Kənan M.M.-in növbəti klipvari filmi

Kənan M.M.-in növbəti klipvari filmi
27 iyun 2019
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Qayıdış” filmini təqdim edir.

Süjet: Filmin qəhrəmanı Cavada (Kənan MM) Tbilisidə şər atılır. O törətmədiyi qətlə görə həbs olunur. Cavad uzun müddətli həbsini nəzərə alaraq, dostundan xahiş edir ki, Bakıya bütün qohumlarına ölməsi xəbərini yollasın. O həbsdən çıxandan sonra geri qayıdır. Arvadı Həcərin (Günəş Mehdizadə) ərə getdiyini öyrənir. Dostu ona Həcərin oğlunun Cavaddan olduğunu deyir. Cavad oğlunun getdiyi idman məktəbinə baş çəkir və burada onun atalığı Ariflə (Azər Aydəmir) tanış olur. Bankda işləyən Arifin maliyyə problemləri var və ondan, işlədiyi yerdən mühüm bir sənədi oğurlayaraq başqa şirkətə verilməsi tələb olunur. Arif razı olmadığından arvadı və oğlu qaçırılır. Və Cavad təkbaşına onları xilasetmə əməliyyatına başlayır…

Kənan MM-in rejissoru olduğu “Qayıdış” filmi 2016-cı ildə ekranlara çıxıb.

Bu, həmin filmdir ki, rejissor onun haqda deyirdi:

“Bu film 15 ildə çəkdiyim hər bir yaradıcı işimin üzərindən xətt çəkəcək. Əgər belə olmasa bütün tamaşaçılara söz verirəm, bir daha kamera qarşısına keçmərəm”.

Hərçənd, “Qayıdış” melodramı rejissor işi, mövzuya yanaşma baxımından müəllifin iddialarına adekvat deyil. Digər filmlərində olduğu kimi Kənan MM burda da məhz lirik mahnıların gücünün hesabına tamaşaçının hisslərinə təsir etməyə çalışır. Daha dəqiq desəm, seyrçinin duyğularını manipulyasiya etməyə cəhd göstərir. Mahnıların sayəsində meydana çıxan aşırı duyğusallıq vasitəsilə isə zəif dramaturgiya ört-basdır edilir.

Vikipediya məlumatlarına görə, əsərin müəllifi İlqar Fəhmidir. Və o, özü əsər əsasında ssenarini hazırlayıb. İlqar Fəhmi mütaliəli biridir, ola bilsin, ədəbi əsərləri də maraqlıdır. Amma fakt budur ki, izlədiyim qədərilə onun ssenariləri də, ona çəkilən filmlər də fiaskodur: “Axırıncı dayanacaq”, “Dərvişin qeydləri”, “Gecə qonağı”, həmçinin “Qayıdış”.

Əgər kütlə tərəfindən “yeyilmək” məqsədilə melodrama janrında film çəkilirsə, bu, heç də o demək deyil ki, həmin məhsulun bədii-estetik keyfiyyətləri aşağı olmalı, hər mənada zövqsüzlük baş alıb getməlidir.

Faciə ondadır ki, əhvalat boyu hamı ağlayır, zarıyır, kədərlənir (yenə xatırladım ki, musiqiylə əhvalatın təsir gücü artırılmağa çalışılıb), amma təklif olunan situasiyalarda, aktyor ifasında, filmin ümumi intonasiyasında emosional dərinlik nəzərə çarpmır, basmaqəlib fəndlər hər epizodda gözə girir.

Misalçün, Cavad oğlunun olması haqda xəbər tutanda, onu görəndə daxili gərginliyi, həyəcanı duyulmur. Rejissor qəhrəmanlarının daxilinə nüfuz etməkdən ötrü uyğun plan və rakurslar seçə bilmir. Ümumən əhvalatda hər şey tələsik, bir göz qırpımında baş verir. Cavadın atalıq duyğularını üzə çıxarmaqdan ötrü, Arifə işdə maneələr yaradaraq ailəsi oğurlanır ki, Cavad xilasedici rolunda çıxış etsin. Yaxud oğlunun başqasına ata deməsindən Cavadın təsirlənməsi və s. kimi vəziyyətlər dramaturji zəif və saxtadır. Başqa filmlərində olduğu kimi Kənanın vurub-yıxan, dikbaş manerası, guya ekstremal vəziyyətləri asanlıqla həll etməsi xüsusi qabardılır.

Final epizodlarından birində Arif Cavada sirr açaraq deyir ki, o, Həcərə toxunmayıb, evlənsələr də onların heç bir intim münasibəti olmayıb. Təbii ki, Cavad bundan yaxşı mənada təsirlənir. Ərinin qorxaqlığı üzündən tək qalan qadın, sonradan ailə qursa da, onun fiziki toxunulmazlığını filmdə dəyər kimi önə çıxarılması ilə rejissor çürük mental düşüncəni kinoya gətirir. Və təhtəlşüura arvadını aldadan bir kişiyə nə olursa-olsun qadının sadiqliyinin sakral olması fikri ötürülür. Üstəlik, Həcərlə əri arasında heç bir bağın olmaması fikrini möhkəmləndirməkdən ötrü zavallı Arifi sonsuz da çıxarırlar və xəstəlik damğası yapışdırırlar.

“Çexovun tüfəngi” dramaturji prinsipinə müəlliflər sadiq qalırlar. İlk səhnələrdə Cavad Həcərə silah hədiyyə edir. Son səhnədə o silah açılır. Həcərin Cavadı tanımadan öldürməsi təsvir nöqteyi-nəzərindən əsaslandırıla bilmir, səhnə klipvarı həll olunur.

Aktyor oyununda təkcə Azər Aydəmirin ifası diqqəti çəkir, o obrazının təyinatını doğru müəyyən edərək onun yaşantısını uyğun həllini tapır.

Günəş Mehdizadə maraqlı aktrisa olsa da, emosional vəziyyətlərin altından qalxa bilmir. Cavad rolunun ifaçısı Kənan MM isə bir epizodda (oğlunun başqasına ata deməsindən sarsılmasını ifadə edərkən) ümumiyyətlə özünü ağlamağa məcbur edir. Burda Stanislavskinin məşhur tənəsini eşidirəm: “İnanmıram!”

Halbuki film ekranlara çıxanda rejissor əmin idi:

"Qayıdış"da ağlamamaq mümkünsüzdür. Kənan M.M. kimi sizə söz verirəm. “Filmi izləməyə dəsmalsız gəlməyi unutmasınlar".

Titrlərdə isə yazılır: “Ağlamaqdan utanmayın”

# 4938 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #