15-16 yaşlarımda (2005-2006-cı illər), müğənni olmaq həvəsimin zirvədə olan vaxtlarımda bibim qızının mikrofonu varıydı. Karaokeli DVD almışdı. Karaokenin təzə-təzə buralarda moda minən vaxtlarında. Hər həftə sonu dərsdən özümü evə çatdırıb bibimgilə gedib həftəsonu iki günü onlarda qalmağı adət eləmişdim. Bütün bir ailəni, o iki günü, mənim mənə görə möhtəşəm olan səsimə, qulaq asmağa məhkum eləyirdim. Utanmırdım da. Qışqıra-qışqıra, özümü səhnədəymiş kimi aparırdım. Şeir yazmaq qabiliyyətimin də təzə-təzə yaşıllandığı vaxtlar idi. Mahnılara özümə görə sözlər fikirləşirdim, musiqi qalırdı özüm yeni sözlər yazırdım beynimdə... İllər keçdi və illərlə birlikdə mən də müğənnilik xəyalımdan vaz keçdim. İndi evimizdə karaoke də var, mikrofon da. Xəyallarım yoxdu amma. Hər nə qədər hələ də səsimin olduğuna və gözəl mahnı oxuduğuma inansam da, uşaqlıq xəyallarımın böyüklük ciddiyyətinə yenildiyini gördüm.
1494 dəfə oxunub