Yenə yaz gələcək...

Yenə yaz gələcək...
8 oktyabr 2014
# 12:33

Hərdən özümüzü yaşamın bitdiyinin bir addımlığında hiss edirik. Bilmirəm, bu bəlkə də yalnız məndə belədir .. Sanki, hərdən həyat donur və sən sadəcə özünü bir buzlaqdaysanmış kimi hiss edirsən. Niyə, nədən? Bax buna cavab tapmaq bəzən çox çətin olur. Bülbül qəfəsdə çırpınan kimi sənin də qəlbin çarələr tapmaq üçün çırpınır. Mücadilə, mücadilə yenə də mücadilə... Hərdən insana elə gəlir ki, bütün ömrü bu cür , mücadilə aparmaqla keçəcək... Ağlayırsan, qəlbində sanki sonsuz bir tufanlar əsir. Nəmli gözlərini, qırılmış qəlbini, bir sözlə, bütün mənliyini hər kəsdən gizlədirsən... Lakin hər şey bununla da bitmir. Gecə-gündüz düşünürsən. Nə etməliyəm, necə olacaq deyə düşünürsən... Özünə boş təsəllilər, edə bilməyəcəyin sözləri verirsən... Bu nədir? Bu mənəmmi? Bu sənsənmi? Bu bizikmi? Bu suallar əslində bir cavab olaraq qəlbini parçalayır... Və beləliklə də, bax bu cür sən kədərlə barışırsan. Hər il ağaclar yarpaqlarını tökən tək, çılpaq budaqlar qışın soyuq küləklərində müdafiəsiz yelləndiyi kimi, sənin daxilində nəsə ölür... Sən də özünü müdafiəsiz, tənaha hiss edirsən... Lakin hər şey bunlarla bitsə... bitmir.. Sən donmuş çayın buzdan azad olacağına əmin olduğun kimi, yazın da gələcəyinə inanırsan... Əslində yazın gəlişi bəlkə də səni çox da maraqlandırmır. Sadəcə olaraq, öz fəslini axtarırsan... Görən gözlərin, düşünən beynin və döyünən qəlbin ümid edirsən ki, nə vaxtsa səni sevindirməlidi... Fikirlərin qarışar, sonu bəlli olmayan arzular sənin üçün əl çatmaz bir zirvəyə çevrilər. Ən maraqlısı isə budur ki, sən yenə də öz planlarından, məqsədindən dönmürsən... Halbuki elə arzular var ki, onlar yalnızca insanı uçuruma aparır... Bəs onda biz insanlar bunu bilə-bilə niyə yenə də özümüzü aldadırıq? Məgər bu qayanı dəf etmək bu qədərmi çətindi? Bu suallar səni bezdirər... Yox hər şey yaxşı olacaq... Bax beləcə gecələrin yuxusuz, qəlbin isə ümidlərlə qalar... Dostlar məsləhət verər: Üzülmə ən gözəl şeylər gözlənilmədən olar. Bütün gözəlliklər səninlə olacaq inan... Bəs sən? Bunlara inanarsanmı.. Ehhh, məni bir mən bilərəm bir də Allah, deyərsən... Əslində isə bu cür ümidsizliyə qapılmağa heç nə yoxdur ortada. Sadəcə həyatla mübarizə, yaşamaq uğrunda etdyin səylər sənə bir yük olaraq görünər... Ancaq insan bunu bilməlidir ki, ümid hər zaman vardır və olmalıdır... Niyə? Çünki Allah var.. Çünki O Yaradan bunu bizə bəxş edib... Çünki dərdini verən mütləq dərmanını da verir bir gün... Elə isə nədən fikir edir və üzülürüsən? Bəzən hər şeyi unudaraq, yola davam etmək lazımdır. Yoxsa hər şey üçün gec ola bilər...

Nə demiş Mövlana, qapı açılar, sən yetər ki, qapını döyməyi bil. Nə zaman açılar bilmirəm, yetər ki, qapıda gözləməyi bil...

Unutma, Allah bir qapını bağlayarsa, min qapını açar... Uzaq və imkansız görünən bir şey isə bir anda yaxın və mümkün ola bilər... Tanrının sənə verdiyi həyatın qədrini bilmirsənsə, onda niyə Ona dua edirsən? Həyat gözəldi, sevinməyə dəyər.... Və ən əsası isə yarpaqsız qaldın deyə gövdəni kəsdirmə, hələ bu işin baharı var... Unutma, əngəl dediyin şey sadəcə ürəkdən inanmaqdır, bunu bacara bilsən əngəl deyə bir şey qalmayacaq... Çünki bu dünyada hər kəsə yetəcək qədər xoşbəxtlik var... Sadəcə onunla rastlaşmaq məqamı vardır... Çünki, əgər bir az ağlın varsa xoşbəxtlik üçün istədiyin şərtləri tapmayınca, tapdığın şərtlərlə xoşbəxt olmağı bilməlisən.

Unudan bəxtəvər, unudulan isə xoşbəxtdir deyirlər. İnanıram ki, mən bir gün bəxtəvər xoşbəxt olacam... Çünki ümidlərim bunu mənə deyir... Onda, elə isə sil göz yaşlarını, çünki bir gün yenə yaz gələcək...

# 2236 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #