Paralel xətlərə bənzər arzular

Paralel xətlərə bənzər arzular
30 oktyabr 2013
# 15:34

Orta məktəbdə oxuyarkən riyaziyyat dərsində paralel xətlər anlayışı keçirdik. Tərifi də belə idi ki, “heç zaman birləşməyən xətlərə paralel xətlər deyilir”...

İnstitutda ali riyaziyyat keçəndə isə bizə dedilər ki, paralel xətlər sonsuzluqda birləşir. Bu haqda çox fikirləşirdim. O sonsuzluğu tapıb birləşən paralel xətləri görmək istəyirdim...

Amma mən sonsuzluğa getdikcə, sonsuzluq məndən uzaqlaşır və birləşən xətlər xəyal olaraq qalırdı...

İnsan arzuları da sonsuzluğuna çata bilmədiyimiz o paralel xətlərə bənzəyir. Uşaqlıqdan-kiçik bir oyuncaqdan, yeni bir ayaqqabıdan başlayır... Məktəb illərində bir az böyüyür arzular. Orta məktəbdən sonra arzular formalaşıb paralel xətlərə bənzəyirlər...

İnsan daim bu arzu xətlərinin birləşdiyi hədəfə doğru gedir. Amma nə qədər gedirsə getsin, paralel xətlərin sonsuzluqda birləşdiyi nöqtə kimi, bu arzu paralellərinin də birləşdiyi nöqtə daim uzaqlaşır.

Doğrudanmı paralel xətlərin sonsuzluqda birləşməsi anlayışı yalandır? Yoxsa sadəcə arzu hədəfi deyilən anlayış bir xəyaldı? Əgər xəyaldısa, yaxşı ki, xəyaldır. Yoxsa hədəfə çatdıqdan sonra arzular bitərdi. Arzusuz həyatsa sonsuzluqda birləşən o paralel xətlərin birləşdiyi nöqtə kimi kiçik olardı....

# 1825 dəfə oxunub

Müəllifin son yazıları

# # #