Ziyafət

Ziyafət
7 iyul 2014
# 16:13

Təranə Fazil

Təhsildən axsadığıma görə, səkkizilliyi başa vurub, qalan iki ilimi axşam məktəbində oxumağı qərarlaşdırmışdım. Kasıbçılıq ucbatından qohumların köməyi ilə varlı ərəb ailəsində dayəlik edirdim. Tay–tuşlarımdan fərqli həyat tərzim məni sıxsa da, taleyimlə barışmışdım. Baxdığım körpə təxminən yeddi-səkkiz aylıq olardı. İlk aylar çətinlik çəksəm də, getdikcə körpə ilə bir-birimizə isinişirdik. Bəzən axşama yaxın evə getməyimi duyan körpə ağlayır, balaca toppuş əllərini inadla mənə tərəf uzadırdı. Belədə mən məmnun halda ərəb qadınına baxır və bununla da ona “görürsünüz də, uşaq məni necə sevir”, demək istəyirdim.

Xanımın on bir yaşında qıvrımsaçlı, üzü qəhvəyiyə çalan, gözləri civə kimi oynayan Məryəm adlı ərköyün bir qızı vardı. Bu uşaq olmazın oyunlardan çıxır, məni incidirdi. Ailədə məndən savayı, hamı ərəb və ingilis dilində danışırdı. Amma bu, işləməyimə, körpə ilə ünsiyyətimə mane olmurdu. Məryəm, xüsusilə də, ata-anasının evdə olmadığı vaxtlar min bir oyundan çıxırdı; gah saçımı yolub qaçar, qəfil üzümə tüpürər, qışqırar, bəzən də əllərini üstümə ölçərək ərəbcə nəsə deyərdi. Belə vaxtlarda mən körpəni sinəmə sıxıb məlul-məlul evin xanımına baxırdım. O, qızına nəsə deyər, başa salardı. Əlbəttə, qızını dayənin ayağına vermirdi. On altı yaşım olsa da, utancaq və qorxaq idim. Dəfələrlə işimi atıb getmək istəsəm də, məvacibimin çox olmasını, ailəmizin vəziyyətini düşünüb fikrimdən daşınmışdım.

Sinif yoldaşlarımı görəndə, onlara paxıllığım tutardı. Məni görməsinlər deyə, onlardan qaçıb gizlənərdim...

Evin xanımı bəzənib-düzənməkdə, geyinib-keçinməkdə idi. O, bədənnüma güzgünün qabağında Məryəmin saçlarını hörür, gah da, aynada özünə baxıb gülümsəyirdi. Ucaboylu, qəddi-qamətli xanıma paltarı çox yaraşırdı. Bu alışıb yanan libasda, qızılı salxım sırğalarda o, Şərq nağıllarındakı şahzadəyə oxşayırdı. Belindəki enli qızılı kəmər ona güvəncli görkəm verirdi. Mən qapıya söykənib, ev sahibəsinə heyranlıqla baxırdım. O, məmnunluqla mənim də, balacanın da qonaq gedəcəyini bildirdi. Artıq körpə yaşyarımlıq idi. Balaca, paltarımın ətəyini dartır, sanki onu da geyindirməyimi təkid edirdi. Xanımın Yasəmənə seçdiyi paltarı geyindirib ortalığa çıxartdıq. Saçları rəngli lentlərlə yığılmış körpə xallı böcəyə bənzəyirdi. Onlar növbə ilə iri güzgünün qarşısında rəqs edirmiş kimi, dövrə vurdular. Qeyri-ixtiyari özümə nəzər yetirdim. Yuyulmaqdan bozarmış, nimdaş paltarıma baxıb məyus oldum. Görkəmimdən miskinlik yağırdı.

Ziyafətə getmək istəmirdim. Xanımın əri Həbib bəy uşağı götürüb aşağı düşməyi əmr etdi. Qəhərdən və pərtlikdən boğularaq, körpəni qucağıma alıb həyətə düşdüm. Maşını bürüyən ərəb şərqisi küləyin vıyıltısına və ötüşən binalara qarışıb kədər kimi qəlbimə çökürdü. Allaha yalvarıb dua edirdim ki, yol uzun, mənzil başı görünməz olsun...

Sürücü əyləci basıb, hündür, qırmızı darvazadan içəri girəndə, məyusluqdan və həyəcandan ürəyim şiddətlə döyünməyə başladı. Ömrümdə görmədiyim bir yerə düşmüşdüm. Bu güllü-çiçəkli, ağ mərmər sütunlu imarətə, həyət-bacaya baxdıqca, oxuduğum Şərq nağılları yadıma düşürdü. Sürücülər ağalarına və onların xanımlarına maşından düşməkdə kömək edirdilər. Fəvvarəli mərmər hovuzda rəngli balıqlar üzürdü. İri qəfəsin bir küncünə sığınmış tovuz quşları başlarını qanadlarının altına salıb gizlətmişdilər.

Gözüm dörd olmuşdu. Axı belə dəbdəbəni, cah-cəlalı indiyə kimi görməmişdim. Gələn qonaqları qarşılayan xidmətçilərin, ev sahiblərinin canfəşanlığı ürəyimi sıxırdı. Məzhun-məzhun durub onlara tamaşa edirdim. Nəhayət, hamı yerbəyer oldu. Məni böyük işıqlı bir zala ötürdülər. İçəri qadın və uşaqla dolu idi. Sıxıla –sıxıla qapının kənarında dayanıb ətrafa göz gəzdirdim. Özümə yer axtarırdım. Müxtəlif dildə danışan qadınlar, hay küylü uşaqlar, böyük xalçanın üstünə səpələnmiş rəngli oyuncaqlar... Bir sözlə, ağız deyəni qulaq eşitmirdi. Başım gicəlləndi.

Özümü güclə ələ alıb, otağın qapı tərəfindəki küncdə yumşaq stula çökdüm. Körpə qucağımda idi. Bir az sakitləşmişdim. Həyəcanım ötüb keçmişdi. Ətrafı süzür, nə baş verdiyini anlamağa çalışırdım. Sarayın xidmətçiləri iri sinilərdəki çeşid-çeşid yeməkləri, şirniyyatları və meyvə şirələrini bur ucdan gətirib süfrələrə düzürdülər. Arada boyun-boğazları, üz-gözləri par-par yanan, ədalarından yer yarılan xanımlar içəri girib gözucu uşaqlarına baxır, dayələrə məsləhət verib gedirdilər. Bəzi dayələrin üzünə yemək-içmək bolluğundan xoşbəxtlik çökmüşdü. Onlar ovurdlarını şişirdərək yeyir, meyvə şirələrini qurtaqurtla içirdilər. Sanki illərin aclığı vardı canlarında. Bəziləri arada xanımlardan qeybət edir, məvacibin azlığından gileylənirdilər.

Mən hələ də qucağımdakı körpə ilə sakitcə oturub onları seyr edirdim. Birdən ağzındakı tikəni tam udmamış şişman bir dayə mənə yaxınlaşıb canıyananlıq elədi:

- Körpəni burax oynasın, nə qucaqlamısan, elə bil, avtobusdasan. Gəl sən də bir tikə çörək ye!. - Elə bil, keyimişdim. Başımı sağa-sola tərpətdim. Yəni, istəmirəm. Bir neçə dəqiqədən sonra, başqa bir dayə mənə yaxınlaşdı. Ona da “yox” deyib, başımı balaca Yasəmənin kürəyində gizlətdim. Uşaq da mənim kimi ürkmüşdü, səsini çıxartmırdı. Yarım saatdan çox idi ki, beləcə oturmuşduq. Dayələr isə məndən əl çəkmək istəmirdilər:

“Ay qız, yetimsən?”, “Uşaq evindən gəlmisən?”, “Xanımın səni hardan götürüb?”....

Bu suallar, elə bil ruhumu əzirdi. Başımı Yasəmənin kürəyinə qoyub ağlayırdım. Əslində, bu ağlamaq deyildi. Bütün varlığımla, qəlbimlə həyatıma üsyan edirdim. Mən doğulduğum günə, yaşadığım mühitə, insanlara, hər şeyə nifrət edirdim. Baş götürüb qaçmaq, tənha bir səhrada, küləkli, yağışlı bir yerdə ölmək istəyirdim. Birdən Yasəmən ağlamağa başladı. Elə bildim ki, uşaq sövq-təbii ürəyimdəkiləri duyub. Onun ağlamağı məni özümə qaytardı. Mən uşağı öpub sakitləşdirir, yanağından axan göz yaşlarını ehmalca silirdim...

Təranə Fazil qızı. 02.05.2014

# 2651 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #