"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri
31 oktyabr 2025
# 10:00

Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən Şaiq Vəlinin şeirlərini təqdim edir.

Şaiq Vəli (Vəliyev Şaiq Həmid oğlu) – şair, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü

1950-ci il noyabrın 7-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Orta məktəbin 8-ci sinifini bitirəndən sonra (1966), təhsilini Qazax Kənd Təsərrüfatı Texnikumunun meyvə-tərəvəzçilik şöbəsində davam etdirib (1966-1971). Əmək fəaliyyətinə Bakı Şin Zavodunda başlayıb, Sumqayıtın müxtəlif müəssisələrində çalışıb (1973-1984). Sonra Omsk vilayətində yaşayıb və işləyib (1984-1987). Eyni zamanda, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun poeziya şöbəsində qiyabi təhsil alıb (1982-1989). 1990-1993-cü illərdə Qarabağ cəbhəsində döyüşüb. Cəbhədən qayıtdıqdan sonra sosial vəziyyəti ağır olduğu üçün Rusiyada işləməyə gedib.

Yaradıcılığı 70-ci illərdən başlamasına baxmayaraq, minillərdən gələn türk ədəbiyyatının təsirində yazılan şeirləri 80-ci illərin əvvəllərindən çap olunmağa başlayıb. 1983-cü ildə “Gənclik” nəşriyyatında onun “Dünyanın sahili” adlı şeirlər kitabı nəşr edilib.

2013-cü il fevralın 6-da uzun sürən xəstəlikdən sonra Sumqayıtda vəfat edib. “Eşq və şərab” şeirlər kitabı ölümündən sonra, 2014-cü ildə nəşr olunub.


***

Şair Məhəmməd Astanbəyliyə

Yazı-yazı payız hönkürür,
Yazı, yazı… gülüm ağlayır.
Yazıq-yazıq kağız hönkürür,
Yazıq-yazıq qələm ağlayır.

Suda qaralan Günə ləliyir,
Gündə saralan çənə ləliyir.
Məni ağladan sənə ləliyir,
Ağlayır - aləm ağlayır.

Var ikən yox, bu, nə var ki?!
Yarı yar oldum, bu, nə yar ki!
Nigaranam nə Nigar ki?! -
Hal bilməz, halım ağlayır.

Dünya məni çoxdan soyub,
Dünya məndən çoxdan doyub…
Ölümə bir şey qalmayıb,
Gecikib, ölüm ağlayır...


Olacaqlar olacaqlar

Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.

Almazlar almaz kamını,
Fələk söndürər şamını…
Haqdan dolan eşq camını
Alacaqlar alacaqlar!

Daş olacaq daş olacaq!
Quş olacaq quş olacaq!
Boşalacaq boşalacaq,
Dolacaqlar dolacaqlar.

Bitəcəklər bitəcəklər,
İtəcəklər itəcəklər!
Gedəcəklər gedəcəklər,
Qalacaqlar qalacaqlar!

Ağla, gülməzlər gülməzlər,
Öl! Ölməzlər ölməzlər…
Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər!

***
Ala dağım uçdu,
Qara dağım, sağ ol!
Alnıma qara düşdü,
Göyüm, ağım, sağ ol!

Yaza payız sarılar,
Tər pöhrələr saralar…
Gül yolunar,
şax qırılar,
Bağçam, bağım, sağ ol!

Son an - son gün,
Bir çəmənlik, son gül…
Son dən bir sünbül -
Zəmilik toxum, sağ ol!

Dünya mülküm, məzarım,
Gah toyum, gah hüzürüm,
Rəhmət sənə, ölü yarım,
Diri yarısağım, sağ ol!

Şaiq Vəli, haqdandır…
Yeddi rəng ağdandır.
Hər şey heçdən - yoxdandır,
Var ol, heçim-yoxum, sağ ol!


Bir ulu eşq ilə

Mən bu cahan mülkünə,
Təxti-Süleyman mülkünə,
Can içində can mülkünə
Ağlaya-gülə gəldim.

Mən “mən” olmaq istəmirdim,
Açıb-solmaq istəmirdim,
Bir də gəlmək istəmirdim -
Bir ulu eşq ilə gəldim.

Bu dərdli aləmə gəldim,
Sanma qalıma gəldim,
Mən sənə salama gəldim,
Düşüb haldan-hala gəldim.

