Əsgər biləndəki erməni zabit bacısını zorlayan adamdı

Əsgər biləndəki erməni zabit bacısını zorlayan adamdı
16 sentyabr 2013
# 13:08

Tural Ağarzayev

İntiqam

Güləli hövlank yuxudan ayıldı. Yamanca tərləmişdi. Pis yuxu görmüşdü. Hələ gecə yarı idi. Ayın solğun şüaları evə süzülürdü. Qızqayıtı oyatmaq istədi, amma qıymadı. Onsuz da bütün gecəni ağrıdan qıvrıla-qıvrıla yatır. Dünyanın bütün dərd-səri üstündədir elə bil. Şahmarın xəbərindən sonra isə lap səksəkəli olmuşdur, canının ağrılarını oğul narahatçılığı əvəz edirdi indi.

Güləli ətrafa göz gəzdirdi. Otaqda ölü sükutu var idi. Astaca yerindən qalxıb artırmaya çıxdı. Pəncərəni açıb siqaret yandırdı. Dərin bir qullab vurub, tüstünü sinəsinə çəkdi. Beləcə bir qədər dayandı. Qıraqdan baxan elə fikirləşərdi ki, kişi tütünü tamam uddu. Bir neçə saniyədən sonra asta-asta siqaret tüstüsü dodaqları arasında görünməyə başladı.

Güləli dərin bir köks ötürüb pəncərəni bağladı. Sanki havası çatmırdı. Pencəyini çiyninə salıb həyətə düşdü. Fikirli-fikirli köhnə kötüyün üstündə oturub taleyin ona yaşatdığı acı hadisələri çözələməyə çalışdı.

Yenə qızı Səmayə yadına düşmüşdür. Yazıq qızı bu dünyada 17 bahar qarşılayıb, 17 payız yola sala bilmişdir. Qızının intiharı, başına gələnlər, hakimin ədalətsizliyi, el qınağı, indi də Şahmardan gələn gözlənilməz xəbər həm Güləliyə, həm də ailəsinə çox pis təsir etmişdir. 52 yaşının olmasına baxmayaraq əlləri əsir, gözlərinin nuru azalmış, sümükləri ağrıyırdı. Tanımasan 75 yaşlı qoca hesab edərdin Güləlini.

...Onda dünyanın salamat vaxtı idi. Onda hələ Şahmarın 5 yaşı təzə tamam olmuşdu, gələn il məktəbə gedəcəkdi. Səmayə isə məktəbi bitirmiş, amma instituta qəbul ola bilməmişdir. Rayon mərkəzində toxuculuq sexində işə düzəlmişdi. Hər gün kənd avtobusu ilə işə gedər, axşam da evə dönərdi. Gözəl olduğu qədər də abırlı, həyalı idi Səmayə. O vaxt çoxu döymüşdü Güləlinin qapısını, amma qız razılıq verməmişdi heç kimə. Eşitmişdi, meşəbəyi Mürsəlin oğlu Sərraf da istəyirdi Səmayəni. Aralarında söhbət, görüş olmasa da Qızqayıt eyham vurmuşdu ki, qızın da könlü var Sərrafa. Sərraf tələbə idi. Su mühəndisliyi üzrə təhsil alırdı. Amma hələ ki, belə müzakirələr ailə arasında gedirdi, rəsmi heç bir şey yox idi.

Güləli bunları fikirləşib bir az da kövrəldi. Bir siqaret də alovlayıb dodağına yaxınlaşdırdı. Yenə fikrində o illərə qayıtdı. O dəhşətli hadisəni hələ də həyəcansız, əsməcəsiz xatırlamaya bilmirdi. Qonşusu erməni Rafikin oğlu Qurgen gizirlik məktəbini oxuyub kəndə qayıtmışdı. Bir-iki ay dincəldikdən sonra xidmətə başlayacaqdı. Əsl erməni xislətli bu cavandan heç kəsin xoşu gəlməzdi kənddə. Həm ədəb, həm də tərbiyə baxımından çox geridə qalmışdı Qurgen. Danışanda söyüş söyər, hamıya lağ edər, qonşu kəndin qızlarına söz atar, beləcə gününü keçirərdi bu yöndəmsiz, cüssəli cavan. Qıza sataşmağının üstündə Qaratalada aqronom işləyən Kərimağa bir dəfə bərk döymüşdü də onu. Dayısı hakim işlədiyi üçün qabağına çıxan az tapılırdı Qurgenin.

Həmin gün bərk içmişdi Qurgen, rəngi qızarmış, gözləri hədəqəsindən çıxacaq hala gəlmişdi. Kəndin ətəyində çiyələk yığmağa gedən Səmayəni görəndə sevinmiş, amma onun tək olmadığını, qardaşı Şahmarla birgə olduğunu görəndə qanı qaralmışdı. Sonra Səmayəgilə yaxınlaşıb Şahmara - "Ara dığa, sən get eva axçini mən gatiraram kəntə" demişdi. Şahmar vəziyyətin yaxşı olmayacağını görüb özünü qabağa vermiş, "rədd ol burdan, dığa özünsən" deyə cavab vermişdi. Sözü ağzında yarımçıq qalmışdı Şahmarın.

Qurgenin qüvvətli şilləsi qarşısında özünü ayaqda saxlaya bilməyib yerə yıxılmışdı və qalan hadisələri dumanlı xatırlayırdı. Qurgenin bacısının üstünə cumması, onu yerə yıxması, Səmayənin sanki dərin quyunun dibindən gələn səsi...

Özünə gələndə isə təkrar şok yaşamışdı Şahmar. Bir tərəfdə üstü-başı cırılmış, saçları dağınıq, üz-gözü göyərmiş Səmayə, bir qədər ondan aralıda isə bacısının bəkarət qanına bulanmış alt paltarı var idi.

Bütün bu olanlardan sonra Səmayə cəmi iki gün yaşamışdı, gecə hamı yatandan sonra damarlarını kəsib, yatağındaca özünü öldürmüşdü. O vaxt Güləli kişi hara getdisə, hara yazdısa da Qurgen güclü əlaqələri sayəsində sudan quru çıxdı. Onda əlacı yalnız kənddən çıxmağa, başqa rayona köçməyə qaldı Güləlinin.

* * *

Öz qaniçənliyi ilə ad çıxarmışdı mayor Arturyan. Əzazilliyi təmas xəttinin bu biri tərəfinə də gəlib çatmışdı mayorun. Köhnə əsgərlər söhbət edirdilər ki, bir dəfə erməni əsgərinin posta yatmış şəkildə görən Arturyan yatan yerdə onun qulağını kəsmişdi. Ona görə də bizim əsgərlər arasında da erməni mayorunun adı vahimə ilə anılırdı.

O, hər dəfə posta çıxanda öz durbini ilə xüsusi diqqətlə baxırdı ermənilər tərəfə. Ara məsafə yaxın olduğu üçün qarşı tərəfin səngəri aydınca görünürdü. Bir dəfə isə gördükləri onu dəhşətə gətirmişdi, qanı damarında donmuşdu. Görmüşdü mayor Arturyanı. Elə o gündən də rahatlığını itirmişdi. Bu cür təsadüfə inanmırdı. Bir tərəfdən də vicdanı ona hec cür rahatlıq vermirdi...

Min cür plan qurur, min cür taktika fikirləşirdi...Nəhayət növbəti post xidməti günü silahını da götürüb icazəsiz postu tərk etdi...

* * *

İndi də rayon hərbi komissarlığından gələn bu xəbər lap çaş-baş salmışdı Güləlini. Komissarlıqdan bildirmişdilər ki, Ağdamın düşmənlə təmas xəttində hərbi xidmət keçən Şahmar 2 gün idi ki, ona təhkim olunmuş hərbi sursatla birlikdə yoxa çıxmışdır. Onun xidmət yerindən qaçması, fərarilik etməsi ilə bağlı mülahizələr irəli sürülmüş. Axtarışa verilmişdi Şahmar. Axı bu nə dərddi mən düşmüşəm ilahi? Mən kimə nə pislik etmişəm ki, məni bala sarıdan bu cür sınağa çəkirsən? Səmayənin qəlbimizdəki sağalmayan yarasının üstünə Şahmarın utancverici fərarilik xəbərinin ağır damğasını da vurmuşdu amansız talenin hökmü! İndi bu utancla necə yaşaya biləcəkdi? Ümumiyyətlə yaşaya biləcəkdimi?

Bütün bu müəmmalar içində köks ötürən Güləli yenidən yuxarı qalxıb evə keçdi, soyunub yerinə girdi və bacarmasa da özünü yuxuya verməyə çalışdı.

Səhər açılmışdı. Güləli ürkək-ürkək yerindən qalxıb, yenə ağzına bir tikə çörək qoymadan işə getdi. Günün necə keçdiyini, haradan gəlib hara getdiyini bilmədi, özünü tamam itirmişdi. Nəhayət iş vaxtı sona çatdı. O, işdən ayrılıb az qala qaça-qaça evə gedirdi. Tez evə çatmaq, hamıdan gizlənmək, heç kimə görünməmək istəyirdi.

Axşam düşmüşdü. Güləli divana uzanıb televizorun pultunu əlində oynadırdı. Nəhayət həvəsiz də olsa düyməni sıxıb televizoru yandırdı. Kanalları asta-asta dəyişib "Xəbərlər" proqramında dayandı. Əvvəl duruxdu, gözlərini ovuşdurub ekrana diqqət kəsildi:

- Ağdamın təmas xəttində yerləşən erməni hərbi birləşmələrinin zabiti mayor Qurgen Rafik oğlu Arturyan müəmmalı şəkildə öldürülmüşdür. Onun başı və cinsiyyət orqanı kəsilərək yandırılmışdır. Hadisə yerindən 200 m aralıda, ermənilərin nəzarət zonasında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri snayperlə vurulmuşdur. Üzərindən tapılan hərbi biletə əsasən əsgərin Şahmar Güləli oğlu Ağayev olduğu müəyyən edilmişdir. Ermənistan Müdafiə Nazirliyi xəbəri təsdiq etmişdir.

Güləli yerindən qalxdı, televizoru söndürüb pəncərəyə yaxınlaşdı, pəncərəni açdı, sərin meh otaqda var-gəl eləməyə başladı. Bir siqaret yandırıb dərin qullab vurdu. O artıq çox sakit və rahat idi...

# 3060 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #