Baş tutmayan elçilik

Baş tutmayan elçilik
25 aprel 2019
# 17:04

Sara İbrahim

Novella

Telli ata-anasının ilkiydi,özündən balaca üç bacısı, iki də qardaşı vardı. Evin böyük qızı olmaq o qədər də ürəkaçan bir şey deyilmiş, xüsusilə kənddə yaşayırsansa. Hələ boyun bacadan çıxmamış, ailənin bütün yükü, qarğaşası tökülür üstünə. Bunu istəyirsən, istəmirsən səndən heç soruşan da yoxdu.

Səhər dan yeri ağarandan şər qarışıb əl-ayaq çəkilənə qədər yüyürürdü Telli. Gah bulaqdan su daşıyır, gah paltar-palaz yuyur, gah da çöl işlərinə qaçırdı. Pambıq vaxtı sahədəki qızlara ,qadınlara qoşulub pambıq yığar, alağın edər, bağ-bostandakı məhsul yığılıb uralananda Telli boş dayanmazdı, indi də qışın ehtiyatını görərdi.

Telli orta məktəbi çoxdan qurtarmışdı, tay-tuşlarından yaxşı oxuyanları təhsil dalınca şəhərə, onun kimi oxumayanların əksəriyyəti isə çoxdan evlənib, ərə gedib oğul-uşaq sahibi olmuşdular.

Tellinın yaşı otuzu haqlasa da, bu vaxta qədər, adını çəkib, qapılarına gələn yoxuydu. Özündən balaca bacıları da Tellinin tərpənmədiyini görüb,öz növbələrini gözləməyin hələ nə qədər çəkəcəyini dəqiq bilmədiklərinə görə, ata evlərini Tellidən qabaq tərk eləməli olmuşdular. Qardaşları qızlardan yaşda çox kiçik olduqlarına görə, hələ məktəbdə oxuyurdular.

Tellinin bacıları üçü də gözəl-göyçək, suyuşirin qızlar idilər. Qardaşları da bacılarından geri qalmırdılar, ikisi də qaraqaş ,qaragöz boy-buxunlu oğlanlarıydılar. Telli bacı-qardaşlarına heç oxşamırdı, aiıədə hamı xırda ağız burunlu olsa da, yazıq Tellininki bu barədə heç gətirməmişdi.Düzdü, Telli də hündür boylu, gur qara saçlı, iri gözləri,biçimli dodaqları olan bir qızıydı. Di gəl ki, burnu....

Bütün bu sadaladıqlarımı bu zəhrimara qalmış burun korlayıb, kölgədə qoyurdu. Yazıq qızın burnu o qədər yekə, uzun idi ki, üzündə burundan başqa heç nə gözə görünmürdü. Hələ üstəlik, donqarlığı da vardı burnunun. Tellinin o yay kimi qaşları,üzüm giləsinə oxşayan qara gözləri, püstə dodaqları burnunun fonunda ,qaya dibində bitən çöl çiçəkləri kimi kölgədə qalıb itirdi.

Telli ağlı kəsəndən burnunun xəcalətini çəkirdi. Məktəbdə sinif yoldaşları hərəsi ona bir ayama, ləqəb qoymuşdular. Biri “qartalburun” deyirdi, o biri “dəhrəburun”, bir başqası “sümsüburun” və s. Yazıq qız çox vaxt belələrinə baş qoşmur, çox zəhləsini tökəndə” yekə burun üzün padşahıdı, bala, gedin öz burnunuza lağ eləyin” deyib yaxasını bu ədəbsiz uşaqlardan birtəhər qurtarardı.Ən çox da onun burnuna sataşan kənddə hamının zarafatcıllığına görə”itoynadan Musa” deyib çagırdıgı Musa kişinin onunla bir sinifdə oxuyan oglu Bəşir idi. “Ay,Telli, bu burunla səni kim alacaq,un çuvalına tay olacaqsan” deyib, Tellinin ürəyinə dağ çəkərdi.

Bəşir, kənddəki qızların hərəsinə bir qulp qoyub,hərədə bir nöqsan tapdığına,özünə heç kimi yaraşdırmadığına görə, özü də Telli kimi hələ də subay idi.

Tellinin burnuna təkcə məktəbdə uşaqlar sataşmırdılar, evdə bir də görürdün atası Pəsi kişi arvadı Göyçəkdən guya dəhrəsini istəyir:

- Ordan o dəhrəni gətir mənə, əlimdə işim var.

Anası əlində gödəkburun dəhrə ilə gələndə Pəsi kişi:

- Bunu dedim sənə? Tellinin burnuna oxşayan o əyriuclunu deyirəm.

Bir sözlə, Tellinin burnu tuği-lənət olub keçmişdi boğazına.

Bir də görürdün, ailə-uşaq axşamlar yığışıb televizorda maraqlı kinoya baxırlar, Telli yazığın burnu burda da kiminsə yerini dar eləyirdi. Ondan arxada oturanlardan biri, qardaşı, ya da anası:

- Ay Telli, sən Allah, o uzun burnunu çək o yana, heç nə görmürəm. – deyib Tellini peşman eləyərdilər.

Bu yay Telli iyirmi doqquz yaşını tamam elləyib,otuza adlayacaqdı. Qohumlarda, qonşularda Tellini qoçaqlığına, təpərinə görə neçəsi oğluna almaq istəmişdisə də, oğlanlar daş atlb başlarını tutmuşdular. Analarının “üzündə doğramac yeməyəcəksən ki, qoçaq, ağıllı qızdı, yıxılı evin dirəyidi” demələrinə:

- Harasına baxsam burnu girəcək gözümə, mənə elə qoçaq lazım deyil deyib, yaxalarını kənara çəkmişdilər.

Yayın isti günlərinin başlamasıyla Tellinin də işləri çoxalmışdı. Ev işi, çöl bayır işləri qış tədarükü...

Telligilin qonşusu Çimnazın Bakıda yaşayan bacısı, oğluyla kəndə, bacısıgilə qonaq gəlmişdilər. Hərdən Telligilə də keçirdilər, söhbətə, ya da bağlarında hər meyvədən olduğuna görə,meyvə yeməyə. Gülnaz adlı şəhərdən gələn bacı hey oğlunun otuz yaşa çatdığını, amma hələ də evlənmək istəmədiyini deyib gileylənərdi. Şəhərdə nə qədər gözəl, göyçək qızlar göstərsələr də heç kimi bəyənmirmiş oğlu. Telli onların söhbətini eşitsə də, heç vaxt qarışmırdı söhbətə, onun üçün elə də maraqlı deyildi, ürəyində” bu cür gözəl oğlandı, bəyənməz də heç kimi, yəqin özünə yaraşanı tapmır, neyləsin” deyə fikirləşirdi.

Qonşularının qonaqları, bir həftə kənddə qalıb, qayıtdılar şəhərə.

Bir gün Telli həyətdəki toyuq-cücənin qabağına dən töküb, evə keçirdi ki, qonşuları Çimnazın ləngərli yerişlə onların doqqazından içəri keçdiyini görüb, onu gözlədi. Çimnaz dolu bədənini,Tellinin açdığı evin qapısından yanpörtü içəri salıb özünü küncdəki divana yıxdı.

- Anan hanı, a Telli? – deyib sözlü adamlar kimi Tellini süzdü.

Telli:

- Evdədi, yəqin içəridə uzanıb, indi çağıraram... - deyib qonşu otağa, anasını çağırmağa adladı.

Çimnazın gətirdiyi xəbərə görə, bacısıyla oğlu kənddən qayıdandan sonra, bacısı oğluna hansısa qızı göstərib, bəyəndirmək istəyib. Oğlan Tellidən xoşu gəldiyini, onunla evlənmək istədiyini deyib. Bu o qədər gözlənilməz olub ki, bacısı əvvəlcə oğlunun zarafat elədiyini düşünüb, amma oğlunun ciddiliyini anlayanda, arvad əl atıb üzünü cırmağa, başını yolmağa ki bəs bu qədər gözəl qəşəng qızları bəyənmədin getdin kənddə Tellini bəyəndin, mən indi onu el içinə necə çıxaracam o görkəmlə. Çimnazın dediyinə görə, bacısı oğlu iki ayağını bir başmağa dirəyib ki alsanız odu, almasanız ta mən evlənən deyiləm.

İndi hazırlaşırlar, gələlər elçiliyə, gəldim sizin də ağzınızı arayım.

Çimnaz Tellinin anasına bu söhbəti, astadan, Tellidən xəlvət, elə divanda oturduğu yerdə xısıldadı. Tellinin anası Göyçək arvad məəttəl qalmışdı, arvadın nitqi batmışdı. Handan-hana:

- Qoy kişi də gəlsin məsləhətləşək, bir söz deyərik.

Göyçək arvad, Çimnazı yola salıb, Tellini məsələdən agah edəndə, qızın matı-qutu qurudu, bir müddət gözlərini anasının üzünə zilləyib durdu, sonra qətiyyətlə anasına:

- Yox, bu mümkün deyil, o oglan hara, mən hara? Yəqin nəsə səhv başa düşüb, Çimnaz xala.

Göyçək arvad and-aman elədi ki, əvvəl mən də sənin kimi dedim, amma deyəsən bu gerçəkdi, oğlanın gözü səni tutub, atan gəlsin, görək neynirik.

Axşam Pəsi kişi evə gələn kimi, Göyçək arvad hal-qəziyyəni kişiyə danışdı. Pəsi kişi dünyagörmüş adam idi, bir az fikrə gedib” arvad, Allahın qismətidi, bu gözəlliyə, çirkinliyə baxmır, madam ki, şəhərli oğlan Tellini bəyənib, biz də gərək böyüklüyümüzü eləyək, el adətiylə onlara cavab verək.

Pəsi kişi, qohum-qardaşla, qızları, kürəkənləri ilə yığışıb belə qərara gəldilər ki, payızda, havalar sərinləyən, əl-ayaq çöldən içəri yığışan vaxt, oğlan tərəfə xəbər göndərərlər, gələrlər elçiliyə, nişana.

Pəsi kişi, qohum-əqrəba çəkilib gedəndən sonra ailə üzvləri-kürəkənləri,Göyçək arvad, qızları qalanda üzünü onlara tutub, gənəşdi:

- Tellinin bu evə, bizə çox əməyi keçib. İllərdi ki, hamımıza can yandırır, əziyyətimizi çəkir, bu evdə nə varsa, onun əlinin zəhməti ilə qazanıb. Mənim fikrim budu ki, Allah Telliyə yaxşı bir yerdən qapı açıb, madam ki, şəhərli oğlan Tellini bəyənib,biz də gərək onların qabağına layiqli çıxaq, şəhər adamlarının yanında utanmayaq, cehizi- filanı necə lazımdı toparlanıb alaq, düzəldək. Bir fikrim də budu ki, Tellinin burnunu əməliyyat elətdirmək lazımdı.İndi,şükür Allaha,hər şey mümkündü, indiki həkimlər ,təbiblər az qalır ki, ölünü diriltsinlər, nəinki burun düzəltmək. Telli də şəhərdə burnuna görə niyə utanıb sıxılsın ki? Biz bunu gərək çoxdan fikirləşərdik, amma qismət indiyəymiş.

Belə qərara gəldilər ki, elə günü sabahdan başlamaq lazımdır, vaxt azdır, oğlan tərəf gələnə qədər əməlliyat olunmalıdı ki,əməliyyatdan sonrakı şişkinlik filan keçib getsin.

Əməliyatı qonşu rayonda təzə tikilmiş xəstəxanaya iki aylıq dəvətlə gəlmiş türk cərrahı edəcəkdi.

Hadisələr o qədər gözlənilməz,sürətlə baş verdi ki, Telli nə isə düşünməyə, götür qoy eləməyə macal tapmadı, bir də baxdı ki, üzünə doğulandan “padşahlıq” edən uzun, əyri burnundan əsər əlamət qalmayıb. Cərrahın möcüzəli bıçağı doğrudan da möcüzə yaratmışdı. Tellinin burnundakı sarğı açılanda üzündəki, burnundakı şişkinlik çəkildikcə, qız dəyişib tamam başqa birinə çevrilirdi. Bir parça ət insanı necə dəyişərmiş! O uzun, əyri burunun yerində düz, incə bir burun əmələ gəlmişdi, qızın görkəmi tamam dəyişmişdi, sanki əvvəlki Tellini xəstəxanada başqa gözəl bir qızla dəyişmişdilər. Telli güzgüdə özünə baxmaqdan doymurdu, ona elə gəlirdi ki, güzgüdən ona baxan, özü deyil, tamam başqa bir adamdı.

Evdəkilər Tellini daha əvvəlki kimi, çöl bayır işlərinə göndərmirdilər ki, nişana qədər günəşdən yanıb qaralmış bət-bənizi bir az açılsın. Qız özü də burun əməliyyatından sonra adam arasına çıxmağa utanırdı bir az.

Vaxt vədə gəlib yetişdi, yay sovulub getdi.

Telligildə qızğın hazırlıqlar gedirdi. Üç gündən sonra oğlan tərəf elçiliyə gələcəkdi. Tellinin əhvalatı bütün kəndə yayılmışdı, zarafat deyil, şəhərdə yaşayan, işli-güclü, evi-eşiyi olan ,həm də çox yaraşıqlı bir oğlanla nişanlanacaqdı Telli.

İki gündən sonra oğlan evi kəndə elçiliyə gəldi. Adaxlı oğlan özü də gəlmişdi. Nişandan qabaq qızla yaxından tanış olub görüşəcəkdilər.

Elçilikdən bir gün qabaq Çimnaz, bacısı və oğlu sabahkı elçiliyi məsləhət, məşvərət eləmək üçün Telligilə keçdilər. Qonaqlar ikimərtəbəli evin birinci mərtəbəsindəki zalda qonaqlar üçün hazırlanıb üstü şirniyyatla, çərəzlə bəzədilmiş stolun arxasında əyləşdilər. Pəsi kişi, xoş-beşdən, hal-əhvaldan sonra, üzünü mətbəxə tərəf çevirib:

- Ay uşaq, ordan çay gətirin, qonaqlara – deyib söhbəti daha da şirinləşdirdi. Adətə görə, çayı Telli gətirməliydi. Telli, əlində armudu stəkanlarda pürrəngi çay süzülmüş məcməyiylə qonaqlar oturan stola yaxınlaşdı.

Adaxlı oğlan gözucu Tellini süzdü, qaşları sürətlə alnına dogru dartıldı, üzü əvvəlcə pörtdü, sonra avazıdı, ilan sancmış kimi yerindən geri necə sıçradısa, Tellinin əlindəki məcməyidə olan stəkanlar bir birinə dəyib cingildədi. Oglanın anası Gülnaz da, gördüyünə hələ də inana bilmirdi, keçən dəfə gələndə gördüyü Tellidən əsər-əlamət qalmamışdı. Qarşısında gözəl göyçək, su sonası kimi bir qız dayanmışdı. Oğlan, üzünü əvvəl, xalasına, sonra Pəsi kişiyə tutub, hirsindən dili dodağı əsə-əsə:

- Bu kimdi, bu, mənim gördüyüm qız deyil, mən bunu görüb bəyənməmişdim, kimsə başa sala bilər məni, nə baş verib burda?

Hamı donub qalmışdı, adaxlı oğlanın qəzəbinin səbəbini heç kim başa düşmürdü. Oğlanın xalası Çimnaz, bacısı oğlunun hirsini, hovunu yumşaltmağa, yavaşıtmağa çalışdı:

- Ay balam, burda əsib coşmalı nə var ki, qızın burnunu əməliyyat etdiriblər də, gözəlləşib də, çirkinləşməyib ki. Mən özüm sizə əvvəldən demədim ki, sürpriz olsun.

Oğlan özündən necə çıxmışdısa, heç cür sakitləşmirdi, Telli yazıq məcməyi əlində hələ də ayaq üstə donub qalmışdı. Oğlan ağzı köpüklənə-köpüklənə:

- Bu iş burda bitdi. Məndən soruşmadan, məsləhət etmədən, belə iş tutmusunuz. Mənə belə sürpriz lazım deyil, saxlayın özünüzə sürprizinizi. Bizimki daha tutmaz, qızınıza başqa adaxlı axtarın.

Şəhərli oğlan anasıgili də gözləmədən yaydan çıxmış ox kimi qapının ağzında görünməz oldu... Çimnazla bacısı suyu süzülə-süzülə:

- Vallah, biz də bilmirik, niyə belə elədi, gedək görək nə məsələdi.

Sən demə, oğlan şəhərdəki burnunu kəsdirən, üzündə əməliyyat etdirən silikonlu qızlardan o qədər bezibmiş ki, fikirləşib, kənddən Allah yaradan, görkəminə cərrah bıçağı dəyməyən bir qızla evlənəcək. Tellinin burnunu əməliyyat edən cərrah bıçağı qızın burnunun artıq yerləri ilə bərabər, şəhərli oğlanın kənddən təbii görünüşlü qızla evlənmək ümidlərini də kəsib atmışdı.

Sonrakı peşmançılıq fayda verməz deyiblər. Pəsi kişi qızına yaxşılıq eləmək istəmişdi, amma sonu peşmançılıqla nəticələnmişdi. Heç kimin aglına gəlməzdi ki, işin sonu bu yerə gəlib çıxacaq. Qaş düzəltdikləri yerdə vurub göz çıxartmışdılar. Telli onu xəcil eləyən yöndəmsiz burnundan canını qurtarsa da bu dəfə də yaraşığa minmiş burnundan yarımamışdı.

Elçilik əhvalatından bir ay keçmişdi. Bu müddət ərzində Telli bir dəfə də olsun evdən bayıra, kənd-kəsək içinə çıxmamışdı. Yavaş-yavaş yaraları sağalmağa başlamışdı. Özünə söz vermişdi ki, bir də ərə getmək, ailə qurmaq haqda düşünməyəcək. Onun bəxti gətirmir, vəssslam, çirkin olanda vay, gözəl olanda da vay.

Bir gün evdə yemək hazırlayırdı, baxdı ki duz qurtarıb, evdə də özündən başqa heç kim yoxuydu ki mağazaya göndərsin. Gərək özü gedəydi, onsuz da əvvəl-axır evdən çıxmalıydı, ömürlük evdə dustaq olası deyildi ki.

Kəndin yeganə mağazası evlərindən xeyli aralıda, kəndin lap yuxarı başındaydı. Mağazaya çatana qədər qarğı atlarıyla aşağı-yuxarı çapan balaca kənd uşaqlarından başqa heç kimi görmədi. Mağazaya çatmağa az qalmış əlində içi dolu torba mağazadan çıxan Bəşirlə az qala toqquşacaqdı. Bəşir gözlərini bərəldib Telliyə elə baxırdı ki, elə bil ruh görünmüşdü gözünə. Telli ürəyində”elə bircə bu çatmırdı, yenə başlayacaq, sataşmağa” deyə fikirləşdi.

Bəşir handan-hana udqunub:

- Telli, sənsən, tanımadım səni, necə dəyişmisən, gözəlləşmisən... - deyə bildi.

Telli cavab vermədi, yavaşca Bəşirin böyründən sivişib mağazaya girdi.

Tellini mağazada görəndən bəri Bəşirin yuxusu ərşə çəkilmişdi. Qızın xəyalını başından çıxarda bilmirdi. Telli onun kinolarda, jurnallarda gördüyü qızlardan da gözəl olmuşdu.

Həmin payız günlərinin birində Bəşirin elçiləri Telligilin qapısını kəsdirdi. Bir vaxtlar hər görəndə burnuna ayama qoşan, şit zarafatlarıyla Tellinin zəhrini yaran Bəşirlə Tellinin toyu elə həmin payız günlərinin birində baş tutdu.

Uğurlu burun əməliyyatı şəhərli oğlan üçün uğursuz olsa da, ulduzları heç cür barışmayan Telliylə Bəşirin ulduzlarını ömürlük barışdırdı.

# 7103 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #