Bir şüşə içkidə boğulan uşaq

Bir şüşə içkidə boğulan uşaq
7 noyabr 2016
# 15:19

Fuad Rüstəmzadə

- İstəmirəm. Sənin hələ çox zamanın var. İyirmi doqquz yaş nədir ki?

- Məni sakitləşdirmə. Onsuz da sizdən yetəri qədər uzağa düşmüşəm.

- Biz birgə bacarmırıq. Oğluna da pis təsir edirsən.

- Mən pis təsir edirəm? Mən? – Arif dəstəyi asdı.

Məsələnin bu yerə gələcəyini bilirdi və buna dözə bilməyəcəyini də. Beynində uşaq kimi qorxudan divara dirənmiş bir hissəsini incidirdilər, o isə buna qarşı gələ bilmirdi, gücü çatmırdı. Aldığı içkini qarşısına qoyub siqaret qutusunu cibindən çıxardı, külqabını boşaldıb içini yudu və sildi. Yeniyetməlikdən çıxa bilməyən romantik Arifi bəzən hippi roluna salırdı, bəzən isə, daha doğrusu çox zaman, Bukovskinin əsərlərində olan quru, daim içki içən kişilərə bənzədirdi. Bu oyun onu sağ saxlayırdı. Həyatda saxlamasa belə, sağ qalırdı. Özünü bir şüşə içkidə boğulan uşaq kimi hiss edirdi.

“Hər səhər qırmızı səmanın altında, əzabdır oyanmaq” - Arif tələbəsinin şeirinin bir sətrini yadına salıb düşünürdü. “Buludsuz hər gün… Necə idi davamı bunun?”

Səhər saat yeddi idi. Saatın zəngi onu yuxudakı dərs otağından bayıra atdı. Universitetə bir neçə dəfə gecikmişdi və töhmət almasın deyə vaxtında oyanmalı idi.

- Kəs səsiniiii! – dedi və saatın başından vurdu.

Saat cavab vermədi.

Əl-üzünü yuyarkən ağzındakı nikotinin saralmış qalığını tüpürüb tələbəsinin yazdığı şeiri yadına salmağa çalışdı. “Bu keçəl ya nəşələnib yazıb şeiri, ya da o da səhərləri mənim kimi açır.” Şeirin davamını xatırlamaq üçün beyninin divarlarını sanki perfarator ilə deşib dağıdırdı, amma yenə də yadına düşmürdü. Çay qutusunu stəkanın içində unutduğu üçün, az qala alkoqollu içkiyə çevrilmişdi. İçməyə başladı. Əsnədi. – “Buludsuz hər gün…” Tfuuu… – O yenə yada sala bilmədi və ağzında tünd çayla qarışmış palçıqlı mayeni pəncərədən tüpürdü. Elşənin riyaziyyat dəftərində məsələ əvəzinə yazdığı şeir beyninə girmişdi. Amma dərd orasında idi ki, yarımçıq girmişdi. Digər hissəsi isə, dəftəri ilə yaddaşının arasında, havada qalmışdı. O, yarımçıq çayı boşaldıb içinə su yığdı və kənara qoydu. Qalstukunu bağladı. Açdı. “İşdə qızların birinə deyərəm bağlayar” - düşünüb güzgüyə gülümsədi.

İkinci gün idi və Arif cəmi ilk üç dərsi deyib evə getməli idi. Evə, çünki gedəsi başqa yeri də yox idi. Şəhərə yeni gəlmişdi. Bir neçə müəllim və tələbələrdən başqa heç kimi tanımırdı. Hə, bir də , zəhlə tökən, kirayə qaldığı evin sahibi. O Arifin maşını üçün verdiyi örtüyün pulunu belə, kirayə haqqına salmışdı. Qonşuluqda yaşaması isə vəziyyəti daha da gərgin edirdi. Bəzən ev sahibinin verdiyi salamı belə Arif almırdı, ya da alırdı, özünəməxsus şəkildə. Orta barmaq işarəsi ilə. Sabir isə sadəcə gülürdü. Yaltaqlığı Arifin gözündə onu daha da iyrənc edirdi.

Maşını işə salıb pəncərələri açdı və yola düşdü.

Dərslərini keçib, evə gedib dünən gecə maraqlı yerində saxladığı əsərin davamını oxuyacaqdı. Maraqlı məqamda dayanmaq, oxumaq üçün onu əlavə motivasiya edirdi. Müəllimin ona tələbəlik illərində verdiyi məsləhətə hələ də riayət edirdi.

O, yeməkxananın yanından keçərkən Elşənə rast gəldi.

- Elşən! Necəsən?

- Yaxşıyam. Siz necəsiniz?

- Mən də. Axşam boşsan?

- Bəli, üç dərsdən sonra boş olacam.

- Dünən dəftərdə yazdığın şeiri istəyirəm oxuyum.

Elşən dəftərin arxasına yazdığı şeiri cırıb Arifə baxmadan ona uzatdı. Utanma hissi Elşənin yanaqlarına yığılıb qızardı.

- Səni dərslər bitəndən sonra universitetin qarşısında gözləyəcəm. Çay içərik, beynimizi də bir şeylə doydurarıq, məsələn sənin şeirlərinlə. Yaxşı, utanma. Sadəcə söhbət edəcəyik.

“Belə utancaq oğlan saçını necə və niyə keçəl edib?” – düşünüb gülümsədi. Maşına oturub şəhərin tanımadığı küçələrini gəzməyə başladı.

Saat ikinin yarısında Arif universitetin qarşısına gəldi. “Saat ikinin yarısı oldu, iki oldu, bu gəlmədi. Eh Arif…Arif… Bunun geyiminə bax sən… Nə isə. Tələbələrlə əlaqəyə görə işdən qovulmaq olmaz. Bədənə bax. Eh!”

