Mənə oxşayan adam - Çağdaş ingilis hekayəsi

Mənə oxşayan adam - Çağdaş ingilis hekayəsi
2 dekabr 2019
# 16:01

Kulis.az Çağdaş ingilis yazıçısı Roald Dahlın “Mənə oxşayan adam” hekayəsini təqdim edir.

“Nə istəyirsiniz? Pivə gətirim?” - barmen soruşdu.

“Hə, pivə ver!!” - Mən sifarişimi verdim.

Barmen iki şüşə pivə, iki də stəkan gətirdi. Mən butulkadan stəkanlara pivə süzdüm.

“Sənin sağlığına!” - Mən stəkanı qaldırdım.

Biz stəkanları bir-birinə çaqqıldadıb içdik. Axırıncı dəfə onu beş il əvvəl görmüşdüm. Sonra müharibə başladı. Onu bir daha görmədim, demə, beş il müharibədə olub. Başlayandan qurtarana qədər pilot kimi vuruşub. İlahi, müharibə onu neçə dəyişdirmişdi... Cavan, dəliqanlı oğlan 70 yaşlı qoca, sakit bir adama çevrilmişdi. Yox, yox, ona sakit demək olmazdı, yəni elə bil şikəst, boynubükük yorğun, həyatından bezmiş bir adama dönmüşdü.

Kişi çox dəyişmişdi, çox. Mən onunla barda görüşəndə çaşıb qaldım, dəhşətə gəldim. Nə deyəcəyimi, nədən başlayacağımı bilmədim.

Pilot dostum Fransadan tutmuş bütün İngiltərə boyu vuruşmuşdu. Onu gah (Western Desert) Qərb Səhralarına, gah (Greece) Yunanıstana, gah da Crete adalarına göndərirdilər. Təyyarəsi ilə Suriyadan girib Habbaniyadan, Alameindən çıxırdı. O, Siciliyaya, İtaliyaya, ordan da İngiltərəyə reydlər edirdi. Elə bir cəsur adamı müharibə sındırmışdı. İndi qarşımda sönmüş bir adam oturmuşdu.

O, alçaqboylu, solğun girdə sifətli bir kişi idi. Uzun çənəsi tez nəzərə çarpırdı. Amma qara gözləri hələ də işıqlı idi. Saçları qara və səliqəsiz idi. Bir çəngə tük alnına tökülürdü və o, tez-tez əli ilə saçını arxaya darayırdı.

Bir müddət ikimiz də özümüzü narahat hiss etdik. Masa arxasında sakitçilik idi, heç birimiz söhbətə başlamaq istəmirdik. Pilot dostum mənimlə stolda üzbəüz oturmuşdu. O, barmağı ilə soyuq pivədən tərləmiş stəkanın üstündə şəkil çəkirdi. Özünü məşğul kimi göstərmək istəyirdi. Amma mən hiss edirdim ki, o bilmir nədən başlasın, nə danışsın. Mən stolun üstündəki qabdan qoz-fındıq götürüb marçıltı ilə yeyirdim. Guya ki, mənim də heç nə vecimə deyil.

Sonra o, gözünü stəkandan ayırmayaraq sakitcə, asta-asta dedi:

“Nə deyim, rəbbim kaş ki məni də ya barmen, ya da bir pozğun, yolunu azmış qadın yaradardı.”

O, stəkanı doldurdu və bir nəfəsə içdi. Bilirdim ki, içi içini yeyir, söhbətə başlamaq üçün özündə güc toplayır.

Mənim ona yazığım gəldi. “Gəl birini də içək!! “- mən təklif etdim.

“Hə, düz deyirsən. Gəl, birini də içək, amma pivə zəifdi. Viski yaxşıdı. Viski içək. “

Mən barmenə bir Scotch və mineral su sifariş etdim. Biz mineral suyu Scotchla qarışdırdıq və içdik. O, azca qabağa əyilib söhbətə başladı.

“Bilirsən?” - dedi, “Hər dəfə reydə çıxanda hədəfi vurmaq üçün bombaları buraxan zaman ağlımdan keçirdi, “mən neyləyirəm? Görən atdığım bombalar kimin başına düşəcək? Bütün günü peşimançılıqla fikirləşirdim ki, atdığım bombalar kimi öldürəcək, neçə nəfəri, 10, 20, 100, 1000 nəfəri öldürəcəm. İndi hər şey bitib, amma suallar məni rahat buraxmır. O, danışa-danışa barmaqlarının arasında qoz-fındığı əzirdi. Hiss olunurdu ki, danışdıqlarından əzab, xəcalət çəkir.

O, çox yorğun yavaş səslə danışırdı. “Bilirsən, təyyarədə sükanın altındakı əyləcə ayağımı xəfif basırdım, bombalar açılırdı. Təsəvvür edirsən, işim o qədər asan idi ki, ayağını yavaşca basdın, nə qədər evlər, adamlar bombalanırdı. Oturduğun yerdə ayağını tərpətdin, minlərlə adam, ev-eşik yerlə yeksan olurdu. Mənim də işim-gücüm ayaq tərpətmək idi. Başa düşürsən nə qədər adamı aradan götürmüşəm.”

O, stəkanı hələ də əlində tutmuşdu. “Həə, - o, mızıldandı - Fikir məni yaşamağa, yatmağa qoymur, məni dəli edir. O qədər rahat iş idi ki, ayağını basdın, bomba açıldı, getdi. O anda işini görürsən. Heç ruhun da incimir. Amma sonra fikirləşirsən, bu belə olmalıydı, yoxsa başqa cür? Hansı reyd daha dəhşətli idi? Bəlkə bir az sola versəydim, ev dolu alman əsgərlərini bombalayardım. Azca sağa sürüşdürsəydim, çadırdakı uşaqların əvəzinə kef çəkən alman əsgərini öldürərdim. Bütün bunları hesablamaq istedad tələb edirdi.”

O, dayandı və boş stəkanı stolun ortasına itələdi. “Düzünü deyim az hallarda səhv edirdim, çox vaxt yanılmırdım.”

Mən bilmirdim ona necə təskinlik verim. “Eybi yox, o qədər səhv etmişəm. Hamı səhv edir. Gəl, bunu da içək.” - dedim.

“İçək də.” - o dedi.

Mən barmeni çağırdım, içki sifariş etdim. Artıq saat altı idi, bar yavaş-yavaş adamlarla dolurdu. Biz onlara baxırdıq. Bəziləri ayaqüstə, bəziləri oturmuşdu, bəziləri gülüb danışır, ya da içki sifariş edirdi.

“O qadına bax.” - mən dedim. “Tək oturub. Mən bilmirdim onun fikrini necə dağıdım. Araya başqa söhbət salmaq istəyirdim. “Əla fiqurası var. Sinəsi elə bil mərmərdi.” - dedim.

Barmen yenə içki gətirdi.

Pilot hələ də öz aləmində idi. “Sənə Stinkerdən danışmışam?” o soruşdu.

“Yox. Stinker kimdir?”

“Stinker dəə. Maltadakı Stinker Sullivan.”

“Yox.”

“Stinkerin böyük Alsatian cinsindən bir iti var idi. O, iti atasından-anasından çox sevirdi. İt onun üçün hər şey idi. İt də onu sevirdi. Stinker hara gedirdisə, it də onunla bərabər olurdu. Stinker onu Smith çağırırdı. O, Smithi canından çox istəyirdi. Bütün günü itlə danışırdı.”

“Viski içək?” - soruşdum.

“İçək, içək.” - pilot dedi. Biz bir az da içdik.

“Həəə, nə isə. Bir gün komandir ona Misirə uçmağı tapşırır. Əmri həmin dəqiqə yerinə yetirmək lazım idi, bir saat, iki saat sonra yox. Stinker Smithi heç yerdə tapa bilmir. Bütün aerodrom boyu “Smith, Smith”deyə vəhşi kimi çığıra-çığıra qaçır, axtarır. Smith tapılmır.

“Bəs harda imiş? - maraqla mən soruşdum.

“Qulaq as da... Həə, it tapılmadı və biz uçmalı olduq. Stinker ilk dəfə olaraq Smithsiz uçdu. Təsəvvür edirsən, o, havalanmışdı. Uçuş boyu Stinker Maltadan radio ilə soruşurdu ki, it tapıldı, ya yox. Qayıdanda da Misirə zəng vurub soruşurdu ki, it tapıldı, ya yox. Malta da cavab verirdi ki, yox, tapılmayıb.”

Yenə də içki sifariş verdik. “Hə, nə deyirdim ? Yadıma düşdü, Stinkerdən danışırdım. Adətən, hara gedirdiksə, Smith Stinkerin yanında olurdu. Stinker də itin başını tumarlayıb deyərdi: “Afərin, oğlum, gəl, Smith.”

İndi itini itirmişdi, amma Stinker yenə də dəli kimi gedə - gedə ətrafına baxa-baxa danışırdı, guya iti yanındadı, “gəl, oğlum, gəl, Smith” deyirdi.

“Bəs it harda imiş?” - mən soruşdum.

“Yəqin ki, Maltada öldürmüşdülər, tapılmadı. Offf, neçə də pis viskidi.”

“Heç demə. Elə bil zəhərdi, zəhər. Neyləyək ki, iç getsin” - mən dedim.

“Sənin sağlığına.”

“Yox, sənin sağlığına”

“Barmen! Barmen, içki gətir”- qışqırdım.

“Həəə, qardaş, Smith tapılmadı. Biz fikirləşdik ki, onu öldürüblər.”

“Vay, vay, kişinin başı çönər ki...” - mən maraqla dedim.

“Çöndü də, hara gedirdisə, iti çağırırdı. Qapını açırdı, guya əvvəl iti keçirdi, sonra özü arxasınca qapını örtürdü. Otağa daxil olanda yan-yörəsinə baxa-baxa guya iti ilə danışırdı.” Gəl, gəl, Smith, oğlum” deyirdi. Havada əli ilə guya itin başını sığallayırdı. Bir dəfə barda iki kişi iki qadınla oturub içirdilər. Birdən Stinker onların stolunun altına girdi. Onların dizlərindən yapışdı və qışqırdı: “gəl, gəl, çıx stolun altından, Smith, ayıbdı, camaat istirahət edir, sən onları narahat edirsən. Çıx, çıx stolun altından. Sonra guya itini stolun altından çıxarmış kimi özünü göstərib, orda oturanlardan üzr istəyirdi. “Çox nadinc itdi, çox üzr istəyirəm, heç sözümə baxmır. Bağışlayın. “Sən o insanların üzündəki ifadəni görərdin. Sonra barın qapısını açdı, guya əvvəl itə yol verdi, it çıxdı, sonra da özü çıxdı.

“Kişi lap dəli imiş”- mən təəssüflə dedim.

“Hə, Stinkerin başı xarab olmuşdu. Hələ o bardakı camaatı görərdin. Onlar bir-birinə təəccüblə baxır, iti görmək üçün ora- bura boylanırdılar. Hətta bir kişi qorxudan əlindəki içkini dağıtdı.

“Yazıq, dəhşət vəziyyətdə imiş.” - mən dedim.

“Hə, dəhşət, çox dəhşət.”

Barmen gəlib-gedirdi. Stəkanlar dolub-boşalırdı. Otaq adamlarla dolu idi. Əksəriyyəti də hərbi geyimdə idi.

Pilot stəkanına buz atdı.

“Hə, başını itirmişdi. Gözü gəzirdi. Gözü yolda idi. Hər yerdə itini axtarırdı.”

Söhbəti dəyişmək istəyirdim. Bilmirdim nə atım ortalığa, nədən danışım. “Bilirsən? ” dedim,” Mənim balaca bir maşınım var, işə onunla gedib gəlirəm. Bilirsən, mənim özüməməxsus maşın sürmək qaydam var.”

“Nə qaydası? - pilotu maraqlandırdım deyəsən.

“Maşının motorunu işə salıram, amma iyirmiyə qədər sayıb, sonra yerimdən tərpənirəm.”

“O nə deməkdi? O necə olur? Sən Stinkerdən də dəli imişsən ki.” - o, dedi.

“Mənim üsulum hər hansı acdidentdən qaçmaq üçündür. Hələ heç kimin maşınını vurmamışam, ya da yungül zədə ilə canımı qurtarmışam.”

“Sən deyəsən əməlli sərxoşsan.” - pilot donuq sifətlə mənə baxdı.

“Ciddi deyirəm. Motoru işə salıram, amma sürmürəm. İyirmiyə qədər sayıram, sonra yerimdən tərpənirəm. Yolu keçən piyadanı vura bilmirəm, çünki iyirmi saniyə gecikirəm.”

“Nə bilim, anlamadım. Amma yaxşı fikirdi”- o, dedi.

“Əlbəttə ki, yaxşı fikirdir. Bilirsən, nə qədər həyat xilas etmişəm. Mən rahatam, çünki saydığım üçün vura biləcəyim adam yolu keçib gedir artıq.”

“Əladı.”

“Hə, əladı, mənim özüm fikirləşmişəm.”

Biz yenə də içdik.

“Ona bax eeee. Super qadındı. Yaman gözəldi.” - mən gözümlə qonşu stolda oturan qadını göstərdim.

“Hansı? Sinəsi mərmər olanı deyirsən? - “Pilot qəmli-qəmli soruşdu. İnanırsan nə qədər bundan da gözəl qadın öldürmüşəm.”

“Yox əşi, bunun kimisi olmaz. Almaniyada belə sinəli gözəl-göyçək qadın hardandı?” - mən etiraz etdim.

“Var, var, səninlə mərcə gələrəm ki var, çoxdu. Bu otaqdakı adamları görürsən? Buradakılardan 100 dəfə çox barmenli, deyib gülən, sərxoş, kişili, qadınlı, uşaqlı, qocalı adam öldürmüşəm.”

“Hə, çox dəhşətli haldır.”

“Çox, çox, elə bil cəhənnəmdi. Qana bulanmış kafelər, barlar, restoranlar. Bircə ayağını basmağına bənddi, mərmilər düşür və yüzlərlə ölü insanlar...

“Nə isə... buralar çox səsli-küylü oldu, iç qurtar, başqa yerə gedək.” - dedim .

Biz içdik, pulu vermək üçün xeyli əlbəyaxa olduq. Axırda mən qalib gəldim. Pilot da iki dollar barmenə cib xərci verdi.

Biz ayağa qalxdıq. Səndələyə-səndələyə qapıya tərəf getdik.

Barın qarşısında durub taksi gözləyirdik. İkimiz də sərxoş idik. Maşınlar yanımızdan sürətlə keçib körpüyə tərəf gedirdi. Biz hələ də gözləyirdik.

İngiliscədən çevirən: Rauf Qaraişıq

# 3151 dəfə oxunub

Müəllifin son yazıları

# # #