Yağışda çılpaq dayanmaq

Yağışda çılpaq dayanmaq
7 noyabr 2016
# 14:59

İsmayılova Hicranə

Bir neçə saatlıq özümü unutmaq istədim. Bu yağışlı havada insanları gözlərindən oxumaq, kədərlərinə, sevinclərinə şərik olmaq, təkrarı olmayan dəqiqələrimi onlara sərf etmək, onların gözü ilə yağışa baxmaq, yağışı onlar kimi hiss etmək, onlarla birlikdə zövq almaq və ya yağışın yağmasına lənət oxumaq istədim.

Yol boyunca insanlara nəzər saldım. Kimi külək və yağışın dağıtdığı saçlarını qaydaya salır, kimi əsəbi halda palçığa batmış paltarını təmizləyir, kimi yerdəki yağış damcılarının üzərinə iri addımlarla basaraq, harasa tələsir, kimiləri isə yağış damcılarına papaq və ya çətirlərlə mane olmaq istəyirdi.

Yalnız o iki uşaq xoşbəxtdir. Yağışın yağması onların gülüşləri ilə daha gözəldir, şirinlik onların yanaqlarının qıpqırmızı olmasında, sevinc isə balaca əllərini açaraq, göyə baxmalarında gizli imiş.

Yağış damcıları yanağımdakı çuxurlarda, kirpiklərimdə...

Nəm saçlarım isə külək əsdikcə üzümə toxunur, saçlarımın qoxusu isə məni dünyadan bir anlıq qoparırdı.

Əvvəllər çətirlə gizlənirdim bu fəsildən, indi isə çılpaq dayanmışdım yağışa qarşı.

Yağış və külək mənə zövq verirdi.

Bu hiss...

Məni gülümsədən bu hiss...

Xoşbəxtlikdən başqa bir şey ola bilməzdi...

Anların hökm sürürdü zamansızlığımda...

Dayanacağa çatdım, taksiyə əyləşdim (həmişə olduğu kimi yenə pəncərənin yanındakı oturacağa), musiqiyə qulaq asa-asa pəncərədəki yağış damcılarını sayırdım, onların bir-birinə yaxınlaşaraq, qarışmasını izləmək necə də xoş idi. Anlara sığışdırırdım bütün gözəllikləri.

Məni düşündürən isə yağışa ən çox nifrət edənlərin, bəxtəvərliklərindən xəbərsiz olması idi.

Kasıblar... Onlar bu havada üşüyürdü. Nə dəri ayaqqabıları, nə yun köynəkləri var idi. Bu fəslin gəlməsini arzulamayan insanlar idi onlar. Ayaqqabılarının su keçirməsini, üşümələrini, evlərinin soyuğa qarşı dözümsüzlüyünü düşünürdülər və bu fəslin tez bitməsi onlar üçün xoşbəxtlik idi.

Onlar bilmədən bu fəsli soyuğu, çətinliyi, gözəlliyi ilə yaşayırdı, varlılardan fərqli olaraq. Varlılar üçün fəsillərin fərqi yox idi. Onlar payızı, qışı, yaz və yay kimi yaşayırdılar.

Yağışın altında üşüməyi, qaçmağı, təmiz havada gəzməyi, pula dəyişmişdilər.

Kasıblar xoşbəxtliklərindən xəbərsiz idi, varlılar isə bədbəxtliklərindən...

# 1236 dəfə oxunub

Müəllifin son yazıları

# # #