O gözəli bilirdim,
Qəm məzəli bilirdim,
Mən əzəli bilirdim,
Mən sonu bilə gəldim.

Sorma məndən handaydım,
Hər yerdə, hər yandaydım,
Əzəlin əzəli - sondaydım,
Sonun sonu əzələ gəldim.

***
Gözlər, gözlər - nərgizlər…
Sərxoşluq nərgizlikdir.
Eşq yaxar, könül sızlar,
Yol gözləmək gözlükdür.

Gün batır, qəmli qürub…
Aramızda dağlar durub…
Dünya qürbət, mən qərib -
Qəriblik əzizlikdir.

Dünya bizlə əyrişdi,
Cuna yaylıqlar yaşdı…
Fələk əli daşlı
Nişan alıb, bizlikdir.

Ürək quzu tək mələdi,
Sındı - piyalədir…
Barış, bu, taledir -
Nə bizlik, nə sizlikdir!

***
Gördün Nigar üzünü,
Mübarək, mübarək!
Cilvəli nur üzünü
Mübarək, mübarək!

Qoşub türkü, quşlar gətirib,
Daşıb çaylar, daşlar gətirib…
Yaşıl gözlər yaşlar gətirib,
Mübarək, mübarək!

Uçub getdi sevinc - quşdu…
Ala gözlü, qara qaşlı.
Tənha dərd qoşalaşdı…
Mübarək, mübarək!

Haqqın dərgahı, taxtı…
Halın halı var, vaxtdı…
Qorxun ölüm idi - yoxdu,
Mübarək, mübarək!

***
Könüldə eşq gül-gül
Könüldə eşq gül-gül
Bitər, bitər, bitər.
Candanda can bül-bül
Ötər, ötər, ötər.

Yazını yazan yazar,
Yazar… yazar, pozar…
Gül solar, bül-bül susar -
Qədər, qədər, qədər.

Mey süz, saqi, bir içim,
Sirlər qapısını aç, Sim-Sim…
Can cananın… mən kim?! -
Hədər, hədər, hədər.

Dünya bir yığınaqdır,
Ömürdür - bir sınaqdır…
Şaiq Vəli bir qonaqdır,
Gedər, gedər, gedər.

***
Mən kiminsə yarası,
Ahı, nəvasıyam.
Mən kiminsə yarısı,
Eyş-işrəti - səfasıyam.

Dayazda, dərində üzərəm,
Sözün dürründə üzərəm,
Dünyanın sirrində üzərəm -
Mən qəvvaslar qəvvasıyam.

Mən odumun havası,
Mən atamın bəbəsi,
Mən Adəmin babası,
Mən oğlumun nəvəsiyəm.

Mən könlümün şahı,
Mən aləmin pənahı -
Mən gedənin ruhu,
Mən gələnin nəfəsiyəm.

# 2335 dəfə oxunub

Oxşar xəbərlər

Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun  məşhur əsərləri

Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun məşhur əsərləri

14:00 11 avqust 2026
Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti   - Məşhur "All by myself"in tarixçəsi

Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti - Məşhur "All by myself"in tarixçəsi

13:30 11 avqust 2026
Cüzamlı uşaqlar,  rahiblərin nəzarətində çimənlər...  - "İşıq rəssamı"nın 3 məşhur əsəri

Cüzamlı uşaqlar, rahiblərin nəzarətində çimənlər... - "İşıq rəssamı"nın 3 məşhur əsəri

15:50 10 avqust 2026
Dini riyakarlıq və laqeydliyi hədəfə alan mahnı - "Aqualung" necə yarandı?

Dini riyakarlıq və laqeydliyi hədəfə alan mahnı - "Aqualung" necə yarandı?

14:20 10 avqust 2026
Viktoriya dövrünün ehtişamı Ceyms Tissotun məşhur tablosunda

Viktoriya dövrünün ehtişamı Ceyms Tissotun məşhur tablosunda

10:30 8 avqust 2026
Faşistlərin  və  kilsənin qəzəbinə səbəb olan rəssam  – Onun əsərləri niyə qadağan edilmişdi?

Faşistlərin və kilsənin qəzəbinə səbəb olan rəssam – Onun əsərləri niyə qadağan edilmişdi?

16:25 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər