Baba ilə söhbət

Baba ilə söhbət
1 dekabr 2016
# 14:46

Fuad Rüstəmzadə

Qiymətli kağızlar bazarının günü bitmişdi. Yaxınlarımın dediyi kimi, hər günüm bazar günüdür. Bazarın saytı deaktiv olan kimi kompyuteri bağlayıb hazırlıq görməyə başladım. Dostumun babasına yeməyi mən aparmalı idim. Hər axşam iş yerində gec saatlara qədər tək qalan babasına dəymək üçün yeməyi bəhanə edib gedirdi. Babası qürurlu adam idi. Birbaşa - sənə dəyməyə gəlmişəm - deyə bilməzdi. Kolbasa və holland pendiri ilə üç sendviçi tosterin arasına qoyub mil-mil dəftərə döndərdim. Kişi qoca olsa da, dişləri yerində idi. Tost yeməyi sevirdi. Çörəyin arasına kahı da qoydum. Məndən olsa, yemək bişirib və ya alıb aparardım, amma dostumun dediyinə görə, babası başqa yemək olanda qəbul etmirdi. Sendviçləri yemək qabına qoydum və paltomu götürüb evdən çıxdım.

Qışın əvvəli idi. Saat yeddiyə işləyirdi amma hava artıq qaralmışdı. Ağlımda qazana biləcəyim amma “satın al” düyməsinə basmağa qorxduğum üçün qazana bilmədiyim pulları hesablayırdım. Onları hara xərcləyəcəyimi düşünmək istəyəndə isə, fikirlər dayanırdı. Yazıçı bloku da belə şeydir yəqin. Düşünmək istəmədiyin şeylər özləri beyninin yolları ilə rahat-rahat dolaşar, amma düşünmək istədiklərin hansısa küncdə bucaqda gizlənib gözünə görsənməzlər.

Ağlımın yollarında azsam da, ayaqlarım məni mənzilə gətirib çıxardı. Darvaza bağlı idi və içəri girə bilməyəcəyimi sandım. Babanın nömrəsini bilmirdim, dostuma zəng edəcəkdim ki, darvazadan iki üç metr kənardan, mənim görmədiyim kiçik qapıdan bir it qaça-qaça çıxdı. Telefonun ekranını tez sinəmə sıxdım. Qaranlıqda itlərin maşın işıqlarına necə reaksiya verdiyini görmüsünüz. Sendviçləri itlərə nahar verib, özüm desertə çevrilmək istəmirdim. İt ruh görmüş kimi qaçırdı və məni canlı adamı, yəni məni görməyib yanımdan keçdi. Onun çıxdığı qapıdan içəri girdim və qəbirlərin arası ilə işıq gələn yerə getməyə başladım. Ağacların əlindən mühafizəçi daxmasının ancaq işığı görünürdü. Bir də bəzi qəbirlərin parıltılı başdaşılarından əks olunan işıq. Sanki ruhlar daşın üzərində oturub söhbət edirdilər. Bura gördüyüm yeganə ağaclarla dolu olan qəbiristanlıq idi. Dostumla gələndə onun qorxmasını ələ salırdım, amma tək olduğum üçün, indi özüm qorxurdum. Öz qorxusunu boynuna ala bildiyi üçün o daha cəsarətli sayıla bilərdi. Tüklərim biz-biz olmuşdu. Soyuqdan olmuşdusa da, soyuğu heç hiss etmirdim. Həyəcandan bədənim qızınmışdı.

- Baba! - çağırdım. Bacardığım qədər bərk qışqırdım. Sanki onu çağırmaq üçün ikinci şansım olmayacaqdı. Uşaqlıqda qorxulu yuxu görəndə valideynlərimi də belə çağırırdım. Yatağımın altında gizlənən varlıqları səsimlə oyadacağımı düşünürdüm və əgər onlar oyanacaqdısa, anam onlardan daha tez gəlib çatmalı idi.

Qapı açıldı.

- Gəl, gəl! - dedi.

Qapıya çatanda işığın altında gördüm ki, ayağıma haçalanmış balaca budaq ilişib və mən onu hiss etməmişəm. Yaxşı ki, hiss etməmişəm. Təsəvvür edirsiniz, qəbirlərin arası ilə gedirsən və birdən ayağından nəsə yapışır. Budağı çıxarıb atdım və içəri girdim. Kişi burda mühafizəçi işləyirdi. Maaşı da ona qəsəbənin sakinləri yığıb verirdi. Qəbiristanlığı da onlar abadlaşdırmışdı, amma gecələr itlər və evsizlər gəlib buraları pis günə qoyurdular.

İçəridə yataq, bir stul və üstündə televizor olan stol var idi. Tavanı saralmışdı və nəmişliyin təsirindən tərsinə çevrilmiş dəvə belinə bənzəyirdi. Televizor işləsə də, səsini tam almışdı. Yatağın üzərində kitab var idi. Yəqin televizordan əlavə işıq kimi istifadə edirdi . Tavandan asılan kiçik lampa kifayət etmirdi.

- Sənə əziyyət oldu, çox sağ ol. - dedi.

- Xoşdu. Nə zaman lazım olsa, gələ bilərəm.

- Məndən olsa, heç nə lazım deyil. Bilirsən də, istəmirlər nəzarətsiz qalım. - gülümsədi.

Əllərimi qızdırmaq istədim amma peç o qədər balaca idi ki, əlimin barmaqlarını bir-bir qızdıra bilərdim ancaq.

- Necəsən? Keçən dəfəkindən yaxşı gördüm səni.

Hər kəs məni depressiyada sayırdı. Evdən çıxmayıbbütün günü kompyuterin qarşısında oturub heç kimin anlamadığı alverlə məşğul olurdum. Dostum deyirdi ki, ekranın rəngi üzümə çıxıb və bir azdan o qədər ağaracam ki, babasının yanına bir yerdə gedəcəyik, amma o tək qayıdacaq.

- Hə, deyəsən sağ qalmaq instinkti məni bir az silkələdi. Bura gələndə bir it çıxdı qabağıma. Bir az itlərdən qorxuram.

- Bura gələn sağlar həmişə qorxu ilə gedir. Biri ölüdən qorxur, o biri ölümdən, başqası da it-pişikdən. Qorxmayandan da mən qorxuram.

- Qorxmayanlar da olur?

- Hə, biri var. - deyib siqaret yandırdı. Siqaret çəkməkdən dodaqlarının üstünə qədər uzanmış ağ bığlarının ucları saralmışdı. Həmişə deyirdi ki, üzümün qışını payıza döndərirəm.

- Kimdi?

Tüstünü göyə üfürüb gülümsədi və anladım ki, özünü nəzərdə tutur. Dolayısıyla isə mənə söz atır. Keçən dəfə olan mübariz insan mövzusunun davamı idi bu təbəssüm.

- Dizlər qatlanmış olanda, hər iki halda da ölürsən. Dizlərin yerdə olanda da, arxan yerdə olanda da. Sənin isə arxan bütün günü yerdədi, hərəkət eləmirsən. Bu da bir cür təslimiyyətdir.

- Bilirəm baba, bilirəm. - Bir siqaret də mən yandırmaq istədim amma onun yanında heç vaxt çəkməmişdim deyə utandım. - Bir gün mənim də hərəkət günüm gələcək.

- Mənim…- ayağa qalxdı və qapının arxasında, gözdən kənarda olan kiçik soyuducunu açdı. - mənim yanımda həmişə O var. Bir əlimdə onun bədəni (gətirdiyim sendviçin çörəyini göstərdi), digərində isə qanı (şərab butulkası). - Sendviçi yenidən soyuducuya qoydu. Çaxırı isə stolun üstünə qoyub açdı. - Yəni mənə görə narahat olmağa dəyməz. - O inanclı biri deyildi. Danışıq tərzinə artıq öyrəşmişdik. Demək istəyirdi ki, sizin problemləriniz daha çoxdu, özünüzlə məşğul olun.

- Mən nə istədiyimi unutmuşam sadəcə. Bu hər şey istəməkdən başladı, daha sonra hər şeydən az-az istəməyə keçdi, daha sonra isə, heç nə istəməməyə keçdi. Bəzən rahat həyat xəyalı xoş gəlir mənə, sonra baxıram ki, narahat yaşamıram və rahatlıq da məni məyus edir.

O iki stəkan götürüb çaxır süzdü.

- Yox baba, içə bilməyəcəm. Getməliyəm.

- Sənə bir butulka çaxır verən yox idi. Dedim bir stəkan cəsarət üçün içəsən. Birdən it yenə qabağına çıxar.

Bir stəkanı içdim.

- Yaxşı, mən gedim… - deyib gülə - gülə otaqdan çıxdım.

- Çox sağ ol bala. - dedi arxamdan.

Onunla söhbətlərdən sonra həmişə özümü daha da əzgin və gücsüz hiss edirdim. Nə qədər incə sözlər seçsə də, dolayısıyla izah etsə də, mübariz bir adama çevirə bilmirdi məni. Çevrilə bilmirdim. Yenə mənasızlıq toz sovuran kimi hisslərimi sovurdu. Gələndə barmaqlarımın ucunda getdiyim yolu, qəbiristanlıq vətəndaşı kimi gedirdim.

# 4831 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #