Rusa, yoxsa ruscaya nifrət?

Rusa, yoxsa ruscaya nifrət?
22 noyabr 2012
# 18:00

Bəzən həyatımızda səbəbini bilmədiyimiz, amma şüuraltı sərhəddə malik olan, qarşısıalınan hadisələr baş verir.

Əvvəl ondan başlayım ki, mən rusca öyrənə bilmirəm, ya öyrənmək istəmirəm. Əgər bütün səbəbləri oxumağa səbriniz çatacaq və vaxtınız olacaqsa, onda keçək əsas mətləbə. Deməli belə, 1993-cü ildə doğulduğum yer işğal olunduqdan sonra 4 yaşlı qızın həyatında hələ görəcəyi günlər varmış, özü də nə günlər.

Əvvəlcə, atam “yurdumuzu tərk etməyək” desə də gördük ki, yox, bu biz düşündüyümüz kimi də asan deyil. Kənddən axırıncı çıxanlardan biri də biz olduq. Atam kənddə qaldı, biz isə yaralı daşıyan vertolyot ilə havaya qalxdıq. (Görəsən, atam düşünmürdü ki, bizi göydə vura bilərlər?) Təsəvvür edin, yaralılar, 4 yaşlı uşaq, onun 2 və 1 yaşlı balaca qardaşları, saçı dağınıq, solğun bənizli anası əslində nə baş verdiyini anlamırdıq. Vertolyotun içərisində kəsik ayağı, başı sarğılı neçə əsgər vardı, ilahi?! İndi də onlar yadımdan çıxmır. Hələ balaca qardaşımın pilotun konfetini götürməsi və anamın məzəmməti heç yaddan çıxarmı? Gəldik Ələtə. Haraya gedəcəyimizi bilmirdik.

Qala kəndində bizdən əvvəl məcburi köçkün olan qohumumuz vardı. Onlarda məskunlaşdıq. Atamdan isə hələ də bir xəbər yox idi.

Ara səngidi. Biz köhnə alüminium zavodunun həyətində uçuq-sökük avtobusda məskunlaşdıq. Balaca uşaqların qəlbində bu avtobus həm oyuncaq idi, həm də ev. Avtobusun oturacaqları sökülmüşdü, sükanı isə yerində idi. Oturacaqların yerində yatırdıq. Yağış yağanda yorğanın üstünə “klyonka” sərirdik. Yuxudan duranda qardaşım sükan arxasında oturur, biz də sərnişin olurduq. “Burda saxla, burda saxla”,-deyərək “sürücü”yə yalançı pul uzadırdıq. Bəlkə də, biz bununla o vaxtlar qaçqınları avtobusa qoymayan “yerlilər”dən acıq çıxırdıq.

Sonra yolumuz Qubaya düşdü. Düşdü deyəndə ki, bizi tale burulğanı ora atdı. Əvvəlcə biz zolaqlı idman döşəkləri olan idman zalında məskunlaşdıq. Sonra bizi Nügədi kəndində “köhnə lager” deyilən binada yerləşdirdilər. İkinci mərtəbədə qalırdıq. Pilləkənləri aşağı düşüncə qorxu bizi bürüyürdü. Biz əvvəlki günlərə nisbətən yaxşı yaşayırdıq. Atam yanımızda idi, nənə və babam da. Babam tez-tez pırpız qaşlarının altından qəzəblə baxan gözlərini bizə zillər, ruslara lənət oxuyardı. “Allah evin yıxsın rusun, ermənini qudurdan bu rusdu” deyirdi. Özündən xəbərsiz zəif su damcısı daşı necə dəlirdisə, bu sözlər də beynimdə iz salıb. Beynimdə iz salan bu sözlərdə mən rusları da onların dilini də basdırdım, özümdən xəbərsiz.

Zaman keçdi. Məktəbə getdim. Rus dili dərslərini oxumağa məni nə qədər vadar etsələr də, bu məndə heç də yaxşı alınmırdı. Beləcə bir neçə dəfə cəhd etməmə rəğmən mən bacarmadım. Halbuki, mənim dil öyrənmək qabiliyyətim kifayət qədər yaxşıdır. Amma ruscanı öyrənə bilmirəm ki, bilmirəm....

Ulkər Yusifova

# 1799 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #