“Mədəniyyət” kanalının erotika qorxusu

“Mədəniyyət” kanalının erotika qorxusu
1 sentyabr 2011
# 11:14
Keçən həftə “Mədəniyyət” telekanalında “Əlvan duvaq” filmini izlədim.

Məşhur ingilis yazıçısı Somerset Moemin eyniadlı romanı əsasında çəkilib.

Rejissor işi özəlliyi ilə seçilməsə də (daha çox art-house filmlərində oynayan Edvard Nortonun və Naomi Uotsonun parlaq oyunu hesabın emosional, ruha işləyən melodram alınıb), filmi ən azı romanın ekranlaşdırılması kimi izləməyə dəyər.

Süjet haqda qısaca: 20 əsrin əvvəlləri. İngiltərədən olan gənc cütlük – alim ərin işiylə bağlı Çində yaşayır. Ərini sevməyən qadın başqasına aşiq olur. Arvadının xəyanətindən xəbər tutan ər ondan qisas almaq üçün vəba epidemiyasının yayıldığı Cin kəndində yaşamağı təklif edir. Ərinin təklifini qəbul etməyə məcbur olan qadın bu təhlükəli yerdə sevmədiyi ərini yaxından tanıyır, ər isə arvadını.... Davamının necə olacağına arzulayanlar daha özü baxsın.

Bircə onu deyim ki, film kədərli sonluqla bitir və onun təəssüratı 2-3 gün məni tərk etmədi.

Qısaca desək, bəzən gerçək hisslər ən çətin situasiyalarda ortaya çıxır, sevdiyini ağrılardan keçərək tədricən kəşf edə bilərsən.

Keçək əsas mətləbə. “Mədəniyyət” kanalı filmi son dərəcə səliqəsiz, pinti montaj etmişdi. “Montaj” deyəndə filmdəki sevgi səhnələrinin qayçılanmasını nəzərdə tuturam. Belə desəm, daha dəqiq olar: filmə əməlli-başlı işgəncə vermişdilər.

Azərbaycan kanallarında yataq səhnələrini, adətən, qayçılayırlar, çünki sevişməni, nə qəsər absurd səslənsə də, milli mentaliteti pozan ünsür kimi qəbul edirlər.

Əslində, müəllif kinoları uşaqlar və geniş kütlə üçün nəzərdə tutulmayıb. Təkcə yataq səhnələrinə görə yox, həm də mürəkkəbliyi baxımından.

Təsadüfi deyil ki, bu katqeoriyaya aid olan filmlərin gecəyarı göstərilməsi üstün tutulur.

Və bir şeyi anlamaq lazımdır ki, filmləri montaj etmək düz deyil. Təbii ki, söhbət kinosənayenin zibil növünə aid olan filmlərindən yox, sənət əsərlərindən gedir. Belə filmlərdə hər xırda detal, bir baxış, ani səssizlik belə mühüm rol oynayır.

“Əlvan duvaq” hansısa sıravi yazıçının yox, dünya ədəbiyyatının klassiklərindən biri Moemin əsəri əsasında çəkilib.

Heç Con Karran da üçüncü dərəcəli filmlər çəkən rejissorların kateqoriyasına aid deyil.

Ciddi yazıçıılar, rejissorlar hansısa açıq-saçıq səhnələri oxunaqlı-baxımlı olsun deyə etmirlər axı... Öpüş, yataq səhnəsi onlar üçün mövzunun açılmasında vasitədir, motivdir və şübhəsiz ki, o əsaslandırlır.

Həmin epizodlar doğrananda alayarımçıqlıq səbəbindən filmin dramaturgiyasına xələl gətirir, onu anlaşılmaz edir. Şikəst edilmiş filmdən necə zövq alasan?

“Mədəniyyət” kanalının təqdimatındakı “Əlvan duvaq” da ər-arvadın soyuq münasibəti qəfildən yumşalan münasibətləri əks etdirən kadrlara keçir. Və sual doğur: birdən-birə nə oldu? nə baş verdi?

Həmin kəsilmiş kadrda içkili vəziyyətdə olan cütlüyün yataq səhnəsi var. Amma rejissor həmin səhnəni minimal həddə təsvir edib. Üstəlik, həmin kadra qədər ərin arvadının bir necə dəqiqəlik müşahidə səhnəsi də çıxarılıb. Münasibətlərin aydınlaşması üçün təkcə bu baxış çox şeyi ifadə edir.

Kino sənətindən bixəbər adama yanlışlığı keçmək olar, amma kanalın rəhbəri peşəkar kinematoqrafçı Cəmil Quliyevə bunu bağışlamaq olmaz.

Milli kanallarda filmlər təkcə yataq səhnələrinə görə qayçılanmır. Daha biabırçı hala ANS kanalında Vudi Allenin “Match Point” filminin nümayişi zamanı rast gəlmişdim.

Güman ki, vaxta qənaət və reklama yer ayırmaq səbəbindən ANS filmin 2-3 ən həlledici epizodunu qayçılamışdı. Filmi əvvəllər izləməsəydim, nələrin baş verdiyini başa düşməzdim.

Məşuqəsini öldürən qəhrəman qətlinə oğurluq donu geyindirmək üçün evi qarət edir. Onun oğurladığı əşyalardan birini – üzüyü küçəyə atması, bir səfilin onu tapması və nəticədə polisin qətldə o səfili suçlu bilməsi... – bu epizodların tamlıqla kəsilməsi filmi anlaşılmaz edib.

...Tamaşaçıya sayğısızlıq etməkdən, ciddi filmlərlə ədəbsiz davranmaqdansa, onlar ümumiyyətlə, yayımlanmasa daha yaxşıdır.


Sevda Sultanova
# 2159 dəfə oxunub

Oxşar xəbərlər

Rejissor Elxan Cəfərov:   "Mənim üçün yarım milyon kino pulu deyil" - Müsahibə

Rejissor Elxan Cəfərov: "Mənim üçün yarım milyon kino pulu deyil" - Müsahibə

14:00 18 aprel 2025
Virtual qara dəlik, insel və sevgisizlik - Uşaqlar qatilə necə çevrilir?

Virtual qara dəlik, insel və sevgisizlik - Uşaqlar qatilə necə çevrilir?

12:00 18 aprel 2025
Xidmətçi qıza aşıq olan evli qadın - Ən yaxşı 10 LGBT filmi

Xidmətçi qıza aşıq olan evli qadın - Ən yaxşı 10 LGBT filmi

15:00 17 aprel 2025
Seksizm, gənclik, trend olmaq ehtirası - Maşınların doğduğu insanlar

Seksizm, gənclik, trend olmaq ehtirası - Maşınların doğduğu insanlar

12:15 17 aprel 2025
"Sanki yoxsan” filmi beynəlxalq mükafat aldı

"Sanki yoxsan” filmi beynəlxalq mükafat aldı

09:45 17 aprel 2025
""Bəlkə də..." alınmamış ekran işidir" - Sevda Sultanova

""Bəlkə də..." alınmamış ekran işidir" - Sevda Sultanova

16:08 16 aprel 2025
# # #