Bu, balaca Nuh tufanıdır - Qismət Rüstəmov

Bu, balaca Nuh tufanıdır - Qismət Rüstəmov
11 fevral 2024
# 11:32

Kulis.az Qismətin Hikmət Rəhimovun "Apatiya" filmi haqqında yazısını təqdim edir.

Təəssüf, “Apatiya” filminin təqdimatına gedə bilmədim, ancaq filmə bir neçə ay qabaq dar çevrədə dostlarla birgə baxmışdıq; bu nəcib təklifin müəllifi də Hikmət bəy idi.

“Apatiya” sərt realist üslubda çəkilmiş sosial dramdır. Film kompozisiya baxımından klassik dramaturgiyanın üç vəhdət prinsipinə uyğun çəkilib: bir məkan, bir zaman və əməl/hadisə.

“Apatiya” qapalı məkanda keçən “kamerni film”dir, Sidney Lumyetin “On iki qəzəbli kişi”si kimi.

Film paytaxtın ucqarında yaşayan yoxsul bir ailənin arzusuz, ümidsiz, rəngsiz həyatını təsvir edir.

Bu evdə heç kim bir-biriylə ünsiyyətdə deyil, hamının həmsöhbəti açıq televizordan gələn bayağı realiti şoulardır, bu şoulardakı söz-söhbət onlar üçün həyatın soundtrekidir, mantrasıdır.

Bu evdə oksigendən çox siqaret tüstüsü var.

Bu evdə sevgi yoxdur – kişi də, qadın da bir-birinin gözünün içinə baxanda yox, gözlərini yumub başqasını düşünə-düşünə masturbasiya edəndə rahatlıq tapırlar.

Bu evdə ittiham, aşağılama, təhqir ən keçərli valyutadır.

Bu evdə bircə uşağın daxili dünyasında günəş var, o da əhəngli divarlarda ləkə kimidir. Sonra uşağın gözü önündə cinayət baş verir, “Habil-Qabil” motivi təkrarlanır və hər şey ört-basdır edilir...

...Deyəsən, indiki dünyada şərti olaraq sənətə iki yanaşmadan bəhs etmək olar: həmişə sabah üçün, xilas üçün açıq qapı buraxanlar və əksinə, dünyadakı eybəcərlikləri bər-bəzəksiz, qatqısız, olduğu kimi təsvir etməklə insanı şərdən iyrəndirmək istəyənlər. Bu ikinci yol indi ən dəbdə olan yanaşmadır, kinoda da, ədəbiyyatda da.

“Apatiya”nın reallıqla bağlı təsbit və təsvirlərində, bunu qapalı, məhdud məkanda uğurla həll etməsində, eləcə də aktyor və aktrisa performanslarında problem yoxdur. Buna görə bütün yaradıcı heyətə təbrik və təşəkkür düşür.

Ancaq ədəbiyyatçı kimi ürəyimə yatmayan bir məsələ var. Fikrimcə, incəsənət həyatın alternatividir, buna görə də onun işi gerçəkliyi ancaq təsvir etmək yox, həm də mənalandırmaq olmalıdır. Sənət mənəvi darısqallıqda bütün qapıları bağlayıb, bütün işıqları söndürməməlidir. Bunu köhnə-külüş didaktika, amerikansayağı zorakı “happy end” mənasında demirəm.

“Apatiya” haqqında düşünərkən içində cinayət olan başqa bir filmi xatırladım, Kurosavanın “Rasyamon”unu. Yadınıza gələr, filmin əvvəlində şiddətli leysan tökür (lap Bob Dilanın nəğməsindəki kimi), bu, balaca Nuh tufanıdır, metaforik qiyamətdir. Sonra məlum olur ki, bir samuray öldürülüb, bu əhvalatı bir neçə adamın dilindən eşidirik, həqiqət perspektivin çoxluğunda it-bat olur. Ancaq həqiqətin qum dənəsi kimi sürüşüb əldən çıxdığı, hər gün irili-xırdalı qiyamətlərin qopduğu, hamının bir-birini ittiham etdiyi bu dünyada kimsəsiz bir körpə tapılır, altı uşaqlı odunçu deyir ki, fərq etməz, qoy bu uşaq da mənim olsun, ona da mən baxaram. Sonra leysan kəsir, günəş öz taxtına qayıdır; Kurosava filmi kimsəsiz körpəyə yiyə duran bir adamla bitirir; birdən ayılırsan ki, yağışı da, günəşi də tanış olan bu film, sən demə, ağ-qara çəkilibmiş.

# 3227 dəfə oxunub

Oxşar xəbərlər

Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

17:40 13 avqust 2026
Dünya kinosunun dəhşət və qorxu ustası  – Alfred Hiçkokun 5 məşhur filmi

Dünya kinosunun dəhşət və qorxu ustası – Alfred Hiçkokun 5 məşhur filmi

13:00 13 avqust 2026
"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3  əsas rolu

"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3 əsas rolu

17:20 12 avqust 2026
Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

14:00 12 avqust 2026
Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

12:30 12 avqust 2026
Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar  - O, hansı filmə  görə təzyiqlərə məruz qalmışdı?

Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar - O, hansı filmə görə təzyiqlərə məruz qalmışdı?

10:00 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər