"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi
24 iyun 2026
# 15:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Sevinc Çılğının "Şərq dəftəri" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Həmid Herisçi:

"Elə lap bu son günlərdə məni ARB telekanalında Sevinc Çılğının bir verilişinə dəvət etmişdilər. Özü gəlmədi, Gəncədəydi. Əvəzedici heyət, futboldakı kimi, mövzunu mənə bildirdi, tez çəkildik çəkiliş dekorasiyaları ərazisinə.

Mövzu Şekspirsayağı idi: Ölüm.
Dedim, dəfələrlə klinik ölüm yaşamışam. Bəs kliniki ölüm gözəldir, sərfəlidir: insanı lüzumsuz, artıq kosmetik xərclərdən, xəstəliklərdən qurtarır. İnsanı gözəlləşdirir. Sağlam edir. Yəni bahalı həkim müayinələrindən də qurtarmış olursan.
Dedim, bu "restart"dan sizə də arzulayıram.

Gülməyin. Vallah, verilişin axırında Sevinc Çılğının tamaşaçılarına təkcə cansağlığı yox, yox...
Verilişin axırında mən ÖLÜM də arzuladım, həm müəllifə, həm də onun çoxsaylı teletamaşaçılarına.

İndi, “Kulis” saytı məni Sevinc Çılğının çoxsaylı oxucularıyla görüşə dəvət edəndə müəllifə yenidən ölüm arzulardım.
Adı böyük hərflə yazılan ÖLÜM.
Razılaşaq.
Ölümsüz hər bir insan da, hər bir nəsr nümunəsi...
Hətta Sevinc Çılğın kimi “uğurlu insan”...
Yəni Qərb meynstrimində “self-made man” (özünü yaratmış adam) kimi kütləvi mədəniyyət brendiylə işarələnən müəllif də tam mənasızdır.
Üzərində Ölüm faktı, nəfəsi olmayan nə varsa, o cümlədən müəllifin yazdığı “Şərq dəftəri” hekayəsi də o cümlədən.

Mən bu hekayədə ARB-dəki televerilişin sonunda dediyim kimi “Müəllifə Ölüm arzulardım”.
Dediklərimi Qərb nəsri, kinematoqraf tarixi ilə də sübut edərdim.
Nəsrdə təkcə həyat azdır, nəsrdə, o cümlədən şeirdə də ilk olaraq ÖLÜM lazımdır.

Keçək misallara.
Sevinc Çılğının yazdığı Roma, İtaliya həyatı mövzusu Qərb mədəniyyəti üçün həmişə həm də ÖLÜM kabusu ilə bağlı olub.
Tomas Mannın yazdığı “Venesiyada ölüm” əsərinə sonralar “Otel otağı”nda güzgü tutan Anar da, bəli, həyatla ölümü birgə qələmə alıb.
Bu mövzular qoşadır. Heç vaxt tək halda deyildir, Sevinc xanım.

Sonralar Volfqanq Köppen kimi alman nasiri də İtaliyanı, Romanı məhz bu ikili rakursda təsvir edib özünün məşhur “Romada ölüm” modernist romanında.
Roma mövzusuna, məşhur ABŞ detektiv yazarı Patrisiya Haysmitin “İstedadlı cənab Ripli” romanını oxumadan girməyinizi – razıyam! – sizə bağışlamaq olar.
Ancaq roman əsasında rejissor Entoni Mingellanın çəkdiyi eyniadlı filminə baxmamağınızı heç cür.
Çünki sizin yazmadığınız, ancaq işarələdiyiniz romalı Henri surəti bu romanda var. Tom Ripli kod ismində.

İndiki nəsr intertekstuallıq tələb edir ilk növbədə nasirdən. Bizdə indiki leysan yağışlarından sonra göbələk kimi artan hekayə müəlliflərindən.
Nasirlə göbələyin boy artımı çox fərqlidir.
Nasir təkcə həyatı yox, həm də ilk növbədə ölümü yazmalıdır. Məhz bu halda o, göbələk taleyindən, boy artımından qələmini qurtarır.
Patrisiya Haysmit də sizin kimi feminist qadın olsa da, bunu bilirdi. Bu səbəbdən romanında digər müəlliflərlə, ilk növbədə Şekspirlə lal dialoqlar az deyil.

Sizin mətndəki Henri isə intertekstual mətnlərdə qol-budaq ata bilmir.
Böyümür ey.
Ancaq göbələk kimi böyüyür.
Sevdiyi mahnını yarıda kəsdiyi üçün guya üsyan edir bayağı feminizmə qarşı?
Yox. İnandırıcı deyil.
Sevinc xanım həddən çox həyatsevəndir, ancaq ölümsevən deyil.
Nəsr isə ilk növbədə tanatos, yəni axirət sevdası üzərində qurulur.

Uğurlu mətnə şansınız vardı.
Əgər Gəncəyə getməsəydiniz. Mənimlə söhbətinizi başqasına, əvəzedici heyətinizə tapşırmasaydınız. Ən azı verilişin, heç olmasa, axırına diqqət etsəydiniz... Hə, ədəbi taleyiniz, hətta “Kulis”dəki bu müzakirəniz də tam başqa məcraya axa bilərdi.
Hekayənizdə təkcə həyatı yox... ölümü də təsvir etsəydiniz, bəlkə, nəsə dəyişərdi o axarda.
Lap axırda.
Şansınızı qaçırtdınız.
Sizə həyatda yox, bədii mətndə yenə də ölüm arzulayıram".

Azad Yaşar:

"Sevinc Çılğının yaradıcılığına hələ onun Azad Yazarlar Ocağının (AYO) gənclər qrupunu təmsil etdiyi vaxtlardan bələdəm. O, şeirləri və mahnı mətnləri, eləcə də telejurnalistika sahəsindəki fəaliyyəti ilə yetərincə tanınır. Amma hekayə yazdığını, düzü, indiyədək bilmirdim.

“Şərq dəftəri” hekayəsi lirik ovqat mətni olmaqla yanaşı, poetik obrazlarla da son dərəcə zəngindir. Görünür, Sevinc nəsrdə də şair ruhundan hələm-hələm qopa, ayrıla bilmir. Misallara baxaq:

“Yarısı içə, yarısı dışa süzülən suların sərinliyi ötəri, baş aldadan kimi idi. Dadını, ləzzətini itirmiş hər şey kimi günün istisi də mənasız idi”.
“Həyatını yad kişilərin qucağında sınıq-salxaq otel çarpayılarını cırıldatmaqla yaşayan anam indi məndən mərhəmət umurdu”.

“Yarımçıq qadınlar” ifadəsi də Sevincin uğurlu tapıntısı sayıla bilər.

Mətndə qüsurlu yerlər də var. Məsələn:
“Henri “Kəs səsini!” deyib əlini yumruqlayıb yuxarı qaldırdı” cümləsindəki “əlini yumruqlayıb” ifadəsini “yumruğunu düyünləyib” ilə əvəzləmək daha uyğun olardı. Həm də az qala ard-arda “-ib”, “-ıb” şəkilçilərinin işlənməsi qulağı tırmalayır.

“Əlbəttə, qarının üst-başından dilənçi olduğu bilinirdi və bunu Henri də duymamış deyildi” cümləsində “duymamış” əvəzinə “sezməmiş” kəlməsi daha çox yerinə düşərdi.

Sevinc bilərəkdən personajların məskunlaşdığı Şərq şəhərinin adını çəkmir, halbuki onu təxmin eləmək elə də çətin deyil. Ayrı-ayrı fraqmentar məqamların (Henrinin TV-dəki müğənni qadının yalnız bir mahnısına anlaşılmaz marağı, qadın qəhrəmanın yediyini qaytarması, ərin 300 dollara aldığı muncuğun əhəmiyyətsizliyi, sevimli tuflilərin yola götürülməməsi və s.) təsviri də sanki qəsdən səbəb-nəticə prinsipi ilə təqdim edilməyib.

Hekayənin qəhrəmanı olan qadın bəzən üstüörtülü, bəzən isə aşkar şəkildə ərini yerli müğənni qadına, daha çox da onun oxuduğu mahnıya qısqanır, dəfələrlə təkrarlanmasından bezdikdə isə düyməyə basmaqla mahnının kəsilməsinə nail olur. Amma mahnıdan dərin asılılıq duyan Henri buna görə nəinki xanımına təpinir və əl qaldırır, hətta təcili bilet taparaq onu doğma Romasına yola da salır. Bəlkə də bu cür davranışı “bir mahnının diktatı”, o mahnının özünü isə “taleyüklü” adlandırmaq olar".

Samirə Əşrəf:

"Sevinc təbiət etibarilə şairdir. Onun bu hekayəsində də poetik bir ruh hiss olunurdu. Bütün cümlələr poetik səslənirdi. Mənim xoşuma gəldi, yəni normal hekayədir.

Sevincin dili çox yüyrək və axıcıdır. Oxucunu öz ardınca aparmağı bacarır. Ancaq təəssüf ki, hekayədə, xüsusilə sonlara doğru, müəyyən natamamlıq hiss olunurdu. İstərdim ki, mövzu bir qədər də geniş işlənəydi, mətn daha geniş formada təqdim olunaydı.

Amma belə hekayələrə ədəbiyyatda tez-tez rast gəlinir. Hətta bundan da qısa, sonluğu bilinməyən hekayələr var. Görünür, Sevinc də müəllif kimi özünü məhz bu tip hekayələrdə sınamaq istəyib.

Ümumiyyətlə, Sevinc həm insan, həm də şair kimi çox işıqlıdır. İnanıram ki, onun bu işığı gələcək hekayələrində də görünəcək".

Orxan Həsəni:

"Bir neçə dəfə oxudum. Hislərimi ifadə eləmək çətindir. Bütün bunlara nə ehtiyac var? Böyük hərflərlə - TƏƏSSÜF.

Çox zəifdir hekayə. Cümlələr qüsurlu, ideya qeyri-müəyyən, süjet qarma-qarışıq. Müəllifdən gələcəkdə daha yaxşı mətnlər oxumağı arzu edirəm".

Fərhad Amur:

"Sevinc Çılğını uğurlu şair hesab edirəm, bəyəndiyim şeirləri var. Şeirlərinin ruhu və cəsarəti var. Saytlarda yayınlanmış bir-neçə hekayəsini də oxumuşam, illər əvvəl, ancaq təəssüratı yadımda deyil. Bu hekayəsinə gəlincə, dilində nöqsanlar var. Bir az tələsib sanki yazı prosesində. Bəlkə də, poetik təhkiyə ilə yazmağa çalışıb deyə dilə tam hakim ola bilməyib. Bundan başqa, hekayənin sonunda Henrinin reaksiyası süni təsir bağışlayır. Mənə qalsa, belə bir final üçün getdiyi ölkədə (şəhərdə) düşüncəsi, həyatı dəyişən, öz doğma şəhərinə yadlaşan kişinin soyuq, məsafəli rəftarı daha uğurlu seçim olardı".

# 153 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər