Dünyanın sirri hardadı?

Dünyanın sirri hardadı?
4 iyun 2014
# 15:09

Elkin Kərimli

Dünya

Dünyanın yuxusu gəlir o yanda,
Bu yanda yenicə oyanıb dünya.
O yanda qaranlıq Ay işığına,
Bu yanda Günəşə boyanıb dünya.

Dünyanın gözləri mavi dənizlər,
Göz yaşı çaylardı coşub, çağlayır.
Bəlkə də öləni, bir itəni var,
Hər gecə onunçün qara saxlayır ?!

Dünyanın ağızı qara torpaqdır,
Yöndəmsiz dişləri qayadır, daşdır.
Mədəsi dəyirman daşı kimidi,
Aldığı qisasdır, yediyi başdır.

Buludlar dünyanın əyin-başıdır,
Bəzən də, dünyamız "çılpaq" görünür.
Yer üzü bir qazan formasındadır,
Göy üzü "əzilmiş qapaq" görünür.

Dünyanın başıdı səhralıqları,
Biçilmiş zəmi tək keçəl qalıbdır.
Min insan yaşından qoca da olsa,
Təbiəti şiltaq, dəcəl qalıbdır.

Dünyanın sevinci, dünyanın qəmi
Bir qozbel insanın kürəyindədir.
Kim bilir, bəlkə də, dünyanın sirri
Ölmüş bir insanın ürəyindədir ?!

# 1931 dəfə oxunub

Müəllifin son yazıları

# # #