Krım

Krım
27 mart 2014
# 15:32

Yaşar Bünyad

“Ölümə doğru gedənlər” seriyasından

Tolerant

(hekayə)

Tolerantlıq mənə südlə ,qanla keçib. Sözümü qəribçiliyə salmayın, vallah zarafat eləmirəm.

Hələ dünyaya göz açandan məndə olan dözümə hər kəs həsəd apara bilərdi. Hamıya, hər şeyə dözümlülük nümayiş etdirən ikinci bir adam varsa ,çıxsın ortalığa. Çıxsın da!...

Sən bir işə bax ee!... Ata-anam altı qızdan sonra güc-bəlayla bir oğul tapsa da , mənə ,heç əziyyət çəkmədən qardaş nəsib olmuşdu. Qardaş deyəndə, yəni , süd qardaşı da...Elə anamın qarnından çıxan gündən bir həftə keçməmiş oğlan uşağı doğan qonşu arvadı qəfil süddən kəsilir. Arvadlar, yəni anamla qonşu belə məsləhətləşirlər ki, onsuzda südü aşıb-daşan anam onun da uşağını əmizdirsin. Bu da mənim bəxtimdən imiş. Heç olmasa, bircə ay doyunca anamın döşlərini əmməyə qoymadılar. Yaxşı, qonşunu başa düşürdüm, süddən yanıq oğul böyütmək istəmirdi. Bəs mənim anam südün çoxunu “qardaşıma” əmdirəndə başa düşmürdü ki, mən də yazığam? Axı o aşıb-daşan süd mənim ruzum idi, mənim!...

Mən isə etiraz belə etmir, anamın döşlərini əmə-əmə “qardaşım”ın necə şelləndiyinə baxıb dözürdüm. Əlimdən nə gəlirdi ki?! Danışa bilsəydim, bəlkə nəsə deyərdim, bəd ayaqda heç olmasa söyərdim.

Böyüdükcə dözümlülüyüm də artırdı. Daha doğrusu dözməyi öyrədirdilər mənə.

Atam mənə velosiped almışdı. Həyətdə o yan –bu yana sürə-sürə velosiped sürməyi öyrənirdim. Bir dəfə, həyətdə yenə o şoğəribi sürəndə qonşumuz Saşa qəfilləyib əlindəki çubuğu təkərin pərləri arasına necə soxdusa kəlləmayallaq aşıb yıxıldım. O bilərəkdən etmişdi bunu. Ağlamaq istəsəm də özümü güclə saxlayıb onun üstünə cumanda atam qolumdan tutub saxladı. Hələ məni danladı da.

- Adam qonşusuyla dalaşmaz, oğlum,-dedi.

Sakitləşdim. Olmaz, deməli olmaz! Sonradan atamın təkidlərinə baxmayaraq velosiped sürməkdən də vaz keçdim.

Mən böyüdükcə bacılarım da bir-bir ərə gedir, evimizi tərk edirdi.

Anam, atam yavaş-yavaş qocalırdı.

Oxuduğum sinifdə yeganə azərbaycanlı mən idim. Əslində, burda doğulduğumdan və rus dilini elə onlar səviyyəsində bildiyimdən heç kəs, hətta maarif şöbəsindən gələn komissiya da aramızda heç bir fərq bilməzdilər, əgər rəngimin qaralığı olmasaydı. Hə, rəngim mənə üzüqaralıq gətirirdi. Mavi, yaşıl gözlü sarışın, kürən uşaqların arasında qara rəngin necə nəzərə çarpdığını demək yersiz olardı. Nəsə, burda qara rəngdən xoşlanmırlar. Tək adamın qarasından yoxaa, elə paltarın, divar kağızının da... (Sonralar başa düşdüm ki, qara rəng çoxlarının yadına qarabalalarla elədikləri köhnə günahlarını salır. Nə isə...)

Bu ayrıseçkilik uşaqların çoxunun mənə qarşı ikili münasibət bəsləməsindən sezilirdi. Bir yerdə olanda heç nə olmayıbmış kimi deyib-gülər, onlardan aralanan kimi pıç-pıçları başlayardı.

Bir gün böyük tənəffüsdə bufetdən qoğal, kakao alıb parta yoldaşım Dimanın oturduğu masaya yaxınlaşırdım ki, arxadakı masada əyləşən Serqeylə Matveyin söhbətini eşitdim. Eşitdim deyəndə, onlar elə bilərəkdən bərk-bərk danışırdılar. Məni hövsələdən çıxarmaq istəyirdilər.

- Mityay, sənin atan bütün dünyanı gəzib. Ondan bir soruş, gör Bakıda məktəb-zad var?

Matvey də özünü çoxbilmiş kimi göstərir :

- Bakı?... Ermənistanın paytaxtı?...

- Yox ee, nə paytaxt, şəhəri...

- Həə... Axşam soruşaram. Nədi ki ?!

- Anam deyir ki, gör yazıqlar nə gündədirlər. Məktəb yox, poliklinika yox... Dəhşətdi!... Heç olmasa burda gün görürlər.

Özümü eşitməməzliyə qoydum. Daha doğrusu karlığa. Çünki, çox vaxt, tolerant olmaq üçün gərək ya kar olasan, ya da kor-atam belə deyirdi.

Atam hər gün evdən çıxanda ciddi xəbərdarlıq edirdi ki, indi əvvəlki zamana deyil, bir bəhanə gəzirlər dava salmağa.Dilini dinc saxla, başın yerində salamat qalsın. Eşitdin, srağa gün Gəncəli Əsədin mağazasını da, özünü də nə günə salıblar?!...Dözmək lazımdır...

Ən böyük kədər doğuran hiss, mənim vətəndaşlığımla fəxr edə bilməməyim idi. Təsəvvür edirsən, əslində sən buralısan, amma yadsan, özgəsən, ögeysən...Bu dəhşətdir!

Yaşadığımız bina beşmərtəbəli idi və bu binada çoxu rus olsa da başqa millətdən olan ailələr də yaşayırdı: gürcü, erməni, ukraynalı, yəhudi ,tatar və biz. Sanki SSRİ yığmasıydı. Bilirsiz bu həyətdə nə qədər bayram olurdu?! Milad, Novruz, Masleniça, Pasxa, Kutasioba, Sabantuy... Hamısı biri birindən gözəl. Biz uşaqlar necə xoşbəxt olurduq o bayramlarda, sözlə deyiləsi deyil!...

Böyüklər bayram süfrəsi hazırlayır, biz də hər bayramın qayda-qanununa görə alacağımız sovqatları gözləyirdik.Qonşular bir-birinə qonaq gedir, bayramlarını təbrik edirdilər.Hamı sevinirdi.

Müsəlman olduğumuzu bilə-bilə bizim də qapımızı döyüb “Xristos voskreşsya” deyəndə, biz də “vo istine voskreşsya!” deyib, noqul, boyanmış yumurta paylardıq. Babam bir dəfə bizə qonaq gəlmişdi. Təsadüfən Pasxa bayramıydı. Bizim də bayramlaşdığımızı görən kişini od götürmüşdü. Yadımdadı, valideynlərimi yuyub-sərdi ki, belə getsə uşaqlar müsəlman olduqlarını unudacaq. Atam heç nə deməyib gülümsündü. Çünki, babam köhnə fikirli adam idi və onda tolerantlıqdan əsər-əlamət belə yox idi.

Atam, hər ilin son çərşənbəsində tonqal qalamaq, qapı pusmaq, papaq atmaq vacibdir desə də, nədənsə həmişə tonqal yandırmağı yadından çıxarırdı. Əvvəllər, lap balaca olanda buna fikir verməzdim. Amma bu dəfə dözə bilmədim. Soruşdum ki, niyə tonqal qalamırıq? O cavab verdi:

- Qonşular deyinir. Birinin balkonuna tüstü dolur, başqasının həyətdə sərdiyi paltarlara his dəyir, iylənir...

- Bəs ,-dedim,-“Maslenniça “ da həyətin düz ortasında tonqal yandırmaq olar, Novruzda olmaz?

İnciməyim ona yer elədi deyəsən.

- Yaxşı,-dedi,-nə deyirlər desinlər. Lənət şeytana! Oğlumun istəyini ürəyində qoymayacam ki?!...Get, taxta-talaş gətir qarajdan.

Evə cumub qarajın açarını götürdüm. Yol üstü süd qardaşımı da çağırdım ki, bu gün ilaxır çərşənbədi, tonqal qalayırıq. Uşaqlıqda horta-hort südümü içməyinə ,hər bayramda süfrəmizin başında oturmağına baxmayaraq Novruz onun üçün paxlava yeməkdən başqa bir şey deyildi.

Tonqal yandırmağı eşidəndə sevindi.Qaçaraq qaraja çatdıq.Köhnə mebelimizin taxta-tuxtasın yığıb həyətə daşıdıq. Sevincimizin həddi-hüdudu yox idi; nəhayət, çərşənbə tonqalı qalayacaqdıq !...

Atam taxtaları səliqəylə toplayıb tonqala od vurdu. Hiss edirdim ki, bunu etsə də ürəyi narahatdı; tez-tez ətrafa, qonşu binaların balkonlarına boylanırdı. Elə bil oğurluq iş tutub, cinayət edib. Mən isə, tonqal od tutduqca süd qardaşımla atılıb düşürdüm.

Alov gücləndikcə məhlənin bütün uşaqları tonqalı dövrəyə alırdılar. Hamının gözlərində bir sual işıldayırdı :”Nə münasibətlə?...”

Bir-bir böyüklər də həyətə çıxdılar. Atam gələnlərə Novruz barədə məlumat verir, onlar da bizi təbrik edirdilər, “gözəl bayramdı” deyirdilər.

Birinci gürcü qonşumuz bir konister şərab və bir stəkanla atama yaxınlaşıb bayramını təbrik etdi, şərab süzüb dedi:

- Vur... Rustavidən göndəriblər. Domaşnidi...Bundan da gözəl gün olar?! Vur !...

Atam şərabı başına çəkdi. ”Bəh-bəh!” eləyib Vano dayıya təşəkkür etdi. Vano dayı tonqala yaxınlaşan Serqey əmiyə də şərab süzdü, sonra Simona, sonra Matveyə, Karenə, Lyuba xalaya...

Yarım saat keçməmişdi ki, atamın narahatçılığına son qoyuldu. Heç vaxt onu belə xoşbəxt görməmişdim.

Körpə ürəyim dağa dönmüşdü. Fikirləşirdim ki, nə olaydı, həmişə insanlar beləcə mehriban olaydılar. Mənim qədər dözümlü olaydılar.

Cavanlar da tonqala yaxınlaşdılar. Kimsə maqnitafon gətirdi.

Tonqalın ətrafında məclis qızışırdı; şərab içən kim, rəqs edən kim, atılıb-düşən kim...

Birdən Suren kişi göründü. Hiss olunurdu ki, bir az içkilidir. Atama yaxınlaşıb bayramını təbrik edəndən sonra sevincək dedi:

- Ara, sənin bayramın nə gözəl günə təsadüf edib?! Dvaynoy bayramdı ha, bu gün!

Vano dayı maraqlandı:

- Nə dvaynoy?...Hansı bayramdı ki?...

Hamı diqqətlə ona baxır, Surenin nə deyəcəyini gözləyirdilər.

Suren kişi xüsusi jestlə, sanki qonşulardan gözaydınlığı alırmış kimi gülümsədi:

- Ara, Krım... Krım bizim oldu, can!...Bundan da böyük bayram?!...

Cavanlar fit çaldı, böyüklər “ura!” qışqırdı, kimsə pivə almaq üçün mağazaya qaçdı, kimsə rəqs etməyə davam etdi, hətta qucaqlaşıb öpüşənlər də oldu.

Mən Suren kişinin dediklərindən heç nə anlamasam da, mənim, atamın bayramının alınmasından qürurlanırdım.

Tonqalın üstündən tullanıb, üç dəfə “ağrım –acım bu ocaqda qalsın” dedim. Mənasını başa düşməsələr də qonşular tonqaldan hoppanıb nəsə deyir və mən əmin idim ki, onlar yaxşı söz deyirdilər.

Bütün həyət bayram edirdi. Bu Krım söhbətindən sonra qəm dəryasına batan Stepan dayıdan savayı.

19.03.2014

# 1988 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #