Oğru nəfəs

Oğru nəfəs
15 mart 2016
# 15:11

Masanın üstündəki soyulub doğranmış meyvələr adamın üzünə baxıb soyuq-soyuq nəsə deyirdi. Yuxarıdan süzülən çilçıraq işığı da onları bir başqa cür parıldadırdı. Onlar deyəndə də, meyvələrin hamısı yox, təkcə qabıqlılar parlayırdı, soyulub doğranmışlar isə yeyilməyi gözləyə-gözləyə, sanki artıq qaralmağa başlamışdılar. Sanki yox, elə doğrudan da, qaralmağa başlamışdılar. Süfrədə oturanların heç biri meyvə qabına əl uzatmır, hamı bir-birinin üzünə baxıb özünü tox göstərirdi. Əslində, bunların hər biri tək olsaydı indi bu meyvəni bəlkə də heç soymamış elə dişinə çəkib xırçıldadaraq yeyərdi. Amma bu bir mədəniyyətdir axı, meyvəni qonağın qabağına soyub doğrayıb qoyuruq, ki, qonaq utanmasın, dilim-dilim götürüb rahat yesin. Yoxsa, bütöv qoyanda utanıb götürmürlər.Ya da biri götürüb kəsir və dilim-dilim hamının qabağına qoyur.

Qabdakı ağayana duruşlu meyvələrə bir tərəfdə dayanıb uzun-uzadı mən baxıram, o biri tərəfdə də digər oturanlar. Söhbət gəlib siyasətə, dünyanın gərdişinə çatanda hərə öz fikrini yeritmək üçün səsini bir az da qaldırır. Hamı danışır, heç kim o birinin fikrini qəbul etmir, hərə öz dediyinin üstündə durub müdrik şəkildə yeni fikirlərlə qürrələnir.

Bir azdan qarma-qarışıqlıqda artıq söhbətin səmtinin itdiyini, hərənin dönüb öz yanındakı ilə sakitcə ordan-burdan danışmağa başladığını görürəm. Süfrəyə baxıram, süfrədə meyvə qabı hələ də elə olduğu kimi durur, hələ də yuxarıdan düşən işıq qabıqların üstündə bərq vuraraq onları olduqlarından daha parlaq göstərir. Almaların parlaqlığı ilə süfrə başındakıların səsi bir-birinə qarışıb işığın dalğaları arasında qol-boyun rəqs edirlər.

Bir-bir hamının üzünə baxıram, çilçırağın işığı meyvələr kimi adamların da üzündə əks edərək onları da olduqlarından daha aydın göstərir.

Söhbətin ən gur yerində başımı qaldırıb bu dəfə düz ortalığa baxıram, masanın üstündə yüngül bir duman asılıb. Bu duman adamlar danışanda sıxlaşır, genəlir, tündləşir və ləngərlə tərpənir, söhbət səngiyib ara sakitləşəndə duman yığılıb yumağa dönür, eləcə asılıb havada durur.

Qaralmağa başlayan alma dilimi üzümə baxıb yazıq-yazıq, axı mən yeyilmədim, deyirmiş kimi qabın qırağındakı gül şəklinə sığınır. Digər dilim başını ona söykəyib özünə simsar tapır. Üst tərəfi qaysaqlamış o biri dilim ona uzanacaq bir əlin həsrətindədir. Dilimlərin hərəsi bir tərəfə dönsə də, yenə də hamısının gözü adamların əlində, danışanların üzündə qalaraq munis bir toxunuş gözləyirlər.

Süfrə başında söhbət gedir, danışırlar, ağızdan çıxan hər söz havada bir trayektoriya çəkərək öz tutumu və ağırlığı nisbətində yol gedirdi. Bəzi sözlər uzağa gedə bilməyib elə oradaca dumana qarışaraq yox olur, bəzi sözlər də gözəl bir işığın içində ildırım kimi çaxaraq bir anda yüksəklərə ucalıb göyün sonsuz qatlarında bilinməzliyə qarışırdı. Bəzi sözlər də ağır bir daş kimi düşüb masanın üstündəki yemək və kağız qırıntılarının içində itərək süpürülüb atılmağını gözləyirdi. Yox, bununla qurtarmır, o sözlərdən pəncərədəki dibçək güllərinə qonan da olurdu. Onlar insan kimi bir ömür yaşayıb bir müddətdən sonra öləsi sözlər idi. Bu ölümlü sözlər insanların yaddaşında bir azca qalacaqlar deyə bu gül yarpaqlarını özlərinə yurd tuturlar. Arada alma dilimlərinə də qonan sözlər oldu. Alma dilimlərinə sözdən çox nəfəslər qondu.

Meyvə qabında almalar olduğu kimi dururdu. Hər kəs bir-birinin üzünə baxaraq fikrindən alma yeməyi keçirsə də, birinci olmamaq üçün heç kim əlini almaya uzatmırdı, axırda almalar düşmən malı kimi ortalıqda eləcə doğraqlı qaldı.

Bir azdan hamı durub getdi, boşalan otaqda soyuyub seyrələn havada boş süfrə, süfrənin boşluğunda daha da dolu görünən meyvə qabı qaldı.

Qalxıb süfrəyə yaxınlaşdım, masaya bir az əl gəzdirib qayıdıb yerimdə oturdum. Oturduğum yerdən baxanda pəncərənin qabağındakı dibçək güllərinin fonunda boş süfrədəki dolu meyvə qabı uzaqdan görünən dağ kimi qaralırdı. Qış olduğundan milçək də yoxdu ki, uçub meyvəyə qona, biz də, heç olmasa çibinləri qovmaq üçün əl uzadanda yadımıza düşə bu meyvə qabının dolu olduğu.

Yadıma daha xoşbəxt günlər düşür, mənə istilik gətirən o xoş uşaqlıq vaxtımda biz bir almanı əvvəl altı yerə bölürdük, eyni almadan hamımız yeyirdik, sonra ikinci almanı soyub doğrayır, yenə altı yerə bölürdük.Onda elə bilirdim ki, bir alma evdə olan adamların hamısına bölünməlidir.Sonra babam öldü.Onda axşamlar alma yeyəndə artıq almaları beş yerə bölürdük.Sonra nənəm öldü, o gündən almalar dördə bölündü.Sonra biz böyüdük.Artıq almaları bölmədən yedik, hərə özünə bir alma götürüb ya soydu, ya da soymadan yedi, hərə öz almasını tək yedi.Almalar təkləndi.Bundan sonra biz də yavaş-yavaş təklənib dağıldıq.Almalar tək yeyildikcə biz təkləndik.Təklikdə iri-iri almalar yedik, böyüdük, tək-tək böyüdük.Artıq bir daha evimiz əvvəlki kimi isti, mehriban olmadı.Almaları bütöv yedikcə evin isitisini, ürəyimizin hənirini yeyirdik, evin genişliyini, həmdərdliyini udurduq.

Almalar bir gün çoxaldı, yeşiklə, kisəylə, maşınla almamız oldu, ancaq o süfrə başında atamın asta-asta soyub dilimləyib bıçağın ucundan bizə uzatdığı almanın bərəkəti, dadı geri qayıtmadı.

Hər almanın bir başqa dadı var, almanın üstü cod olanda onun içi daha şirin olur. Sarı, üstü nöqtəli almalar lap şirin, göy-sarı alma keçə kimi, göyə çalan qırmızı alma kəpəkli, dümqırmızı alma turşməzə, eh saymaqla qurtaran deyil, rəng də çox, dad da çox. Ancaq bizim aynabəndin başındakı bir üzü ağ, bir üzü qırmızı, mənim beş yaşım olanda quruyub maral buynuzuna oxşayan ağacdakı o xırdaca almanın dadını hələ tapa bilməmişəm. Nənəmin, hər biri bir şüşə ətir qədər qoxu yayan ranet almasının qoxusu isə bir dəfəlik qeybə çəkilib.

Süfrədəki alma qabını əlimə alıb yenidən yerinə qoyaraq, sanki gəlin bunları yeyək, hayıfdır, sabaha qalmasın, deyib onları tərpədirəm. Hamı dönüb mənə baxır və əvvəlki laqeydliklə başını aşağı salıb hərə öz aləminə dalır. Alma qabını bir də yerinə qoyaraq bir az da qabağa çəkdim ki, oturanların əli çatsın, artıq qonaq yoxdur deyə hərə öz istədiyi yerdə istədiyi kimi oturub eyni yerə baxır. Eyni yer də təbii ki, televizordur. Televizorda sevsək də, sevməsək də, nə veriliş olsa baxırıq. Televizorun səsi gəlməsə evdə adam yoxmuş kimi darıxırıq. Əslində, televizor bizə həyan olur, baxmağımız sevdiyimizdən, ya da lazım olduğundan deyil. Sadəcə, bir qulaq həyanıdır, səs olsun deyə baxırıq.

Bir dilim göy alma götürüb ağzıma aldım. Dişim qamaşsa da, damağımın köməyi ilə bir təhər ala-yarımçıq çeynəyib uddum. Alma boğazımı yara-yara getdi. Mədəmə çatan kimi mədəm həyəcan siqnalı çaldı. Gündüzdən oxuduğum kitabdakı dolaşıq bir cümlə beynimi məşğul etdiyindən bu siqnala fikir vermədim. Bir dilim də aldım, üçüncü dilimdə alma ilə bərabər ağzıma yad bir cisim getdiyini hiss etdim. O dolaşıq cümləni yarımçıq qoyub öz “cümləmə” qayıtdım. Yarısını dişlədiyim alma diliminin əlimdə qalanına baxdım, əvvəl heç nə görmədim, sonra almanın üstündə bayaq masada dolanan dumandan bir topa olduğunu gördüm. Almanın üstünə, onu yeyə bilməyən, söhbət eləsə də fikri qalaraq ona baxan, ürəyində onu yemək istəyən qonağın nəfəsi çökmüşdü. Bu fikir beynimdə aydınlanana qədər özümdən asılı olmayaraq dilimin ikinci yarısını da ağzıma aldım. Heç nə anlamadan, heç bir şey hiss etmədən çeynəyib uddum. Udduqdan sonra fərq etdim ki, mən təkcə almanı deyil, həm də onun üstündəki nəfəsi də udmuşam. Birdən ürəyim bulandı. Mən, yad adamın nəfəsini, bəlkə qoxan, bəlkə də kiflənmiş nəfəsini udmuşdum. Bu fikirdən, ağzımda haram tikə varmış kimi ürəyim bir az da bulandı. Dilim ağzımda böyüdü. İçimdə, boğazımın altında yad bir şey dolaşırmış kimi oldu. Əlimi boğazıma, sinəmə, mədəmə çəkdim. Yox, əlim heç nə hiss etmir, bu nədirsə içəridə olan bir şeydir, deyə düşündüm.

İçəri keçən, udduğum hava nəfəsə çevrilərək başqa bir düstura düşmüş, mənim ruh koordinatlarıma uyğun olmayan bir fiqur cızmış, ya da formul quraşdırmışdı. Axır ki, bu nəfəsin kodu mənim ciyərlərimə- qəsrimin qapısına düşmürdü.Mənim dilimi bilmir, mənim havamı oynamırdı. Nənəm, ürəyin bulananda bir dilim pendir al ağzına, deyirdi, anam isə ürəyim bulandığını fərq edib, bir qismət çörək al ürəyini bassın dedi. Kimsə də,bir qismət çörəyin üstünə bir dişdək pendir qoy ürəyinin bulanmasını kəssin, dedi. Bunun heç birini eləmədim, çünki bunları soyuq-zad olanda edərlər, mənim ürəyim diksindiyimdən bulanır, bunun dərmanı nədir. Bir dəfə həkimdən diksinmənin dərmanını soruşdum, bunun dərmanı yoxdur dedi.

Artıq yad hava nəfəs moduna girib, nəfəs olub, içimdə nəfəsin oylaqlarını mənimsəyibdir, onu geri qaytarsam da artıq gecdir. Artıq o gedib içəridəki nəfəs dəryasının ən uzun dalğasına boy verib, o uzaqları görüb gəlib, xeyri yoxdur, o orada alacağını alıb, verəcəyini verib, indi də mənin nəfəsimin donunda çıxıb kosmosun sərgərdan bir avarası olacaq. Sabah məhşər günündə də mənim nəfəsim kimi həşr olunub məndən aldıqlarını baha satacaq. Mən heç nə deyə bilməyəcəm, deyə bilməyəcəm ki, o mənim nəfəsim deyil, o, almanın üstündə oğurlanaraq gizlicə mənim nəfəsimə qarışmış başqa bir nəfəsdir. Deyə bilməyəcəm və yalançı nəfəs, kimliyi olmayan təlxək kimi saxta budaqlarda həşr olunacaq.

O tərəfdən əlini uzadıb gülümsəyərək bir dilim alma götürüb, sanki əlindən alan varmış kimi, görüm necə almadır, deyərək bütövcə ağzına atan nişanlım da üzümə baxıb sonra yenə alma qabına boylandı. Mən almaları acıqla ona tərəf itələdim, bu almaların tez qurtarmağını istəyirdim, ancaq onun mənə bu cür baxmasına da acığım tuturdu. Səbəbini bilməsəm də, acığım tuturdu. O isə elə zənn edirdi ki, çox alma yeyər deyə mənim acığım tutur. Ancaq, yox. O belə baxmamalı idi, mənə baxmalıydı, ancaq belə deyil. Almayla mənim aramda gözləri gedib gəlir və bic-bic gülürdü. Bəs hanı onun qısqanclığı, ayrı vaxt heç səbəb olmadan nəsə uydurub qısqanclıq tutmaları keçirən adam bu dəfə əsl səbəb varkən daş kimi baxırdı. Bir-bir ağzına atdığı almaların üstündəki nəfəslərin fərqində olmadan yeyirdi.

11.12.2015

# 1245 dəfə oxunub

Müəllifin son yazıları

# # #