Nəhayət adını yadında saxlaya bilmədiyi müəllim yoldaşının universitetdən çıxdığını görüb, ordan uzaqlaşmaq qərarına gəldi.

Həmin gün Arif evə getmədi. Axşama qədər şəhərin küçələrində dolaşdı. Axşamlar hansı barda oturub səhərə qədər içki içə biləcəyi yerləri beyninin xəritəsində qeyd etdi. Başqa qeyd etdiyi yerlər də yox idi. Onu insanlar və əyləncə maraqlandırmırdı. Bəlkə qadınlar bir az. O da bir neçə gecəlik.

Hava qaralmışdı. Öz evinə yaxın olan ən kiçik və az adamlı görünən barın qarşısında maşını saxladı. Road to hell (Cris Rea) mahnısını sonuna qədər dinləmək üçün maşından düşmədi. Yağışın damcıları pəncərələri yalayırdı. “Yenə çətir evdə qalıb. Özü də deyəsən köhnə evdə. Kütbeyin. ”. Maşından düşüb bara doğru getdi.

Adının sonunda bar yazılsa da, bura kiçik ailəvi kafeyə bənzəyirdi. Dörd stol və kiçik bar. Barmen də yerində yox idi. Bəlkə də barmenləri ümumiyyətlə yox idi və ofisantlar (iki ofisiant var idi cəmi) barda kimisə görən kimi, istədiyini sənə verib gedirdilər. Arif barda oturdu və qarşısında qoyulmuş salfet qabından salfetlərin birini götürüb yağışın damcılarını üzündən sildi. Musiqi yox idi. Onu barın yuxarısında asılmış televizor əvəz edirdi. Yəqin ki, idman yarışlarına baxmaq üçün istifadə edirdilər, amma indi xəbərlər gedirdi.

- Necə kömək edə bilərəm? – ofisiant soruşdu.

- Qəhvə zəhmət olmasa. – “Elə baxır, elə bil mütləq içki içməliyəm. Köynəyin biləkləri də çirkdi. Səni kim işə götürüb?”

- Bu dəqiqə.

Arif cibindən Elşənin ona verdiyi vərəqi çıxardı. Bir siqaret yandırdı və vərəqi arxeoloqun qədim bir yazını açdığı həssaslıqla açdı. Arif üçün ədəbiyyat sanki ritual idi. Yaradıcının sözlərlə öz içindəki quyuya uzatdığı iplə onun içinə düşürdü və öz keçirdiyinə bənzər hissləri, düşüncələri görüb heyrətlənirdi. Şeiri oxumağa başladı:

Hər səhər çəhrayı səmanın altında əzabdır oyanmaq

Yorğanımı başıma bulud edib uzanıram

Yenə doymuş qarınların

Və ac qucaqların arasında

İnsan kimi günü-gündən azalıram

İtmiş insanların monoloqlarından ibarət

dialoqlar silsiləsi

Gün batana qədər çırpınan ruh

Və eşidilməyən ürəyin səsi

Şeir bitər-bitməz xəbərlərdə universitetlərinin adını eşitdi və fikrini televizora cəmlədi.

“Bu gün günorta saatlarında, ali riyaziyyat fakültəsinin tələbəsi, Səlimov Elşən dünyasını dəyişib. Daha ətraflı məlumat növbəti xəbər buraxılışımızda.”

- Kofeni dəyiş. O şüşəni də yaxın elə. - əli ilə araq şüşəsini göstərdi.

Bardan evə qayıdandan sonra Arif özünə gələ bilmirdi. “Elşən bəlkə də kimya terapiyası alırdı, bəlkə də ona görə saçları yox idi, amma elə olsaydı, dərsə də gələ bilməzdi.” Arif, Elşənin yazdığı şeiri dəfələrlə oxuyub özünü onun yerinə qoyurdu. “Gənclikdə əldən vermək istəmədiyimiz o qədər şeyin içində adətən əlimizdə bircə həyat qalır, onu da itirdin”.

Yadına Günay ilə olan söhbət düşdü. Zamanın necə az olduğunu, özünün və yaxınlarının istənilən an yox olması təhlükəsinin olmasını anladı, zamanın axınını, Çin nağıllarında olan qorxunc əjdahaların alov püskürərək qarşısına çıxan hər kəsi öldürməsinə bənzədirdi. Ölüm. O, sanki insana çevrilib Donun yanında dayanmışdı. Qorxudaraq özü ilə aparmayan ölüm, insanı əksinə həyata atar. Arif onun gözlərinin içində öz passivliyinin necə tük ürpədici baxışlar altında əridiyini hiss edirdi. Pivə şüşəsini başına çəkdi. Ağzı köpüklə doldu və sərin pivə həyəcandan yanan sinəsinə süzüldü. Nəfəsinin xaltası əlindən çıxdı. Mədəsi ağzına qədər böyüdü. Bu indiyə qədər görməzdən gəldiyi, həyatının məsuliyyətinin özünüifadə anı idi. Nəhayət, O, telefonu əlinə aldı və Günayın nömrəsini yığdı. Hər çağrı səsindən sonra Günayın telefona cavab verməməsini istəyirdi. Sözü kəsilmədən, ürəyindəkiləri ona demək üçün, səsli mesaj göndərməli idi. Çağrı səsi dayandı.

-……mesajınızı qoya bilərsiniz.

- Günay…Vaxtımız yoxdur. Heç birimizin vaxtı yoxdur. – Dedi və dəstəyi asdı.

# 1436 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #