkündür. Müəllimlər müqəddəs bir iş görürlər, lakin məktəblərdə kitabların təqdimat tərzi çox sıxıcıdır. Oxumaq bir vərdişdir, onu müəyyən yaşda formalaşdıranda ömür boyu davam edir".