“Aktyor qadın kimidir, həmişə xoşa gəlməlidir”

“Aktyor qadın kimidir, həmişə xoşa gəlməlidir”
11 fevral 2015
# 20:00

Kulis.az teatr rejissoru, Xalq artisti Cənnət Səlimova ilə müsahibəni təqdim edir.

- Cənnət xanım, “III Riçard”ı təhvil verdiniz. Tamaşanız haqqında yazılanları oxudunuzmu?

- Aydın Dadaşovla Aydın Talıbovun yazısını saytlardan oxumuşam. Yazdıqlarına görə minnətdarlığımı bildirirəm.

- Talıbzadə sizin “O olmasın, bu olsun” tamaşanızı kəskin tənqid etmişdi...

- O tənqidlə mən qətiyyən razı deyiləm. Madam soruşursunuz deyim. Mənim traktovkamda Məşədi İbadın Sənəmə sevgi xətti əsasdır. Məşədi Sənəmi görəndə ilk dəfə aşiq olur. Bilmirəm bunu niyə görmürlər. Aşiq olur, amma düşünür ki, gənc qız üçün pul ödəyibsə, onu almalıdır, amma Sənəmi də almaq istəyir.

Əlbəttə, 15 yaşlı qızla evlənmək düz deyil. Amma biz ona 15 yaşlı qızın gözləri ilə baxmamalıyıq. Sənəm üçün Məşədi çirkindir. Amma axı Gülnazın 15 yaşı var və Məşədini 20 yaşlı oğlanla müqayisə edir. Əlbəttə, 50 yaş hara, 20 yaş hara? Obyektiv olsaq, 50 yaşında insan qoca deyil. Hətta bəlkə kişi üçün ən çiçəklənən vaxtdır. Onu filmdə Əliağa Ağayev qorxunc təqdim edib. Bəlkə də o, hətta çəkicidir nəinki çirkin. Məşədi İbad axmaq və xəsis deyil, oradakıların hamısından ağıllıdır da. Üzeyir bəy Məşədi İbadın gözləri ilə bu cəmiyyətə gülür. Diqqətli olun, Məşədi İbadın gözləri ilə... Məşədi İbad bu adamların hamısının qiymətini bilir. Onu niyə axmaq kimi təqdim etməliyik? O, heç xəsis də deyil, hətta bəylərin hamam pulunu da o verir.

Əgər Üzeyir bəy Məşədini sevməsəydi, onu cəzalandırardı. Amma Üzeyir bəy ona xoşbəxtlik verir. Axı Məşədi sonda deyir ki, mən heç kimi istəmirəm, yalnız Sənəmi. “Razıyam, razıyam” - vəssalam. Bu o deməkdir ki, Üzeyir bəy ona simpatiya bəsləyib. Bunu anlamaq lazımdır. Adamların çoxu köhnə yozumu unuda bilmir.

- Mən gələndə “Aşıq Qərib”i oxuyurdunuz...

- Təsadüfən oxuyuram. Bilirsiniz, elə bir həzdir ki, ustadnaməni oxumaq... Giriş... Müdrik fikirlər. ...Mənim rəfiqəm var, Tahirə Cəfərova - məşhur tərcüməçidir. Finlandiyada yaşayır. O, çox böyük iş görüb. Nizamidən, Nəsimidən, Füzulidən başlayaraq seçilmiş Azərbaycan poeziyasını fin dilinə tərcümə edib və ”Azərbaycan poeziyası antologiyası”nı fin dilində nəşr etdirib. Bu əsərlər finlərin elə xoşuna gəlib ki, onlar radio və televerilişlər ediblər. İndi o, uşaqlar üçün Azərbaycan xalq nağıllarını tərcümə etmək istəyir. Məsələn, “Daşdəmirin nağılı”. O, “Dədə Qorqud”u da götürmüşdü. “Dədə Qorqud” çox böyük, çox dərin bir kitabədir. Məncə, kiçik yaşlı uşaqlar üçün deyil. Ona təklif vermək üçün dastanlarımızı oxuyuram.

- “Riçard”ı təqdim etdiniz. Bu ərəfədə nə edirsiniz? Dincəlirsiniz, yoxsa?

- Yox. Dincəlmək xoşuma gəlmir. Çoxlu oxuyuram. Tamaşa üçün əsər seçməyə bəzi parametrlər vacibdir. İlk növbədə bu, bizim tamaşaçıya maraqlı olmalıdır. Aliyə, əzizim, mən abstrakt, mücərrəd və ya eksperiment tamaşalar etmirəm. Sağ əlinlə sol qulağını qaşıyan, mücərrəd tamaşalar... Bu, nəyə lazımdır? Bəyəm tamaşaçı sənin eksperimentlərini anlayır? Ekspriment tamaşalara nifrət edirəm. Mən öz tamaşaçımı sevirəm. İstəyirəm ki, tamaşaçı məni başa düşsün, mənə yaxın olsun. Tamaşaçı uşaq kimidir, o, gözləyir ki, mən ona nə verəcəm. 80 yaşlı tamaşaçı da uşaq kimidir. O, gözləyir: bilməliyəm ki, bu uşağa indi nə lazımdır. Mənə lazım deyil, uşağa hər gün şirniyyat, qənnadı verim. Çox da uşaq bunu sevir. Sabah onda şirniyyatdan diatez yarana bilər. Mən də tamaşaçıya hər gün əyləncə verə bilmərəm, onun diatezi yaranar... Bu, işin bir tərəfi. İkinci, aktyorlar haqqında düşünməliyəm. Bilirsiniz, onların talantını inkişaf etdirmək lazımdır, istedadlı aktyora qida vermək haqda düşünməliyəm. Üçüncü də, bilməliyəm ki, teatr nə edə bilər? İndi dövlət sifarişi yoxdur. Əksər aktyorlar iş axtarırlar, çəkiliş axtarırlar. Məvacib qəpik-quruşdur. Bəzisinin iki, bəzisinin üç uşağı var. Onları yedirmək lazımdır. Çoxlu iştirakçısı olan pyes götürmək lazım deyil ki, onların vaxtını alasan.

- Aktyorlar rol üstündə inciyir sizdən? Mən reportaja gələndə bir aktyor sözü yox idi deyə incimişdi...

- Heç kim aktyora vəd verməyib ki, o, yalnız baş rollarda oynayacaq. Bu onun seçimidir. Məgər mən demişəm ki, get aktyor ol? Hələ heç kimə məsləhət görməmişəm ki, get aktyor ol. Hamıya deyirəm ki, əgər mümkündürsə, aktyor olma. Çünki, bu, çox asılı sənətdir. Aktyor qadın kimidir, həmişə xoşa gəlməlidir. Yaxşı, xoşuna gəlməsə, onda necə? Ona görə hamıya deyirəm ki, aktyorluğa getmə. Əgər teatrsız yaşaya bilmirsənsə... Bu başqa məsələ... Teatra sevgi yalnız baş rollarda oynamaqla olmur. Əgər doğrudan sevirsənsə, teatrda süpürgəçi işləmək də xoş olur. Aktyor tamaşaçı ilə üzbəüz qalır. Amma rejissor kürəyi ilə tamaşaçını hiss edib tamaşanı hazırlamalı, aktyorlara rol bölməlidir.

- Kamera Teatrının həsrəti qalıb sizdə sanki. Bu gün məsələni belə həll etməyinizdən peşman deyilsiniz?

- Kamera Teatrı mənim övladım idi. Uşağını itirmək dünyadakı ən ağır itkidir. Bu mənim itkimdir və mən onu unuda bilmərəm. Əlbəttə, sağ qalmaq üçün bu vacib idi, amma o ev itdi, yox oldu. Təsəvvür edin, sizə bir gün deyirlər ki, eviniz uçurdulacaq, sağ qalmaq istəyirsizsə, qonşuya köçün. Qonşuda yaşamaq necə bir hissdir? Təəssüf ki, məni bu hiss tərk etmir, buna nə qədər çalışsam da. Mən bilirəm ki, bütün aktyorlar uşaqdır, hamısını da sevməliyəm. Amma mənim qəlbimdə həmişə Şövqi, Gülər, Nofəl, Leyli, İradə ağrıyır. Onlar mənim üçün əbədilik doğma adamlardır. Kimsə durub deyəndə onlar pisdir mən həzm edə bilmərəm. Hərçənd, mən ümumiyyətlə, aktyorları sevirəm. Onların sadəlövhlüyünə, qoruya bildikləri uşaqlığına görə... Bilirsən, onlar uşaq kimi adamdan onlara nə verəcəyini, nə ilə sevindirəcəyini gözləyirlər. Rejissor üçün bu böyük sınaqdır. İki tip rejissor var. Rejissor kimi əclaf, yalançı ola bilər, məşq edəndə aktyorlar ona nifrət edər. Amma tamaşanı təhvil verəndə, uğur qazananda, tamaşaçı alqışlayanda aktyorlar ona heyran olur, onu ürəkdən sevirlər. Rejissorlar da var ki, ziyalıdır, savadlıdır, əxlaqlıdır, nəzakətlə danışır, aktyorları sevir, onlarla dil tapa bilir. Amma tamaşanı təhvil verir, tamaşaçılar darıxır, heç bir həyəcan yoxdur. Aktyorlar belə rejissora nifrət edirlər. Teatrda bir qanun var: Müvəffəqiyyət! O varsa, hər şey var, o yoxdursa aktyorlar hər şeyi yeyib bitirir.

...Gənc Tamaşaçılara gəlincə... Sizə səmimi deyəcəm: gərək bura gəlməyəydim. Buradakı konfliktin əsasında o dayanırdı ki, mən bura öz teatrımla gəlmişdim. Bu teatrın tamamən başqa ənənələri, teatra münasibətləri, prinsipləri var idi, bizim o teatrın tamam başqa. Əvvəlcə toqquşmadıq. Hər şey ona gətirdi ki, mən onları onlar məni başa düşdülər və normallaşmağa çalışdıq. İndi hər şey normaldır. Amma məncə, ozamankı GTT bundan əziyyət çəkdi. Bilirsiniz, necə? Hətta iki çay qovuşub bir çaya dönəndə belə, onların suları uzun müddət, bir birinə qarışmır. Yəni, bir tərəfdə çay tutqun, o biri tərəfdə şəffaf axır, bir tərəfdə isti, o biri tərəfdə soyuq axır...

Həm də bu teatrda ənənəvi olaraq mübarizə aparmağa öyrəşiblər. Vəziyyət belə olub, onlar iki dəfə Ağakişi Kazımovu işdən çıxartdırıblar, sonra Loğman Kərimova qarşı mübarizə aparıblar. Mən gələndə Gənc Tamaşaçılar Teatrında düz-əməlli repertuar yox idi. Kameranınsa repertuarında 30 artıq möhtəşəm pyes var idi. Onları niyə atmalı idim ki? Təbii ki, onları bura gətirdim. Repertuarı bura köçürməyim böyük narazılıq yaratdı. Dedilər ki, o niyə teatrını bura daşıyır? Bir də, mənim aktyora münasibətimdə bir meyar var: onun istedadı. Onun fəxri adının, statusunun, nə vaxtsa uğurlu bir iş görməsinin əhəmiyyəti yoxdur. Onun indi nə etməsi mənə vacibdir və buna çox obyektiv yanaşıram. Bax belə.

İndi vəziyyət sakitdir. Çünki, hər şeyə tüpürdüm. Nə baş rejissoram, nə bir şey. Əvvəl deyirdilər ki, mən baş rejissor kimi öz “kamera truppam” üçün çalışıram. İndi mən baş rejissor deyiləm, heç nəyə də cavabdeh deyiləm.

- Ətrafınızda gərginlik həmişəmi olub? Eşitdiyim qədər, Rus Dram Teatrından sizi istəməyiblər, getməyinizə çalışıblar və nail də olublar...

- Rus Dram Teatrında heç bir qalmaqal olmayıb. Situasiya başqa idi. Keçid dövrü idi.

- Oradakı rejissor - Güləhmədova ilə konflikt...

- Onunla heç bir konflikt olmayıb. O, qısqanc adam idi. Başqasının uğuruna qısqanclıqla yanaşırdı. Ona elə gəlirdi ki, rejissor bircə özüdür. Yüngül-əyləncəli pyesləri sevirdi. Yüngül komediyalar tamaşaya hazırlayırdı. Tamaşaçı bu komediyaları çox sevirdi, ona baxmağa gəlirdi. Mən isə klassikanı qoyurdum. O, həmişə deyirdi ki, mən teatrı yedizdirirəm, Cənnət xanımsa özünə ad qazanır. Əlbəttə, mən özümə ad qazanmaq məqsədi güdmürdüm, sadəcə Dostoyevskini, Cəfər Cabbarlını, Hüseyn Cavidi sevirdim...

- Həyatınızda sizi ruhlandıran, sizə böyük təsir göstərən, itkisi çox böyük olan kəs, ya da kəslər olubmu?

- Olub əlbəttə, həm də çox. Amma onların çoxu kitabdadır. Kimsə məni Tolstoydan artıq təsirləndirə bilməyib. Bu yaxınlarda “Etiraf”ı yenidən oxudum. Heyrətləndim, sarsıldım, təsirləndim... Hələ Dostoyevski, Çexov, Şekspir... Şekspir nəhayətsiz dünyadır. Onda hər dəfə bir yeni şey tapırıq... Axı biz elə bir dünyada yaşayırıq ki...

...Bax, əgər Osvensim olubsa, onda Allah harada idi? Adamları peçə salıb yandıranda Allah harda idi? Gözümün qarşısında ədalətsizliklər, haqsızlıqlar, zülm görürəm. Bəs Allah hardadır? “III Riçard”da Şekspir deyir: mən kralam, bütün dövlət mənimdir. Mən nədən qorxmalıyam? Səma boşdur, heç nə, heç kim yoxdur. Amma Riçardın son günlərini görəndə başa düşürsən ki, Allah var. Hitler üçün də Allah var. Hitler soyuq sement döşəmədə kalium sianidi - zəhəri içəndə, it kimi gəbərəndə Allah var idi. Beriyanı divara söykəyib güllələyəndə var idi. Stalin öləndən iki gün sonra belə ona kimsə yaxın durmurdu... Şekspir də deyir ki, dünya beş günlük deyil, biz burada indi nə ediriksə, nə vaxtsa hardasa buna görə cavab alırıq.

Əks halda Lev Tolstoyun yazdığı kimi insanın həyatı mənasız olardı. Yəni, bu yoxsa, yeyib içib, doğub törəyən insanın nə mənası var? Yalnız qurd-quşa yem olmaq üçünmü yaşayır insan? Tolstoy deyir ki, yalnız inanc insanı başqasına xeyirxahlıq etməyə, köməksizə əl uzatmağa məcbur edə bilər.

- Cənnət xanım demək olarmı ki, ədəbiyyat və incəsənət insanlara dinləri düzgün anlamaqda, kanonik qəbul etməməkdə kömək edir?

- Mən hesab edirəm ki incəsənət-ədəbiyyat, musiqi, teatr, kino... hamısı insanın mənəvi dünyasını, ruhunu zənginləşdirmək üçündür. Amma bilirsiniz, ədəbiyyat müxtəlif olur. Elə ədəbiyyat var ki, mən ona nifrət edirəm. Məsələn, Hitlerin “Mənim mübarizəm” kitabı... Kitablar var ki, qəddarlığa bəraət verir.

- 75 yaşınız, böyük həyat təcrübəniz var. Yaxşı məqsədə görə pis bir şeyə güzəştə getmək olarmı?

- Çox tez-tez belə edirəm. Məncə, güzəşt yaxşı şeydir. Deyirlər, e... kompromissiz! Boş şeydir. Elə yol tapmaq lazımdır ki, sən də, mən də narazı qalmayaq. Düşmən axtarmaq nəyə lazımdır? Qarşındakının həqiqətini öyrənmək lazımdır. Mən bunu anlamaq istəyəndə onunla ümumi dil axtaracam. Öz işim də alınsın, ona da pis olmasın.

- Bizim teatrdan kimin işləri sizə maraqlıdır?

- Mən, ümumiyyətlə teatrı çox sevirəm. Xüsusən, zalda oturub pərdənin açılmağını gözlədiyim vaxt çox sevirəm. Deyim ki, məni heyrətləndirən tamaşa olub, düz olmaz. Çünki, mən çox yaxşı tamaşalar görmüşəm. Lev Dodinin, Yeji Qrotovskinin videoyazıları belə, Nekrosovu da çox sevirəm... Bunlardan sonra məni təəccübləndirmək çətindir. Bir də mən o teatrlara getməyə vaxt tapa bilmirəm. Bizdə tamaşalar şənbə-bazar olur. Bütün teatrlarda belədir. Öz tamaşalarımızı rejissor kimi izləməliyəm, o biri günlər də başqa teatrlarda heç nə tapmıram. Bəzən gedirəm amma... Pantomimaya getmişdim - Ceyhun Dadaşovun tamaşasına - mənim xoşuma gəlmişdi. Akademik teatrda Azərpaşa Nemətin tamaşalarına maraqla baxıram.

Teatrdan az yazırlar. Saytlarda yazılanları oxuyuram. Amma teatrın problemləri ilə maraqlanan yoxdur. Heç kim teatrın əsaslı problemlərinə toxunmaq istəmir. Teatrşünaslarımız yalnız tamaşaya baxıb resenziya yazır. Amma teatrın problemi nədir, bunu düşünən yoxdur.

- Deyirlər, teatr əvvəlki gücünü itirib, heç əvvəlki aktyorlar da yoxdur. Sizcə belədirmi?

- Tamaşaçı həmişə haqlıdır. Bu, teatrın əsas qanunudur. Bir həftə əvvəl Moskvada oldum. Az qala hər qapıda teatr var və bütün teatrlar doludur. Bizdə isə yarıboş zallardır. Tamaşaçı problemimiz var. Teatr bizim üçün incəsənətin ənənəvi növü deyil, razıyam. Amma Sovet hökuməti vaxtı axı teatr var idi? Nəsə baş verir. Mənə elə gəlir ki, istedadlı aktyorlar, rejissorlar və bəstəkarlar yoxdur. Möcüzə nə vaxt baş verir? Bu istedadlı insanlar görüşüb işləyəndə. Bilirsən, Aliyə, mən cavanlıqda voleybol oynamışam. Qayda belədir ki, top torun üstündən keçib o biri meydançaya düşməlidir. Oyun çətindir, mübarizə gedir. Əziyyətlər bahasına komanda üstünlük qazanır. Və bir uğursuz zərbə ilə hər şey məhv olub gedir. Teatr da belədir. Tamaşaçı teatra gəlir, tamaşanı bəyənmədisə, o, daha ora gəlmir. Onu tetra gətirmək nə qədər əziyyət tələb etmişdi, amma bir zərbə ilə onu teatrdan uzaqlaşdırdılar. Deməli, bir tamaşa teatr demək deyil. Teatr çoxlu uğurlu tamaşalar deməkdir. Kamera Teatrında da bizim tikilini itirməyimiz yox, tamaşaçını – bizi sevən tamaşaçını itirməyimiz ağrılı idi. Tamaşaçı yığmaq çox, uzunmüddətli, ağır və əziyyət tələb edən işdir.

# 1673 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #