Günahsız bəndəni qoruyan şeytan

Günahsız bəndəni qoruyan şeytan
1 fevral 2013
# 16:12

TƏRANƏ ANKA

Məni çağırmısan qızcığaz? Səsini duyunca mən də gəldim. Bilirəm məndən maraqlı hekayə istəyəcəksən. Gəl çoxları üçün mənasız, çoxları üçün mənalı görünəcək bir hekayəni nəql edim sənə. Qapını bağla, işıqları söndür, gey gecəlik paltarını, yandır zaman kimi əriyib gedən şamı və məni dinlə. Yum gözlərini, şam işığında divara düşən kölgənə baxma. Amma mənə heç bir sual vermə. İmkan ver bütün hekayəni sənə nəql edim. Sözümün kəsilməsini heç sevmirəm. O zaman danışmaqdan, etirafdan çəkinirəm. Etiraf etməyim üçün bircə sus və dinlə məni. Üzünü divara çevir və gözün qarşısında canlandır olanları.

Bilirsən? Həmişə mənə pis deyiblər. Çoxları məndən qorxub qaçıb. Bəzi əhatəmdə olan insanlar isə mənə nifrət edib. Amma mən onları həmişə sevmişəm. Kaş ki, çoxları mənə imkan verəydi mən bu duyğularımı onlara göstərim. Yox hardadı Allah bəndəsində bu nəzakət... Axı mən də Allahın bəndəsiyəm... Niyə mənimlə belə rəftar edirdilər? Həə bax məndən qaçmaları, məni pisləmələri məndə onlara qarşı nifrət yaratdı içimdə. Yox çevrilib mənə qəribə baxışlarla baxmağa cəhd eləmə. Sakitcə uzan və dinlə. Yorğana da bürün ki, bəzi insanlara olan nifrətim səni də üşütməsin. Axı sən elə deyilsən. Ürək edib məni dinlədin. Məni yaxınlaşmağa qoydun. Adəm övladının xeyirxahı da olurmuş. Bunu başıma gələn hadisədə anladım. Sənsə mənə bunu təsdiq etdin.

Hə Adəm övladına nifrət etdiyim andan ona yalnız pisliklər etməyə söz verdim özümə. Edirdim də. Kimisinin ailəsinin dağılmasında, kimisinin başına bədbəxt hadisə gəlməsində günahkar olmayaraq mən günahkar olurdum. Axı niyə? Kimsə içib başqa birisini öldürürdüsə mən niyə günahkar olunaraq mənə lənət oxuyurdular? Etiraf edirəm cənnətdən qovulanda söz verdim yaradana ki, insanları səndən uzaqlaşdırmaq üçün əlimdən gələni edəcəm. Amma insanlara da bu əhd yetərlidir ki, hər etdikləri pisliklərdə mənim adımı möhürləsinlər o hadisənin səbəbkarı kimi?! Bax Adəm övladı mən heç də o qədər qəddar biri deyiləm.

Mənim nə günahım var qadına xəyanət edən kişi evini yıxır? Amma birdə görürəm ki, kişi qadını qarşısında diz çöküb yalvarır ki, ay canım gözüm məni şeytan yoldan çıxardı sənə xəyanət etdim. Qurban olum, bağışla məni. Lənət olsun şeytana. Bax günahsızcasına mənə edilən lənətlərdir məni qəzəbləndirən. Mən də bu qəzəblərə cavab olaraq pisliklər edirəm. İnsanların qəlbinə girib onların həyatına cəhənnəm odundan bir parça ataraq həyatlarını cəhənnəmə döndərirəm.

Bir neçə müddət öncə də belə bir hadisə baş verdi. Yeni qurulmuş ailə idi. Ər yeni qadın taparaq evə gec - gec gəlirdi. Həyat yoldaşına işlərim var, ona görə evə gec gəlirəm deyirdi. Qadın da balaca körpəsini bağrına basıb gecələr o gələnə kimi ağlayır, ağlayaraq balasına lay-lay deyib körpəsini yatırdırdı. Bir gün həyat yoldaşı ərinə gələn mesajdan hər şeyi dəqiqləşdirdi. Deməli əri ona yalan deyirmiş. Nə işlərlə bağlı xarici ölkəyə getmək vardı, nə də komissiyaya görə işdə gecələmək. Yalnız o qadının evi vardı. Yalanlarını şillə tək ərinin üzünə vururdu. Balaca körpə isə kənarda dayanıb ağlayır və yalnız ağlamağa gücü çatdığından bu vasitə ilə ana - atasını sülhə çağırırdı sanki.

Mənsə evin bir küncündə dayanıb olanlara tamaşa edirdim. Düzdü çoxları məni pis olduğumu düşündüyü üçün yəqin edirlər ki , mən kənarda gülür və ara qızışdırıram. Amma elə deyildi. Ən çox uşağın ağlamasına kədərlənirdim. Axı o dünyada nə görüb ki, bu cür əzab çəkirdi... Birdən anası və atası uşaqlarının səsini hiss edə bildilər. Ana balasını yerdən qaldırıb sinəsinə sıxdı. Ərinə: Uşağımı da götürüb gedirəm. Məhkəmədə görüşərik. Boşanıram.

- Yox mən boşanmayacam! - deyə ər qəti etirazını bildirdi.

- Bu gündən mən adda həyat yoldaşın yoxdur. İndi rahat - rahat fahişələrinlə əylənə bilərsən. Daha heç kimə yalan uydurmadan, günah işləmədən. Tam sərbəstsən.

- Kişi diz çöküb yalvarmağa başladı. Yalvarıram getmə. Məni tək qoyma. Bilirəm səhv etmişəm. Amma nə olar, bağışla məni. Qurban olum övladımızın xətrinə bağışla məni. Axı mən sizsiz yaşaya bilərəm. Bir işdi olub. Şeytan yoldan çıxarıb məni. Lənət olsun ona mənim gözlərimi bağlayıb öz ev - eşiyimdən etdi məni.

Qadın da göz yaşları ilə onu bağışladı. And içdirdi ərinə ki, daha xəyanət etməyəcək.

Mənsə dəhşətə gəlmişdim. Mən sakitcə bu olanları izlərkən günahkar çıxaraq lənətlənirdim. Axı günahım nə idi? Şeytan olmağım? Yoxsa Allaha verdiyim vəd ? Bu haqsızlıq idi. Bax elə bu lənətə görə onlardan qisas almağı düşündüm. Etdim də. Kişinin qəlbinə girib onu yenidən xəyanətlərə sürüklədim. Mənə edilən lənətin cavabı idi bu.

Evlərində yenidən dava-dalaş baş qaldırmışdı. Boşanmağa qərar verilmişdi. Sonuncu söhbətlərində uşaq yenə kənarda dayanıb dinləyirdi. Bu anda anası boşanırıq deyib mətbəxə keçdi. Və o zaman “lənət olsun sənə, şeytan, ailəm dağılır” deyirdi, mənsə heç nə edə bilmirəm. Düzü bu lənət yerində idi. Axı mən etmişdim olanları. Çox insanlardan fərqli olaraq mən etdiklərimi danmıram. Birdən uşaq anasının yanından çıxdı və yataq otağına qalxdı. 4-5 yaşlı bu körpə ailə şəkillərini balaca əllərinə götürərək bunları deməyə başladı:

“Şeytan mən bilmirəm sən kimsən, amma xahiş edirəm nolarrr məni atamdan, anamdan ayırma. Onlarsız etmə məni. Axı mən çox balacayam, onlarsız yaşaya bilmərəm. Xahiş edirəm, yalvarıram sənə daha bizi narahat etmə, qoy anamla atam mehriban olsun, mən də onların kölgəsində böyüyüm.”

Bu sözlər.... Körpənin göz yaşları... Ana atasının mənə oxuduğu lənətlərdən daha ağır idi. Mən axı niyə bu körpəni düşünməmişdim... Yox günahsız körpə məndən imdad diləyirdi. Mən onu naəlac qoya bilməzdim...

Atasının qəlbindəki kölgəni sildim. Və yenidən onların xoşbəxt olmalarına yol açdım. Allaha verdiyim andı pozdum, burda bir körpəyə görə. Amma insanlar niyə verdikləri əhdi pozur? Günahın olub olmadığını bilmədən böhtan yapırlar ? Hərdən bilirsən nə düşünürəm? Qiyamət günü minlərlə insan öz əməlinə görə məni günahlandırdığı üçün mənim qarşımda necə dayanacaq? Etdiklərinə necə haqq qazandıracaq? Hələ Allah qarşısında olan günahlarını demirəm...

Ey burdasan? Yoxsa yuxuya getmisən? Səsin gəlmir demək ki, yatmısan. Mən də gedim. Şamı söndürüm ki, birdən mən getmədən çevrilərsən və məni görərsən... Sağ ol ki, məni dinlədin, adəm övladı...

# 3765 dəfə oxunub

Oxşar xəbərlər

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
#
#
# # #