Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?
3 iyul 2026
# 11:00

Kulis.az filologiya üzrə fəlsəfə doktoru, pedaqoq və publisist Rəfayət Əlimirzəyevanın Vüsal Bağırlının “Vertrag” hekayələr kitabı: İnsan taleyinin görünməyən qatları" yazısını təqdim edir.

May ayının sonlarında Bakıda keçirilən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Park Nəşriyyatı yeni nəşrlərlə iştirak edirdi. Nəşriyyat oxuculara müstəqillik dövrü ədəbi mühitində tanınan gənc yazarların kitablarını da təqdim edirdi. Diqqəti çəkən yeni nəşrlərdən biri Vüsal Bağırlının ilk hekayələr toplusu olan “Vertrag” idi.

Kitabla tanışlıq müəllifin hekayəçilik prinsipləri,müşahidə qabiliyyəti,bədii dünyası,yaratdığı obrazlar aləmi haqqında təsəvvür yaradır.İlk növbədə qeyd edək ki, Vüsal Bağırlı geniş mütaliə sahibidir.O,hekayə janrının nəzəri əsaslarına və dünya ədəbiyyatının ən yaxşı nümunələrinə dərindən bələddir (“Hekayə – ən çox sevdiyim janr…” Senet .az. ). Onun ədəbi zövqünün formalaşmasında klassik hekayəçilik ənənələrinin mühüm rol oynadığı aydın hiss olunur. Hekayələrində dünya ədəbiyyatına,tarixi hadisələrə, müxtəlif mədəni və elmi faktlara istinadlar geniş yer tutur.

Vüsal Bağırlının qələmə aldığı bədii mətnlər müxtəlif mövzuları əhatə etsə də,onları birləşdirən əsas cəhətlərdən biri də gündəlik həyatın görünməyən tərəflərinə,adi insanların taleyinə və yaşantılarına diqqət yetirməsidir. “Vertrag” toplusuna on səkkiz hekayə daxil edilmişdir. Kitabın adı ilk baxışdan oxucunun diqqətini cəlb edir. “Vertrag” alman dilindən tərcümədə müqavilə,kontrakt və ya razılaşma mənasındadır. Kitabdakı eyni adlı hekayə müəllifin yaradıcılıq istqamətini daha dolğun ifadə edən əsərlərdən biridir.

“Vertrag”da hadisələr İkinci Dünya müharibəsi illərində faşistlərin işğal etdiyi kəndlərdən birində baş verir. Kəndi tərk etmiş partizanları məhv etmək üçün aparılacaq əməliyyata oberfürer Hans Mayer rəhbərlik edir. Vaxtilə Almaniyanın ümidverici rəssamlarından biri olan Mayer müharibənin təsiri altında insan taleləri üzərində hökm etməyə alışmış qəddar zabitə çevrilmişdir.

Kəndin yolayrıcında oynayan dörd uşaq onun diqqətini cəlb edir. Mayer partizanların yerini öyrənmək üçün oyun qurur və uşaqların başçısı sayılan on bir yaşlı Vladkoya müqavilə bağlamağı təklif edir. “Vertrag” yazılmız kağıza həyat və ölümü ifadə edən şəkillər çəkərək onu seçim qarşısında qoyur. Müqaviləyə işğalçı alman zabiti ilə müharibənin içərisində vaxtından əvvəl böyümüş uşağın imzaları atılır. Beləliklə, müqavilə hekayənin həm süjet, həm də simvolik mərkəzinə çevrilir.

Uzun müddət susan Vladko , nəhayət, meşəyə tərəf dönərək istiqaməti göstərir. Hans Mayer bunu qələbə kimi qəbul edir və hərəkətə keçməyi əmr edir. Yarım saat sonra şiddətli döyüş başlayır. Hekayə Vladkonun naməlum əsgərin əlindəki ona tuşlanmış mauzerinin lüləsini görməsi və atəş səsinin eşidilməsi ilə başa çatır.

Hadisələri həyəcanla izləyən oxucu başa düşür ki, Vladko müqaviləni alman zabiti ilə deyil, öz vicdanı ilə bağlamışdı. O,düşməni bilərəkdən yalnış istiqamətə yönəldir və öz imzası ilə işğalçıların məhvinə səbəb olur. Açılan atəş oxucunu sarsıdır, eyni zamanda Vladkonu onun nəzərində böyüdür. Müəllif oxucu ilə emosional əlaqəni uğurla qurur. Uşaqlığını tam yaşaya bilməyən, müharibənin qurbanına çevrilən on bir yaşlı oğlan hekayənin sonunda mənəvi qəhrəman səviyyəsinə yüksəlir, oxucunun düşüncəsində dərin iz qoyur.

Vüsal Bağırlının yaddaqalan obrazlarından biri də “Brilyant əməliyyatı” hekayəsinin qəhrəmanı Rəşiddir. Rəşid cəmiyyətin unutduğu, ailə sevgisindən və qayğısından məhrum olmuş bir uşaqdır. Malakan anası içki düşkünü, azərbaycanlı atası narkoman, böyük qardaşı isə kriminal aləmlə bağlıdır. Belə bir mühitdə böyüməsinə baxmayaraq, o, məktəbdə əlaçı olmuş, kitab oxumağı sevmiş, müxtəlif bacarıqlar qazanmışdır. Rəşid yaşına görə xeyli balaca görünsə də, ayıq düşüncəlidir.Həyatın sərt tərəflərini erkən tanımış oğlan sərgərdan həyat yaşasa da, pis vərdişləri yoxdur, tüfeyli deyil. Daim işləməyə çalışır, ailəsinə kömək etmək istəyir.

Müəllif Rəşidi Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin qəhrəmanına bənzədir (hekayədə əsərdən verilən,bədii mətnin məzmun və ideyası ilə səsləşən bir neçə stat yer alır) “Eynilə onun kimi sarı, qızılı kirpi bizi kimi saçları, mavi gözləri, ifadəli baxışları, xırda burnu, gülərüz, mehriban sifət…”Bu bənzərlik yalnız zahiri görünüşlə bağlı deyil. Hər iki obraz böyüklərin dünyasına müəyyən məsafədən baxır, onların dəyərlərini tam qəbul etmir və mənəvi baxımdan ətrafdakılardan fərqlənirlər. Sosial baxımdan ağır şəraitdə yaşayan, diqqət və qayğıdan məhrum bir uşağın daxili zənginliyi oxucunu təəccübləndirir , digər tərəfdən ona qarşı rəğbət yaradır.

Bir neçə gəncin metronun yaxınlığında bilyard oyunu ilə bağlı açdığı “kiçik biznesdə” çalışan Rəşid qısa müddətdə özünə dost qazanır. Onunla dostlaşan gəncin iyirmi il keçməsinə baxmayaq, “Balaca şahzadəni”- Rəşidi xatırlaması, onun həyat hekayəsini yaddasında saxlaması təsadüfi deyildi.

Bu yaddaşın səbəbi Rəşidin malik olduğu mənəvi keyfiyyətlər idi.

Oxucu hekayədə hadisədən daha çox bir insanın taleyi və onun yaddaşlarda buraxdığı izin təqdimatı ilə qarşılaşır. Müəllif qəhrəmanın sonrakı taleyi haqqında məlumat vermir, onun gələcəyini oxucusunun təxəyyülünə həvalə edir. Oxucu yalnız onu öyrənə bilir ki, ailədən uzaqda yaşayan qardaşı Rəşidi Rusiyaya aparır. Bu gediş onun yaşadığı mühitdən uzaqlaşaraq yeni bir yola çıxdığına ümid yaradır. Rəşid dostunun oxumaq üçün ona verdiyi kitabları özü ilə aparır.Bu kitablar onun üçün qiymətlidir, çünki balaca oğlana etimad göstərən, qayğı ilə yanaşan dostundan yadigardır. Kitabların aparılması simvolik məna daşıyır. Oxucu düşünür ki, Rəşid həyatında qarşılaşdığı xeyirxahlığı,insani münasibəti, kitabların aşıladığı mənəvi dəyərləri də sanki özü ilə aparıb. O mütləq həyatında yeni bir başlanğıca qədəm qoyacaq. Oxucu Rəşidlə bağlı nikbin düşünməyə davam edir,ağır keçmişini geridə qoyaraq daha yaxşı həyata qovuşmasını arzu edir.

Topludakı “Köhnə avtomobilin xatirələri”, “Qrossmeysterin arzuları ” adlı hekayələr də Vüsal Bağırlının simvolik düşüncəyə meylini nümayiş etdirən bədii mətnlərdir.

“Köhnə avtomobilin xatirələri”ndə demək olar ki,hadisə yoxdur.Hekayədə sahibsiz qalmış, “zibil yığını kimi” kənara atılmış köhnə bir “Moskviç” təsvir olunur. Avtomobilin acınacaqlı vəziyyəti məhəllə sakinlərindən birini daha çox narahat edir. O,atılmış “Moskviç”ə daha həssas yanaşır.Onunla söhbət etdiyini,özünün gündəlik qayğılarından və problemlərindən söz açdığını söyləyir. Avtomobilin dilindən isə keçmişi ilə bağlı xatirələrini dinləyir. Müəllif “Moskviç”in keçmiş,xoşbəxt günlərini təsvir etməklə ona bədii obraz səciyyəsi qazandırır.

Hekayənin sonunda sakin avtomobili öz xəyalları ilə baş-başa qoyub uzaqlaşır. Bu sonluqda daha çox anlayış, mərhəmət, keçmişə ehtiram duyulur. Bir vaxtlar sahibinə xidmət etmiş, sonradan dövran dəyişdiyi və daha müasir avtomobillərə üstünlük verildiyi üçün əhəmiyyətini itirmiş “Moskviç” yaşanmış, köhnəlmiş və unudulmuş nəsnələrin simvoluna çevrilir. Oxucu onu cəmiyyət tərəfindən unudulmuş insan taleyi, xatirə, keçmiş zaman, məhəllə sakininin, hətta müəllifin daxili aləminin ifadəsi kimi də qəbul edə bilər.

Bütün bunlarla yanaşı, oxucunu belə bir sual düşündürür: “Moskviç”in kədərini bu qədər dərindən duyan insan öz daxilində hansı tənhalığı, hansı itkini və ya hansı zaman ağrısını yaşayır? Oxucu bu suala cavab tapa bilmir. Onun keçmişə həssas bir insan olduğunu hiss edir. Amma avtomobilə söylədiyi qayğılarının, problemlərinin nədən ibarət olduğunu bilmir. Məhz buna görə də hekayə simvolik baxımdan maraqlı təsir bağışlasa da, emosional yükünü tam reallaşdıra bilmir. Əgər həmin insanın həyatı ilə bağlı kiçik bir detal verilsəydi, onun avtomobillə mənəvi bağlılığı daha inandırıcı görünər, simvolun bədii təsir gücü də artardı. Bəzən bir detal, hətta bir cümlə belə obrazın emosional dayağını tapmağa kifayət edir. Hekayədə müəllif əşyanı uğurla simvol səviyyəsinə qaldırır. Lakin həmin simvolu insan taleyi ilə bağlayan körpünü tam qurmadığı üçün oxucuda yaranan emosional təsir müəyyən qədər natamam qalır.

Vüsal Bağırlının simvolik düşüncə tərzi və əşyaları obrazlaşdırmaq bacarığı “Qrossmeysterin arzuları” hekayəsində özünü fərqli müstəvidə göstərir. Müəllif şahmat fiqurlarını müxtəlif insan xarakterləri ilə əlaqələndirir, canlı metaforalar yaradır. Şahmatın fəlsəfəsinə dair maraqlı mülahizələr irəli sürür. Lakin bu metaforalar qəhrəmanın şəxsi taleyi ilə tam vəhdət təşkil etmir. Oxucu qrossmeysterin şahmat haqqında düşüncələrini öyrənir, onu iradəli,məntiqi təfəkkürü və uğurlu kombinasiyaları ilə rəqibinə qalib gələn peşəkar şahmatçı kimi tanıyır. Ancaq onun daxili aləmini, yaşantılarını kifayət qədər duya bilmir.

Müasir hekayə janrını diqqətlə izləyən yetkin oxucu mətnaltı mənaya, açıq sonluqlara,özünün iştirakı ilə tamamlanan bədii mətnlərə üstünlük verir. Oxu prosesində hekayənin görünməyən qatlarını, müəllifin açıq demədiyi mənaları axtarmağa başlayır.

“Qrossmeysterin arzuları” hekayəsində müəllif bəzi məqamlarda əsas mətləbləri özü izah etdiyi üçün oxucunun bədii mətnin mənasının qurulmasında iştirak imkanlarını məhdudlaşdırır. Hekayənin adındakı”arzular” sözü oxucuda qrossmeysterin reallaşmamış istəkləri,daxili çatışmazlıqları və mənəvi axtarışları haqqında daha dərin təsəvvür yaradacağı gözləntisi formalaşdırır. Hekayədə isə diqqət daha çox şahmatın fəlsəfəsinə, qəhrəmanın bu oyunla bağlı düşüncələrinə yönəlir.

“Vertrag”dakı digər hekayələrdə maraqlı müşahidələr, qeyri-adi əhvalatlar və orijinal yanaşmalar diqqəti cəlb edir. Lakin bu müşahidə və əhvalatların hamısı eyni dərəcədə güclü bədii nəticəyə çevrilmir. Vüsal Bağırlı bu bədii mətnlərdə də adi insan talelərinin görünməyən mənəvi qatlarını üzə çıxarmağa cəhd etsə də, “Qanlı cinayət”,”Qonur inəyin quyruğu”,”Valeybolçu qız”,”Qəribə insan”, “Çəkələklər”,”Razin siçanları”,”Zəlzələ və tutuquşular” kimi hekayələr oxucunun yaddaşında maraqlı hadisə və ya əhvalat olaraq qalır.

“Vertrag” ilk hekayələr kitabı kimi Vüsal Bağırlının bədii potensialını, həm də yaradıcılıq axtarışlarını əks etdirir. Diqqətli oxucu bu axtarışların hansı hekayələrdə uğurlu bədii nəticəyə çevrildiyini, hansılarda isə hələ maraqlı hadisə və müşahidə səviyyəsində qaldığını görə bilir.

Dərin həyati müşahidə, simvolik düşüncə, obrazlı təsvir, bədii dil və təhkiyənin təbiiliyi Vüsal Bağırlının hekayə yaradıcılığını səciyyələndirən əsas cəhətlərdir. Kitabda yer alan uğurlu bədii mətnlər, müəllifin simvolik düşüncəyə meyli, insan taleyinin görünməyən qatlarını duymaq bacarığı və gündəlik həyatın adi görünən hadisələrindən bədii məna yaratmaq istedadı gələcək yaradıcılığı üçün ciddi imkanlar vəd edir. Oxucuya daha çox etibar etməsi,mətnaltı mənanın təbii şəkildə formalaşmasına geniş yer verməsi isə onun yeni yazılacaq hekayələrinin estetik təsir gücünü daha da artıracaq.

Vüsal Bağırlıya ilk kitabının sevincini doya-doya yaşamağı, yeni yaradıcılıq uğurları arzu edirəm.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər