Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.
Tələbə filmlərinə ayrılan 167 min manatın aqibəti necə oldu?
İndi haqqında yazdığım problemə, ümid edirəm ki, ARKA nın (Kino Agentliyinin) rəhbərliyi (yeni rəhbər Rəşad Əzizovdur) və Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova laqeyd qalmayacaq. Ötən ilin iyununda tələbə filmlərinin istehsalına dəstək vermək üçün Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris-film” kinostudiyası ilə Kino Agentliyi arasında müqavilələr bağlanıb. Müqaviləyə əsasən 12 tələbə filminin istehsalına dövlət büdcəsindən 167 min manat ayrılıb. Müqaviləni Agentlikdən Orxan Fikrətoğlu və "Tədris-film" kinostudiyasının direktoru Elnur Mehdiyev imzalayıb.
Mətni bu layihənin iştirakçısı olan tələbələrdən daxil olan müraciət və digər mənbələrdən öyrəndiyim məlumatlar əsasında yazıram.
167 minin 50 mini hara getdi?
- 167 min manatdan “Tədris-film”ə 50 mindən bir qədər artıq pul köçürülüb. Və bu məbləğə 4 film təhvil verilib. Digər filmlər isə hazır deyil. “Tədris-film” dən tələbələrə əvvəlcə gözləməkləri tövsiyə olunub. Tələbələr ümidlə, neçə ay gözləyiblər, vədə yetişib, il tamam olub, amma pul verilməyib. Filmlərin təhvili üçün bu ilin mayın 29-a kimi tələbələrə vaxt verilib. Və sonda “Tədris film”dən bildiriblər ki, ay tələblər, sizə nəzərdə tutulmuş maliyyə verilməyəcək, öz cibinizdən çəkin.
Tələbələrin sözlərinə görə, Kino Agentliyinin bəzi əməkdaşları, onlara Agentlik tərəfindən heç bir problemin olmadığı deyilib. Tələbələr, onlara ayrılmış 50 mindən filmin bir hissəsini çəkməli və materiallar (50 minə görülən işlərin ümumi hesabatı) Kino Agentliyinə təqdim olunmalıdır. Və hesabatın təqdimatından sonra qalan məbləğ ödənilməlidir ki, tələbələr işlərini tamamlasınlar. Öyrəndiyimə görə, bu hesabat, təqdim olunmayıb.
Elnur Mehdiyevin açıqlaması və yaranan suallar
Bu ilin mayında Elnur Mehdiyev Kulis.az-a verdiyi müsahibədə deyir:
“Müqavilədə (yəni Kino Agentliyi ilə müqavilədə) müəyyən məqamlar bizi qane etmədi və onların dəyişdirilməsi üçün müraciət etmişik. İnanırıq ki, nəticəsi də olacaq. Qayda belədir ki, əvvəlcə vəsait ayrılmalıdır, sonra tələbə filmi çəkilməlidir. Müqaviləyə görə isə biz filmləri ərsəyə gətirməliyik, ondan sonra vəsait ayrılmalıdır. Biz əgər tələbənin inkişafını düşünürüksə, əvvəlcə maliyyəni ayırmalıyıq, ondan sonra film tələb eləməliyik. Birmənalı olaraq müqavilədə o hissələr dəyişilməlidir. Pulsuz necə filmi çəkəsən? Bizdə maddi-texniki baza o qədər də zəngin deyil. Biz hər il 20-ə yaxın film ərsəyə gətiririk. Yetərincə texnika olmalıdır ki, hamı istıfadə etsin”.
Suallar və...
- Elnur bəy müqavilədən narazı idisə, müqaviləyə niyə imza atıb?
- Aradan bir il vaxt keçib, tələbələr diplom işinə geçikib. Və “Tədris-film”in rəhbərliyi hələ də müqaviləni dediyi formada dəyişə bilməyibsə, digər filmlər çəkilməyibsə, deməli, prodüser kimi Elnur Mehdiyevin ciddi təcrübəsizliyi var. Niyə kömək üçün işi bilənlərə müraciət olunmayıb?
- Hətta xarici layihələrdə belə standart var ki, öncədən, materialın bir hissəsi çəkilib göstərilir və pulun qalan hissəsi köçürülür.
- E.Mehdiyev deyir:
“Müqaviləyə görə isə biz filmləri ərsəyə gətirməliyik, ondan sonra vəsait ayrılmalıdır”.
Yuxarıda dediyim kimi əgər ARKA birinci mərhələnin hesabatını istəyibsə və maliyyənin bir qismi köçürülübsə, deməli, film tam yox, bir hissəsi çəkilməliydi ki, digər məbləğ köçürülsün. Yaxud da tələbə filmi bitirir, köçürüləcək digər məbləğı post prodakşna xərcləyir.
- Tələbələrin sözlərinə görə, 50 mindən hazır olan hər 4 filmə 2-3 min arası pul verilib. 3 mindən hesablasaq, bu, 12 min manat edir. Bəs vəsaitin qalan hissəsi? Axı, 12 tələbə 50 minə, hətta 40-45 minə çəkilişlərinin bir hissəsini edə bilərdilər.
Ümumən, 167 min manat 12 tələbə filmi üçün böyük məbləğdir. Əgər düzgün prodüser siyasəti olsaydı, bu məbləğə nəinki 12, 20 normal qısametrajlı tələbə filmi çəkmək olardı.
Sonda...
Mətn kimisə ittiham etmək niyyətilə yazılmayıb. Sadəcə, məsələlərə aydınlıq gətirilməli və Kino Agentliyi tələbə işlərinin inkişafını istəyirsə, problemi nəzarətə götürməlidir. Onu da deyim ki, mənə ünvanlanmış müraciətdə digər ciddi məsələlər də qeyd edilib. Xırdalıqlara getmədən, bir qismini yazdım.